90 illik şərəfli yolun hesabat ili...

 

2 dekabr 2013-cü il tarixdə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universietində ənənəvi olaraq "2013-cü tədris ilinin  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin  elmi-tədqiqat işlərinin hesabat konfransı" keçirildi. Konfrans Azərbaycan Respublikası   Prezidenti   İlham Əliyevin  1 mart 2013-cü il tarixli  Sərəncamı ilə  sənət məbədgahı olan  ADMİU-nun 90 illik   şərəfli yolunun   təntənəli şəkildə  qeyd olunması ərəfəsində təşkil olunmuşdu.

Şöhrət ordenli, Əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevin  rəhbərliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin    professor-müəllim heyəti  dövlətimizin  daimi qayğı və diqqətinə  cavab olaraq elmin müasir  dövrün  tələbləri  səviyyəsinə  hərtərəfli inteqrasiya olunmaq üçün  var qüvvəsi ilə çalışır, dövlətçiliyimizin, milli  maarifçilik strategiyamızın inkişafına  sədaqətlə  xidmət edir. Bu il də ənənəvi olaraq Universitetin Elmi Şura zalında bu  bədii təhsil ocağının elmi -tədqiqat işlərinin hesabatı dinlənildi. Konfrans  il ərzində Universitetin professor-müəllim heyətinin  apardığı elmi axtarışlar, çap  etdirdikləri  məqalələr, monoqrafiya və dərsliklər barədə dəyərli fikirlər  söylənilən  ali  kürsüdür. ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə  prorektor, professor Maral Manafovanın təşəbbüsü ilə keçirilən konfransda ali məktəbin  elmi-pedaqoji potensialının görkəmli nümayəndələri, tanınmış alim və ziyalılar təmsil olunurdular.

Konfransı giriş  sözü ilə  ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə  prorektoru professor   Maral Manafova açdı. O, nitqində  2013-cü ildə  universitet üzrə  aparılan elmi-tədqiqat işlərinin hesabatını verdi,  cari ildə 20  kafedrada 118 professor - müəllim heyətinin  tədqiqat işinə  cəlb olunmasını qeyd etdi.    2013-cü ildə Universitetdə  114  adda  elmi - tədqiqat işi planlaşdırılıb ki, onlardan  9-u dərslik,  2-si dərs vəsaiti və  103-ü elmi tədqiqat işidir. Azərbaycanda  elm və təhsilin inteqrasiyasını təmin etmək məqsədilə Universitetin Elmi Şurasının müvafiq qərarı ilə  professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin elmi nəticələrinin nüfuzlu  beynəlxalq  nəşrlərdə çap olunmasına nail olunub. Belə ki, 2009-2013-cü illərdə 120 elmi məqalənin xarici nüfuzlu  jurnallarında dərc edilib. 

2013-cü  ildə ADMİU-da aparılan  elmi-tədqiqat  işlərinin mühüm nəticəsi kimi görkəmli alim Timuçin Əfəndiyevin "Mədəniyyət və İncəsənətimizin məbədgahı",     "Heydər Əliyev . Mədəniyyət və ədəbiyyat", "Hüseyn Cavid: ideal həqiqət axtarışı" adlı monoqrafiyaları təqdim olundu. Natiq nəfis tərtibatla işıq üzü  görmüş  bu kitabları  mədəniyyət və incəsənət tariximiz üçün  dəyərli tövfə kimi vurğuladı. Daha sonra Elm və yaradıcılıq işləri üzrə prorektor hesabat dövründə  ADMİU-da çalışan  professor-müəllim heyətinin  üzə  çıxardığı  çoxsaylı  monoqrafiya, dərslik, dərs vəsaiti, fənn proqramları barədə ətraflı məlumat verərək, bir neçəsini xüsusi qeyd etdi. Xalq artisti, professor Ağakişi Kazımov  "Rejissor sənətinin əsasları" dərs vəsaitinin, filologiya  üzrə elmlər doktoru, professor Gülşən Əliyevanın   "Türk təsəvüf fəlsəfəsi" , filologiya üzrə  elmlər doktoru, professor  Aydın Abi Aydının    "Sərvəti fünun ədəbiyyatı", filologiya üzrə fəlsəfə doktoru , dosent Vəfa Xanoğlanın  "İlyas Əfəndiyev  və Azərbaycan mədəniyyəti"  monoqrafiyalarını,  kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyevanın  "Ünsiyyət mədəniyyəti"  dərsliyinin, kulturologiya üzrə  fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın "Mədəni sahənin diplomatiyası"  dərs vəsaitinin  elmi dəyərini  təhlil etdi.

Konfransda təbrik sözü ilə  filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev və sənətşünaslıq üzrə  elmlər doktoru,  professor Məryəm Əlizadə çıxış edərək, universitetdə  elmi-tətdqiqat işinin  müasir   tarixi şəraitə və tədris prosesinə   tam uyğun şəkildə həyata keçirməsini qeyd etdilər.

Konfransda "Azərbaycan  teatrının inkişaf  yolları"   mövzusunda konseptual məruzə ilə Tədris işləri üzrə prorektor, professor  Rafiq Sadıqov çıxış etdi.

Daha sonra müvafiq elmi sahələr üzrə  İdeoloji və tərbiyə işləri üzrə  prorektor professor Gülşən Əliyevanın,  Universitetin Metodiki Şurasının sədr müavini  dosent Kamilə Dadaşzadənin, Doktorantura şöbəsinin təlimatçısı dosent  Sevinc Şahhüseynovanın, Tələbə Elmi Cəmiyyətinin sədri  dosent Yeganə Əliyevanın   və digərlərin hesabatları  dinlənildi.

Konfrans bədii hissə ilə yekunlaşdı. Tədbirdə ADMİU-nun  müəllimi  Afaq Ağayeva öz muğam ifası ilə tədbiri  xoş ovqatla  yekunlaşdırdı.

Konfrans boyu  ADMİU-nun elmi-tədqiat işlərinin  mühüm nəticələrini  əks etdirən  foto-slayd  nümayiş etdirildi.

Yeganə Əliyeva

Kulturologiya üzrə

fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2013.- 4 dekabr.- S. 2.