Dərdlərin içindən boy verən igid
Şair-publisist Elbəyi Cəlaloğluyla
tanışlığımızın dostluğa çevrilməsi çox qısa zamanda baş verdi.
Tale elə gətirdi ki, dəfələrlə
onunla birgə səfərlərə çıxdıq,
uzun-uzun yollar qət etdik, söz dedik, əməl elədik, qaynayıb-qarışdıq. Bir sözlə, nə qədər ki özümüz dostuq, bir o qədər də övladlarımız,
yaxınlarımız dost oldular.
Beləcə bu münasibətimiz
15 ildir ki, davam edir.
Onunla hər görüşümüz bir-birindən
maraqlı, söhbətlərimiz
yadda qalan olub. Bu dəfə ki,
söhbətimiz isə
bir az
da fərqli oldu-daha çox elmi, tarixi, bir
az da fəlsəfi
yöndə. Nəhayət, onun maraqlı söhbətləri və
əsərləri barədə
düşüncələrimi oxucuyla bölüşmək
qərarına gəldim,
hərçənd bu
mükaliməni bütövlükdə
bir məqaləyə
sığdırmaq mümkünsüzdür.
Əvvəlcə qeyd edim ki,
Elbəyi 2010-cu ildə
işıq üzü
görmüş "Mehralı
bəy" dastan-poeması
ilə oxucuları və ədəbiyyatçıları
təəccübləndirmişdi. Bu əsər
barədə Xalq şairi Zəlimxan Yaqub, professor Rüstəm
Kamal, eləcə də digər qələm dostlarımız
fikir bildirdilər, müəllifi alqışladılar.
Bu ilin əvəlində
isə "Eşq dənizləri qovuşanda"
dərvişnaməsi ilə
ədəbi ictimaiyyətin
diqqətini yenidən
çəkə bildi. İndi hansı
ədəbi söhbətdə
otursan mütləq Elbəyinin sonuncu əsərindən söhbət
açılır. O, həmin əsərində
böyük Azərbaycan
şairi, övliya Şəms Təbrizini ilk
dəfə olaraq bütün təfərrüatı
ilə ədəbi ictimaiyyətə təqdim
etdi, eləcə də Şəmsin Mövlana Cəlaləddin
Rumi ilə tarixi görüşlərini,
hər iki dahinin bəşəriyyətə
təlqin etdiyi ilahi eşq fəlsəfəsinin və
sufizmin mahiyyətini kifayət qədər oxucu qarşısında sərgiləyə bildi.
Maraqlı olanlardan biri də budur ki,
Elbəyi sonuncu iki əsərini fərqli janrlarda qələmə alıb. "Mehralı bəy" dastan-poema, "Eşq dənizləri qovuşanda"
isə dərvişnamə
janrında yazılıb.
Böyük məsuliyyət hissi
ilə deyə bilərəm ki, hər iki janrı
ədəbi ictimaiyyətə
ilk dəfə təqdim
edən məhz Elbəyi Cəlaloğlu olmuşdur. Bundan başqa, tarixi
və fəlsəfi yöndə yazmağı
çox sevən Elbəyi yüzdən çox publisistik məqalələri, hekayələri,
"Göy ərləri,
yaxud Borçalı türklərinin etnik tarixinə səyahət"
adlı elmi-publisistik əsəri və 3 şeirlər kitabı ilə oxucuların görüşünə gəlib.
Nəşrə hazır olan
və işıq üzü görməyə
tam hazır olan 4 kitabını da nəzərə alsaq o, 10
kitabın müəllifidir.
Elbəyi Cəlaloğlu söhbət
zamanı 2014-cü ildə
onun məşhur əsərinin qəhrəmanı
Mehralı bəyin 170
yaşının tamam
olacağını söylədi. Və qeyd
etdi ki, belə bir tarixi
qəhrəmanı dövlət
səviyyəsində anmamaq
insafsızlıq olar.
Şair dostum Mehralı bəyin əslən Borçalıdan olmaqla türk dünyasının
Koroğlu səviyyəsində
tarixi şəxsiyyəti
olduğunu deyərək,
bu qəhrəmanın
türk dünyasına
yaxşı bələd
olduğunu da dilə gətirdi. Elə bu məqsədlə Elbəyi Cəlaloğlunun
"Mehralı bəy"
dastan-poemasını yenidən
vərəqlədim və
qənaətlərimi oxucuyla
bölüşmək istədim.
Onu da deyim ki,
müəllif əsərin
üzərində yenidən
işləmiş və
oxucu tələbatının
artdığına rəğmən
onu yenidən nəşr etdirmək fikrindədir. E.Cəlaloğlu adı çəkilən
əsərin tərcüməçi
şair-publisist Qiya Paçxataşvili tərəfindən
rus dilinə çevrildiyini də qeyd etdi.
Yeddi boydan ibarət olan "Mehralı bəy" dastanı XIX əsrdə rus şovinizminin iyrəncliklərinə qarşı
qaçaqlıq etmiş,
böyük igidliklər
göstərmiş və
1877-1878-ci illər Osmanlı-Rus
savaşı zamanı
əvəzsiz şücaətlər
göstərmiş Mehralı
bəyin həyatına
və onun qəhrəmanlıq tarixinə
bütünlüklə işıq
salır. Kitaba ön söz yazmış Xalq şairi Zəlimxan Yaqub müəllifin əsəri yazmaq cəsarətini onun doğulduğu Borçalı
aşıq mühitindən,
qaçaqların, qoçaqların
meydan suladığı
ərlik, ərənlik
ənənəsindən, müəllifin
dünyagörüşündə, tərbiyəsində və
ruhunda qanadlanan mərdanəlik duyğularından
aldığını qeyd
edir. Əsərdən
duyğulanmış Xalq
şairi qələmə
alır: "Dastan-poemanın
mahiyyətinə varanda
bir daha hiss etdim ki, Aşıq
Şenliyin Səməd
ağa qoçaqlaması
müəllifə dərindən
təsir edib və bu əsərin
gözəl alınmasında
öz gücünü
göstərib. "Baş divani"dən
"Müxəmməs"ə, əvvəldən axıra
qədər müəllifin
öz qəhrəmanına
böyük sevgisi oxucunu öz arxasınca aparır, bir-birindən maraqlı hadisələrlə qarşılaşdırır".
Kitabın əvvəlində tənqidçi
alim Rüstəm Kamalın da əsərlə bağlı
fikirlərini oxuyuruq. - Elbəyi Cəlaloğlu türk insanının vurğunudur. Türküstan,
Borçalı, Təbriz,
Kərkük sevdalısıdır,
- deyən professor Rüstəm
Kamal əsərin yazılmasına münasibətini
belə bildirir: "Elbəyi Borçalı aşıq məktəbinin
dəyərli nümayəndəsi
Aşıq Cəlalın
ocağında doğulub,
boya-başa çatıb.
Ona görə də, ömrünü-gününü sazdan-sözdən, dastan qəhrəmanlarından ayrı
düşünmür. O, Aşıq Qərib və Şahsənəmin,
Əsli və Kərəmin, Koroğlunun
gerçək varlığına
inanır. Yoxsa "Mehralı bəy" dastan-poeması yazılardımı?". Rüstəm Kamalın müəllif və əsər barədə dedikləri oxucunun diqqətini çəkməyə bilmir:
"Elbəyi Cəlaloğlunun
epik sözünün
içindən türkün
qutsal keçmişi ilə bağlı bir nostalji keçir.
Əsəri oxuyandan
sonra bircə şeyi deyə bilərəm: Vallah-billah,
Elbəyi bu ömrün içində
olubdur".
Kitabı
oxuduqca adını çəkdiyimiz tənqidçi
alimin əsərdən
təsirlənərək qeyd
etdiyi dolğun düşüncələrini xatırlamaya
bilmirsən: "Etnik
mədəniyyət tarixi
əslində şəxsiyyət
miflərinin tarixidir. Hər şair öz şəxsiyyət mifini yaradır, məsələn,
Hüseyn Cavidin Topal Teymuru, Səməd Vurğunun Vaqif mifi. Elbəyi Cəlaloğlu da öz şəxsiyyət mifini - Mehralı bəy haqqında mifi yaratmağı qarşısına məqsəd
qoyur. Mif ənənənin gücü hesabına yaranır. Elbəyi ənənənin enerjisini (dastan enerjisini) içinə o qədər yığmışdı
ki, Mehralı bəy obrazı mütləq işığa
çıxmalıydı". Rüstəm
Kamal həm də "Mehralı bəy" dastan-poemasının
iki redaktorundan biridir. Əsəri çox diqqətlə və səbirlə oxuduğundandır ki, - Elbəyi türk ərənlik tarixinin həm şahidi, həm də yaradıcısı kimi çıxış edir,
- deyən professor haqlı
olaraq müəllifi tərif edir: "Elbəyi Cəlaloğlu tarixin şairidir. Tarix ilahəsi onun ilham pərisidir. Əcdadlar dünyası onun sevgisidir. Onun poetik təfəkküründə
tarix ehtiraslı və səmimi patetika ilə təqdim olunur". Rüstəm Kamal həmin yazısının
sonunda da müəllifə öz rəğbətini ifadə
edir: "Elbəyi Cəlaloğlu bir şair kimi vətəndaşlıq borcunu
layiqincə yerinə yetiribdir. Bu çətin
sınaqdan alnı açıq, üzü ağ çıxıbdır".
Müəllif "Mehralı bəy axtarışda" adlanan
birinci boyda Mehralı bəyin doğulduğu kənddən,
oradakı mühitdən
və igidin qaçaq düşməsinə
səbəb olmuş hadisələrdən bəhs
edir. Əsər boyu Güney
Qafqazın və Azərbaycanın başına
gətirilən faciələri
də unutmayaraq, bu hadisələrin, işğal siyasətinin bir-birinə zəncirvari bağlı olmasını
da oxucunun diqqətinə çatdırır.
Heç
ana bətninə düşməmişdi o,
Zaman doğrayanda Azərbaycanı.
Dərdlərin içindən boy verən oğul,
Dərdlərin ölümünə verdi fərmanı.
Atası Məmli kişi düşmən gülləsinə tuş gəldikdən sonra 17 yaşlı Mehralı bəyin qaçaqlıq hərəkatı başlayır və bu, qısa zamanda onun məşhur igid olmasına gətirib çıxardır. Mehralı bəy ağlasığmaz həmlələrlə düşmənə o qədər divan tutur ki, hətta buna rus çarı Aleksandr da heyran qalır. Düşmən onu tutmağın mümkünsüzlüyünü dərk edərək hiyləyə əl atır. Əvvəlcə Mehralı bəyin bir sıra tanınmış silahdaşlarını ona qarşı üsyana təhrik edir və buna nail olur, lakin igidi məğlub etmək heç cürə mümkün olmur. Bundan sonra düşmən yeni hiylə işlədir. Osmanlıya qarşı vuruşacağı təqdirdə igidin özünü bağışlayacağını elan edir. Mehralı bəysə bu fürsətdən istifadə edib Osmanlı tərəfə keçir və rus şovinizminə qarşı vuruşaraq əvəzsiz şücaətlərlə yadda qalır. Onun bu igidliyini Osmanlı sultanı layiqincə dəyərləndirir.
Elbəyi Cəlaloğlu əsərdə Mehralı bəylə məşhur aşıq Şenliyin görüşlərindən də ətraflı söhbət açır. Aşıq Şenliyin yüksək sənətkarlıq məharəti əsərdə kifayət qədər öz əksini tapır. Eləcə də, o dövrdə yaşamış bir sıra aşıqların da adı çəkilir və onların meydan deyişmələri əsəri daha da oxunaqlı edir.
Müəllif dastan-poemada məhəbbət mövzusuna da geniş meydan vermişdir. Mehralı bəylə Bahar xanımın yüksək əyarlı sevgi səhnələri oxucunu əsərə elə bağlayır ki, ondan ayrılmaq belə çətin olur. Sevgililərin ilk görüşləri, sonrakı hicran, həsrət duyğuları, eləcə də qoşulub qaçmaları böyük ustalıqla verilib.
Dodaq pıçıldadı, qulaq duymadı,
Göz işarə vurdu, qaş naz eylədi,
Bezib qarlı qışın şıltaqlığından,
Bu gün ulu Tanrı bir yaz eylədi.
Əziz dostum Elbəyi Cəlaloğluna cansağlığı, uğurlar və bol-bol oxucu sevgisi arzulayıram. Tarixi milli qəhrəmanımız olan Mehralı bəyin ictimailəşdirilməsi təşəbbüsünə qoşulmaq məqsədilə yazdığım bu məqaləni oxuyan hər kəsin məsələyə laqeyd qalmayacağını güman edirəm. Dövlətimizin də bu məsələyə diqqət göstərəcəyinə tam əminəm. Çünki Mehralı bəy həqiqətdir, çox da uzaq olmayan tariximizdir, qəhrəmanlıq ənənəmizdir. Onun abidəsinin ucaldılması, adına küçə və ya prospekt salınması, adıçəkilən əsərə film çəkilməsi tarixi qəhrəmanımızın ruhuna, 170 illik yubileyinə hədiyyə olardı.
Xanoğlan ƏHMƏDOV
525-ci qəzet.- 2013.- 11 dekabr.-
S.8.