Vergi cinayətlərinə görə
cəzaların sərtləşdirilməsinə ehtiyac var"
Vergilər Nazirliyi vergi ödənişlərini
dövlət büdcəsinə vaxtında və tam ödəməyən
vergi ödəyicilərini mütəmadi olaraq məlumatlandırır,
onlara xəbərdarlıqlar göndərir. Buna baxmayaraq, bəzi
vergi ödəyiciləri külli miqdarda vergiləri dövlət
büdcəsindən yayındırmaqla ağır vergi cinayətlərinə
yol verirlər. Belə hallara qarşı mübarizə sahəsində
həyata keçirilən tədbirlər haqqında məlumat
almaq üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin
İbtidai Araşdırılması Departamentinin (VCİAD) rəisi,
3-cü dərəcəli dövlət ədliyyə
müşaviri Vidadi Məmmədova müraciət etdik.
- Vidadi
müəllim, artıq il başa
çatmaq üzrədir. Bu
il vergi
hüquqpozmaları ilə bağlı ümumi
mənzərə necə olub?
- Vergilər Nazirliyi sistemində çevik və operativ nəzarət mexanizminin yaradılması, tətbiq edilməsi və vergiləri ödəməkdən yayınma hallarının qarşısının alınması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərib. Departamentimiz vergi hüquqpozmalarına yol vermiş şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması, dövlətə vurulmuş ziyanın ödətdirilməsi sahəsində xeyli işlər görüb. Cari ilin on ayı ərzində 426 cinayət işi açılmışdır ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 79 iş çoxdur. Cinayət işləri üzrə araşdırmaların nəticələri ilə bağlı 94 təqsirləndirilən şəxs barəsində 93 iş məhkəməyə göndərilib. Həmçinin 216 işin icraatına xitam verilib ki, bunların da 136-sı üzrə maddi ziyanın tam ödənilməsinə görə Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsi ilə qərarlar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində axtarışda olan 25 nəfərin tutulub VCİAD-in İstintaq idarəsinə təqdim olunması təmin edilib.
- Vergi
ödəyiciləri tərəfindən əsasən
hansı fəaliyyət sahələri və tədiyyə
növləri üzrə vergi cinayətlərinə
yol verilir?
- Departamentdə bütün sahələr və tədiyyə növləri üzrə baş verən vergidən yayınma hallarının səbəbləri mütəmadi olaraq araşdırılır, təhlil edilir. Bu təhlillərin nəticələri onu göstərir ki, son vaxtlar icarə, istehsal, tikinti, tikinti materiallarının alqı-satqısı, ixtisaslaşdırılmış məhsulların (ərzaq, məişət və digər) topdan və pərakəndə alqı-satqısı sahəsində daha çox qanun pozuntularına yol verilmişdir. İl ərzində departamentin icraatında icarə (16 iş), istehsal (27 iş), tikinti (113 iş), tikinti materiallarının alqı-satqısı (26 iş), ixtisaslaşdırılmış məhsulların (ərzaq, məişət və digər) topdan və pərakəndə alqı-satqısı (201 iş) sahələrində vergidən yayınma hallarına dair cinayət işləri olub.
Vergi tədiyyələri üzrə bölündükdə isə vergilərin yayındırılması halları, əsasən, ƏDV (74,03%), mənfəət vergisi (14,8%), sadələşmiş vergi (4,2%), gəlir vergisi (3,8%), ödəmə mənbəyində tutulan vergi (2,5%) üzrə müəyyən olunub.
- Belə görünür ki, vergidən
yayınmaq istəyən vergi ödəyiciləri
əsasən ƏDV fırıldaqçılığı
ilə məşğul olmağa
çalışırlar. Bu sahədə
hansı tədbirlər görülür?
- ƏDV fırıldaqçılığı, əsasən, ƏDV depozit hesabında olan vəsaitlərin hərəkətinə yönəldilərək, bir çox hallarda əmtəəsiz əməliyyatların aparılması ilə müşahidə olunur. Belə əməliyyatlar, bir qayda olaraq, iki və ya daha artıq şəxslərin birgə iştirakı ilə baş verir. Başqa sözlə, rəsmiyyətdən gizlədilən nağd qaydada aparılmış əməliyyatlardan ödənilməli olan vergilər iştirakçılar arasında müvafiq razılaşma ilə bölündükdən sonra gizlədilmiş dövriyyənin ört-basdır edilməsi üçün saxta sənədləşmələr tərtib edilir və ƏDV depozitində olan vəsaitlər dövlət büdcəsinə ödənilməyərək əsassız olaraq əvəzləşmə əməliyyatlarına yönəldilir. Bu tip yayınmalar, adətən, zahirən görünməsə də sənədli yoxlamalar və istintaq prosesində ifşa edilməklə günahkar şəxslərin əməllərinə hüquqi qiymət verilir.
Bu növ cinayətlərə qarşı mübarizə sahəsində VCİAD-ın zəngin təcrübəsi vardır. Əldə etdiyimiz göstəriciləri daim təhlil etməklə konkret addımlar atırıq. Bu ilin on ayı ərzində departamentin araşdırdığı 133 cinayət işi ƏDV fırıldaqçılığı ilə bağlı olub ki, bunlardan 98-i səyyar vergi yoxlaması, 35-i isə vergi borcu materialları əsasında başlanmış işlərdir. Həmin işlərdən 40-ı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
- Vergi
cinayətlərinin ibtidai
araşdırmaları zamanı həyata keçirilən tədbirlər
nəticəsində dövlət büdcəsinə vəsaitlərin
alınması necə təmin edilir?
- Vergi-hüquq münasibətlərinin nizama salınmasının son məqsədi vergilərin büdcəyə ödənilməsini təmin etməkdir. Cari ilin on ayı ərzində cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, dövlət büdcəsinə ödənilməsi təmin olunmuş vəsaitin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 3,2 dəfə artaraq 30 milyon 423,9 min manat təşkil edib ki, bunun da 23 milyon 726,3 min manatı istintaqı tamamlanmış cinayət işləri üzrə, 955,7 min manatı cinayət işinin başlanması rədd edilmiş materiallar üzrə, 5 milyon 741,9 min manatı isə istintaqı davam etdirilən cinayət işləri üzrə ödənişlərdir.
- Vergi
hüquqpozmaları üçün nəzərdə
tutulan cəzaların hüquqi
şərtləri barədə nə deyə bilərsiniz?
- Vergi qanunvericiliyinin pozulmasına görə mövcud olan məcburiyyət tədbirlərini iki kateqoriyaya bölmək olar. Birincisi, vergi öhdəliklərinin yerinə yetirilməməsi və vergilərin vaxtında və tam şəkildə ödənilməməsi nəticəsində büdcəyə vurulan ziyanla bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan maliyyə sanksiyaları və inzibati cərimələrdir.
Məcburiyyət tədbirlərinin ikinci kateqoriyasına isə xeyli və külli miqdarda vergiləri ödəməkdən yayındırmağa görə nəzərdə tutulan cəza tədbirləri aiddir ki, bunlar da Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. 2000-ci ildə qəbul olunmuş Cinayət Məcəlləsində vergiləri ödəməkdən yayınma əməlləri ilə bağlı yalnız üç maddə - "Qanunsuz sahibkarlıq" (192-ci maddə), "Yalançı sahibkarlıq" (193-cü maddə) və "Vergi ödəməkdən yayınma" (213-cü maddə) nəzərdə tutulduğu halda, 20 iyun 2003-cü ildə yeni bir maddə - "Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə" (213-1-ci maddə) və 31 may 2007-ci ildə "Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma" (205-1-ci maddə) maddələri qəbul olunmuşdur. Cinayət Məcəlləsi ilə (maddə 213) xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətinə görə yüksək cəza həddi 3 il müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədildikdə yüksək cəza həddi kimi 7 il müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Məcəllənin tələblərinə görə, vergiləri ödəməkdən yayınma cinayətini ilk dəfə törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Müqayisə üçün qeyd etmək olar ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsində külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətinə görə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətinə görə yüksək cəza həddi kimi 6 il azadlıqdan məhrumetmə nəzərdə tutulur. Hər iki maddənin "qeyd" hissələrini müqayisə etsək, görərik ki, bizim ölkədə cinayət əməlini ilk dəfə törətmiş şəxs yalnız ödəməkdən yayındırdığı məbləği (Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş cərimə sanksiyaları və faizlər istisna olmaqla) ödədiyi halda cinayət məsuliyyətindən azad olunur. Rusiyada isə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün ödəməkdən yayındırdığı məbləğin tam şəkildə, yəni Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş cərimə sanksiyaları və faizlər daxil olmaqla ödənilməsi tələb olunur.
Təcrübə göstərir ki, istintaqı aparılan cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmaq üçün şəxs yalnız yayındırılmış vergi məbləğini dövlət büdcəsinə ödəməklə cinayət təqibindən azad olur. Bununla belə, ödənilməkdən yayındırılmış vergilərdən əlavə, cinayət işləri üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq hesablanmış cərimə sanksiyaları və faizlərin ödətdirilməsi mülki qanunvericiliklə müəyyənləşdirildiyindən, vergi ödəyiciləri tərəfindən belə ödəmələr qəsdən uzadılır və əksər hallarda ödənilməmiş qalır.
Mənə elə gəlir ki, bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi və
ümumiyyətlə, vergiləri ödəməkdən
yayınma əməlləri ilə bağlı cinayətlərə
görə cəzaların daha da sərtləşdirilməsi məsələsinə
baxmağa ehtiyac var.
525-ci qəzet. - 2013.- 12
dekabr.- S. 6.