Düşmənlər içində dost
gəzmək dərdi...
Bir hikmət sahibinə görə, çevrəmizdə
nə varsa, tayı-bərabəri olmayan qüdrətindən
sıxılan Tanrının özü-özünü əyləndirmək
üçün icad etdiyi bir oyundur. Həyat nemətlərinin dəyişikliyi içində
bizə yaradıcı işarətdən qalan ən böyük miras bu can
sıxıntısından başqa bir şey deyil. Dostum Azər
Abdullanın Vidadi Paşayev haqqında"525-ci qəzet"də
yer alan yazısı (Yazıda Vidadinin fitri
istedadından, hızılı yüksəlişindən,
zamansız çöküşündən bəhs olunurdu. Amma bu amansız çöküşün səbəblərinə
toxunulmamışdı!) külü
köz üstən süpürüb atan rüzgar misalı
yaddaşımın harasındansa ilişib qalan xatirələrimi
körüklədi. Xatirələrə də nə var,
gözünün yaşı ovcundadır, üzlü adam kimi növbə tanımır, keyfi istəyəndə
yaddaşımızın harasındansa, sirrinə
varılmayacaq yerlərindən çıxıb gəlir...
Sizi bilmirəm, mən, dünyanın atişləməz
oyunlarına baxanda bu irəliləmiş yaşıma
baxmayaraq bəzən yerimdəcə donub qalıram. Bu nə ədalətsiz
işdir, biriləri haqqı ola-ola yollar ayrıcında yorulub
qalır, zamansız ölümə tuş gəlir, başqa
biriləri isə üzü qızara-qızara ömrün
yetmişinə, səksəninə nərdivan atır. Bəlkə
bu zamansız ölən adamların missiyası həyatın hansısa
dönüm nöqtələrində, ya da "qıl
körpülərində" kiminsə qolundan tutub, yol
göstərib kömək etmək, sonra da gəldiyi kimi getməkmiş.
Buna təsadüfmü, fələyin insan taleləri
üzərində zarafatımı, kabus əllərinin
gicişməsimi, nəsimi, nəsimi deyək?! Nədən eyni yerə səpilən toxumun biri bitib
böyüyüb sünbül bağlamalı, bir
başqası isə heç işıq üzü görmədən
torpaqda çürüməlidir?
Ədəbiyyata yeni gəldiyimiz
çağlarda hələ biz, yazılmamış şeirlərin
şairləri idik. İçimizdə başa
varmayan arzu və xəyalların ağrıları vardı.Və
o mübarək ağrılar olmasaydı, yəqin ki, sonralar
biz, biz olmazdıq. Bir hal əhlinin dediyi kimi insan taleyinin
böyük yanlarından biri də bu gün atdığı
addımın sabah onu haraya götürəcəyini
bilməməsidir. Bugünkü ədəbi nəsillərin
tanımadığı Vidadi Paşayev də irəlidə
başına nələrin gələcəyini bilmirdi! Bilə də bilməzdi.
Allah ona hər şeyi vermişdi. Uca boy-buxun,
sarıyaçalan, özünəməxsus sir-sifət,
saç-saqqal. Üzünə səpələnən
və hardasa gözə girən iri qara xalları var olan
portretinin önəmli nöqtələriydi. Çağının ən zövqlü geyinənlərdən
biri də o idi. Hətta köhnəlmiş
paltar da onun təndürüst vücuduna saralmış yarpaq
payız budağına yaraşan kimi yaraşırdı.
Mən onu nədənsə günəşli
günlərdə daha tez-tez xatırlayıram. Mənimçün dünyanın bir
işıqlı Vidadi anı var. Sanki sığallanmaq istədiyini
hiss edib daraqgirməz gur qumral saçlarını qoşa əlləriylə
tez-tez arxaya darımağı vardı. Və bu duruşundan
içində bir əmin-arxayınlıq duyan insanın ərkyanalığı
ilə günəşdən qıyılan türkmən
gözlərini müsahibinin gözünə zilləyən və
beləcə bir anlıq vaxta, zamana hakim kəsilən Vidadi
anı! İstəsən
də Vidadini başqa cür təsəvvür eləyə
bilməzsən, çünki onun belə bir anını
görməmisən, görə bilməmisən. Bu dünyada qəm-kədərsiz insan tapmaq çətindir.
Amma yerüstü dərdlərini, məişət
qayğılarını əbədiyyət yolunda siqaret
kötüyü kimi ayaqlarının altına alıb əzməyi
bacaran insanlar da az deyil. Dost
satqınlıqlarından öncəki həyatında Vidadi
Paşayev bax, belə insanlardan biri idi. Ağzını
hər hansı bir mövzuya açdımı, daxili dünyasının nə
qədər zəngin olduğuna şübhə yeri
buraxmazdı. Bütün bunlara bir də soylu bəy
nəslindən gələn ağayanalığını və
ötkəmliyini də əlavə etsək, portretini qismən
də olsa tamamlamış olarıq. Yaxşı
mənada çəkim mərkəzi idi. Ədəbi
çevrələrdə hər kəs ona can atır, onun dodağından
hardasa təsdiqedici bir söz eşitmək istəyirdi. Ona can
atanlar, həm də ondan qaçırdılar. Bu
da səbəbsiz deyildi. Yanında olmaq
hardasa, ona qədər eşidib duymadığın yeni nəsə
öyrənmək deməkdi?! Bu bilgi
alış-verişlərinin birtərəfli oluşmu istər-istəməz
tərəf-müqabilində, öz gözündən
düşmüşlük kompleksi yaradır, bu da ondan
qaçışlara səbəb olurdu...Amma onun belə bir dərdi
yoxdu. Çünki o, hansı çevrədə
olmasından asılı olmayaraq hardasa, ətrafındakılardan
bir baş (bu, sadəcə boy anlamında deyil!) yuxarıda
olduğunu okean böyüklüyünü bilən kimi
bilirdi. Təmsil etdiyi ədəbi nəslə
çıraq misyon ilə daxil olmamışdı və
mühitinin qaribanı yox, ev sahibi idi. (Okeanda kilkə balıqlarını işıq sahəsi
yaradıb tuturlar. Ədəbi çevrələrdə
də durum fərqli deyil, bir tənqidçininmi, ya da
nüfuzlu sənət adamınınmı yaratdığı
imzalar siyahısı çox zaman sonrakı nəsillər tərəfindən
ağına-bozuna baxılmadan təkrarlanır və beləcə
ədəbi şablon "yaradılır".
"Adını çıxart, dəyirmanda dur" "sənətkarları"
onda da çoxudu, heç indi də az deyil; tərəfkeş "tənqidçi"
dəstəyi ilə
şişirdilmiş ad olsa da, ortada əsər yoxdur. Amma amansız zamanın da enində-sonunda öz
şablonu var, əsas onun siyahısına düşməkdir!)
Radioda, kinoda, "Qobustan" jurnalında "Gənclik"
nəşriyyatında, bir sözlə əmək fəaliyyətinin
yüksəlişə keçdiyi coşğun və bəxtiyar
illərində o, təmsil etdiyi nəslin hardasa bir nömrəsi
idi. Hələ
şairliyi! Heca və
sərbəst vəznlərdə yazdığı şeirlər
dönəmin yenilikçi atmosferinə ayrıca bir nəfəs
gətirirdi. (Ölümündən sonra "Ədəbiyyat"
qəzetində haqqında kiçik bir məqalə yazıb
şeirlərini təqdim etdiyim zaman çoxları
çaşıb qalmışdı, yəni doğrudanmı
bu şeirlər onun - Vidadi Paşayevindir.) Bunları
yaza-yaza düşünürəm ki, kaş, "tayı-bərabəri
olmayan qüdrətindən sıxılan Tanrı" bir adama
hər şeyi bir bu qədər - yetərindən artıq
verməyəydi. Belə adamlara təkcə
yerüstü sürüngənlər deyil, çoxları
qibtə edir, bəlkə buna görə Tanrı belə
adamların dərdli-ahlı dünyada çox qalıb pislik
bataqlığına batmasına imkan vermir, necə var eləcə,
çəkib tər-təmiz öz dərgahına yüksəldir.
Harda tanış olmuşduq Vidadi Paşayevlə,
ilk dəfə harda qarşı-qarşıya gəlmişdik?
Bəlkə də ilk gəncliyimizdə Tovuzun
tozlu küçələrinin birində, bilmirəm. Əsli-nəcabəti Tovuzda (Azər dostum onu gəncəli
kimi təqdim edir. Əslində olan
dırnağında bildirər, o Tovuzun sonradan müflisləşmiş
əsli-kökü soylu ailələrindən birinin təmsilçisi
idi. Atasının tez-tez işdəyişimləri
uşaqlıqdan onu gah Gəncəyə, gah Lənkarana
atmışdı. Bəlkə bu yerdəyişimləri
məqsədli tale seçimiydi?! Azərbaycanın müxtəlif bölgələrinə
atıldığından ləhcəsində haralı
olduğu sezilməyən nadir tay-tuşlarımızdan biri və
yəqin ki birincisi idi. Bu yerdəyişmələr
də onun fitri istedadının üstünə yeni keyfiyyətlər
qazandırıb vaxtından əvvəl
dolğunlaşmasına səbəb olacaqdı. Belə
olmasaydı, onu cəmi 26 yaşında ədəbiyyat sahəsində, o zamanların əcaib
deyimiylə, "namenkulatur" vəzifələrdən biri
olan "Gənclik" nəşriyyatına baş redaktor
qoymazdılar. Onun ildırımsürətli yüksəlişi çoxlarının yuxusunu
qaçırmış, tədirgin etmişdi. İndi 20-25
yaşlarında çox şey əldə edən, sayt
yönləndirən, ya da qəzet, jurnal redaktoru olan,"babam
mənə kor deyib, gəlib-gedənə vur deyib" fəlsəfəsiylə
yaşayan özgürlük çağının
yaradıcı gəncliyi Sovet dönəminin ən sərt
zamanlarında 26 yaşında böyük bir nəşriyyatın
baş redaktoru vəzifəsinə gətirilməyin nə demək
olduğunu gərəyincə dəyərləndirə bilməz.
Həm də elə bir dönəmdə ki, ədəbi
mühitdə adlar sıxlığı yaranmışdı.
Ədəbiyyatın daşıyıcı
gücü artıq kənddən gələnlərdən
şəhərli - atalı, arxalı oğullara keçirdi.
Bu adlar, imkanlar sıxlığında özünə yer
tutmaq indi düşünülən qədər də asan deyildi. O, belə zor
mühitdə qeyri-adi bacarığı ilə özünə
yol aça bilənlərdən idi...
Tale deyilən gözəgörünməzin önəmli
yönlərindən biri də bu gün atılan
addımın yarın bizi haraya götürəcəyini bilməməyimizdir. 26 altı yaşında
"Gənclik"
kimi bir nəşriyyata baş redaktor qoyulması
sürəcinin onu hansı bəlalara aparacağı Vidadi
Paşayevin ağlına belə gəlməzdi. Və bir
şeirdə deyildiyi kimi: "Baki kalan bu kubbədə bir
hoş səda imiş". O hələ imkanlarının
fövqündə idi və bacardığı qədər həqiqi
ədəbiyyata xidmət edir, sevdiyi şair və
yazıçıların əsərlərini həm məzmun,
həm də tərtibat baxımından dünya
standartlarına yaxınlaşacaq bir səviyyədə
çap etmək istəyir, bu istəyini gerçəkləşməyi
bacarırdı da..
Onun təşəbbüsü ilə gənc Azərbaycan
şairlərinin rus dilində almanaxı
hazırlanırdı. Zəng edib məndən
də şeirlərimi istəmişdilər... Yayda
kəndə istirahətə getməmişdən əvvəl
seçdiyim bir silsilə şeiri götürüb "Gənclik"
nəşriyyatına getmiş və Vidadiyə təqdim
etmişdim. İstirahətdən
qayıtdıqdan sonra ondan şeirlərimin taleyini
soruşanda, bir-bir hansı gənc şairin şeirlərini tərcümə
üçün kimə verdiyini söyləmişdi. "Bəs mənim şeirlərimi
kimə verdin, - deyə soruşduğumda: - "Hələ
verməmişəm, Varvara Konstantinova Bakıda yoxdur, gələndə
ona təqdim
olunacaq", - cavabını vermişdi. "Mənə elə zəif şairin tərcüməsi
lazım deyil", - deyib stolunun üstündən şeirlərimi
götürməyimlə qapıdan çıxmağım
bir olmuşdu.
Aradan 2-3 ay keçdikdən sonra o dövrün
Leninqradından bir məktub və tərcümə edilmiş
şeirlərimi alacaqdım. Məktubu adını
o zamanacan heç duymadığım Aleksandr Kuşner
göndərmişdi. Ona təqdim olunan
şeirlərimi tərcümə etdiyini və gərək
olsa, yenə tərcümə edə biləcəyini
yazmışdı. Bu məktubdan heç
nə başa düşməyəcəkdim. Hər
şərdə bir xeyir varmış!
Aradan az keçməmiş Vidadi mənə zəng
edəcəkdi. Sən demə, şeirlərimi götürüb
getdikdən sonra Moskvadan Bakıya gələn Alla Axundova Vidadi
ilə
görüşəndə Vidadi olanları Alla
xanıma danışıbmış. Alla
xanım da Bakıdan birbaşa Leninqrada
uçacağını və orada çox önəmli bir
şair-tərcüməçi - Saşa Kuşnerlə
görüşəcəyini, tərcümə
üçün mənim şeirlərini ona verə biləcəyini
deyibmiş. (Alla xanımın dediyi kimi də
olmuşdu.) Vidadi
bunları söylədikdən sonra boynuma minnət
də qoydu: "Bax, gördün səni hamıdan daha
istedadlı bir şair tərcümə etdi".
Bu
söhbətimizdən az əvvəl "Pravda" qəzetinin
düz bir səhifəsində iki şair ciddi tənqid
olunmuşdu. Onlardan bir də mənim yeni tərcüməçim,
Vidadinin öydüyü Aleksandr Kuşner idi. Və ona
görə də Vidadiyə etiraz etdim: "Yaman da tərcüməçi
tapmısan, get, oxu gör "Pravda"da sənin təriflədiyin şair
haqqında nələr yazıblar". O da: "Kuşnerin
şair kimi böyüklüyü "Pravda" da tənqid
olunmasındadır, - dedi. - Elə bilirsən hər şairi "Pravda"da
tənqid edirlər?" Almanax
yayınlanar-yayınlanmaz Bakıdakı bütün rusdilli qəzetlər
kitab haqqında resenziyalar çap edəcək və o resenziyalarda
da ən çox təriflənən A.Kuşnerin tərcümələri
olacaqdı. (Əlbəttə, bu təriflərin
arxasında keyfiyyətlə yanaşı, yəhudi tərəfkeşliyi
də vardı!) Sonralar Moskvaya oxumağa gedəndə
Kuşnerin tərcümələri mənim "sənət
pasportu"m olacaq və o "sənət pasportu"
üzümə ən populyar Moskva dərgilərinin
qapısını taybatay açacaqdı, çünki
Kuşner o dönəmin ən istedadlı şairlərindən
biri idi və hər şairi tərcümə edən deyildi. Vidadinin mənə dəstəyi bununla bitməyəcəkdi.
Amma bu barədə bir az sonra...
Vidadi
Paşayev haqqında yazdığım bu məqalədə bəlkə
də indi
oxuyacağınız faktı
ortaya atmağım doğru deyil, amma həm tarixi şaihdlik
baxımından, həm də bu faktın
xatırlanmasının birbaşa V.Paşayevlə
bağlı olduğundan yazmaya bilmədim. Bəri başdan
deyim ki, Vidadi hər yönü ilə, istər
dünyagörüşünə, ədəbi
düşüncə tərzinə, istərsə də
yazdığı şeir və məqalələri
ilə yaşını qabaqlamış biriydi. Söhbətlərimizdə
dördlüklərlə yazılan, ilk baxışda
aldadıcı ahənginə görə duyğusal səslənən
əlinə keçən hər hansı şeiri oxuyub, təhlil edib məzələnməyi
vardı. "İnanmırsan, al, özün bax, - deyirdi, -
dördlükdəki ilk iki sətir sonrakı iki sətir
üçün hazırlıq vəzifəsini
gördüyündən arı pətəyinin boş
üsküklərinə bənzəyir..." Mənə Azərbaycan
poeziyasındakı üslub yeknəsəkliyinə, təsirlənmələrə,
plagiatlığa qarşı təhlili bir məqalə
yazacağını da söyləmişdi. İdeya
da Tofiq Abdinin o zamanlar üçün hər kəsin bacara
bilməyəcəyi ədəbi
"partizanlığı"ndan qaynaqlanırdı.
Danışırdı ki, B.Vahabzadə ilə hansısa
görüşün sonunda (Gərək ki, o zamankı Azərbaycan
Neft və Kimya İnsitutunda) Tofiq Abdin, Nəsimi, Füzuli,
Vaqif, Ələsgər, Məhəmməd Hadi, nəhayət
gənc şairlərdən mənim şeirimlə paralel
B.Vahabzadənin yazılarındakı bənzər motivləri
bir-bir qarşılaşdırıb B.Vahabzadədən bunun səbəbini
soruşubmuş: -Bunlar təsirlənmədir, yoxsa
plagiatlıq?!
B.Vahabzadə
söz altda qalmamış, hərəsinə bir cavab
vermiş, mənə gələndə isə (Söhbət mənim
"Ana haqqında düşüncələr" şeirimdən
gedirmiş.): "Ay oğul, Məmməd İsmayılovun (Hələ
İsmayıla çox vardı!) sabah
şair olub-olmayacağını kim bilir, niyə elə
yaxşı misralar hansısa qəzet küncündə
itib-batsın", - cavabını veribmiş.
Azərbaycan
ədəbi aləmində hamının bildiyi bu faktı bəlkə
burada açmağın anlamı olmazdı, əgər
B.Vahabzadə içində Tofiq Abdinin də
vurğuladığı misralar olan "Ana haqqında
düşüncələr" şeirini, sonralar şair
olduğuna şübhə etmədiyi şairin (B.Vahabzadənin
"Gənclik" nəşriyyatının 1981-ci ildə
çap etdiyi "Hələ yaşamağa dəyər bir
az da" kitabıma yazdığı ön sözü
oxusanız, bu etirafı öyrənəcəksiniz!)
misraları olduğunu bilə-bilə,
"imkanlarını" səfərbər edib Türkiyə
radio və televiziyalarında ünlü artislərə
oxutdurmasa və Türkiyədə şair, şeir
ortamında məlum misralar olan şeirimi oxuyanda mənə:
"Bəxtiyar Vahabzadənin misralarıdırmı?" - sualı verilməsəydi. Həm də qəribəsi
odur ki, B.Vahabzadənin 10-15 bənddən ibarət
"Ana" şeirini türklərə oxutduran və yadda
qalan cəmi 2 misradır, yəni mənim olan misralar! 1962-ci
ildə yazılan bu misralar elə
həmin il də "Azərbaycan gəncləri" qəzetində
"Ana haqqında düşüncələr" şeirimdə,
sonra isə "Ana əlləri" adlı ilk kitabımda
çap olunmuşdu. (Maraqlananlar üçün deyim ki,
B.Vahabzadə isə eyni misraların yer aldığı
şeiri nə az-nə çox, 6 il sonra
"yazmışdı". İnanmaq istəməyən
olsa, hər ikimizin kitablarımıza baxıb şeirlərin
dəqiq yazılış tarixini öyrənə bilər!)
Məndə "Sən məni dünyaya gətirdin,
ana, Sənisə dünyadan aparıram mən" misraları
B.Vahabzadədə "Sən məni dünyaya gətirdin,
ana, Mənsə (?) yola saldım
dünyadan səni" şəklində təkrarlanır.
Yeri gəlmişkən, sonralar "Səndən xəbərsiz", "Yaman
darıxmışam səninçin, ana" və başqa
şeirlərimin başına da hardasa buna bənzər hadisələr gələcəkdi.
Youtube.com. saytına baxsanız, orada onlarla
"Mən səni sevmişəm səndən xəbərsiz"
misralı "şeirlər" görəcəksiniz.
Yuxarıda dediyim fikri bir də təkrar edim ki, bu faktı
yazmağım adıkeçən şairin ruhuna hörmətsizlik
yox, tarixi şahidlik üçündür!!!
Vidadi Paşayevin gözlənilməz yüksəlişi
ondan yaşlı və onun tutduğu yerdə gözü olan
ondan qat-qat yaşlı 2 "şairin" qibtə və qəzəbinə
səbəb olmuşdu. (Belələrinə necə şair demək olar,
varın, bunu
da siz düşünün!) Çeşidli yüksək məqamlara
durmadan anonim
məktublar göndərməyə, böhtan atmağa
başlanacaq və sonunda bu anonim məktublar öz işini
görəcək, Vidadini tutduğu vəzifədən
uzaqlaşdıracaqdılar. Burada Yuri Kuznetsovun heyrət
doğuran misraları necə də yerində səslənir:
...yavlenie
poeta
Ne znaet
svoix bereqov,
İdyot vo vse storonı sveta,
Trevoja
druzey i vraqov...
Vidadini qəliblərə
salmaq, əl quzusuna döndərmək mümkün deyildi, vəzifəyə
göndərənlərin diqtəsi ilə deyil, öz ağlının
hökmü ilə hərəkət edirdi. Və
yəqin ki, buna görə də sonra oyundan
çıxarılacaqdı. Onu bir zaman ucaldanlar da, bərk
ayaqda bəlkə bir də bu dediyim ötkəmliyinə
görə də arxasından qaçaçaq, çəkilməz
və çıxılmaz dərdləri ilə yapayalnız,
başa-başa qoyacaqdılar... Əslində
belə də olmalıydı. Başıma gəldiyindən
bilirəm, onun bu qarşısıalınmaz istedadı və
gözlənilməz yüksəlişi silk yasalarına
uyğun deyildi...
Nə sevər
sevdiklərin,
nə
nifrət etdiklərin..
İzini azdırmada
ardınca getdiklərin...
Qaragüruhla yalnız başına buraxılan Vidadi, təkbaşına
bu dərdin altında duruş gətirə bilməyəcək,
yarasını sağaltmaq üçün Moskvaya üz
tutacaqdı.
Bu dəfə təsadüfən
taleyin əlləri
yollarımızı Moskvada yenidən kəsişdirəcəkdi. Hardasa 1973-cü ilin sonlarına
doğru mən Ali Ədəbiyyat,
o isə Kinossenari kurslarına getmişdik... Amma bu təhsil
illərini ondan
ötrü, "dostlarının" Bakıdan Moskvaya uzanan əli, mənim
üşün isə kəndli sadəlövhlüyümün
gözlənilməz gedişləri, bəlkə də tale
deyilən gözəgörünməzin tərs
şapalağı zəhərə
döndərəcəkdi.
(Alla
Axundova ilə o zamankı evliliyinin səbəbini də
burada axtarmaq lazımdır. Onların Qızıl Meydanın beş addımlığında yerləşən
mehmanxanada tamadası olduğum 10-15 nəfərlik xudmani toy məclisi
hələ də ağlımdadır) Alla Axundovanın yardımıyla
Moskada ssenari kurslarına qəbul olunacaqdı. İşlərin
yoluna düşdüyü bir vaxtda onu bir zaman ucaldanlar bu dəfə
ondan qisas almağa başlayacaqdılar. Guya Vidadi
aradakı "müqaviləni" pozubmuş, guya Moskvada
ssenari kursunda oxumaq növbəsi onun yox, başqa
birisininmiş... Və beləcə onu ssenari
kursundan da qovduracaqdılar. Bir yarası
sağalmamış, ikinci yaranı alacaqdı. Bu nə amansız həyatdı belə? Bəzən fikirləşirəm ki, görəsən,
o adamlar heç olmasa, hərdən Vidadini xatırlayarkən
heç vicdan əzabı çəkirlərmi? Lap deyək
ki, Vidadi yanlışlıq eləyib özünü başqasının
qabağına vermişdi. O bunu kefindənmi eləmişdi?
Buna görə onu sonacan məhv etməyə, taleyi ilə oynamağa dəyərdimi?
Qardaşlarının kəsəcəyi kəndirdən
başqa quyudan çıxmağa bir imkanı qalmayan Məlikməmməd
misalı, Vidadinin o kurslardan başqa üz
tutacaq, sığınacaq yeri qalmamışdı axı?! Tabut qapağından qeyri bütün qapılar
üzünə qapalıydı. Mən də
gör necə sadəlövhcəsinə
düşünürəm?! Kimin yadına
düşər batan bulagın yeri? Yeni
geydiyi təzə paltara ləkə düşməsin deyə
üstündə əsən adamlar vicdanlarına düşən
ləkələrin fərqində belə deyillər.
Axı paltara düşən ləkə gözlə
görünəndir, vicdana düşən ləkəni isə
vicdan (varsa) sahibindən başqa kim görəcək, hiss edəcək?
Nə yazıq ki, məmləkətimiz daha
çox paltarına yox, vicdanına ləkə düşənlər
ölkəsinə çevrilir. İstedad
milli sərvətdir, - deyirlər. İstedadına
sahib çıxmayan məmləkətə özgə nə
ad vermək olarsa, buyurun, siz verin.
Moskvada yaşamaq zorunda buraxıldığı sərgərdan
illərdə onda özgürlüyün gətirdiyi ilham, cəsarət
yox, əsarətin verdiyi tərəddüd və əzilmişlik
vardı.
Başına gətirilənlərin nə qədər faciəvi
olduğunu qürbətə köçmək məcburiyyətində
qaldıqdan sonra anlayacaqdım. Xüsusilə vətənin
sağalmaz yaralarını qürbətin həsrət əliylə
sarımağa çalışdığım (vətəndən
ayrılmışlığın, daha doğrusu
qovulmuşluğun!) ilk illərində şeytani ruha köklədilmiş
adamlarıya vətənin vətənlikdən
çıxıb düşmən kəsildiyini hiss etmək
necə də çəkilməz və ağır dərd
idi. Yadımdadır, Türkiyə Yazarlar və Sənətkarlar
Vəqfinin yenicə təsis etdiyi "Türk dünyasına
xidmət ödülü"
Azərbaycandan ilk dəfə mənə veriləndə,
sevinmək yerinə, Türkiyəyə təqdir məktubları
yerinə, ikiayaqlı şeytanlar oraya etiraz zəngləri
edir, məktublar yazırdılar: Niyə bu mükafat Məmməd
İsmayıla verilib, nədən Məmməd İsmayıl?
...Ah,
Vidadi çıxılmazlığı!
Mənim
yaralarımı pismi- yaxşımı qürbət deyilən
zəhrimar zaman içində az da olsa
sarıyacaqdı, dost qürbəti idi çünki, amma
görüntü olaraq, o, qürbətdə deyildi ki. Guya
"böyük vətən"in paytaxtında idi, yəni
içinin qürbətində! Belədə
orası onunçün Bakıdan da pisdi.
Yenə də
Bakıya - hər kəsin üz döndərdiyi bir yerə
getməkdənsə, Moskvada birtəhər yaşayıb
baş girləməkdən başqa əlacı qalmayacaqdı. Məkanları,
şəhər və kəndləri bizlərə
insanları, dostları-tanışları, onların isti nəfəsidir
doğmalaşdıran. (Başıma gəldiyindən
bilirəm. Hardasa, 20 ildir ki, anamın məzarını
kəndə ziyarətə gedəndə Tovuzun mərkəzinə
uğramağı canım çəkmir, halbuki bu 20 ildən
öncə maşını Tovuzun mərkəzinə sürmədən
əvvəl əsla kəndə dönməzdim, orda yolumu yetim
gəncliyimin ilk nakam sevgi xatirəsi, bir də məni canı
kimi sevən insanlar gözləyərdi. Müqəddəs
insani münasibətlərə siyasət qarışandan, nə
yazıq ki, Tovuzun mərkəzində indi məni heç nə
özünə çəkmir.)
Vaxt tapdıqca telefonlaşıb görüşərdik. O zamanlar zəngləşmə cəhənnəm əzabı kimi çətin olsa da! Belə görüşlərdən bir-ikisini xatırlamaq yerinə düşərdi... Axşamları daha çox xarici turist və tələbələrin yığışdığı yer olan o zamanın Kalinin prospektindəki "Oktyabr" kafesində görüşmüşdük bir dəfə. Canlı musiqi nömrələri bir-birini əvəz edirdi. Birdən qulağımıza tanış, şümüyümüzə düşən musiqi sədaları dəydi. Bu, Ə.Tağıyevin M.Müşfiqin sözlərinə bəstələdiyi, o zamanlarda çox məşhur olan "Sənə qurban" mahnısından başqası deyildi. Amma rus mügənni mahnını erməni dilində oxuyurdu. O zamanlar ikimizin də "telli-toqqalı, vurub-tutan" (indi olmasın!) zamanımızdı. Bu hal qanımıza toxunmaya bilməzdi. Vidadi bizə xidmət edən ofisiantı çağırıb: - Get, o... müğənniyə söylə ki, mahnını doğru-dürüst oxusun, yoxsa... -dedi. Ofisiant əvvəlcə Vidadinin, sonra da çevrilib mənim boy-buxunuma baxdı, görünür qırımımızdan ağlı bir şey kəsmədiyindən cavab qaytarmayıb, müğənninin yanına qaçdı. Çox keçmədi ki, siqaret tüstüsünün boğuq havası içində yenə eyni mahnının tanış melodiyası səslənməyə başladı, güman etdik ki, bu dəfə mahnı bizim istədiyimiz kimi oxunacaq, yox, zənnimiz bizi yanıltmışdı. Mahnı bu dəfə də rusca səsləndirilirdi. Musiqi bitər-bitməz, Vidadi musiqiçilərə tərəf götürüldü, mən də arxasınca. Ayaqüstü mübahisəmiz sonunda bəhrəsini verəcəkdi. Öncə mahnının sözlərini bilmədiyini söyləyən rus müğənni işin qovğaya çevriləcəyindənmi, ya nədənsə çəkinib, eyni mahnını üçüncü dəfə oxumalı oldu. Amma bu dəfə bizim istədiyimiz kimi! Ortalıqdakı rəqs meydanına çıxdıq və kafedeki adamların çaşqın baxışları arasında süzməyə başladıq. Çox keçmədən sıramız çoxalmağa başlayacaqdı.. Mahnı bitib masalarımıza qayıtdıqdan sonra rəqs edənlər bir-bir bizə yaxınlaşıb kimliyimizi soruşub tanış olmaq istədilər. Məlum oldu ki, bu adamlardan ikisi bolqar türkü, dördü isə İstanbuldan Moskvadakı Türkiyə səfirliyinin binasını təmirə gələn işçilərdi. Onlar mənim, elə Vidadinin də gördüyümüz ilk canlı türklərdi. Aralarında Haydar adlı dilli-dilavər biri vardı ki, oturana-durana yer vermirdi: - Abi, - deyirdi, - bu nasıl oluyo, peki bize İstanbulda diyolardı, Sovyetler birliğinde olan türklərin hiçbir hakları yok, onları Moskovaya yakın bırakmıyorlar. Ama siz şurda ortalığı bir-birine kattınız".
Səfirliyin təmiri qurtarana qədər, qorxa-qorxa da olsa, Haydar və işçi yoldaşları ilə aradabir görüşəcəkdik.
...Ali Ədəbiyyat kurslarında oxuyanlar bilirlər, orada şeir, nəsr, tənqid, dramaturgiya seminarları var. Mən poeziya seminarında idim. Seminar rəhbəri Aleksandr Mejirovdu. Gərək Mejirov, gərəksə də estetika müəllimimiz Qennadi İvanoviç Kunitsını heç zaman unutmadım və ömrümün sonuna qədər də unutmayacağam. Bu adamların dərslərinə qatılmasaydım, heç şübhəsiz, mən indiki mən olmazdı. Çoxdan haqqın rəhmətinə qovuşan bu adamlar ensiklopedik biliyə sahib, əsl müəllim örnəyi idilər.
Onaltı seminar iştirakçısı arasında Mejirov Kazax şeirinin klassiki Mukakali Makatayevin və mənim şeirlərimi bəyənir, təqdir edirdi. Onun bəyənisini qazanmaq Moskva ədəbi mühitini zəbt etməyə bərabər bir işdi. Çünki nəşriyyatlarda, jurnal, qəzet redaksiyalarında Mejirovun fikriylə razılaşırdılar və o da hara çatdı, bizdən danışırdı. Mukakali nə yazıq ki, içki düşgünü idi və altı aydan sonra kursdan qovulacaq, Qazaxıstana dönmək zorunda qalacaq, sonra da dünyasını erkən dəyişəcəkdi. Mənə gəldikdə...
(Ardı var)
İsmayıl Məmməd
525-ci qəzet.-
2013.- 13 dekabr.- S.7.