Zamanın fövqündə dayanan lider
ULU ÖNDƏRİN TARİXİ XİDMƏTLƏRİNİN DƏYƏR VƏ ƏHƏMİYYƏTİNİ İLLƏR ÖTDÜKCƏ DAHA AYDIN HİSS EDİRİK
"İnsan harada olsa
yaşayacaqdır. Şərt o
deyil. Şərt odur ki, insan milləti, Vətəni,
torpağı üçün nə edir"
Heydər Əliyev
Böyük
azərbaycanlı, bir qərinəyə yaxın dövr ərzində
doğma Vətəninin həyatında, xalqının taleyində
tarixi rol oynamış, Azərbaycanın dövlətçilik
salnaməsində silinməz izlər qoymuş Heydər
Əliyevin vəfatının 10 ili tamam
olur. 10 il tarix üçün qısa
zaman kəsiyidir. Amma bu qısa zaman belə Heydər
Əliyevə dünya miqyaslı dövlət adamı,
görkəmli şəxsiyyət və böyük vətənpərvər
kimi öz yüksək qiymətini verib. Bu
gün o, həyatda olmasa da, onun təməlini qoyduğu siyasət,
dövlətçilik xətti davam edir, qurucusu və
memarı olduğu Azərbaycan dövləti
günü-gündən güclənir. Onu bizdən
ayıran hər ötən il bu dahi şəxsiyyətin
tariximizdəki yerini, rolunu daha bariz şəkildə
nümayiş etdirir. "Əminəm ki, Azərbaycan
xalqı Heydər Əliyevin böyüklüyünü hələ
bundan sonra daha dərindən dərk edəcək" -
Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın
2003-cü il dekabrın 15-də Bakıda,
böyük liderin dəfnində söylədiyi bu sözlər
gerçəkdən çox anlamlıdır.
O, hələ
sağlığında Azərbaycan tarixinin canlı əfsanəsi
idi və bu gerçəkliyi bizimlə bərabər dünya
da etiraf edirdi. "Heydər Əliyev həqiqətən
beynəlxalq səviyyəli dövlət xadimi və tarixi əhəmiyyətli
milli lider idi. O, Azərbaycanın müstəqilliyinin,
ölkənin firavanlığına doğru
inkişafının əsasını qoydu", - məşhur
Amerika politoloqu Zbiqnev Bjezinskinin bu sözlərinin altına dünyanın bir çox liderləri,
siyasət adamları imza atar.
Heydər Əliyev böyük siyasətdə olduğu
bütün zamanlarda xalqla birgə olub, xalqa arxalanıb, onun dəstəyinə,
onun etimadına güvənib. Bunu yəqin etmək üçün
ulu öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik
etdiyi dövrü, 1982-1987-ci illərdə SSRİ rəhbərliyində
təmsil olunduğu zamanı, dövlət idarəçiliyindən
kənarda olduğu 1988-1990-cı illəri, nəhayət,
1991-ci ildən Naxçıvan Muxtar Respublikasının, 1993-cü
ildən isə Azərbaycan dövlətinin rəhbəri kimi
fəaliyyətini, müdrik siyasət adamı kimi
atdığı addımları nəzərdən keçirmək
gərəkdir.
"Mənim həyat amalım bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi
inkişafına xidmət olub. Bu yolda bütün
gücümü və iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin
anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və
bütün uğurlarımı təmin edib". Müstəqil Azərbaycan dövlətinin
keçdiyi sınaqlar, dövlətçiliyimizin ən
ağır günlərində Heydər Əliyevin göstərdiyi
qətiyyət bu sözlərdəki gerçəyi dəfələrlə
təsdiqləyib.
Birinci olmaq, lider olmaq keyfiyyətləri onda fitrətən
vardı. Onun liderlik bacarığı, potensialı
çalışdığı bütün işlərdə,
tutduğu bütün vəzifələrdə
özünü bariz şəkildə göstərmişdi.
Heydər Əliyev sovet dövlətinin rəhbərliyində,
"Politbüro"da yeganə azərbaycanlı, türk
olaraq təmsil olunanda da onun liderliyi bariz idi. Təsadüfi deyil ki, illər ötəndən
sonra da keçmiş SSRİ-nin müxtəlif bölgələrində
- sıravi işçidən akademikədək - hər kəs
onu ehtiramla anır. Məhz Heydər
Əliyevin Kremldə hamıdan üstün, bacarıqlı,
işgüzar və istedadlı olması SSRİ-nin rəhbəri
Mixail Qorbaçovda ona qarşı qısqanclığ yaratdı
və ulu öndər 1987-ci ildə istefa verməli oldu. Çünki o, Heydər Əliyevlə bir səviyyədə
heç vaxt dayana bilməyəcəyini yəqinləşdirmişdi.
Heydər Əliyev orta məktəb illərində incəsənətə,
teatra maraq göstərmiş, 3yorluq sənətinin ardınca
getmədi, amma özünün ən böyük rolunu
doğma xalqının, Azərbaycanın həyatında
oynadı. Həyatı boyunca dəfələrlə
Şekspirin qəhrəmanının məşhur dilemması
ilə üz-üzə dayandı və hər dəfə bu
mübarizədən qalib çıxdı. 1993-cü ilin yayında xalq ona üz tutanda Azərbaycan
dövlətçiliyi də "olum, ya ölüm"
dilemması qarşısında idi. Heydər
Əliyev bu dilemmada da "olum" seçimini etdi, ölkədə
sabitlik yaratdı, müstəqilliyi, dövlətçiliyi
möhkəmləndirdi, gənc respublikanı quruculuq və
inkişaf mərhələsindək çıxardı, Azərbaycana
dünya birliyində layiqli yer qazandırdı.
O, ali məktəbdə öncə memarlıq,
sonra isə tarixçi təhsili almışdı. Lakin nə memar peşəsində işlədi, nə
də tarixçi. Amma böyük siyasətçi və
dövlət xadimi kimi ən uca missiyasını gerçəkləşdirdi:
müasir Azərbaycan dövlətinin memarı oldu və yeni
tariximizi öz əməlləri ilə yazdı. "Müstəqil Azərbaycan dövlətçiliyi
Heydər Əliyevin əsəridir" - bu, sadəcə, gəlişi
gözəl söz deyil, onun qurub-yaratdığı
qurduğu dövlətin gücünə, potensialına
yaxşı bələd olan, bu dövlətlə
hesablaşan əcnəbilərin də etirafıdır.
Azərbaycanlı olmaq hər şeydən öncə
doğma torpağı və Vətəni sevmək, onun
adını uca tutmaq deməkdir. Böyük azərbaycanlı
Heydər Əliyev hələ sovet dövründə
respublikamıza rəhbərlik edərkən bu fikri
özünün həyat prinsipi kimi qəbul etmiş,
özünün rəhbər fəaliyyətində
ardıcıl şəkildə həyata keçirmişdir.
Sovetlər ölkəsinin bəlli siyasi-ideoloji,
idarəçilik çərçivələri daxilində
Azərbaycanı müttəfiq respublikalar içərisində
ön sıralara çıxarmaq, Azərbaycan xalqının
şan-şöhrətini - tarix və mədəniyyətini,
elm, sənət və ədəbiyyatını tanıtmaq azərbaycanlı
adını ən yüksək səviyyədə
doğrultmaq demək idi.
Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik
etdiyi illər respublikamızda milli-mədəni intibahın
yüksəlişi dövrü olub. Moskvada, Sankt-Peterburqda,
keçmiş SSRİ-nin digər şəhərlərində
Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin
yubileylərinin keçirilməsi, onlara abidələrin
qoyulması, küçə və meydanlara adlarının
verilməsi, Bakının dünyanın müxtəlif şəhərləri
ilə qardaşlaşması, bu zəmində xaricdə Azərbaycan
mədəniyyətini, incəsənətini təbliğ edən
tədbirlərin təşkili - bütün bunlar Heydər
Əliyevin Azərbaycan adına, Azərbaycan naminə xidmətlərinin,
sadəcə, bir hissəsidir.
Ulu öndərin Azərbaycan qarşısında ən
böyük xidmətlərindən biri də əvvəlcə
keçmiş SSRİ miqyasında, sonralar isə dünyada azərbaycanlıların
birlik və həmrəyliyinin təşəkkül
tapmasıdır. Onun respublikaya birinci rəhbərliyi dövründə
hər il yüzlərlə gənc
SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa
göndərilirdi. Onların çoxu yüksək
ixtisaslı mütəxəssis kimi respublikaya qayıtdı,
eyni zamanda, bir qismi Sovet İttifaqının müxtəlif
guşələrinə səpələnərək azərbaycanlı
icmasının güclənməsinə töhfə verirdilər.
Heydər Əliyev çıxışlarının birində
bu barədə belə deyib: "Mən istəyirəm ki, azərbaycanlılar
harada yaşayırlar-yaşasınlar, əhalinin, cəmiyyətin
yüksək təbəqəsində olsunlar, bu, mənim istəyim,
arzumdur. Mən 1969-1982-ci illərdə Azərbaycana
rəhbərlik etmişəm, o vaxt
çalışırdım ki, azərbaycanlılar, xüsusən
gənclər Sovetlər İttifaqının başqa şəhərlərində,
respublikalarında da yaşasınlar, yayılsınlar. İldə 800-900 gənc başqa yerlərə -
keçmiş SSRİ-nin universitetlərinə,
institutlarına təhsil almağa göndərilirdi. Qoy hər yerdə Azərbaycanın diasporu olsun,
lobbisi olsun. Hər yerdə azərbaycanlılar
olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini,
torpağını, ana Vətəni unutmayasan".
Heydər Əliyev müstəqil Azərbaycanın
prezidenti olduqdan sonra bu fəaliyyəti dövlətimizin xarici
siyasətinin prioritet istiqamətlərindən birinə
çevirdi.
O, dövlət başçısı kimi səfər etdiyi hər
bir ölkədə yaşayan həmvətənlərimizlə
- oradakı azərbaycanlı icmasının böyük və
ya kiçikliyindən asılı olmayaraq - görüşlər
keçirir, onların problemləri, qayğıları ilə
maraqlanır, tövsiyələrini verirdi. Bu
görüşlərin hər biri xaricdəki
soydaşlarımızın Vətənlə əlaqələrinin
güclənməsinə, milli özünüdərk və
geniş diaspor hərəkatına təkan verirdi.
Soydaşlarımızla görüşlərdə onları,
ilk növbədə, yaşadıqları ölkədə fəal
mövqe tutmağa, ictimai-siyasi proseslərə, işgüzar
həyata nüfuz etməyə, bununla yanaşı, tarixi Vətəni
heç zaman unutmamağa, azərbaycanlı kimliyini,
xalqımızın mədəniyyətini, milli-mənəvi
dəyərlərini dünyaya tanıtmağa, Azərbaycanı
təbliğ etməyə, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmağa çağırırdı. Prezident Heydər Əliyevin sərəncamı ilə
2001-ci ilin noyabrında Bakıda Dünya azərbaycanlılarının
I qurultayının keçirilməsi bu istiqamətdə
tarixi hadisə oldu, azərbaycançılıq məfkurəsi
soydaşlarımızın birlik və bərabərlik
ideyasına çevrildi. "Azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam" - ulu öndərin bu sözləri
bütün zamanlar və dövrlər üçün azərbaycanlı
olmağın ən uca ifadəsidir.
Heydər Əliyev böyük siyasətdə olduğu
bütün dövrlərdə şəksiz liderliyi, qətiyyəti
və uzaqgörənliyi ilə uğur qazanıb. Çünki
o, yaşadığı dövrlərin mürəkkəb
proseslərindən bacarıqla baş çıxaran, ən
çətin vəziyyətdə belə təmkinini itirməyən
və son nəticədə xalqının maraqlarını
praqmatik dəqiqliklə hesablaya bilən lider idi. Onun 1969-cu ildə respublika partiya təşkilatının
rəhbəri seçilməsi də, sözsüz ki, onun
liderlik keyfiyyətlərinə, təşkilatçılıq
bacarığına, şəxsi-intellektual imkanlarına
SSRİ rəhbərliyi tərəfindən verilən qiymət
idi. Lakin Heydər Əliyev bu etimadın
müqabilində, sadəcə, respublikada Moskvanın təlimat
və göstərişlərini həyata keçirən bir
rəhbər olmadı. Əksinə, o,
sovet idarəçiliyinin şablonlaşmış
texnologiyasını respublikanın rifahına,
inkişafına yönəltməyi bacaran lider kimi
özünü təsdiq etdi. İndi
aydın dərk edirik ki, Heydər Əliyev o dövrdəki fəaliyyəti
ilə həm də sovet dövlətinin iqtisadi
imkanlarını Azərbaycanın uzun illər sonrakı tərəqqisi
və nəticə etibarilə indiki müstəqil dövlətçiliyimiz
üçün maksimum dərəcədə sərf etməyi
bacarıb.
Heydər Əliyevin respublikaya birinci rəhbərliyi
dövründə əldə edilən iqtisadi nailiyyətlər,
təməli atılan nəhəng layihələr, həmin
layihələrin bugünkü Azərbaycan üçün
strateji önəmi barədə çox danışmaq olar. Bu gün
respublikamızın hər bir bölgəsində onun quruculuq
fəaliyyətinin izləri var. Ulu öndərin sovet Azərbaycanına
rəhbərliyi dövründə 15 minə yaxın gənc
SSRİ-nin qabaqcıl ali məktəblərində
təhsil almağa göndərilmişdi. Yüksək
ixtisasla respublikaya qayıdan gənclər ordusu Azərbaycanın
elmi-texniki inkişafına, intellektual potensialına
böyük töhfə idi. Bu gün
onların böyük hissəsi iqtisadiyyatın müxtəlif
sahələrində, elm və təhsildə, səhiyyədə,
dövlət idarəçiliyində uğurla
çalışırlar.
Heydər
Əliyevin hələ 70-ci illərdə Azərbaycanda milli hərbi
kadr hazırlığı üçün baza rolunu oynayacaq
məktəbin yaradılmasına nail olması onun ən
mühüm tarixi xidmətlərindən biridir. Əlbəttə, indi bəziləri 1973-cü ildə
Bakıda hərbi məktəbin yaradılmasını
respublikada bir zavod, fabrik açılması qədər adi qərar
hesab edə bilərlər. Amma o vaxt buna
nail olmaq cəsarət və uzaqgörənlik tələb
edirdi. Həmin dövrdə SSRİ-də
mövcud olan praktikaya görə, hərbi məktəblər
əsasən Rusiya, Ukrayna və Belarusda fəaliyyət
göstərirdi. Müsəlman-türk
respublikalarında belə məktəbin
açılmasından isə söz belə getmirdi. Heydər
Əliyev 2003-cü ilin aprelində, C.Naxçıvanski adına hərbi məktəbin yubiley tədbirində
həmin dövrü belə xatırlamışdı: "O
vaxt düşünürdüm, yaxşı, biz Sovet
İttifaqının bərabərhüquqlu müttəfiq
respublikasıyıq. Biz nə üçün
ordudan təcrid olunuruq? Və nəticədə
bu məktəbi yarada bildik. Bu məktəbi
yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki,
30 ildən sonra mən yenə də bu məktəblə bir
yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və
mən özümü xoşbəxt hesab edirəm".
Azərbaycan müstəqilliyini bərpa edib milli ordu
quruculuğuna başlayanda bu məktəb hərbi kadr hazırlığının
mühüm baza tədris ocağına çevrildi. 30 il
öncə həmin məktəbin müdavimləri olanlar indi
Azərbaycan Silahlı Qüvvələrinin komandirləri,
generallarıdır. Bu, Heydər Əliyev
uzaqgörənliyinin, vətənpərvər liderin xalqı
qarşısında tarixi xidmətinin əyani təsdiqidir.
Heydər Əliyev uzaqgörən lider olmaqla
yanaşı, həm də realist siyasətçi idi. Onun siyasi
prinsiplərinə xülyaçılıq yad idi, o heç
vaxt xalqa fantastik və populist vədlər verməyib, əksinə,
ən mürəkkəb şəraitdə real vəziyyəti
və ən əsası, ondan çıxış
yollarını xalqa çatdırmağı bacarıb,
realist siyasəti, qətiyyətli addımları ilə
müstəqil dövlətimizi möhkəmlədib. 1994-cü ilin mayında Qarabağ müharibəsində
atəşkəs əldə olunanda bəziləri bunun əleyhinə
populist çıxışlar etmişdilər. Lakin Heydər Əliyev müharibədəki real vəziyyəti
də, atəşkəsin ölkənin gələcək
inkişafı üçün nə qədər önəmli
olduğunu da hər kəsdən yaxşı bilirdi. Azərbaycanın dövlət olaraq ayağa
qalxması, güclü ordunun mühüm şərti olan
iqtisadiyyatın dirçəlməsi, bu sahəyə xarici sərmayənin
cəlb edilməsi yalnız atəşkəs şəraitində
mümkün idi. Respublikamızın
sonrakı inkişaf yolu Heydər Əliyevin bu
addımının nə dərəcədə düzgün
olduğunu göstərdi.
Bu
uğurun əsası isə, heç şübhəsiz ki, Azərbaycanın
1994-cü il sentyabrında dünyanın neft nəhəngləri
ilə imzaladığı "Əsrin müqaviləsi"
ilə qoyulub. Həmin layihəni xəyal
adlandıran, onu əngəlləmək üçün dəridən-qabıqdan
çaxan nə qədər qüvvələr vardı?
Amma Heydər Əliyev ölkəmizin müstəqil
neft strategiyasını bütün təhdidlərə rəğmən
qətiyyətlə, addım-addım həyata keçirməyə
başladı. "Biz bu müqaviləni imzalamaqla Azərbaycanın
tam müstəqil dövlət olduğunu,
xalqımızın öz sərvətlərinə sahib
olduğunu dünyaya bir daha nümayiş etdirdik", - ulu
öndərin bu sözləri tarixin sınağından
uğurla çıxdı. Azərbaycanın əldə
etdiyi yüksək iqtisadi nəticələr, ölkəmizdə
həyata keçirilən çoxsaylı inkişaf layihələri,
Azərbaycanın dünya enerji səhnəsində layiqli yer
tutması - bütün bunlar Heydər Əliyevin memarı
olduğu neft strategiyasının real nəticələridir.
Siyasi mübarizədə müdriklik və qətiyyət,
həyatda praqmatizm, dövlət idarəçiliyində
ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını
təşkil edən bu faktorlar Vətənə və xalqa
xidmət naminə real siyasətlə məşğul olan hər
bir kəs üçün tarixi örnəkdir. Bu gün
iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev
siyasəti, onun banisi olduğu milli dövlətçilik
strategiyası onun layiqli davamçısı, Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra uzun illər davam etməsi Azərbaycan
dövlətinin tərəqqisi üçün ən
böyük təminatdır.
Hacı İBRAHİMOV
"DH-Hüquq Consulting"
Şirkətinin vitse-prezidenti, hüquq elmləri namizədi
525-ci qəzet.-
2013.- 12 dekabr.- S.2-3.