Kitabı bazara döndərmək
olmaz
Müstəqillik illərində sovet ideologiyasına məxsus stereotiplərdən, ülgü
və ölçülərdən,
dar çərçivələrdən
xilas olan Azərbaycan ədəbiyyatı
yeni nəfəslə
müstəqil inkişaf
mərhələsinə qədəm
qoyub. Bədii sözün azad tribunasına çevrilən
ədəbiyyatımızın qarşısında, sözün
əsl mənasında, böyük
yaradıcılıq imkanları
açılıb. Ölkəda senzuranın ləğv olunması ilə əlaqədar bu imkanlar daha da
genişlənib. Bu səbəbdən də müasir ədəbi prosesdə böyük canlanma, yaradıcılıq
fəallığı, bədii
əsər bolluğu
müşahidə olunur.
Şübhəsiz, belə bir
şəraitdə çap
olunmağa tələbat
və ehtiyac da çoxalıb. Bu zəruri ehtiyacla
əlaqədar respublikada
nəşriyyat və
poliqrafiya sahəsinin sürətli inkişafı
üçün də
real zəmin yaranıb.
Tədbirəlayiq haldır ki, ölkənin mövcud dövlət nəşriyyatları
ilə yanaşı, paytaxt və iri şəhərlərdə,
eləcə də əyalətlərdə fəaliyyətə
başlayan yeni özəl nəşriyyat
və çap müəssisələri tərəfindən
son vaxtlar bədii kitab nəşri istiqamətində ciddi uğurlara imza atılıb. Ümumən ədəbiyyatımızın
inkişafı naminə
atılan bu addımlar mühüm ictimai-siyasi əhəmiyyət
kəsb edib. Bir çox uğurlu kitab nəşrləri, həqiqətən, oxucular
tərəfindən böyük
maraq və rəğbət hissi ilə qarşılanıb.
Lakin sözügedən nəşriyyat
və çap müəssisələrində ədəbi normalara cavab verməyən, aşağı səviyyəli,
sönük əsərlərin
yer aldığı kitabların nəşr edilməsi isə ciddi narahatlıq və təəssüf hissi doğurur.
Təəccüblüsü budur ki, həmin
kitabların böyük
bir qismi kifayət qədər nüfuzlu nəşriyyatlar
tərəfindən çap
olunur. Acınacaqlı haldır ki,
belə kitabların sayı gündən-günə
artır, kütləvi
xarakter alır. Özlərini yazar adlandıran müəyyən şəxslər
heç nədən çəkinmədən nəşriyyatlara
üz tutur və asanlıqla istəklərini gerçəkləşdirməyə
nail ola bilirlər. Naşirlər də öz
növbələrində onları
həvəslə çap
edirlər. Bir cəhət
də maraqlıdır
ki, sözügedən
qələm sahibləri
bir kitabla kifayətlənmir, onun sayını artırmağa
cəhd edirlər.
Belələrini kitabın sanbalı,
dəyəri deyil, yalnız miqdarı, cildlərinin qalınlığı
düşündürür. Əksər halda nəfis, gözəl tərtibatla işıq üzü görən bu cür bahalı
kitabların içərisindən
nəsə tapıb oxumaq isə müşkülə çevrilir...
Bu zaman maliyyə
imkanlarını bəhanə
gətirərək özlərini
sığorta etməyə
çalışan nəşriyyatlar
əslində zəif
əsərlərin çap
olunmasına, bir növ, haqq qazandırmış olurlar. Müəssisənin fəaliyyəti üçün
maliyyə vəsaitinin
vacibliyi başadüşüləndir.
Lakin oxucularının zövqünün,
ovqatının korlanması,
həqiqi söz-sənət
sahiblərinin, ən azından, heysiyyatına toxunulması hesabına maliyyə imkanları əldə etməyə heç kimə ixtiyar verilmir.
Əlbəttə, kitab çap etdirmək hər bir yazarın təbii istəyidir. Biz bu istəyə qarşı çıxmaq niyyətində
deyilik və bu mənada hər kəsin fikrinə,məqsədinə
hörmətlə yanaşırıq.
Ancaq ucuz şöhrət üçün
zəif əsərlərini
oxuculara sırımaq
istəyənlər birdəfəlik
başa düşməlidirlər
ki, bədii dəyəri aşağı
olan kitablar öz müəlliflərinə
də, onları çap edən nəşriyyatlara da
başucalığı gətirmir. Qeyd etmək lazımdır
ki, hər bir dövrdə zəif yazarlara da rast gəlinir,
zəif əsərlər
qələmə alınır.
Əslində, bu cür
"əsərlərin" müəllifləri müəyyən
ədəbi mühitin
formalaşmasında istər-istəməz
iştirak edirlər.
Lakin çox keçmədən,
ədəbi ictimaiyyət
tərəfindən qəbul
edilmədikləri üçün
belələri yaradıcılıqla
vidalaşmalı olurlar.
Ötən yüzilliyin 30-cu illərində
qüdrətli söz
ustası Mikayıl Müşfiq məhz belə "qələm sahiblərini" nəzərdə
tutaraq yazırdı:
Şairə ilhamdan maya gərəkdir,
Anasız uşağa dayə gərəkdir.
Şairəm söyləyir yerindən
duran,
Adamın üzündə haya gərəkdir.
Gəlin, etiraf edək ki, Mikayıl Müşfiqin dövründə heç kim cəsarət edib yazdığı zəif əsərlərdən ibarət kitab çap etdirmək fikrinə düşməyib. Çünki həm ədəbi tənqid, həm ustad sənətkarlar, həm də fəal oxucular tərəfindən buna qətiyyən imkan verilməyib, dərhal qarşısı alınıb. Bizim zəmanəmizdə isə yazdıqları yalnız özlərinə xoş gələn "yazarlara"kitab çap etdirmək üçün daim yaşıl işıq yandırılır. Bu azmış kimi, üstəlik onların kitablarının təqdimat mərasimləri də təşkil olunur , barələrində xoş sözlər söylənilir, tərif dolu yazılar dərc olunur. Yeri gəlmişkən qeyd etmək vacibdir ki, bədii yaradıcılıqda ədəbi oğurluq, plagiatlıq faktları da baş alıb gedir. Ancaq bununla əlaqədar kiməsə gözün üstə qaşın var, deyən tapılmır. Zənnimizcə, ədəbiyyatımızın belə xoşagəlməz hallarla üzləşməsinin başlıca səbəbini senzura ləğv edildikdən sonra bədii yaradıcılıq sahəsinə, kitab nəşrinə lazımi təsir mexanizminin olmamasında, tənqidi fikrin çağdaş ədəbi proseslə ayaqlaşa bilməməsində, kəskin mövqe sərgiləməməsində axtarmaq lazımdır. Açığını deyək ki, bu gün ədəbi tənqidimizdə ötən əsrin çox da uzaq olmayan 70-80-cı illərində rast gəlinən qətiyyət, cəsarət çatışmır. Odur ki, çağdaş ədəbiyyatımız üçün öz sözünü deməyi, cəmiyyətdə fikir yaratmağı bacaran səriştəli, peşəkar tənqidçilərə böyük ehtiyac var.
Eyni zamanda bədii əsərlərin dərc olunmasına, xüsusilə kitab nəşrinə nəzarət və tələbkarlığın artırılması da diqqət mərkəzində saxlanılmalıdır. Nəşriyyatlarda, Azərbaycan Yazıçılar Birliyinin nəzdində elə bir qurum fəaliyyət göstərməlidir ki, bu sahədə müəyyən qayda yarada bilsin. Bu məqsədlə MDB respublikalarının, qardaş Türkiyənin və eləcə də Avropa ölkələrinin təcrübəsindən yararlanmaq faydalı olar.
Yəhya
Paşazadə
525-ci qəzet.-
2013.- 13 dekabr.- S.8.