Səhrada cənnət- Və ya hər bir müsəlmanın
getmək arzusunda olduğu
ölkə.....
Yazıma belə bir ad seçməyim təsadüfü
deyil. Özü də təsadüflərə
inanmayan biri kimi... Səudiyyə Ərəbistanı Krallığı doğrudan
da, səhrada cənnətdir. Noyabrın son günləri, dekabrın əvvəlləri...Temperatur
müxtəlif şəhərlərdə
30-40 dərəcə arasında
dəyişir. İlk dəfə
səfər etdiyim hər bir ölkə
haqqında elə ilk təəssüratım hava
limanından şəhərə
qədər olan məsafədə yollarından
başlayır. Paytaxt
Əl Riyadın Hava Limanında bizim qrupu - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidi, "Xalq qəzeti"nin tanınmış yazarı
İttifaq Mirzəbəylini,
AzTV-nin operatoru Vüqar Həsənovu və bu sətirlərin
müəllifini Səudiyyə
Ərəbistanı İnformasiya
Nazirliyinin nümayəndələri
qarşılayır. Hava Limanından
qalacağımız "Marriott" hotelinə qədər yolların hər iki tərəfi yaşıllıqlara bürünüb.
Arabir səhralar görünsə
də, diqqətimi daha çox yaşıllıqlar, salınmış
meşələr, xurma
ağacları çəkir.
Geniş və rahat yollarda
ABŞ-da, Yaponiyada istehsal olunan avtomobillər üstünlük
təşkil edir. Eyni zaman, qədim və müasir tikililər, körpülər,
tunellər...Hotelə
çatanda Orta Asiyadan - Özbəkistandan,
Qırğızıstandan, Tacikistandan gələn həmkarlarımızla tanış oluruq.
Haşiyə: Hələ Bakıda
olarkən Səudiyyə
Ərəbistanı Krallığının
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri cənab Musaid Əl Suleym bizimlə görüşündə bildirmişdi
ki, səfərin məqsədi Səudiyyə
Ərəbistanı ilə
Azərbaycan, eləcə
də, Orta Asiya ölkələri ilə iqtisadi əlaqələri inkişaf
etdirməkdən ibarətdir.
Diplomat onu da
əlavə etmişdi
ki, Səudiyyə Ərəbistanı ilə
Azərbaycan arasında
siyasi əlaqələr
olduqca yüksək səviyyədədir. Ona görə
də iki ölkə rəsmiləri
Azərbaycanla iqtisadi əlaqələri də inkişaf etdirməkdə
maraqlıdırlar.
Səudiyyə Ərəbistanında olduğumuz
günlərdə, keçirdiyimiz
görüşlərdə, tədbirlərdə bütün
bunların bir daha şahidi olduq. Bu barədə bir
az sonra daha ətraflı yazacağam(.
Biz və Orta Asiyadan
olan həmkarlarımız...
Elə səfərimizin ilk günü
Orta Asiyadan gələn həmkarlarımızla
tanış olduq və belə
demək mümkünsə,
dörd qrup tezliklə bir qrupa çevrildi. Onların hər biri öz
ölkələrinin nüfuzlu
telekanallarını, mətbuat
orqanlarını, informasiya
agentliklərini təmsil
edirdilər. Aralarında Xarici
İşlər Nazirliyinin
nümayəndələri də
vardı. Demək olar
ki, hər biri Azərbaycan haqqında çox məlumatlı idilər.
Sonradan həmkarlarımın Azərbaycan,
Bakı, Qarabağ münaqişəsi ilə
bağlı materiallarını
görəndə, Azərbaycan
Prezidenti İlham Əliyevin fəaliyyətini
və onun digər ölkə rəhbərlərinə örnək
olacaq keyfiyyətlərini
önə çıxaran
məqalələri oxuyanda
onlara hörmətimiz
daha da artır.
Səudiyyə Ərəbistanı Tarix
Muzeyində...
Səfər proqramımızda ilk tanışlığımız
ölkənin Tarix Muzeyindən başladı. Tarixi özündə
əks etdirən zəngin muzeydə müasir aparatlar quraşdırılıb. Ölkənin tarixi, mədəniyyəti, müqəddəs
yerləri, yeraltı sərvətləri və
s. ilə maraqlanırsansa,
o zaman uyğun olaraq qarşındakı düyməni basırsan və Səudiyyə Ərəbistanının xəritəsini
gözdən keçirirsən.
Səni maraqlandıran məlumatlar
xəritədə yaşıl
işıqla öz əksini tapır.
Muzeydə ən yaddaqalan məqamlardan biri də o qədər böyük olmayan, lakin 3 ton ağırlığındakı
meteorit parçası
oldu. Onun nə zaman yer üzünə
düşdüyü məlum
olmasa da, yüz il
öncə Səudiyyə
Ərəbistanı ilə
Oman sərhədindən tapılıb.
Eyni zamanda, müqəddəs şəhərlərin - Məkkənin,
Mədinənin, Kəbə
Evinin maketləri də var. Bundan başqa, Krallığın
müxtəlif dövrlərinə
aid olan şəhər
planlarının, sarayların
maketləri elə qurulub ki, elə
bil özünü o dövrdə hiss edirsən.
Səudiyyə Ərəbistanının
tarixindən bəhs edən, müxtəlif dillərə tərcümə
olunan on-on beş
dəqiqəlik sənədli
filmlər də muzeyi ziyarət edənlər üçün
nümayiş etdirilir.
Muzeydə vaxtilə ölkə ərazisində mövcud olan, indi isə
kökü kəsilən
heyvanların qalıqları
saxlanılır.
Ümumiyyətlə, ölkənin Tarix Muzeyi ilə tanışlıq üçün
ən azı yarım gün burada olmalısan.
Qədim
və müasir Əl Riyad, balaca Mühammed...
Günün ikinci yarısı
Orta Asiyadan olan həmkarlarımızla,
Səudiyyə Ərəbistanının
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Musaid Əl Suleym, eləcə də, ölkənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin
nümayəndələri ilə
birlikdə Əl Riyadın qədim yerləri, qalaları, məhəllələri ilə
tanış oluruq. Eyni zamanda da,
Əl riyadlılarla.....
Əslində, bütün ərəb
ölkələrində olduğu
kimi, havaların isti olması ilə əlaqədar adamlar daha çox
axşamlar gəzməyə,
istirahət, alış-veriş
etməyə üstünlük
verirlər. Bəlkə
də tarixi çox sevdiyimdən qədim yerləri, qalaları, məhəllələri
görmək, tanış olmaq xüsusi zövq verir. Nisbətən yaşlı insanlar, qadınlar oturub söhbət edir, uşaqlar isə elə dünyanın hər yerində olduğu kimi öz uşaq dünyalarındadırlar.....Topla
oynayan kim,
evcik quran kim.....Valideynləri də həm istirahət, həm də onlara nəzarət edirlər. Bir neçə dəqiqəliyə
qədim qala daşının üzərində
əyləşib onların
futbol oynamasına tamaşa edirəm.
Top əyləşdiyim yerə
gəlib düşəndə,
beş-altı yaşlı
yaraşıqlı uşaq
bir qədər çəkinə-çəkinə mənə yaxınlaşır.
Yəqin
ki, əcnəbi olduğumu hiss edib. Topu əlimdə tutub, başını tumarlayıram.
O, həm mənə,
həm də topa baxıb gülümsəyir...Adını
soruşuram. Şirin ərəb ləhcəsi
ilə - Mühammed - deyir. Topu qaytaran kimi - Şukran - söyləyib,
dostlarının yanına
qaçır.....
Səudiyyə Ərəbistanında insanlar
olduqca qonaqpərvər,
istiqanlı, mehribandırlar. Özlərinin
təbirincə desək,
elə bizdə olduğu kimi.....
Qaldığımız hoteldə isə, Mətbuat Mərkəzi demək olarki, günün 24 saatı bizim ixtiyarımızdadır.
Qarşıda isə bizi Səudiyyə Ərəbistanının
böyük şəhərləri,
liman, iqtisadi, sənaye mərkəzləri
ilə tanışlıq
gözləyir...
Səudiyyə Ərəbistanı Şərq
vilayətinin paytaxtı
-Dammam
İlk səfər
etdiyimiz şəhər
Səudiyyə Ərəbistanının
üçüncü böyük
şəhəri və
malliyyə paytaxtı
Dammamdır. Elə ilk tanışlıqdan Ərəb körfəzinin
sahilində yerləşən
bu şəhərin gözəlliyinə heyran
qalıram. Hər zaman
deyirlər ki, dəniz sahilində yerləşən şəhərlər
xoşbəxt olur.
Bilmirəm, bu ifadənin
müəllifi kimdir, ümumiyyətlə.....mənə
elə gəlir ki, xoşbəxtlik məfhumu insana məxsusdur. Bəlkə də
səhv fikirləşirəm,
bəlkə də düz.....Hər halda, Səudiyyə Ərəbistanının Şərq
vilayətinin paytaxtı
sayılan bu şəhər çox gözəldir. Oxuduqların,
yazdıqların, görmək
bir başqa, canlı, gözlərinlə
görmək isə, ünvanında olmaq bir başqa... Ərəb körfəzini deyirəm,
buranı müxtəlif
adlarla adlandırırlar.
Ərəb, Fars körfəzi
və s... Ərəb körfəzi sahilində
bir müddət gəzirik, çəkiliş
aparırıq. Bir faktı da qeyd
edim ki, Ərəb körfəzi boyunca cəkilən tunel düz Bəhreynə qədər
aparıb çıxarır...
Lakin körfəzdən
Bəhreyi seyr etmək olar... Tunel vasitəsilə Bəhreynə
keçmək üçünsə,
mütləq viza tələb olunur.
Əhalisi 3 milyona yaxın Dammamda çoxsaylı görüşlər keçirdik,
sənaye müəssisələrində
olduq. Bütün görüşlərdə Səudiyyə Ərəbistanı
rəsmiləri xüsusi
olaraq bildirdi ki, "Səudiyyə Ərəbistanı Krallığı
ilə Azərbaycan Respublikası arasındakı
əməkdaşlıq əlaqələri
qardaş müsəlman
dövlətləri arasındakı
əməkdaşlığın bir nümunəsi sayıla bilər. Ələlxüsus siyasi sahədə
iki ölkə arasında beynəlxalq təşkilat və forumlar çərçivəsində
davamlı koordinasiya həyata keçirilir.
Bir çox regional və beynəlxalq məsələlərdə
eyni mövqelərdən
çıxış edilir.
Siyasətlə yanaşı
Səudiyyə Ərəbistanı
Krallığının digər
sferalarda da iki ölkə arasındakı əməkdaşlıq
üçün prioritet
saydığı sahələrə
gəlincə isə demək lazımdır ki, Səudiyyə Ərəbistanı Krallığı
ilə Azərbaycan Respublikası iqtisadi sahənin inkişafı,
o cümlədən qarşılıqlı
ticarət dövriyyəsini
və investisiyaları
artırmaq, hər iki ölkənin özəl sektorunu əməkdaşlığa cəlb
etmək üzərində
iş aparır".
Səudiyyə Ərəbistanı
iqtisadiyyatı
Səudiyyə Ərəbistanı iqtisadiyyatı əsasən neft gəlirlərinə söykənir. Səudiyyə Ərəbistanı dünya neft ehtiyatlarının 25%-nə malik olaraq, dünyada neft ixracına görə birinci yer tutur və OPEK-in aparıcı üzvüdür. Neft gəlirləri ölkə büdcəsinin 75%-ni, ümumdaxili məhsulun 45%-ni və ümumi ixracın 90%-ni təşkil edir. Ümumdaxili məhsulun 40%-i özəl sektorun payına düşür. Səudiyyə Ərəbistanında çalışan 10 milyona yaxın əcnəbi ölkə iqtisadiyyatı, xüsusən də neft və xidmət sektorunda vacib rol oynayır. Hökumət iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və Səudiyyə Ərəbistanı vətəndaşlarının məşğulluğunun artırılması məqsədilə özəl sektorun inkişafına xüsusi diqqət ayırır. Səudiyyə Ərəbistanı hökuməti ölkədə elektrik enerjisi və təbii qaz istehsalı, telekommunikasiya və neft kimyası sahələrində özəl sektorun və xarici investorların iştirakını dəstəkləyir. Uzun sürən danışıqlardan sonra Səudiyyə Ərəbistanı nəhayət ki, 2005-ci ilin dekabr ayında Ümumdünya Ticarət Təşkilatının üzvü seçilib. Neftdən gələn gəlirlərin sayəsində Səudiyyə Ərəbistanı hökuməti təhsil, peşə hazırlığı, habelə infrastrukturun inkişafı və maaşların artırılmasına külli miqdarda vəsait ayıra bilir. Neftdən krallığın asılılığını azaltmaq üçün və sürətlə artan səudiyyə əhalisinin məşğulluğunu artırmaq üçün, son illərdə özəl sektor sürətlə inkişaf edir. Su infrastrukturunun və təhsilin inkişafına əlavə vasitələrin ayrılması ən yaxın perspektivdə Səudiyyə Ərəbistanının hökumətinin əsas prioritetidir. Suyun çatışmazlığı və sürətli əhali artımı ölkəyə özünü kənd təsərrüfatı məhsullarıyla tamamilə təmin etməyə icazə vermirlər.
Səudiyyə Ərəbistanına səfərimiz, bu ölkə ilə bağlı ən maraqlı nüansları gələn yazılarımızda diqqətinizə çatdıracağıq.
Bizi izləyin.
Ağanisə
SULTANOVA
Bakı-Əl Riyad- Ciddə-Məkkə-Əl Riyad- Bakı,
Xüsusi olaraq
"525-ci qəzet" üçün
525-ci qəzet.-
2013.- 11 dekabr.- S.5.