Dahiləri belə gördüm

 

 

Dahiləri belə gördüm –

həyatın ocağı, piri,

Ölməyi yox, itməyi yox,

özü diri, sözü diri.

Günəş kimi ədalətli,

Torpaq kimi səxavətli,

Şimşək kimi cəsarətli.

 

Dahiləri belə gördüm –

alçaqların, xainlərin,

Xəbislərin hədəfində.

Nöqtə boyda ləkəsi yox,

şöhrətində, şərəfində.

 

Dahiləri belə gördüm –

dahiliyi bir körpüdür.

Bəndə Allah sırasında,

Ömrü keçir ömrü boyu,

gədayla şah arasında.

 

Gözlərini oysalar da

Nizələrlə, güllələrlə

Sinəsi şan-şan olsa da,

Günahkarlar dövrəsində

Günahsız qurban olsa da,

Dəyişilməz əqidəsi,

itməz izi, batmaz səsi.

İnsanlığı, insanları

Böyütməkdi vəzifəsi!

 

Belə gördüm dahiləri –

Qismətidir, nəsibidir

Vaxtsız ölüm,

zindan, məhbəs.

Dar ağacı, dəmir qəfəs.

İçdən gələn, içə gedən,

Tanrılara ucalan səs.

Bir də xalqın məhəbbəti,

bir də Haqqın kəraməti!

 

Belə gördüm dahiləri –

Dirilik suyundan içən.

Gözü min illəri seçən,

Keçilməz yolları keçən,

Könüldən-könülə köçən,

Xalqın dostu, elin yarı,

Dünənlərdən sabahlara,

Tarixlərin yadigarı!

 

MƏN BİLMƏRƏM

 

Həcv edərkən söyüş söymək,

Xasiyyətim deyil mənim.

Ədəb mənə ailəmdən,

Təkcə miras qalanımdır.

Ə.Xaqani

 

Bu dünyada yaxşılarla,

Yaxşılıqlar ola-ola,

Təhqir nədir, dava nədir,

Döyüş nədir, mən bilmərəm.

 

Qəlb aynası güzgü kimi,

Gərək hər vaxt təmiz ola,

Məkr nədir, qarğış nədir,

Söyüş nədir, mən bilmərəm.

 

Hər vaxt şeytan cildi geyən,

Yaxşılara yaman deyən

Bu şər nədir, mən bilmərəm.

 

Göy üzünün mələkləri

Bir quş kimi süzən yerdə

Ürəyində kin gəzdirən,

Bəşər nədir, mən bilmərəm.

 

Naqisliyin, xəbisliyin,

Kimə xeyri dəyə bilər.

İnsan üçün bu nə ağrı,

Bu nə sancı, mən bilmərəm.

 

Pislik elə, yamanlıq tut,

Yalan danış, evlər uçur,

Haram işi tutanların

qazancı, mən bilmərəm.

 

Qətl nədir, qatillik nə,

Oğru nədir, oğruluq nə?

Ürəklərdə hiylə nədir,

Nifrət nədir, mən bilmərəm.

 

İnsanlığa qənim olan,

İnsanların ürəyində

Bir bu qədər qəzəb nədir,

Hiddət nədir, mən bilmərəm.

 

 

            SÖZ

İlk dəfə tərpənəndə

                sözdən güc aldı qələm.

Nizami

 

Sözdü, bir də qələmdi Nizaminin silahı,

Sözdə, qələmdə gördü peyğəmbəri, Allahı.

Sözlə gəldi axşamı, sözlə açdı sabahı,

Gördü bir tamaşadı, gördü bir həyatdı söz.

 

Dağa-daşa ün salır, yerlə-göylə əlləşir,

Gözəl söz şah qələmin gücüylə gözəlləşir.

Dahilərin gözündə ucalır, heykəlləşir,

Bir qatını görürük, gör bir neçə qatdı söz.

 

Onun gur ocağında kim bişməyə, kim bişə,

Ovsununa, sehrinə kim düşməyə, kim düşə.

Mürəkkəbi dəryadır, qələmi saysız meşə,

Əvvəli yox, sonu yox, sonsuz kainatdı söz.

 

Artar nuru, işığı, öləziməz, sozalmaz,

Söz qiymətli, söz baha, söz gövhərdi,

söz almaz.

Eşqə salar insanı, eşqi heç vaxt azalmaz,

Əbədi bir məkandı, zamandı, saatdı söz.

 

Zamanların fövqünə ucaldıqca, ucaldı,

O, zamandan güc aldı,

zaman ondan güc aldı.

Cavan qaldı həmişə, nə soldu, nə qocaldı,

Min illərdən söz aldı, min illərə çatdı söz. 

 

ŞAHIM-ŞAİRİM

Ər odur, haqq yoluna baş oynaya,

Döşəkdə ölən yiğit murdar olur.

Qazi Burhanəddin

 

Qəlbimin də, ruhumun da, dilimin də

memarısan,

Oğuz oğlu, Qazi nəsli, salam, Qazi,

Salam, Qazi!

Yüz illərdən min illərə

yol gəlirsən, yorulmursan,

Uçulmayan şan-şöhrətim,

dağılmayan qalam, Qazi!

 

İzin də var, sözün də var,

haqqın da var bu torpaqda,

Bağdad olsun, Hələb olsun,

ya Rum olsun, yaş Şam, Qazi!

 

At oynatdın, qılınc vurdun,

qələm tutdun, şeir yazdın,

Ey şah babam, şair babam,

ey ər babam, ərən babam.

Ey döyüşlər pəhləvanı,

ey savaşlar qəhrəmanı,

Ən amansız tufanlara

sinəsini gərən babam.

 

Şahlığımın uca taxtı,

taleyimin qızıl baxtı,

Gözəllərin gözlərində

cənnətini görən babam!

İsti, yumşaq döşəklərdə

xumarlanıb dincəlmədin,

Şeir, sənət dünyasını

döyüşlərdə sərən babam!

 

Bayraq kimi əl üstündə

bir əl olmaq səadətdir,

Bir millətdə özül olmaq,

təməl olmaq səadətdir.

Ocaq olmaq, alov olmaq,

məşəl olmaq səadətdir,

Nəsimidən, Xətaidən,

Füzulidən xeyli qabaq,

Dilimizə ən möhtəşəm

heykəl olmaq səadətdir.

 

Bürhanəddin olmaq asan,

Qazi olmaq xeyli çətin,

Yoxuşu çox, enişi çox,

yolu sərtdi məhəbbətin.

Son qazancı ölümsüzlük,

kim olursa məğrur, mətin,

Dünənimsən, bu günümsən,

sabahımsan babam, Qazi!

 

Həm keçmişim, həm gələcək,

elim-günüm obam, Qazi!

 

EYLƏ

Dünya duracaq yer deyil,

ey can, səfər eylə!

İ.Nəsimi

 

Yollarına göz dikmişəm, biz tərəfə səfər eylə,

Axşamları, gecələri Günəş dolu səhər eylə.

 

Qoy səyirdək atımızı düzdən-düzə,

dağdan-dağa,

Dumanları boz yapıncı, qayaları kəhər eylə.

 

Arzu çoxdu, ömür gödək,

beş günlük bir dünyamız var,

Hər gördüyün mənzərəni

bir ölümsüz əsər eylə.

 

Ətəklər də, zirvələr də dolsun

Haqqın nuru ilə,

Eşqimiz bol bəhrə versin,

dağı-düzü bəhər eylə. 

 

Gəliş varsa getməliyik,

gediş varsa köçməliyik,

Bu yolların girdabında nə qəm,

də qəhər eylə.

 

Abad olaq, azad olaq, hər dövrdə,

hər zamanda,

Xarabadan nə çıxacaq,

öz könlünü şəhər eylə.

 

Kəbə də var, Məkkə də var

Allah evi olan yerdə,

Oxu onu damar-damar,

Qara daşa nəzər eylə!

 

Hər görüşün məndən ötrü

 bir müqəddəs ziyarətdi,

Mən də gedim ziyarətə,

mənə də bir xəbər eylə!

 

Sən cahana sığmasan da zaman

mənə sığar ustad,

“Ənəlhəq”də nəyimiz var,

 dilimizdə əzbər eylə!

 

 

QİSMƏT

 

 

Uçmaqda tuti quşuyam,

Ağır ər başıyam,

Mən sufilər yoldaşıyam,

Qazilər, deyən şah mənəm.

Xətai

 

On üç yaşında gəldi

şahlığın sarayına,

Otuz yeddi yaşında

şeyxim və şahım mənim.

 

Azərbaycan adında

bir məmləkət yaratdı,

Bir dərgaha baş əydi

neçə dərgahım mənim.

 

Çaldıran savaşında

uduzanda döyüşü,

Yerə-göyə sığmadı

amanım, ahım mənim.

 

Bir canda qoşalaşdı,

şahın, şairin ruhu,

Kəlmələr dil açanda

güldü sabahım mənim.

 

Gördü, işini gördü,

qılınc ilə telli saz,

İmza atdı tarixə

sazım, silahım mənim.

 

Mən layiq olammaram

Xətainin adına,

Tarixin qarşısında

çoxdu günahım mənim!

 

Həm qalib, həm də məğlub –

bu, taleyin işidi,

Belə yazdı qisməti

qadir Allahım mənim!

 

ELM – ƏDƏB

Eşq imiş hər nə varsa aləmdə,

Elm bir qilu-qal imiş ancaq.

M.Füzuli

 

İnsan oğlu, bu dünyanın

ən bahalı sərvətisən,

Göstər görüm bu dünyaya

öz elmini, ədəbini.

 

Niyə gəldin bu cahana,

bu həyatdan nə istərsən,

Özün də bil, biz də bilək,

, xırdı elə mətləbini.

 

Doğulmaqda bir ölüm var,

ölümdə bir ölümsüzlük,

Arzun nədir, istəyin nə,

qoy ortaya tələbini.

 

 

Yel itirər, sel batırar,

dağa yazma, daşa yazma,

Ürəyə yaz öz adını,

soyadını, ləqəbini.

 

Kamil olan naqis olmaz,

naqis olan kamil olmaz,

Əsl kişi baha saxlar

öz zövqünü, öz dəbini.

 

Sən də bil ki, göy üzündə

Günəş adlı məhəbbət var,

O, nur qatar, işıq çilər

tanrıların qəzəbinə.

 

Yaradanın yaratdığı

niyə belə ölməz olur,

Onu elmdə axtarma,

eşqdə axtar səbəbini.

 

Hər dildə bir bəyanı var,

şagird bizik, ustad odur,

Dərsi alaq  Füzulidən,

keçib onun məktəbini!

 

GÖZƏLLİK

 

Vaqif deyər mən bir saf gövhər idim,

Saflıqda polada bərabər idim.

Camalın şövqündən mum tək əridim,

Heç demirsən əriməyin nədəndi!

M.P.Vaqif

 

Ruha bax, dilə bax, incəliyə bax,

Aparır ağlımı dil gözəlliyi.

Bir sözdə nə qədər gözəllik olar,

Çiçək gözəlliyi, gül gözəlliyi.

 

Dilə ləzzət verib, dişə tam verib,

Dünyanı görməyə bir cüt şam verib.

Şairə tükənməz bir ilham verib,

Cığa gözəlliyi, tel gözəlliyi.

 

Gözəllik eşqiylə döyündü ürək,

Baxışda dil açdı hər şirin dilək.

Şairin qəlbində dil açsın gərək,

İpək gözəlliyi, tül gözəlliyi.

 

Hər cananı şirin, hər canı gözəl,

Görüşü, həsrəti, hicranı gözəl,

İncisi, gövhəri, mərcanı gözəl,

Yolçuya şərəfdi yol gözəlliyi.

 

Alimə döndərdi, arif elədi,

Tanrı təriflədi, tərif elədi,

Molla Pənahımı Vaqif elədi,

Ana təbiətin bol gözəlliyi.

 

ƏLƏSGƏR OLDU

Adım Ələsgərdi, əslim Göyçəli,

“Ələst aləmi”ndə demişəm bəli.

Həm aşığam, həm dərvişəm, həm dəli,

Canım gözəllərin yol qurbanıdı.

Aşıq Ələsgər

 

Bir uşaq doğuldu ulu Göyçədə,

Novruz bayramından bir bəhər oldu.

Atanın, ananın güldü gözləri,

O səhər ən gözəl bir səhər oldu.

 

Köhnə fikirlərə təzə dad gəlir,

Sənət meydanına istedad gəlir.

Dedilər bir sultan, bir ustad gəlir,

“Ələst aləmin”dən şad xəbər oldu.

 

Bulaqlar başına düşdü güzarı,

Orda yoxa çıxdı dərdi-azarı.

Ziyarət yerinə döndü məzarı,

Səfəri əbədi bir səfər oldu.

Yandı alovunda, bişdi közündə,

Dünya gözəlləri güldü gözündə.

Onun söhbətində, onun sözündə,

Hər Göyçə gözəli bir Həcər oldu.

Dediyi nə varsa, sözə yaraşdı,

Gördüyü nə varsa, gözə yaraşdı.

Ömrü uzun oldu, yüzə yaraşdı,

“Hər sözü dillərdə bir dəftər” oldu.

Rəftarı xoş gəldi Haqqa, Allaha,

Bir evin nökəri döndü bir şaha.

Dilindən çıxanlar bahadan baha,

İnciyə çevrildi, ləl-gövhər oldu.

Can dedi, elindən can eşitdi, can,

Haqdan söhbət açdı damarında qan.

Sazı köhlən idi, sinəsi meydan,

Dastan sinəsində bir səngər oldu.

Sözü işıq verdi ulduza, Aya,

İlhamı bənzədi çeşməyə, çaya.

Bir evin içində gəldi dünyaya,

Bir xalqın gözündə Ələsgər oldu!

 

XAN QIZI

Varımdır sinəmdə dərdi-qəm,

nihan ölürəm.

X.Natəvan

 

Qarabağın zərif qızı, gözəl şairi,

Şuşamızın gur bulağı, Natəvan xanım.

                

Bir gül kimi bitirmişdi təbiət səni,

Xanımlığın yaşıl tağı, Natəvan xanım.

                

Bu gün yenə səndən deyir,

səndən danışır,

Gözəllərin gül dodağı, Natəvan xanım.

                

Çağır bizi, yığ başına, “Məclisi-üns”ə,

Qoy alışsın söz ocağı, Natəvan xanım.

                

Sən “ölürəm” söyləsən də, ölməzdir adın,

Xalq unutmaz səs-sorağı, Natəvan xanım.

                

Xan qızısan, xanlığımın bir memarısan,

Bəzəmisən bu otağı, Natəvan xanım.

                

Şair kimi qat səsini uca səslərə,

Dur vəsf eylə bu torpağı, Natəvan xanım.

                     

 

  NƏDİR

Qubari-xatirim əfzun olur

göz yaşı tökdükcə,

Su oynağı olan yerdə

deyirlər bəs qübar olmaz.

S.Ə.Şirvani

Gecə-gündüz yas tutaram

ölənlərə, itənlərə,

Könlüm ağlar uşaq kimi,

bu ah nədir, aman nədir?

Biri düzdü, biri əyri,

cana, qana yoxdu xeyri,

Sinələri dəlib-deşən

bu ox nədir, kaman nədir?

Halalları, haramları

bir-birinə düşmən edən,

Yaxşılığa kölgə salan

naqis nədir, yaman nədir?

İməkləyir uşaq kimi,

qanadlanır qartal kimi,

Gah var olur, gah yox olur,

dağ başında duman nədir?

Yağış kimi yağıb keçən,

Günəş kimi doğub keçən,

Qaranlığı boğub keçən

şübhə nədir, güman nədir?

Dünənindən bir əsər yox,

sabahından bir əlamət,

Bu gününə baxmaq olmur,

bu qarışıq zaman nədir?

Axşam, sabah xatirələr

çözələnir yumaq kimi,

Böyük ustad, sən bilərsən,

qəlbimizə daman nədir?

 

GÜZGÜ

Mən Günəşi göydə dana bilmirəm.

M.Ə.Sabir

Bizə dirilik verən

ocaqdımı, pirdimi,

Bizi heyrətə salan

ovsunlanmış sirdimi.

Allah özü göndərib

sevdiyi bir mələkdən,

Yoxsa bu şeiri yazan

Ələkbər Sabirdimi?!

Şeirindəki dərinlik

çəkdiyi ahdan gəlib,

Bəndənin işi deyil,

gücü Allahdan gəlib.

Öz yolunda, izində

vahid olub, bir olub,

Çıxıb şeirin taxtına

Ələkbər Sabir olub.

Bu millətin dərdindən

çəkib dərdi-ələmi,

Həqiqətdən danışıb,

Haqdan yazıb qələmi.

Oyanışa çağırıb

yuxlayan ürəkləri,

Hər sözü qamçı kimi

yandırıb kürəkləri.

İsitməyə çalışıb

            soyuq olan canları,

Oyatmağa çalışıb

mürgülü vicdanları.

Üzüqara ciyəri

ağrıdan şişdi getdi,

Yandı odsuz-ocaqsız,

ürəyi bişdi getdi.

İnsanın taleyini

düşünənlər, duyanlar,

Ürəklərdən keçəni

gözlərdən oxuyanlar,

Millət adı gələndə

Sabiri salar yada,

Kim Sabirə bənzəsə,

o qalacaq dünyada!

Onun qəlbində üsyan,

onun qəlbində vulkan,

Dağları titrədirdi

onun qəlbində tufan.

Onun səsi doğrunun,

düzgünlüyün səsiydi,

Göyün dəli şimşəyi,

yerin zəlzələsiydi!

UCALIQ

Biz ol biçarə ahuyuz ki,

Min səyyadımız vardır.

Bu vəhşətkahidə bax kim,

Nə çox cəlladımız vardır.

M.Hadi

Hadi bizim şeirimizə can kimi gəldi,

Namus kimi gəldi, vicdan kimi gəldi.

Yerlərə sığmadı, göyləri qucaqladı eşqi,

Axdı şeirin damarına təzə qan kimi gəldi.

Göydə göyü silkələdi, yerdə yerin varlığını,

Dağı yerindən oynadan tufan kimi gəldi.

“Daşa dönmüşlərə əks eyləmədi fəryadı”,

Qaranlıq gecələrə işıqdı dan kimi gəldi.

Hadi söz yazmırdı ki,

qulaqlarda top atırdı,

Hər kəlməsi duyanlara üsyan kimi gəldi.

Qara buludlar kimi tez-tez doldu, boşaldı,

Yağış kimi, dolu kimi, leysan kimi gəldi.

Bir sürü cəllad əlindən dünyanı

qurtarmaq üçün,

“Əskban olmuş cahana” bir adam kimi gəldi.

Nadanlığa, cahilliyə qılınc çəkdi dalbadal,

Məktəb kimi, elm kimi, irfan kimi gəldi.

Bəşər dedi, insan dedi, Vətən dedi şeiri,

Vətən deyə-deyə didəsi giryan kimi gəldi.

Göz aça bilmədi qəmdən,

küsdü çirkin bir aləmdən,

Qəm-həsrət üstünə dağdakı

duman kimi gəldi.

Hardadı qəbri, məzarı, nə bilən var,

tanıyan,

Şair sanki yer üzünə yerdəki

tufan kimi gəldi.

Cəlladını, fəryadını gördü zamanın,

İnsan kimi doğuldu, şair kimi yaşadı, iman kimi gəldi!

ÖLMƏZLİK

Bəni öldürsələr də, bən yaşarım,

Tərk edib xəlqi, xaliqə qoşarım.

H.Cavid

Allahından üz döndərən

biri deyil, beşi deyil,

Həqiqəti heç eləyib

haqdan dönən kişi deyil.

Axıradək mərd yaşamaq

hər adamın işi deyil,

Sən yaşadın, sən yaşatdın

qeyrəti, Cavid Əfəndi!

Sənin ruhun Türkün ruhu,

sənin dilin Vətən dili,

Bağban kimi bəsləmisən

ağac olub bitən dili.

Kim olursa öz xalqının

görən gözü, ötən dili,

O qaldırır zirvələrə

milləti, Cavid Əfəndi!

Gözün gördü, başın çəkdi,

hər qəsdi də, qərəzi də,

Sibiri də, sürgünü də,

ağrını da, mərəzi də.

Ölçmək olmur müddətini,

çəkmək olmur tərəzidə,

Kəskin olub düşmənlərin

nifrəti, Cavid Əfəndi!

Millət qalxır millət kimi

mərd insanın hesabına,

Şahidliyin, şəhidliyin,

təmiz qanın hesabına.

Sən qazandın məhəbbəti

pak vicdanın hesabına,

Kim qazanır asanlıqla

hörməti, Cavid Əfəndi!

Xaliq dedin peyğəmbərə,

“Quran”a bağlandı ruhun,

Gündoğana, günbatana,

Turana bağlandı ruhun.

Müşkünaza, Ərtoğrula,

Turana bağlandı ruhun,

Onlar idi bu həyatın

ləzzəti, Cavid Əfəndi!

Hansı yana gedirsən get,

yol haqqadı, yol Allaha,

Xalqın dostu yerindədi,

xalq düşməni” yoxdu daha.

Çətin gündə, dar ayaqda,

zülmət oldu bir əjdaha,

Özün boğdun işığında

zülməti, Cavid Əfəndi!

Ruhumuzun şirinliyi,

dilimizin qəndi dedik,

Cavid keçdi şair kimi

hər bərəni, bəndi dedik.

Oldun bizim əfəndimiz,

biz sənə əfəndi dedik,

Zaman-zaman başımızın

şöhrəti, Cavid Əfəndi!

VURĞUNDAN DANIŞIR

 

Vurğun deyər, bir dərd bilən yar olsun,

Zülfü bulud, sinəsi qar olsun.

Yaxşı gündə, yaman gündə var olsun,

Qədirbilən əhli-haldan danışaq.

Səməd Vurğun

Şimşəyin göyləri titrədən səsi,

Dağları oynadan gücü, həvəsi,

Uca kürsülərin isti nəfəsi,

Vurğundan danışır, Vurğundan deyir.

Üfüqdən üfüqə uçan durnalar,

Göllərdə, sularda üzən sonalar,

Oğlunun boyunu sevən analar,

Vurğundan danışır, Vurğundan deyir.

Dağlardı, düzlərdi sirri, sirdaşı,

Mahir ovçulardı dostu, qardaşı.

Yüz ildi car çəkir elin yaddaşı –

Vurğundan danışır, Vurğundan deyir.

Torpaq da, bulaq da, daş da, ağac da,

Sığallı hörük də, xurmayı saç da,

Zirvədə qartal da, çöldə turac da

Vurğundan danışır, Vurğundan deyir.

Sirri var, sehri var Vurğun olmağın,

Susmaz bülbülüdü bağçanın, bağın.

Ayrıca dili var aranın, dağın –

Vurğundan danışır, Vurğundan deyir.

Vurğuna sənətdə bir tac görürəm,

Xalqı yaxşılara möhtac görürəm,

Harda bir ağarmış gur saç görürəm –

Vurğundan danışır, Vurğundan deyir.

Atadan dərs alan bir uşaq kimi,

Mən onun eşqindən aldım dərsimi.

Sazın hər pərdəsi, sazın hər simi,

Vurğundan danışır, Vurğundan deyir.

Vurulur Vurğuna təzə gələnlər,

Ömrünü söhbətlə, sazla bölənlər.

Bilir qiymətini qədir bilənlər –

Vurğundan danışır, Vurğundan deyir.

 

 

Zəlimxan Yaqub

525-ci qəzet.- 2013.- 14 dekabr.- S.28-29.