Məmməd Arazın 80 illik yubileyi  geniş mərasimlə qeyd olunub

 

Dekabrın 9-da Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrında  xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.  .

Gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev və bir çox ictimai xadimlər, eləcə də incəsənət nümayəndələri iştirak edib. Millət vəkillərinin də qatıldığı tədbirdə Nizami Cəfərov çıxış edərək Məmməd Arazın bir millətin üslubunu ifadə edəcək əsl sənətkar olduğunu deyib. Ən çətin və ağır günlərində belə Məmməd Arazın susmadığını vurğulayan millət vəkili xalq şairinin şeir dilini dilimizin tarixi üçün bir hadisə adlandırıb. Millət vəkili Fəttah Heydərov isə Azərbaycanın hər guşəsində Məmməd Arazı yada salacaq bir xatirə olduğunu deyib. Yubiley gecəsində iştirak edənlər Məmməd Araz haqda danışaraq onun ünvanına xoş sözlər söyləyiblər. Bununla yanaşı, incəsənət nümayəndələri böyük şairin sözlərinə yazılan mahnıları ifa ediblər və onun şeirlərini böyük zövqlə səsləndiriblər.

 

Əhməd Ramil

525-ci qəzet.- 2013.- 11 dekabr.- S.7.