Azərbaycan Parlamenti –
95
Azərbaycan parlamentində
M.Ə.Rəsulzadənin açılış nitqi
Dekabrın
7-də Azərbaycan Xalq Cümhuriyyəti qanunvericilik məclisi
– Məclisi-Məbusanın açılışının
95 ili tamam olur. Üzeyir bəyin
təbirincə desək, bu, tarixi bir gündür. 1917-ci
il iyunun 18-də Gəncədə Azərbaycanı
tərk edib İstanbula rəsmi ezamiyyətə getmiş Məhəmməd
Əmin Rəsulzadə 1918-ci il noyabrın 7-də Bakıya gəlir.
Noyabrın 9-da onun təklifi ilə Azərbaycan
hökuməti “Azərbaycan bayrağı haqqında” qərar
qəbul edir. Noyabrın 10-da Azərbaycanı
tərk edəcək Qafqaz İslam Ordusu komandanlığı
şərəfinə ziyafət təşkil olunur. Bakı və Azərbaycanı məhv olmaqdan xilas edən
türk ordusu bir neçə gündən sonra Azərbaycanı
və bütün Zaqafqaziyanı tərk etməyə
başlayır. İngilislərin
başçılıq etdiyi müttəfiq hərbi qüvvələrinin
Bakıya gəlişi gözlənilir. Vəziyyət
mürəkkəbdir, müstəqillik əleyhinə ermənilərin
və xristian icmasının çıxışları,
hazırlıqları görülür. Elə
Tomsonun başçılıq etdiyi müttəfiq
qoşunlarına da Azərbaycanda mövcud iqtidarın
türklər tərəfindən qurulması fikri İranda ikən
onlara təlqin olunur. Belə bir
müşkül vəziyyətdə Azərbaycan iqtidarına
qanuni xalq tərəfindən müdafiə olunan orqanın təşkil
edilməsi ehtiyacı görünürdü. M.Ə.Rəsulzadə
1918-ci il noyabrın 10-da Milli Şuranın
iclasını çağırır. Bundan əvvəl
F.Xoyski hökuməti 6 ay müddətinə Məclisi-Müəssisana
hazırlıq və çağırılması
planlaşdırmışdı. Bu çox uzun müddət
idi, hər şey alt-üst ola bilərdi. Milli Şura Zaqafqaziya seymində müsəlman
fraksiyasına daxil olan 44 nəfərin Tiflisdə mayın 27-də
təşkil etdikləri parlament funksiyasını yerinə
yetirirdi. Gəncədə
ilhaqçıların, yəni Azərbaycanı müstəqil
bir dövlət kimi yox, Türkiyənin bir vilayəti kimi
görmək istəyənlərin təzyiqi ilə Milli
Şura fəaliyyətini dayandırmışdı. Milli Şura işini bərpa edir və Azərbaycanın
Milli Məclisini, yəni Məclisi-Məbusanını təşkil
etmək haqqında qərar qəbul edir. Dekabrın
7-də bu qərar yerinə yetirilir və Azərbaycan
parlamentinin ilk iclası reallaşır. Oxuculara Milli
Şuranın 1918-ci il dekabrın 7-dək
fəaliyyəti haqqında onun rəisi M.Ə.Rəsulzadənin
“Azərbaycan” qəzetində dərc etdirdiyi tarixi sənəd
səciyyəli məqalələrini təqdim edirəm.
(Əvvəli
ötən sayımızda)
Məhəmməd
Əmin Rəsulzadə
Ta Tələt Paşa kabinəsi getməmiş Avstriya
hökuməti münfəridən müttəfiqlərə
sülh təklifini etmişdi. Hətta fransızlar
da öz müvəffəqiyyətlərini bildiklərinə
“Klemanso bu notanın cavabını keçmiş nitqində
vermişdir” demişlər. Avstriyanın
bu müraciəti etinasız qalmışdı. Ondan
sonra Vilsonun nitqləri əsnasında sülh şəraiti həqqində
anlatdığı 14 maddəyi almanlar da təsvib edib müttəfiqən
___ müqabilə
mütarikə təklif etmişlər idi. Bu
maddələrin 13-cüsündən böylə seziliyor ki,
türklər məskun olan yerlərdə tam hakimiyyət
onların, türklərdən qeyri olan millətlər
ayrı hökumət quracaqlar.
Bunun üzərinə Vilson nitqində 4 maddədən
ibarət bir şeydə əlavə ediyor ki, heç bir millət
üçün bir dövlət təbəəligindən
çıxıb digərinə keçmək olmaz.
Alman və Avstriyanın müraciətinə Vilson cavab
verməyib sonra anlatdı ki, Almaniyada imperator olduqca mütarikə
olmayacaqdır.
Onun üçün Qeyser təxtdən əl
çəkdi. Vəliəhd də qəbul
etmədi.
Baxıyorsunuz
ki, hər yerdə hökumət böhranı sühulət kəsb
edərsə Türkiyədə nədən isə bir az çətinlik ilə oluyor. Burada
bir də parlaman böhranı oldu. Səbəbi
də o idi ki, parlamanda külliyyətli bir firqə təşəkkül
ediyor, bunun bir müxalif firqəsi yoxdur. Onun
üçün də İttihad və Tərəqqi firqəsi
şübhələndi, tez bir zamanda “Hürriyyətpərvəran”
firqəsi meydana gəldi. Hamısı buna
bəyani-etimad etdi. Ümumi sülh
müzakiratını təklif etmək mümkün degildi.
Almaniya ilə müttəfiqlər arasında
israr ediliyor. Türkiyə ilə də
Almaniyanın əlaqəsi kəsilmiş idi.
Yeni
parlamanda proqramı başında bütün
dağınıq ordunu toplamaq Qafqasiyayı boşaltmaq,
almanların Türkiyədən getməsi, siyasi cinayətkarların,
sürgünlərin vətənə ovdəti müsaidəsi
və bir çox böylə maddə qəbul etdigi kibi
boğazların şimdilik müttəfiqlər dövlətlər
və Amerikanın təhti-işğalında qalmasını
qəbul etdi.
Bu ancaq mütarikədir və ümumi konfransadək
hökmü vardır. Siyasətdə cilvələr pək müxtəlif ola bilər. Kim diyordu ki, iki ay əvvəl
Paris üzərinə yürüyən o möhtəşəm
ordu birdən-birə böylə məğlub bir halə
düşəcəkdir. İki ay əvvəlki
halət böylə bir vəziyyətə təbəddül
ediləcəkdir. İmdidən də gələcək
xüsusunda bir şey söyləmək imkan xaricindədir.
Firəng və İngiltərə, Amerika ordusu
Batum təriqilə gəlib Qafqasiyadan keçəcəkdir.
Ola bilsin ki, gəlib buradan da keçsinlər,
yaxud buranı özlərinə bir əsülhərəkə
qərar verəcəkdir.
Bunu da zənn etmək olmaz ki, bu gün bütün
cahanın 14 maddələr ilə hüsni-təvəccöhini
qazanmış Vilson ümumi iğfal etmək
üçün bir bilöf yapıyor. Yəqin ki, o
da bu gün bir qüvvət qarşısındadır. Hər
şeydən daha qüvvətli olan millətlər hüquqi
bir cəmilə yapmaq üçün tədil və təfsirlər
ola bilər. Lakin bu prinsiplər
bütün-bütünə məhv olar fikri doğru degildir.
Bolşevizm bir yorğunluq fikridir. Millətlərin
hüquqi-mədəniyyəsi fikri də bu yorğun və
parçalanmış Rusiyadan doğdu. Əgər
bu sosializmənin əsaslarından biri olan bu maddə cahil
Rusiyada məsxərə şəklində oldusa da artıq
Avropanın yarısı bununla müstövli olmuşdur.
Şübhəsiz bu qədər qan tökmənin bir nəticəsi,
bir səmərəsi olacaqdır. O səmərə də bəşəriyyətin,
insaniyyətin, millətlərin yekdigəri hüququnu
tanıyan “cəmiyəti-əqvam” təşkil edəcəkdir.
Onu da bilməlisiniz
ki, bu şüar böylə nahaq qan tökməkdən
bıkmış, yorulmuş bütün bəşəriyyətin
nəticeyi-əfkarıdır.
İştə onun üçün xəlqimiz də
öz hökumətləri arxasında dursunlar, həqqi-hüquqa
layiq olduqlarını isbat etsinlər. Bu da macəra
yapsınlar demək degildir. Maddətən
tabe olmaq mənən də tabe olmaq degildir. Gələnlər də bizdəki intizamı, bizdəki
birligi görüb hörmət etmək məcburiyyətində
olacağı aşkardır. Ondan maəda
şəhərimizə gəlmək istəyən ordu bir
paraları kibi təkrar qarqaşalıq salmaq
üçün gəlmiyor, onlar gəlib buradan gedəcək
və Rusiyayı toplayacaqlar.
Burada hökumətin qaim olduğunu gördükdən
sonra onlar bizə riayət edər. Bizim hökumət də
o hökumətə etilaf edə bilər. Bunun
üçün xəlqimiz də özünü toplayıb
təşkil etdigi hökumətə müavinət etməlidir.
Həyəcanə imkan yoxdur. Məyusiyyətə gəlməz, cürəbəcür
küçələrdə danışılan sözlərdən
artıq təşvişə düşülməsin. Vəzifəmiz kəndi idarəmizi müdafiə etmək
olacaqdır. Yarından parlaman adından
lazımi yerlərə müraciət edilir. Teleqraflar çəkilir, öylə olmaz ki, bu
gün hər millətin öz kökü üstə bitməsi
tərəfdarı olanlar bir dövlət rəisi, yaxud mədəni
Avropa cümlənin səsini eşitdigi halda bizləri
eşitməgə qadir olmasın, yaxud ümumcahanı
iğfal etsin. Bu gün Avropayı millətlərin
həqqi-hüququnu tanımağa məcbur edən yarınki
məhkəməyi-kəbirada yəqin ki, orada bizim də həqqimiz
aranılar. Biz də istədigimizə nail olarız. Bu gün millətlər hürriyyəti tərəfdarı
olanlar da ədalətsizligin zirvəsinə qalxıb da bir
şey yapamazlar.
M.H.
“Azərbaycan”,
17, 20, 22 təşrini-sani (noyabr) 1918,
¹42, 45, 47
Məhasin
– gözəl keyfiyyətlər
Fəlc –
iflic
Əhya –
yeniləşmə
Münfərid
– təkbaşına
İnhitat
– tənəzzül
Amm – xalq,
kütləvi
Mütənəffir
– nifrətlənən
Ədd –
sayma
Bədihi
– aydın
Ərsə
– meyda
Bərhəm
– qarmaraışıq
Təsahüb
– sahib çıxma
Səhl –
asan
Müntəxəb
– seçilmiş
Sühulət
– əlverişlilik
İğfal
– aldatma
Tədil
– ədalətli iş görmə
Əhbab
– dostlar
Azərbaycan
Məclisi-Məbusanı təsisi həqqində qanun
1- Azərbaycan
parlamanı (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.
2- Azərbaycan
parlamanı Azərbaycan Məclisi-Müəssisanı dəvət
oluncaya qədər aşağıdakı tərtiblə
intixab olunmuş əzadan təşəkkül edər:
a- Rusiya Məclisi-Müəssisanına
dörd müxtəlif siyasi firqə siyahıları
mövcibincə Mavərayi-Qafqas əhali-islamiyyəsi tərəfindən
intixab olunub da sonra Mavərayi-Qafqas “seym”ində əza sifətilə
və bədə Azərbaycan Şurayi-Millisini təşkil
eləmiş 44 zatdan
b- Azərbaycan
bələdiyyələri müsəlman əzası ilə əskidən
mövcud bulunan milli müsəlman komitələri əzası
tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq
zəvatdan
p- Əqəliyyətdə
bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən
cəlb olunacaq zəvatdan
t-
Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tüccar və
ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvatdan
3-
Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza
bu nisbətlə cəlb olunacaq.
a-
Əhali-islamiyyə tərəfindən Bakı – 5,
Göyçay uyezdi – 2 (biri şəhər, biri uyezd), Cavad –
2 (biri şəhər, biri uyezd), Quba – 3 (biri şəhər,
ikisi uyezd), Lənkəran – 2 (biri şəhər, biri uyezd),
Şamaxı – 2, Gəncə – 3 (biri şəhər, ikisi
uyezd), Ərəş – 2, Cavanşir – 1, Zəngəzur – 2,
Qazax – 1, Cəbrayıl – 1, Nuxa – 2 (biri şəhər, biri
uyezd), Şuşa – 2 biri şəhər, biri uyezd), Zaqatala – 2
(biri şəhər, biri mahal).
İrəvan vilayətinin Azərbaycana keçən
hissəsi – 3, Tiflis vilayətinin Azərbaycana keçən
hissəsi – 1.
Qeyd:
a)
Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi
müsəlman əzası tərəfindən seçiləcəkdir.
Digər şəhərlərdə dəxi
şəhər hissəsinə düşən nümayəndəyi
ümumi intixabla seçilmiş müsəlman
qlasnıları seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri
tərəfindən intixab olunacaqlardır.
b)
Seçkilər gizli olacaq.
p) Əqəliyyət
təşkil edən millətlərdən: erməni əhalisi
tərəfindən 21 – 8-i Gəncə erməni əhali komitəsindən,
8-i Şuşa erməni əhali komitəsindən,
5-i də Bakı Bakı erməni komitəsindən.
Rus əhalisindən
Bakıdakı rus milli şurasından – 10
Alman əhalisi
təşkilati-milliyyəsindən – 1
Yəhudi
şurayi-millisindən – 1
Gürcü
komitəsindən – 1
Polyak
komitəsindən – 1
t)
Bakı həmkarlar cəmiyyəti şurasından 3, Bakı
Sovet syezd və ticarət sənaye cəmiyyətlərindən
müştərəkən – 2
Qeyd: 1- Bələdiyyəsi
və milli şurası olmayan qəzalar nümayəndələrini
köy obşestvo nümayəndələrinin ictimaində təyin
edə bilərlər. Bu ictima hər
obşestvodan birər nümayəndə göndərilmək
surətilə hasil olur.
Qeyd: 2-
Əhvali-fövqəladəyə məruz bulunan yerlərin
nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.
Qeyd: 3-
Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən
44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa
bir səbəblə məclisdən çıxarsa onun əvəzinə
mənsub bulunduğu siyahının mürəttibi bulunan firqə
müəssisatı tərəfindən başqa birisi təyin
olunur.
Qeyd: 4- Cəlb
olunacaq əşxasın intixabən şəhərlərdə
bələdiyyə rəisləri, uyezdlərdə mirovoy
sudyalar və ya onların müavini və əqəliyyətə
mənsub millətlərdə milli şura rəislərinin təşəbbüs
və nəzarətilə icra olunur və intixab olunacaq zəvatə
kəndi imzaları ilə keyfiyyəti intixabı mövze və
müsəddiq etimadnamələr verilir.
Şurayi-Milli
rəisi: Məhəmməd Əmin Rəsulzadə
Şurayi-Milli
katibi: Rəhim Vəkilov
Surəti əslilə mütabiqdir.
Şurayi-Milli
idarə müdiri: Məhəmməd Seyid
“Azərbaycan”,
28 təşrini-sani (noyabr) 1918, ¹51
Azərbaycan
Məclisi-Məbusanında
Bu gün
7 qanuni-əvvəl: illər ilə intizarını çəkdigimiz
tarixi bayram günü. Hələ səhər tezdən evdən
çıxarkən şəhərdə bir halət,
başqa bir ruh görüyorsan; bu gün sair günlərə
bənzəməz! Bu gün bazar-dükan bağlıdır;
bu gün məktəblərdə çocuqlar dərsdən
azad edilmişlərdir; bu gün ümum müəssisələr
bayram ediyorlar: Azərbaycan tarixi bayramı; birinci Məclisi-Məbusanın
güşadı bayramı!
Küçələrdə, evlərdə hamı
biri-birini təbrik ediyor. Hamı şad, hamı məsrurdur.
Səhərdən
şəhər küçələrində zirehli avtomobillər
görülüyorlar; hələ saət 9-dan qabaq
bütün dükanlarını bağlamış, bayram
etmiş olan türk-islamlar parlaman binası – fəqət o
sevgili möhtəşəm müəzzəm “İsmailiyyə”
degil, ünas məktəbi olan bina – qabağında yüzlər,
bəlkə minlər ilə toplaşıb
danışıyor, hər kəs öz dairəsində,
öz “əqli kəsdigi” kibi övzai-siyasiyyədən
istiqbal və istiqlaldan, hürriyyət və istibdaddan bəhs,
mübahisə ediyor. Cəmaətdə bir
qaynaşma var.
Birinci
iclas
Nikolayevski küçədə iki zirehli avtomobil
dayanmış, küçədə ingilis və Azərbaycan
fəxri qarovulu durub Bazarnı küçədən Persidskiyədək,
Nikolayevskidən şəhadətnaməsi olmayanı
buraxmıyorlar. Parlaman binasının qapısından
salonadək qarovullar durub, küçədən salonadək
xalılarla bəzənmişdir. Parlaman
binasının üstündə və lojada Azərbaycan
bayrağı vurulmuşdur. Tamaşaçılar
üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox
xanımlar dəxi vardır. Ümumiyyətlə
ruh yüksəkligi hökmfərmadır.
İclas açılmadan əvvəl məbuslar və
sairləri dəstə-dəstə, topa-topa
yığışaraq əhvali-hazirə və
övzai-siyasiyyə həqqində danışıyorlar. Parlamanın vəzifəsi,
gələcək Məclisi-Müəssisan, hazırki
hökumət və sairə həqqində mübadiləyi-əfkar
icra olunur.
Diplomasi nümayəndələr lojalarında İran,
Dağıstan və Gürcüstan nümayəndələri
əyləşmişlərdir.
Nəhayət saət ikinin yarısında iclas
açılıyor. İclası Məhəmməd Əmin Rəsulzadə
cənabları nitqi-iftitahilə açaraq Azərbaycan
istiqlalının müxtəsər tarixindən,
elani-istiqlaldan əvvəlki haldan və rus istibdadından
incimiş, zənciri-əsarət altında əzilmiş və
bittəbii bundan dolayı rus hökumətinə nifrətlə
baxmaqda olan müsəlmanların və xüsusən Azərbaycan
türklərinin rus milləti və rus mədəniyyətinə
qarşı məhəbbət və dostluqdan başqa bir fikri
olmadığını qeydlə nəhayət Azərbaycanın
yaşamasına ətfi-kəmal ediyor. Bütün millətlərin
amal və gedəcək yolları bir olduğunu göstərərək
bu gün bu binada qaldırılmış olan bayrağın
enmiyəcəginə haman bu amillərin dəlil və azərbaycanlıların
şüarı olaraq istiqlal və hürriyyət uğrunda
göstərdikləri və göstərməgə hazır
olduqları fədakarlıqların bir istinadgah olduğunu,
paytaxtımızda bulunan müttəfiqlər nümayəndələrinin
də münasibat və rəftarını qeydlə diyor ki,
vicdani-bəşər heç vəqt böylə
zülmü işləməz ki, bizi bu səadətdən məhrum
qılsın. Binaənileyh natiq cənabları
azərbaycanlıları ittihad və ittifaqla
çalışaraq müstəqil yaşamağa qail müstəid
və müstəhəqq olduğumuzu isbat etməgə
çağırıyor. (Nitq kəraətlə
gurultulu alqışla kəsiliyor).
Nitqinin axırında sədr cənabları bir sədr
ilə bir baş müavin seçməgi təklif ediyor. Beş dəqiqə
tənəffüsdən sonra “Müsavat” və bitərəflər
namindən Şəfi bəy Rüstəmbəyov sədrligə,
Əlimərdan bəy Topçubaşovun və baş
müavinligə Həsən bəy Ağayevin namizədligini
təklif ediyor.
Təklif ümumiyyətlə qəbul olunur.
Həsən bəy Ağayev sədr yerini tutaraq böylə
tarixi gündə bunca nəsibinə böyük şərəf
və ehtiram düşdügündən izhari-etimad edərək
seçənlərə təşəkkürünü bəyan
ediyor. Sonra müvəqqəti bir katib intixabı
lüzumunu qeydlə parlaman adətincə katibligə ən cavan
məbusu seçmək qaidəsini bəyan binayi-aliyə Rəhim
bəy Vəkilovun namizədligini təklif ediyor. Təklif qəbul olunur.
Sonra Azərbaycanın hər yerindən və ümum
millətlər və siniflərdən alınmış olan təbrik
teleqraflarını qismən oxuyur. (Teleqraflar dünki sayımızda
dərc edilmişlərdi).
Teleqraflardan sonra hökumət rəisinə səs
verilir.
Fətəli xan Xoyski uzun gurultulu alqışlar
altında kürsi-xitabətə çıxaraq ibtida
böyük, əziz mübarək gün münasibətilə
parlaman əzasını hökumət namindən təbrik
ediyor. Sonra hökumətin məsuliyyət və fəaliyyətindən
bəhslə hər nazirin öz nəzarəti həqqində
müfəssəl bəyanat və məruzə verəcəgini
vəd ediyor. Kəndisi isə Azərbaycan hökumətinin
həyyən təşkilindən bu vəqtədək nə
kibi daxili və xarici şərait altında nə surətlə
çalışdığını, o vəqtki anarşi,
yolsuzluq, müxabirəsizlik, pulsuzluq, əskərsizlik və
ümumiyyətlə bir dövlət və hökuməti
yaşada biləcək amillərin ümumiyyətlə
yoxluğunu zikrlə hökumətin fəaliyyətini təsvir
ediyor və şükr eliyor ki, ən mühüm məsələlər
qüsurla da olsa həll edilmiş: pul kəsilmiş və əsl
Azərbaycan pulu bu yaxınlarda hazırlanacaqdır, yollar,
post-teleqraf münasibat və müxabiratı
açılmış, paytaxtımız hüquq və ədalət
bayrağı altında hüquqi tapdayanların əlindən
alınmışdır. Natiq həzrətləri türklərin
dəvəti qonşu millətlər və hökumətlər
ilə münasibatımıza və sairlərini açıq
təsvir etdikdən sonra diyorlar ki: şimdi artıq parlaman dəvət
olundu. Heç hökumət bundan sonra bir dəqiqə belə
iş başında qalmaq istəməz. Binaənileyh
hökumət istefa veriyor.
(Gərək Məhəmməd Əmin bəy və gərəksə
Xan Xoyski həzrətləri nitqlərinin təfsilatı
sabahkı nömrəmizdə olacaqdır).
Məhəmməd
Əmin bəy təklif ediyor ki, yeni hökumət təşkilinədək
sabiq hökumət məmləkəti idarəsiz buraxmayaraq
iş başında qalsın.
Təklif qəbul olunur.
Sədr etibarnamə, nizamnamə və təsərrüfat
komissiyaları seçmək lüzumunu göstərərək
namizədlər göstərilməsini təklif ediyor.
Bu namizədlər
göstəriliyor:
“Müsavat”
və bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov,
Məhəmməd Yusif Cəfərov, Abbasqulu Kazımzadə.
Sosialistlər
ittifaqı (müsəlman) tərəfindən: Məhərrəmov,
Səfikürdski, Hacınski.
“Hümmət”
firqəsindən: Qarayev, Camalbəyov və
Şeyxülislamov.
“İttihad”
firqəsindən: Vəzirov Zeynal bəy, Məhəmmədbəyov
və Qara bəy Qarabəyov.
Gürcülər, lehlər, yəhudilər və
almanlar nümayəndələri tərəfindən Qoxman,
Vanseviç və Tsixaqaya.
Rus
slavyanları tərəfindən: Mixaylov, Klınyevski və
Krınqo.
Namizədlər qəbul olunur.
Sonra “İttihad” firqəsi təklif ediyor ki, parlaman
güşadı münasibətilə siyasi məhbuslara əfvi-ümumi
elan olunsun.
Sosialistlər ittifaqı, Müsavat və Hümmət
bu təklifi təbrik ediyorlar. Əsas etibarilə
etiraz edən olmuyor. Fəqət bu təklifin
qanun layihəsi surətində təqdimi və müəyyən
bir komissiya, ya fraksiya tərəfindən verilməsi məsələsi
qaldırılaraq nəhayəti-ara ilə 5 nəfərlik bir
komissiyaya məhvəl edilməsi təhti-qərara
alınıyor.
Komissiyaya
aşağıda ismləri yazılan məbuslar daxil oluyorlar:
Müsavatdan
– Qardaşov
Sosialistlər
ittifaqından – Səfikürdski
Hümmətdən
– Ağamalov
Bitərəflərdən
– Əfəndiyev
İttihad
firqəsindən – Zeynal Tağıyev
İclas saət 5 radələrində qapanıyor.
Gələcək iclas düşənbə günü
saət 12-yə təyin ediliyor.
“Azərbaycan”,
8 qanuni-əvvəl (dekabr) 1918, ¹59
Məsrur
– elan, xatırlama
Müstəid
– istedadlı, bacarıqlı
Müstəhəqq
– layiq
Həyyən
– yarandığı, dirildiyi
Azərbaycan
parlamentində M.Ə.Rəsulzadənin açılış
nitqi
Möhtərəm
məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk
Məclisi-Məbusanını açmaq yövmi-səadəti,
siz möhtərəm məbusları təbrik etmək şərəfinin
öhdəmə düşməsi ilə müftəxirəm
(Alqışlar). Əfəndilər,
Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər
arasında bir həqiqəti-bahirəyi dəxi elan etmişdi.
Bu həqiqət millətlərin həqqi-hürriyyət
və istiqlalı idi. Rusiya inqilabı təbiətində
mövcud olan ruhə sadiq qalaraq təbii yolu ilə inkişaf
etsəydi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən
mütəşəkkil azad və demokratik bir Rusiyayi bir an əvvəl təsis edəcək idi. O vəqt
təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiyyələri
digər məhkum millətlərlə bərabər başqa
bir təriqdə cərəyan edəcəkdi. Millətlərə
kəndi müqəddəratlarının təyinini pək səmimanə
bir surətdə Rusiya Məclisi-Müəssisanından
gözlədilər. Fəqət Rusiyada
inqilab və demokratizm naminə zühur edən məkus bir
istibdad nə kibi xarablıqlar yaratdığını
bilirsiniz. İnqilab naminə hökmfərma
olan anarşi və millətlərin hüququ elanından sonra
yeridilən qatı mərkəziyyətçilik Zaqafqasiya
millətlərini kəndi başlarının çarəsinə
baxmaya sövq etdi. Zaqafqasiyadan Rusiya Məclisi-Müəssisanına
intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin
hüququnu Zaqafqasiya “Seymini” təşkil və onun
istiqlalını elan etməkdə gördülər.
Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən
seçilən vəkillərin Şurayi-Milli təşkilinə
sövq, bu Şurayi-Milli isə Azərbaycan istiqlalını
elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan
istiqlalı elan olundu. (Alqışlar).
Bu gün əqəliyyət təşkil edən millətlərin
nümayəndələri dəvət olunmaq üzrə
iştə bu məclis təşəkkül etmişdir. Bu məclis
ümumi seçki üsuli ilə toplanacaq Azərbaycan Məclisi-Müəssisanı
toplanıncaya qədər məmləkətimizin sahibi olacaq.
Burada Azərbaycanda bulunan bütün millətlərin,
təbəqələrin və müxtəlif cərəyanların
nümayəndələri olduğundan bu məclis vətənimizi
tamamilə təmsil edə bilər.
Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə
qarşı heç ədavət və nifrətimiz yoxdur. Bezar
olduğumuz Rusiya çarizm Rusiyası, Rusiya
istibdadıdır. Rusiyaya nifrətimiz
Rusiya istibdadı altında inləyən Rusiya cəmaətinə
nifrət demək degildir. Bizcə mənfur
olan, millətləri əzən və hüquqlarını
verməyən rəsmi Rusiyadır. Hər
bir millət müstəqil və hürr olmalı, hürr
olduqdan sonra digər millətlərlə ürək istədigi
kibi əqdi-ittifaq etməlidir. Bütün
dünya millətlərinin bir “Cəmiyyəti-Əqvam”
vücuda gətirməsi bizim ən müəzzəz fikirlərimizdəndir.
Bu “federasyon” cəbrlə degil, təbii bir meyl və
arzu ilə hasil olmalıdır. (Alqışlar).
Ərz etdim ki, biz Rusiya cəmaətinin də
düçar olduğu fəlakətdən
qurtarılmasını ürəklə istəriz. Biz Rusiya
hökumətinin həqiqi rus demokratiyası əlinə
keçməsi tərəfdarıyız. Çünki
Qafqasiya dağlarının şimalında təşəkkül
edən müstəbid və təcavüzkar bir hökumətə
biz laqeyd qala bilməriz. (Alqışlar).
Biz Rusiyanın səadətini istəriz. Rusiya cəmaətini sevəriz. Fəqət
kəndi istiqlalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul
etdirilən bir şeydə qətiyyən səadət olamaz.
Çünki səadət hürriyyət və
istiqlaldadır.
İştə bunun üçün əfəndilər,
müstəqil Azərbaycanı təmsil o üç
boyalı bayrağı Şurayi-Milli qaldırmış. Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa əfkari-əhraranəsinitəmsil
edən bu üç boyalı bayraq daima
başlarımızın üstündə ehtizaz edəcəkdir.
(Məbuslar yerlərindən qalxıyor, şiddətli
alqışlar mədid bir surətdə davam ediyor).
Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor. Bu günəş bir daha üful etmiyəcək. Bən vicdani-bəşəriyyətə inanıyoram. Milyonlarla insan bahasına mal alan qitali-ümumidən sonra vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verməz. “Cəmiyyəti-Əqvam” fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir. Bu bənə ümid veriyor. Qüvvətlə inanıyoram ki, artıq milləti öldürmək, millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün degildir. Qaliblər də, məğlublar da millətlərin hüquqi təslim edilməlidir diyorlar. (Alqışlar). Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Bu gün əhbabə hakim olanlar müttəfiqlərdir. İngilis, Amerika, Fransa dövlətlərinin bayraqlarında millətlər təmini-hüquqi və “Cəmiyyəti-Əqvam” şüarı yazılıbdır. Dövlətlərin Bakıda bulunan nümayəndələri naminə general Tomson Qafqasiya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişlərdir.
Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddəratımızı, kəndi istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti payidar olur. Fəqət bunun üçün təkrar ediyorum səbat və mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edəlim. Bu oldumu sizi təmin edirəm ki, kimsə həqqimizi təslim etməmək cəsarətində bulunamaz. Hanki vicdandır ki, istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar).
Əfəndilər, biz Qafqasiya əqvami ruhumda hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin müməssili olan “Prometey” Qafqasiya dağlarında zəncirə bənd edilmişdi. O, daima zəncirlərini qırmaq təşəbbüsündə idi. “Prometey”in ruhu Qafqasiyanın bütün millətlərində vardır. Qafqasiya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bəid degildir. Qardaş millətimiz olan Şimali Qafqasiya, qapıbir qonşumuz ermənilər, münasibati-dostanəmiz bütün cüziyyətə rəğmən daima səmimi qalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus cəmaətinin mühüm bir qismi ilə əl-ələ verərək biz Qafqasiyanın müqəddəratını qitə üzərində yaşayan millətlərin arzusu vəchilə təmin edə biləriz. (Sürəkli alqışlar. Diplomasi lojalarına müraciətlə təkrar alqışlar).
Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim. Buna iman ediyoram. Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm vəzifəmi hüsni-ifa etməmişəm deməkdir. Zaman ağır, gedəcəgimiz yol çox tikanlı və arizəlidir. İləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Bu maneəli yolları keçmək və sərmənzili-məqsudə irmək üçün siz məbus əfəndilər bir çox fədakarlıqlar ibraz etməli, təmsil etdiginiz millətə səbat, mətanət göstərmək üzrə bir nümunəyi-əmsal təşkil etməlisiz. Bu nümunəyi göstərəcək iqtidar və istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir.
Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kibi vətən və millət qayəsi qarşısında səqil qalan qərəzlər atılmalı, vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır. (Sürəkli alqışlar).
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan iftitahındayız. Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər bir şöləyi-ümid və iman təşkil eləmişdir. O atəş ki, bu gün də sərvət və saman səbəbi və baisi-təməddündür. Qoy bu atəş Azərbaycan övladının sinələrinə dolsun, milyonlarla ürəyi yaxan bu atəş əbədiyyən sönməz bir məşəl təşkil edib də hürriyyət və istiqlala doğru getdigimiz maneəli yolları işıqlandırsın! (Sürəkli və mədid alqışlar).
“Azərbaycan”, 9 qanuni-əvvəl
(dekabr) 1918, ¹60
Məsun – toxunulmaz
Məkus – tərsinə dönmüş
Müəzzəz – əziz
Mədid – uzun
Üful – qürub
Təmin – xatircəm
Bəid – uzaq
Səkil – çirkin
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.26-27.