“Yaxın insanları itirmək çox
ağrılıdır...”
Məşhurların
xanımları
“Bu da mənim görmədiyim hekayəm...”
Müsahibimiz
yazıçı-dramaturq, “Ulduz” jurnalının
baş redaktoru Elçin Hüseynbəylinin həyat
yoldaşı Dürdanə
xanım Hüseynbəylidir.
Jurnalistika
mətbəxindən uşaqlıqdan bəhrələnmişəm
Şəmkir
şəhərində
sayılıb- seçilən bir ailədə
doğulmuşam. Ailədə beş
bacı–qardaş olmuşuq. Hamımız ali
təhsilli və sənət sahibiyik. Uşaq
vaxtlarımda musiqiyə marağım olub, bir müddət məşğul
olmuşam. Lakin orta məktəbdə
oxuduğum vaxtlardan etibarən, məqalələr yazmağa,
araşdırmalar etməyə böyük həvəsim var
idi, elə bu həvəs sonrakı sənətimi seçməyimə
ən böyük təkan oldu. Jurnalistika
mətbəxindən lap kiçik yaşlarımdan bəhrələnmişəm.
İlk vaxtlar məqalələrimi məktəbin divar qəzetində
çıxartsaq da, sonralar “Ulduz” adlı rayon qəzetinə
yollamağa başladım. Həmin
dövrün özünün sənəti, ədəbiyyatı
və özünəməxsus üslubu var idi. İstəyimin arxasınca getdim, universitetə daxil
oldum, yüksək nəticələrlə universiteti bitirdim.
Yenə də həyatım “Ulduz”a bağlıdır.
(Elçin Hüseynbəylinin “Ulduz” jurnalının
redaktorluğuna işarə edir...)
Anam
Elçini məndən qabaq bəyənmişdi
İmtahan verməyə anamla birlikdə getmişdik. Mən
artıq imtahanı verib dörd alıb
çıxmışdım, anamla birlikdə universitetin həyətində
idik. O vaxtlar şifahi imtahandan hər adama beş
vermirdilər. Eşitdik ki, abituriyentlərdən kimsə
içəridən beş alıb,
çıxıb. Hər kəs barmağıyla ucaboylu bu
oğlanı nişan verib, beş alan odur,
deyə pıçıldaşırdı. Oğlanın
da üzündə səmimi bir gülüş var idi.
Anam mənə : “Dürdanə, bu
oğlan görünüşcə rayon uşağına bənzəyir,
amma gör necə zəhmətkeşdir. Halal
olsun, əhsən!” –dedi. Sən demə bu
zəhmətkeş, Elçin Hüseynbəyli imiş. İmtahan verdiyim gün anamın Elçin
haqqında söylədiyi fikirlər, Elçinin evlilik təklifinə
olan cavabıma böyük təsir etmişdi. Anam Elçini məndən qabaq bəyənmişdi.
Məni inandırmaq olduqca çətindir, amma
o bunu bacardı. Deyim ki, mənə görə
qəhrəmanlıqlar edib, yox. Sadəcə
gülürdü, nə vaxt baxırdım gülür
(gülümsəyir). Mən onun
düzgünlüyünə, dürüstlüyünə
valeh olmuşam. Məni sevindirən ən
böyük səbəb odur ki, zaman və mühit Elçini
dəyişdirməyi bacarmadı. 18
yaşımda tanıdığım, hörmət etdiyim,
xasiyyətinə bələd olduğum həmin adamdır.
Elçinlə
qrup yoldaşı olmuşduq, indi həyat yoldaşıyıq
Elçin Cəbrayıl rayonunda doğulub boya-başa
çatıb.
Jurnalist olmaq onun da ən böyük arzusu
imiş. Elə həmin arzuyla, tale bizi eyni
universitetdə, eyni fakültədə
görüşdürdü. Olduqca səmimi
oğlan idi. Ondan insana müsbət fikir və
emosiya gəlirdi. Mənə qarşı
olan hisslərini sezsəm də, əvvəllər
razılıq vermək fikrində olmamışam. Universitetdə Elçinlə bir qrupda oxumuşuq,
indi həyat yoldaşıyıq. Tələbəlik
illəri təlaşla axıb keçdi. Universitetdən
sonra, Şəmkirə qayıtdım və işləməyə
başladım. Həmin dövrdə Elçin də təhsilini
davam etdirmək üçün Moskvaya getmişdi. Elçinlə yanaşı bütün universitet
yoldaşlarımla əlaqəmizi itirməmişdik. Sanki onun mənə olan hisslərini unudub, həyatıma
davam edirdim. Yenə adi iş günlərindən biri
idi, otağımda oturub yazı-pozuyla məşğul olurdum.
Qəfildən qapı döyüldü, həmin o ucaboylu,
yaraşıqlı bir oğlan gülə-gülə içəri
daxil olub : “Dürdanə xanım
burdadır?” –deyə soruşdu. Sən demə, Elçin Moskvadan birbaşa Gəncəyə,
ordan da Şəmkirə gəlib ki, evlilik təklifinə nə
cavab verəcəyimi öyrənsin. Həmin
gün Elçin otaqdan içəri daxil olanda
özlüyümdə dərk etdim ki, artıq ona “yox” deməyəcəm.
O bir anın içində qərarımı vermişdim. Ailə
qurmaq qərarına gəldikdən sonra ailəmdə
heç kim mənim fikrimə qarşı
çıxmadi. Ata, anamın xeyir-duası məni
daha da cəsarətləndirirdi. Onların
mənə olan güvəni və etibarı gələcək
həyatıma ruh qatdı. Adət-ənənələrimizə
uyğun olaraq valideynlərimin də
razılığını aldıq. Toyumuz
üç gün davam etdi. Bir günü
Şəmkirdə, iki günü Cəbrayılda. Beləcə əl-ələ verib ailə qurduq.
İllər
su kimi axıb gedib
Ailə qurduğumuz gündən etibarən, demək
olar ki, heç bir çətinliyimiz olmayıb. Toyumuzdan sonra
Bakıya köçüb, orada məskunlaşdıq. Təbii
ki, hər şeyi birdən-birə əldə etməmişik. Nə evimizin olmamağı, nə də maddi problemlərimiz
gözümüzə çətinlik kimi görünüb.
Biz ailə quranda
düşmənlərin ayağı Cəbrayıla
dəyməmişdi. Qaynatamı görməmişəm,
hələ Elçin əsgərlikdə olduğu vaxt
dünyasını dəyişib. Amma
qaynanamgil Cəbrayılda yaşayırdı. Qarabağın işğalı ilə əlaqədar
olaraq Elçinin anasıgilidə Cəbrayıldan
çıxdı. Lakin Vətən dərdi
anasının yaşamağına aman vermədi (fikrə
dalır). Biz
rastlaşdığımız çətinlikləri bərabərcə
aşdıq. Çox vaxt mənə elə
gəlir ki, gənc qız olaraq qalmışam, Elçin də
cavan oğlandır. Sanıram ki, həyatda
edəcəyimiz çox hərəkət, görəcəyimiz
çox işlər qalıb. Zamanın sürətini
hiss etmir, evliliyimizi dünən olubmuş kimi
xatırlayıram. Bəzən güzgüyə baxanda
gözlərimə inanmıram : “ Görəsən
bu mənəm? ”–deyə özüm-özümə
suallar verirəm. Qəflətən xatırlayıram ki,
artıq
yaşımızın erkən çağında
deyilik. Uzun bir ömrü arxada qoymuşuq.
Bərabər hər şey elə gözəl
və asan olub ki, illər su kimi axıb. İki
övladımız dünyaya gəlib, artıq onların
toyunu görən, nəvə oynadan vaxtımızdı.
Yarımçıq
qalan arzularım var
Özüm maksimalist adamam. Həyatda tək qayəm
hərtərəfli olmaq iddiasıdır. Düşünmüşəm
ki, anayamsa yüksək səviyyədə, jurnalistəmsə
ən yaxşısı olmalıyam. Elə
bu səbəb də mənə sənətimlə məşğul
olmağa imkan verməyib. Sənətim və
uşaqlarım arasında seçim etmək məqamında,
ailəmi seçdim. Düşündüm ki, canlı
insan mənə qəzetdən, kağızdan daha önəmlidir...
Məncə övladlarıma kifayət qədər
ana qayğısı göstərə bilmişəm. Leyla İstanbulda magistr kimi dərslərini davam
etdirir, Orxan gələcəyin maliyyəçisidir. Hər
ikisinin yazmaq istedadı var, ancaq Elçin istəmədi, dedi
ki, evdə bir yazıçı olar...
Özümün yarımçıq, kölgədə
qalan arzularım olsa da, bir qadın kimi keçirtdiyim həyatdan
razıyam. Elçinin
kitablarını ilk dəfə mən oxuyuram. Ona redaktorluq etmək yükünü də öz
çiyinlərimə götürmüşəm. Elçin yazılarını çox rahat yazır.
İşdə, yolda... Gecələr yuxusuz
qaldığını, saatlarla yazı stolunun arxasında
oturduğunu heç vaxt görməmişəm. Onun yazıçı kaprizi yoxdur. Özünə
“Qaraçuxa “ ləqəbi
götürüb. Bu bir mifoloji simvoldur. Qaraçuxa- bəxt mənasına gəlir. Və Elçin düşünür ki bu ləqəb
ona uğur gətirir.
Həyatımın
ən qəmli səhifəsi
Keçən il ömrümün ən qəmli səhifəsini yaşamışam. Həyatda ən çox sevdiyim insanlardan biri olan atamı itirdim. Atamla bağlı xatirələrim mənə çox əzizdir. Həyatda bəzi hadisələri yaşamağa ehtiyac yoxdur, elə şeylər var ki, onlar nəsildən-nəsilə, şüuraltı olaraq keçir, gələcək nəslinin həyatına təsir edir. Atamın taleyi mənim yaşamadığım hekayəmdir. Olduqca zəngin və hörmətli ailədə doğulub. Dünyaya gəlişi repressiya dövrünə təsadüf edib. Nənəm bir neçə dil bilən qadın, babam da olduqca ziyalı insan olub. Bu günə qədər ailəsi və uşaqları barədə yazdığı kitab-albom durur. Böyük bir ərazi babamın ixtiyarında imiş. Ziyalı və varlı olmaları onları repressiyanın qurbanına çevirib. Ananı körpə baladan,atanı yurdundan ayırıb güllələyiblər. Amansız insanlar atamı anasının qoynundan ayıranda, 6 aylıq südəmər uşaq imiş. Körpə uşaqlara on iki yaşlı böyük bibim baxırmış.
Atam çox savadlı və alicənab insan idi. Universitetə
daxil olsa da, sonuncu kurslarda valideynlərinin kimliyini öyrənib,
onu universitetdən xaric etmişdilər. Sovetin
qorxusu canımıza elə çökmüşdü ki,
bizim evdə azad fikir söyləmək qeyri- mümkün idi. Atamın ayaq
barmağında dərin çapıq izi var idi. Uşaq
vaxtı : “ ata ayağına nə olub? ” –deyə soruşmuşdum. O da belə demişdi:“
Körpə vaxtı o qədər ayaqyalın gəzmişəm
ki, zədələnib. Yetimliyin kölgəsində
qalmışdıq, anamız yox, atamız yox,
özümüz də ki, xalq düşməninin
uşaqları. Nə bir qohumumuzun, nə
bir qonşumuzun bizə kömək etmək ixtiyarı yox idi.
Saray qədər böyük evimiz, var-dövlətimiz
var idi. Valideyinlərimizi güllələyəndən
sonra, hər şey hökumətin ixtiyarına verildi, əmlak
bölgüsü zamanı, mal-qaramızın tövləsini
yaşamaq üçün bizə sığınacaq verdilər.
O vaxtlar mən lap kiçik olmuşam, qızım. Uşaqlar körpə olanda elə yazıq, köməksiz
olurlar ki, onların tək dayağı anaları olur.
Ananı da övladından ayırırlar... Zorla körpə
uşağını qoynundan aldıqdan sonra, güllələyiblər...”
Dərdlər
mənə gendən keçib
Atamın
ölümü məni çox sarsıtdı... Onun itkisi,
ona görə qəlbimi bu qədər incidir ki, atam həyatda
çox çətinliklər görmüş, çox
acılar yaşamışdı (gözləri dolur)... Yetimlik onun gözlərində kədər, qüssə
doğurmuşdu. Mən atamı yaman
çox istəyirdim. Atam haqqında danışdıqlarımı
yaşamamışam. O dərdlər mənə gendən
keçib. Gözümdə canlanır,
ömrümə iz salır. Bu mənim
yaşamadığım həyat hekayəmdir. Atamın ölümü mənə yoxluğun nə
demək olduğunu izah etdi. İtirməyin,
ölümün mənasını göstərdi. Həmin
vaxt mən də ağır stress keçirtim. Atamı
itirəndə ən böyük dəstəkçim
Elçin olub. Atam
Elçini çox istəyirdi, ona öz oğlu kimi
baxırdı...
Yaxın
insanları itirmək çox ağrılıdır...
Məhəbbət
HACIYEVA
Firəngiz
AĞALAR
İdeya müəllifi
Tofiq Abdin
525-ci qəzet.-2013.-
14 dekabr.- S.19.