Pərvin Latviya Proza
Festivalında
Latviyanın paytaxtı Riqa şəhərində Proza
Festivalı keçirilib. Dekabrın 4-də başlayan festivala ayın 9-da yekun vurulub. Qeyd edək ki, Latviya
Proza Festivalı hər il
təşkil olunur və Avropada kifayət qədər nüfuza malikdir. Festivala Avropanın müxtəlif
ölkələrindən – Almaniya, İngiltərə,
Yunanıstan, Fransa, İsveçrə və başqa dövlətlərdən
nasirlər qatılıblar.
Ölkəmizi adıçəkilən festivalda gənc və istedadlı yazıçı Pərvin
təmsil edib. Hələ ötən ildən Pərvinin latış və rus dillərinə
tərcümə olunmuş
hekayələri Latviya
Ədəbiyyat Mərkəzi
və Latviya Yazıçılar Birliyi
tərəfindən maraqla
qarşılanıb və
nəticədə gənc
yazıçı festivalda
iştirak üçün
Riqaya dəvət olunub.
Festival çərçivəsində
müxtəlif görüşlər,
master-klasslar, müzakirələr
keçirilib. Açılış
mərasimində çıxış
edən Latviya Ədəbiyyat Mərkəzinin
sədri Yanis Oqa əsas məqsədlərinin
Avropanın müxtəlif
yerlərində yaşayan,
eyni janrda yazan, eyni maraqları
olan, lakin müxtəlif baxışlı
yazıçıları bir
yerə yığmaq,
onların dialoqunu təşkil etmək olduğunu bildirib. Layihənin rəhbəri Marika Papede bu görüşlərin
latviyalı tələbələr,
gənc yazarlar üçün də əhəmiyyətini vurğulayıb.
Festival çərçivəsində
Latış Dövlət
Universitetinin Humanitar fənnlər fakültəsinin
tələbələri ilə
yazarların görüşü
baş tutub. Tədbirdə “Avropa dillərində yazmaq nə deməkdir?” mövzusunda müzakirələr aparılıb.
Eyni zamanda XXI əsr yazıçısının müəllif
hüquqları, naşirlər
və yazarlar problemi, piar menecerlərin təbliğatı,
belletristik ədəbiyyat
və əsl, ciddi ədəbiyyat məsələləri də
müzakirəyə gətirilib.
Fransız ədəbi tənqidçisi
Qay Fonteyn XII əsr katolik duası “Stabat mater”in müxtəlif Avropa dillərinə tərcümələrini
müqayisə edib və fərqlərdən
danışıb. Həmçinin
tədbirdə dünyada
tanınmağın yolları,
dili az
tanınan, azsaylı xalqların ədəbiyyatlarının
tərcüməsi barədə
söhbətlər aparılıb.
Avropanın ədəbiyyat
tarixini yazan, bu haqda kitabları
çap olunan Qay Fonteyn Pərvinin Azərbaycan ədəbiyyatının
bu kitablarda yer almaması haqda sualına ətraflı cavab verib: “Əlbəttə, bu çox ciddi
problemdir. Avropa təkcə Avropa
Şurasına daxil ölkələrdən ibarət
deyil. Azərbaycan ədəbiyyatı da bu ədəbiyyatın
bir parçasıdır.
Sadəcə dil problemi, əlaqələrimizin kifayət
qədər olmaması
bu avropalı xalqın ədəbiyyatı
haqda məlumatları
yazmağa, kitaba daxil etməyə əngəl törədir.
Əgər siz bizimlə əməkdaşlıq
edib, köməklik göstərsəniz gələcək
cildlərdə Azərbaycan
ədəbiyyatına yer
ayıra bilərik...”
Daha sonra Pərvin Azərbaycan ədəbiyyatı
tarixi haqda çıxış edib və gələcəkdə
həmin kitaba daxil ediləcək məlumatı lazım olan dildə hazırlaya biləcəyini
vurğulayıb. Yazarlardan
Yunanıstandan Kristos Asterio, İngiltərədən
Sarfraz Manzur yaradıcılıq sirrlərini,
ədəbiyyat haqda fikirlərini mərasim iştirakçıları ilə
bölüşüblər. “Ədəbiyyat insana nə verir?” mövzusunda tələbələrin
də iştirakı və suallarıyla xeyli müzakirələr keçirilib.
Festivalın növbəti iki günü – dekabrın 5-6-sı müxtəlif yazarların latış və ingilis dillərinə tərcümə olunmuş hekayələri təqdim olunub. Pərvinin “Çarəsiz yalan” hekayəsi görkəmli latış tərcüməçi-şairi Uldis Berzinşin tərcüməsində, gənc şərqşünas Zane Bruverin təqdimatında mərasim iştirakçılarına oxunub. Zane Pərvinin yaradıcılığı və ümumiyyətlə, bu hekayə haqqında fikirlərini dinləyicilərə çatdırıb. Gənc xanımın emosional çıxışı xeyli maraqla qarşılanıb: “Pərvinin bir neçə hekayəsini tərcümə etmişəm. Lakin bu hekayəsini böyük insan, “Kitabi Dədə-Qorqud” dastanını, Quranı, Rəsul Rzanı və başqa əsərləri dilimizə çevirmiş Uldis Berzinş tərcümə edib. Pərvin auditoriyanın əsasən gənclər olmasını nəzərə alıb “Qucci Fatoş” hekayəsini oxumağımızı istəyirdi. Amma elə dünən bu hekayəni, “Çarəsiz yalan”ı latışca oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Düşündüm ki, mütləq bunu təqdim etməliyik. Latış və azəri dilləri xeyli fərqlidir. Latış dilində ifadələr, fikirlər daha uzundur. Ona görə bir qədər sürətlə oxumalı oldum hekayəni. Lakin bir məqamı demək istəyirəm ki, ədəbiyyatın insana təsirini bu hekayədən sonra bir daha hiss etdim. Elə bu axşam nənəmə baş çəkməyə gedəcəyəm... Buna görə Pərvinə çox minnətdaram və onun özünü görəndən, yaxından tanış olandan sonra daha da çox sevdim”.
“Çarəsiz yalan” hekayəsi mərasim iştirakçıları tərəfindən xeyli maraqla qarşılanıb. Oxunuşdan sonra müəllifə hekayədə təsvir olunan Qarabağ müharibəsi, ermənilərin zəbt etdiyi Azərbaycan torpaqları və ümumiyyətlə Azərbaycan ədəbiyyatı, repressiyaya məruz qalmış sənətkarlar, şairlər haqda suallar verilib. Müəllif sualları ətraflı cavablandırıb. Sonda Pərvin Festivalın, Proza oxuma günlərinin təşkilatçılarına öz minnətdarlığını bildirib: “Ötən il ilıq may günlərində Vilnusa uçarkən bir neçə saat Riqada olmuşdum və bu şəhər bir nağıl kimi qalmışdı yaddaşımda. Bu dəfə Riqa qarlı-çovğunludu, soyuqdu... Lakin yenə də sizlərin, bu Festivalın, burdakı məhrəm söhbətlərin sayəsində çox isti xatirələrlə dönəcəyəm Bakıya. Təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatının dostu, əziz Uldis Berzinş Riqada deyil, buna görə də görüşmək imkanımız olmadı. Lakin ona burdan təşəkkürlərimi və salamlarımı çatdırıram. Gənc və istedadlı Zane Bruverə də bugünkü iştirakına, hekayəmin təqdimatına görə çox sağ ol deyirəm. Sizlərə də dəvət etdiyiniz, dinlədiyiniz üçün minnətdarlığımı bildirirəm. Ümidvaram ki, növbəti illərdə həm Bakıda, həm də Riqada yenidən görüşəcəyik...”
Festivalın sonuncu günü latviyalı gənc yazarlar ilk qələm təcrübələrini iştirakçılara oxuyublar, uşaq ədəbiyyatı, yeniyetmələrin ədəbiyyata marağının artırılması məsələləri müzakirə olunub. Müxtəlif yazarlar gənclərə öz tövsiyələrini veriblər.
Latviya Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Ədəbiyyat akademiyası”nda Pərvinin yaradıcılığa yeni-yeni başlayan gənclərlə görüşü keçirilib. “Ədəbiyyat akademiyası”nın rəhbəri, şair Ronalds Breydis xanım yazar haqda həm latış, həm də ingilis dillərində məlumat verib və rəhbərlik etdiyi təşkilatı “yaradıcılıq laboratoriyası” adlandırıb: “Bizim məqsədimiz ədəbi istedadı, yazmağa meyli, marağı olan adamlara kömək etmək, yaradıcılığın sirrlərini öyrətməkdir. Əlbəttə istedad çox həlledicidir, lakin biz nəyin səhv olduğunu deyə bilirik və bununla da yazarı istiqamətləndirik. Ayda bir dəfə tanınmış yazarların master-klassları keçirilir. Bu dəfə azərbaycanlı gənc, amma gənc olmasına baxmayaraq xeyli uğurlar qazanmış xanım yazıçısının master-klassını dinləmək maraqlı olar. Beləliklə, sözü Pərvinə verirəm. Özünüz və yaradıcılıq yolunuz haqqında, ölkənizdəki ədəbi mühit barədə danışmağınızı istərdim”. Ədəbiyyata gəlişi, Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”, ölkəsində gənclərə qayğı və münasibətdən söz açan Pərvinin çıxışı gənclərin suallarına cavablarla davam edib. Latışca hekayələri ilə tanış olan gənclər yazıların mövzusu, hansı yazarlardan bəhrələnməsi, yaradıcılıq prosesi və s. haqda çoxlu suallar veriblər. Tədbir həyatla ədəbiyyatın sərhəddi, mütaliənin yoxsa səyahətin insanın daxili aləmini daha çox zənginləşdirməsi mövzularında qızğın müzakirələrlə davam edib. Sonda Ronalds Breydis xanım yazara maraqlı dərsə görə təşəkkürünü bildirib, gələcəkdə əlaqələrin davam etməsi və qarşılıqlı əməkdaşlıq üçün müqavilə imzalanıb, xatirə şəkli ilə görüş yekunlaşıb.
XƏYALƏ
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.20.