"Borc"

 

 

Yaxşılıq etmək, köməyə  çatmaq, çətin anda haqqın tərəfində durmaq əsl insana xas olan keyfiyyətdir.

Yaxşılığı üzə vurmaq, edilən kömək üçün nəyisə ummaq, məqsədli əl tutmaq isə bunun əksinədir.

Peyğəmbərimizin " sağ əlin verdiyini sol əl bilməməlidir" kəlamını  xatırlayıb bizim üçün edilənlərin və etdiklərimizin hesabını düzgün çəksək, bəzi sözlərimizdən və söylədiklərimizdən  çəkinər,  səhvlərimizi bir daha təkrar etmərik.

Ancaq həmişə belə olmur. İnsan  varlığına görə Allahına və onu böyüdüb boya-başa çatdıran valideynlərinə borclu olduğu halda, təəssüflər olsun ki, bəzən harınlaşıb Tanrısına daş atır, ata-anasının üzünə ağ olur, haqqı nahaqqa verir, özünü hamıdan başbilən, qüdrətli və nüfuzlu hesab edir.

Ağlından, dünyagörüşündən irəli gələn bu səhvlərə görə ilk növbədə özünü  günahlandırıb "mən kiməm, xalq, ölkə üçün nə etmişəm və mənim üçün nələr ediblər?" sualını  özünə verib özündən cavab almağa borclu olan insan öz səhvlərini dərk etmədiyi halda çox vaxt başqalarını günahkar bilir, kiçik xidmətlərini şişirtməyi üstün tutur, zor dili ilə danışır, başqalarının xidmətlərini azaltmağa,  unutdurmağa  çalışır.

Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, "ağıl olan yerdə zora ehtiyac yoxdur".

Dahi şəxsiyyət onu da söyləyirdi ki, "həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyil. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir  şeydilər".

Ümummilli  Liderimiz onu da qeyd edirdi ki, "həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir".

Peyğəmbərcəsinə söylənilən bu kəlamlara istinad etməkdə məqsədim bildiklərimin və bilmədiklərimin fərqinə varıb bu kəlmələrin işığında fikirlərimi cilalamaq, Allahın və insanın böyüklüyü, sözün qüdrəti, müdrik  kəlamları ilə bizə düzgün yol göstərən Heydər Əliyev  şəxsiyyəti  qarşısında bir daha baş əyməkdir.

Heydər Əliyev böyük və tarixi şəxsiyyətdir.

Xalqımız və Vətənimiz üçün müstəsna xidmətləri olan bir dövlət rəhbəridir. Dünyada sevilən, qəbul olunan unudulmaz siyasi xadimdir.

O, bütün varlığı ilə torpağına, xalqına, vətəninə bağlı olan, öz həyatını Azərbaycanın müstəqilliyi, azadlığı və inkişafı yolunda sərf edən bir vətəndaş, azərbaycanlı olması ilə həmişə fəxr edib öyünən, xalqının dilini, dinini, tarixini, adət-ənənəsini yüksək qiymətləndirən və  təbliğ edən bir insan idi.

Ulu öndərin bəşəri ideyaları və yüksək insani keyfiyyətləri haqqında saysız-hesabsız əsərlər yazılıb və bundan sonra da yazılacaq.   qədər Azərbaycan xalqı və torpağı var  Heydər Əliyev yaşayır və yaşayacaq.

Bu hörməti, ehtiramı, məhəbbəti təbii ki, Heydər Əliyev özü-özünə qazandırıb.  Böyük  zəkası, dərin düşüncəsi, geniş dünyagörüşü, zəngin təcrübəsi ilə o, hər bir kəsin qəlbinə yol tapmışdı, sevilmişdi və belə də əbədiyyətə qovuşdu.

Əlbəttə ki, Ulu öndər xalqın dəstəyindən, ayrı-ayrı xeyirxah insanların qayğısından, diqqətindən, köməyindən də heç vaxt kənarda qalmayıb. Ancaq Heydər Əliyevə ümumxalq məhəbbəti qazandıran, onu ümummilli Lider səviyyəsinə  yüksəldən ilk növbədə onun əməlləri, zəkası, cəsarəti, fəaliyyəti və xalqına sonsuz məhəbbəti olub.

Məhz buna görə də bu gün bir qrup insanın, kimlərinsə "YAP-ın yaradılmasında  xidmətlərimiz  böyükdür. Biz  olmasaydıq  Heydər Əliyev yenidən hakimiyyətə gələ bilməzdi" ifadələrini işlətməsi çox cılız və bayağı səslənir.

Birincisi, özünü  Heydər Əliyevin ən yaxın silahdaşı hesab edən, onun yolunda canını qurban verməyə hazır olan heç bir insan bu kəlmələri işlətməz.

İkincisi, etdiklərini gözə soxmaq, kiçik xidmətləri şişirdib bunun müqabilində nəyi isə ummaq, vəzifə iddiasında olmaq təmənnalı  yoldur, ürəkdən-candan gələn xidmət deyil.

Digər tərəfdən Heydər Əliyev uzaqgörən, qayğıkeş olmaqla bərabər həm də ona göstərilən qayğını, inamı, hörməti yüksək qiymətləndirən və yetərincə dəyərləndirən bir insan idi. O, hər bir kəsə əməlinə, fəaliyyətinə, sədaqətinə, ağlına, bacarığına görə qiymət verirdi və bu keyfiyyətlərə malik olanların əksəriyyətinə  vaxtında etimad göstərib, onlar mühüm vəzifələrə irəli çəkilib, deputat seçilib, müxtəlif sahələrə rəhbərlik ediblər.

Bu insanların əksəriyyəti onlara göstərilən etimadı doğrultsalar da, ancaq bəziləri tutduqları vəzifənin məsuliyyətini lazımınca dəyərləndirməyib, şəxsi mənafeyi xalqın mənafeyindən üstün tutub, özünü təkəbbürlü aparıb, var-dövlət toplamağa, vətəndaşları incitməyə üstünlük verib və nəticədə          öz əməllərinə görə cəzalandırılıb.

Belələri arasında nazirlər, millət vəkilləri, ayrı-ayrı vəzifəli şəxslər vardır və dövlətin adına xələl gətirən, qanunlara tabe olmayan insanların cəzalandırılması, tutduqları vəzifələrdən kənarlaşdırılması təbiidir. Çünki nə qanunlarımız, nə də ki, insani dəyərlər heç kimə əvvəllər göstərdiyi müəyyən xidmətlərə görə sonralar ona daşıdığı vəzifədə hegemonluq etməyə, insanları talamağa və incitməyə, qanunları pozmağa, əyri yollara düşməyə əsas vermir.

Belə insanların müdafiəsinə qalxmaq, keçmiş xidmətlərə görə bu insanların qəhrəman obrazını yaratmaq və onlara bəraət qazandırmaq da düzgün yol deyil. Çünki müəyyən səbəblərə-yaşa, səhhətə, yol verdiyi nöqsanlara, fəaliyyətə görə insanın ictimai-siyasi həyatdan, tutduğu vəzifədən getməsinə təbii baxmaq lazımdır. Bunu faciəyəyə çevirib şəxsi-qərəzlilik, gözdəndüşmək, diqqətsizlik kimi qiymətləndirmək yaramaz

Keçmiş fəaliyyətimizdən, hazırkı mövqeyimizdən, vəzifə daşıyıb daşımamağımızdan asılı olmayaraq hər birimiz Ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Bu gün ki və gələcək nəsillər müstəqil Azərbaycanın varlığı üçün, firavan həyatımıza, inkişafımıza görə Heydər Əliyevə borcludur.

Çünki Azərbaycanın dünəni və bu günü onun adı və fəaliyyəti ilə bağlıdır. Keçən əsrin 60-70-ci illərində Yeni Azərbaycan Partiyası, bu partiyanın bəzi təkəbbürlü üzvləri siyasət aləmində olmadığı halda Heydər Əliyev var idi, onun əməlləri qalib gəlirdi, respublikamızı qüdrətləndirirdi, başımızı ucaldırdı.

1980-ci illərdə sovetlər ittifaqında Heydər Əliyev dünyanın ən böyük siyasətçilərindən  biri kimi tanınır və qəbul olunurdu.

1980-ci illərin sonu 90-cı illərin əvvəllərində Heydər Əliyevi sovetlər ittifaqının rəhbərlərinə qarşı çıxmağa vadar edən də məhz onun öz xalqına və vətəninə sonsuz məhəbbəti, qətiyyəti və cəsarəti idi.

Sonrakı dövrlərdə Ulu öndərin düzgün, düşünülmüş siyasəti isə xalqımızı fəlakətlərdən, vətənimizi parçalanmaqdan,  insanlarımızı müstəmləkədən xilas etdi.

Ona görə də YAP-ın yaranmasında, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişində müəyyən xidmətləri olan bəzi insanlar gördükləri işləri şişirtməkdənsə bilməlidirlər ki, tarixi reallıq və faktlar hər anı qiymətləndirməyə, kimin kimə borclu olduğunu dəqiqləşdirməyə imkan verir və bu reallıqları unutmaq olmaz.

Tarix onu da sübut edir ki, xalq Heydər Əliyevi yenidən hakimiyyətə gətirməklə və uzaqgörən insanlar YAP-ın ətrafında sox birləşməklə bu böyük şəxsiyyətin üzərinə çox məsul və çətin bir vəzifə-xalqı, torpağı, vətəni və hər birimizi faciələrdən qurtarmaq, ictimai-siyasi sabitlik yaratmaq, ölkəni xaosdan azad etmək, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmək missiyasını qoymuş oldu.

Əslində ağıllı insanlar hakimiyyəti Heydər Əliyevə etibar etməklə özlərini, ailələrini, od-ocaqlarını, var-dövlətlərini qorumaq, sərbəst, azad yaşamaq, hüquqlarını təmin etmək, şəxsiyyətlərini gözləmək, təqibdən, təhqirdən, qorxudan uzaq olmaq imkanı əldə etdilər.

Bəzi insanlar öz həyatları düşünərək Heydər Əliyevə dəstək verdikləri halda, əksinə Heydər Əliyev çətin anda canını, ailəsini yox, xalqını, milyonlarla azərbaycanlının taleyini düşündü və  bütün əzab-əziyyətlərə dözərək son nəfəsinə kimi Azərbaycanı qorudu, inkişaf etdirdi və dünyaya tanıtdırdı.

Mən Heydər Əliyev ideyalarına sədaqətli insanların, partiyamızın qurucularının, veteranlarının diqqətdən kənar qalmasının, onlara sayğısızlıq göstərilməsinin, əlbəttə ki, əleyhinəyəm. Ancaq əvvəlki müəyyən xidmətlərinə görə bu gün vəzifəsinə, hərəkətlərinə, sözünə qiymət verməyənləri, saxtakarlıq edənləri, öz davranışları ilə xalqın gözündən düşənləri, vəzifədə olanda iqtidar, vəzifədən çıxanda müxalifət mövqeyində duranları qəbul etmirəm.

Bir həqiqəti hamılıqla bilməliyik ki, əğər Heydər Əliyev kimi bir dahini Allah xalqımıza bəxş etməsəydi və onun uzaqgörənliyi,  düşünülmüş siyasəti, möhkəm iradəsi, qətiyyəti olmasaydı nə Azərbaycanın varlığından, nə ya YAP-ın iqtidar partiyası kimi inkişafından, nə də xalqımızın bugünkü xoşbəxt həyatından danışmaq mümkün deyildi.

Heydər Əliyev hakimiyyətə zorla, silah gücünə deyil, ağılla, düşünülmüş siyasətlə, xalqın iradəsi ilə gəldiyi üçün uzun illər Azərbaycanı düşünülmüş siyasətlə idarə etməyi, insanların hörmət və rəğbətini qazanmağı, onları bir məqsəd uğrunda mübarizəyə yönəltməyi, respublikamızı demokratik,  müstəqil bir dövlət kimi dünyada tanıtdırmağı bacardı.

Heydər Əliyevin zəngin mənəviyyatı, pak amalı, müqəddəs vətəndaşlıq andı onun həyatının mənası olmaqla müvəffəqiyyətlərinin əsası, qələbələrinin təminatçısı idi. Həqiqi mənəviyyatı milyonlardan, milyardlardan üstün tutan Ulu öndərimiz  ictimai borcu şəxsi rifaha qurban verənlərə, var-dövlət hərislərinə, ləyaqətini vəzifəyə satanlara qarşı həyatının son anına kimi barışmaz oldu.

Ulu öndərimizin  Azərbaycanın  iqtisadi - siyasi, mədəni, mənəvi həyatı üçün gördüyü işlər əvəzsiz və unudulmazdır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin dediyi kimi, "Biz bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsl istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır".

Heydər Əliyev öz fəaliyyəti dövründə həmişə yaxşı insanları qiymətləndirib onların bacarığından istifadə etsə də əslində o, bütövlükdə Azərbaycan xalqına arxalanırdı və fəxrlə deyirdi: "Məni yaşadan, məni siyasi uzunömürlü edən ən əsas amil odur ki, mən həmişə xalqın dəstəyinə  əsaslanmışam".

Ulu öndər xalqını belə qiymətləndirdiyi kimi, Azərbaycan xalqı da öz Ümummilli Liderinin xidmətlərini yüksək dəyərləndirir, onun əməllərini, ideyalarını yaşadır və ruhu qarşısında baş əyir.

Heydər Əliyev ömrünü-gününü, həyatını xalqımıza sərf etdi. Ölməz ideyalarını əmanət, xeyirxah əməllərini isə bizlərə borc qoyub getdi. Biz də bu əmanətə, borca sədaqətimizi doğru əməlimizlə, vətəndaş mövqeyimizlə, vətənə, xalqa layiqli xidmətimizlə sübut etməliyik.

 

 

Tahir Rzayev

Milli Məclisin deputatı

525-ci qəzet.- 2013.- 11 dekabr.- S.2-3.