Minnət
hekayə
Baş
direktor nitqini yekunlaşdırıb məlumat
üçün bir də onu dedi ki, istehsalat rəisi məsələsini
həll etmişik. Nazirliklə
razılaşıb Mehman Qasımovun üzərində
dayanmışıq. O, üzünü mənə
çevirib:
– Bu
böyük etimaddır, – dedi.
Direktor bir-iki kəlmə də bəzi geridə qalan
müəssisələrin vəziyyətindən
danışıb fikrini yekunlaşdırdı. İclas
salonunu tərk etdik.
Neçə
il bir idarədə işlədiyim,
oturub-durduğum dost-tanışlarım əlimi hərarətlə
sıxıb təbrik etdilər. İkicə
saat bundan əvvəlkinə nisbətən indi çox
adamın mənə münasibəti birdən-birə
başqalaşmışdı. Bəzilərinin
səsinin ahəngi, sifətinin ifadəsi,
baxışlarındakı adilik hiss olunacaq dərəcədə
dəyişmişdi. Dünən mənə sadəcə
olaraq “Mehman”
deyə müraciət edənlər, indi xüsusi ehtiramla:
“Mehman Hilaloviç” , “yoldaş Qasımov” deyirdilər. Etiraf
edim ki, işçilərlə mənim aramda yaranmağa
başlayan bu cür yeni və həm də nəzakətli
ünsiyyət özümü də
çaşdırmışdı. Özümdən
asılı olmayaraq yerişim də get-gedə dəyişirdi,
daha həmişəki kimi sakit-sakit yox, ədalı
addımlar atırdım.
İnstitutu bitirdikdən sonra təyinatım birbaşa
bu istehsalat birliyinə verilmişdi. On ildən artıq idi
ki, burada aşağı işlərdə
çalışırdım. İndi isə rəis...
Sözümün canı başqadır. Onca dəqiqə
keçməmiş baş direktor məni yenidən yanına
çağırtdırdı. O, telefon zənglərinə
cavab verdikdən sonra qəddini irəli əyib xoş əhval-ruhiyyə
ilə əlimi sıxdı və:
– Təbrik
edirəm, – dedi.
Sonra fikrə getdi. Hiss olunurdu ki, nə isə demək istəyir. Mən susmuşdum. Həmişəki
kimi əlimdə dəftər, qələm müntəzir
dayanıb, onun verəcəyi sərəncamı gözləyirdim.
Baş direktor təmkinli görkəm, alıb nə
barədəsə düşünürdü.
Başını qaldırıb mənalı-mənalı
düz gözümün içinə baxdı və
gülümsündü:
– Bizdən
narazı qalmadın?! – soruşdu...
Bu qayğı və nəzakət məni lap kövrəltdi. Bir daha öz
təşəkkürümü bildirdim.
Direktor:
–
Bilirsiniz də... – dedi, – bu vəzifədə gözü
olanlar çox idi. O adam
qalmamışdı ki, üstümə minnətçi
göndərməsin. Ancaq sizin
üstünüzdə dayandım. Baxmayaraq
ki, bəzi yoldaşlar... – O, istehza ilə
gülümsünüb, eyhamla müavinlərinə işarə
vurdu. – Bu işə qəmiş qoyanlar da çoxudu. Hərəsi öz adamını irəli çəkmək
istəyirdi. Ancaq imkan vermədim,
ağızlarından vurdum.
Baş
direktor səsinin ahəngini dəyişib dərin bir sirr
açırmış kimi pıçıldadı:
– Öz
aramızda qalsın, heç kim razı
deyildi. Heç müavinlərim də...Şəxsən mən
özüm... Minnət qoymaq istəmirəm.
Buna ehtiyac da yoxdu. Onsuz da
istehsalat rəisliyinə sizdən münasib namizəd
görmürəm. Bunu deməkdə məqsədim
odur ki, hələ cavansan. Kimə
inanıb etibar etməyi, kimlərlə oturub-durmaq lazım
olduğunu bilməlisiniz. Tutduğunuz yeni
vəzifənin xüsusiyyəti də belə tələb
edir. Düzdür, sizi mən vəzifəyə
qoymuşam, mən də axıra qədər müdafiə
etməliyəm. Buna şəkki-şübhən
olmasın. Dediklərimi də yaxşı-yaxşı
fikirləş, yetimçiliklə böyümüş
oğlansan, özün üçün nəticə
çıxart. Başa düşdün?!
Sabahdan qolunu çırma, giriş işə! Özünü
göstər. Sonra ağzıgöyçəklər
orda-burda deməsinlər ki, direktor təsadüfi kadrları
irəli çəkir.
Qəddimi
əyib:
– Bəli,
doğru buyurursunuz... – dedim. – Mənə hər şey
aydındır... Xəcalətinizdən...
Onun dedikləri hələ də qulağımda cingildəyirdi. Eşitdiklərimi
özlüyümdə götür-qoy edirdim.
Günorta fasiləsindən qayıdanda, birinci müavin
Söhbət Səlimzadə ilə rastlaşdım. İşarə
vurdu ki, yanıma gələrsən. Getdim.
Səlimzadə nikbin əhval-ruhiyyə ilə kimisə hədələyirmiş
kimi barmağını silkələyib:
– Mehman
Hilaloviç – dedi. – Gördün də, atalarını necə
yandırdıq!
Onun nə demək istədiyini başa düşmədim. Səlimzadə şaqqanaq
çəkdi:
– Deyəsən
hələ fil qulağında yatmısan. Bu həngamələrdən
xəbərin yoxdur. Neçə
gündür ki, sənin üstündə mübahisədəyik.
Direktor nazirlikdəkilərlə qurub-qoşub, bu vəzifəyə
başqa yerdən adam gətirtmək istəyirdi.
Məsələni qəti qoydum, dedim, olmaz! Mehman
Qasımovun təhsili də var, təcrübəsi də.
Yetimçiliklə böyüyüb, əzab-əziyyətlə
oxuyub... Kollektivə isnişib, hamının da
dilini bilir. Bizə kənar yerdən kadr gətirməyə
ehtiyac yoxdur. Axır ki, mən deyən
oldu.
Səlimzadə
ayağa qalxıb qalib sərkərdə ötkəmliyilə
əlimi yenidən sıxdı:
– Səni
bir də təbrik edirəm! Ancaq elə tərpən
ki, direktorun yanında dilimiz gödək olmasın. Bilirsən
də nə yuvanın quşudu... Yaxşı
işləməsən, oturub-durub başımıza qaxacaq.
Deyəcək ki, şəxsən sən Səlimzadə
Mehmandan ötrü iki ayağını bir başmağa dirədin,
mən də qoydum. İndi cavab ver! Əslində
direktorla mənim aramda olan daxili söz-söhbət buradan kənara
çıxmamalıdır. Bunları sənin
xatirini istəyib, etibar etdiyim üçün açıb
deyirəm və öz aramızda da qalmalıdır.
Aydındır?..
“Hər şey aydındır” – demək mənasında
stulumda yırğalanıb, direktor müavininin dedikləri ilə
razılaşdığımı və bu barədə ona
minnətdar olduğumu bildirdim.
Səlimzadə cavabımdan razı qalıb məmnun
oldu. Bir
addım irəli yeriyib yenə də əlimi sıxdı:
– Sənə
müvəffəqiyyət... Elə et ki,
planlar kəsirdə qalmasın, məhsulun keyfiyyətini də
unutma. Düzdür, ilk günlər bəzi
çətinliklərin olacaq. Eybi yoxdur,
yavaş-yavaş öyrənərsən. Heç
kəs anadan rəis doğulmuyub. Necə
ki, bu stuldayam heç nədən qorxub çəkinmə.
Təpərli ol. Eşitdiyimə
görə orada son vaxtlar başlı-başınalıq əmələ
gəlib. İşi ilk gündən möhkəm
götürərsən!
– Baş
üstə.
İş vaxtının qurtarmasına bir neçə dəqiqə
qalırdı.
İdarə sənədlərini yerbəyer
edib, seyfin qapısını bağlayıb, kabinetdən
çıxmağa hazırlaşırdım. Daxili telefon zəng çaldı. İkinci müavin
Dadaş Qənbərlinin səsi gəldi:
– Zəhmət
olmasa, bura...
– Baş
üstə!
İçəri
girəndə Dadaş Qənbərli məni təntənə
ilə qarşıladı:
– Qədrimi
bilməzsən! – dedi.- Əvvəla səni
təbrik edirəm. İkincisi də xəbərin
olsun ki, direktor istehsalat rəisliyi məsələsini ilk dəfə
mənimlə məsləhətləşib. Ağzını açan kimi sənin adını
çəkdim. Dedim ki, bu vəzifə Mehman Qasımovun
boyuna biçilib. Gənc mühəndisdir,
az-çox da təcrübəsi var. Kimsəsiz oğlandı,
öz gücü ilə gəlib bu mərtəbəyə
çıxıb. On ildən də
çoxdu bizim birlikdə işləyir, bilmədiyini də
öyrədərik. Adamları da
yaxşı tanıyır, hamı da xatirini istəyir. Üzüyola oğlandır.
Dadaş
Qənbərlinin səsinin ahəngi dəyişdi:
–Öz
aramızda qalsın – dedi, – əvvəlcə gördüm ki,
direktor nə isə tərəddüd eliyir. Başa
düşdüm ki, könlü yoxdur. Arğac
kimdən keçmişdisə, şefin sənin barəsində
fikri o qədər də müsbət deyildi. Ancaq izah edib inandırdım ki, Mehman Qasımovun barəsində
deyilənlər tamamilə uydurmadır.
Dadaş
Qənbərli ağır bir yükün altından
çıxıbmış kimi dərindən nəfəs
alıb gülümsündü və söhbətinə davam
etdi:
–
Güc-bəla razı salıb, birtəhər yola gətirdim
– dedi. – Sağ olsun, təklifimi nəzərə aldı. Siz də gərək bunun müqabilində hünərinizi
göstərib, nəyə qadir olduğunuzu sübut edəsiniz.
Qoy görsünlər və bilsinlər ki, papaq altında necə
oğlanlar var! Zəiflik etsən, pis vəziyyətdə
qala bilərəm. Başa
düşdün?!
Tapdığım uğurun səbəbkarı kimi
Dadaş Qənbərliyə də minnətdarlıq etdim. Onun
etimadını doğruldub, yaxşılığını
yerdə qoymayacağıma söz verdim.
İdarədən çıxanda qarğı kimi uzun və
arıq kadr şöbəsinin inspektoru Ağamurad məni
yanladı. Ağamurad iyirmi ildən çoxdu kadr işinə
baxır. Pensiya vaxtı ötsə də,
işdən ayrılmaq istəmir. Deyir ki,
hələ canım suludur. O, qolumdan yapışıb məni
irəlidəki gediş-gəlişi az
olan, sakit və darısqal küçəyə tərəf
çəkdi. Sol qulağı bir az
ağır eşitdiyi üçün hər dəfə
danışanda sağ tərəfini mənə tərəf əyirdi.
Ağamurad ərklə kürəyimə vurub:
– Mehman,
bilirsən nə var? – dedi. –Hər şey qismətdi, elə vəzifə
də. Kimin alnına nə yazılıbsa, o da
olmalıdır. Heç bilirsən, sənin
rəisliyinin üstündə başım nələr
çəkdi?! –
Doğrusu dillənmədim. O, sinəsini gərib ehtiyatla:
– Bunu
ancaq sənə deyirəm haa... Aramızda da qalmalıdır
– sözünə davam etdi:
– Bir ay
bundan əvvəlin söhbətidir. Şöbə
müdirimiz məzuniyyətdə olanda direktor məni
yanına çağırdı. Özün bilirsən
də, xatirimi necə istəyir... Mən olan yerdə
şöbə müdiri kimdir! Yanında, hələ
indiyə kimi bir sözüm iki olmayıb. Şef soruşdu ki, ay Ağamurad, sən bizim bu
kollektivin ağsaqqalısan, ağıllı-başlı
kadrın yoxduu? İstehsalat ağır sahədi,
neçə-neçə ölkəyə məhsul göndəririk.
Bu vacib yerə bəs kimi rəis qoyaq? Nazirlikdən də həmin yerin boş
qalmasını bizə irad tuturlar. Direktor dedi ki, get
yaxşı-yaxşı fikirləş, nəticəsini mənə
de.
Ağamurad
ayaq saxlayıb ötkəm əda ilə qaşlarını
yuxarı dartıb, gözlərini geniş açdı:
– Həə!
Nə danışırsan! Mən olan yerdə şöbə
müdiri kimdir! Şef xatirimi dağlarcan istəyir.
Niyə? Ona görə ki, hələ
bir dəfə də olsun ona saxta söz deməmişəm.
Mənə iki gün vaxt verdi. Çox götür-qoydan sonra sənin üstündə
dayandım. Elə səhərisi şəxsi
işini aparıb qoydum direktorun stolunun üstünə.
Mehman, o əziz başın üçün
şef məni düz üç həftə get-gələ
saldı. Dedi ki, Ağamurad, nujeli sənin başqa bir
münasib kadrın yoxdur? Mən də cavab
verdim ki, bu idarədə istehsalat rəisliyinə Mehman
Qasımovdan layiqli kadr görmürəm. Əgər siz
bilirsinizsə buyurun, deyin! Direktor qırımımı
görüb, bir az duruxdu. Baxıb
gördü ki, yooox, mən də mənəm haa! Sözümün üstündə möhkəm
durmuşam. Yumşaldı. Xasiyyətimi
bilir dəə... Bilir ki, mən deyən olmasa! Qəlbim ondan
birdəfəlik sınar, qiyamətə qədər düzəlmərəm,
həə... Nə başını
ağrıdım, Mehman, axır ki, şefi birtəhər ipə-sapa
gətirdim. Dedi ki, yaxşı Ağamurad, qoy bu dəfə
də sən deyən olsun, get sənədlərini hazırla.
Eee, sənin çox şeydən xəbərin yoxdur...
Ağamurad
təəccüb və təəssüflə
başını bulayıb, ehmalca əlilə çiynimdən
basdı və məni dayandırıb:
– Səlimzadə
istəyirdi özününki olsun, – dedi. –
Dadaş Qənbərli də – közü öz
qabağına çəkirdi. Elə direktorun da
başqa fikri var idi, onu sonra danışaram... Mən
ortalığa düşməsəydim. Bu iş çətin
baş tutardı!
Ağamurad kişinin qırışmış sifətindən
tər axırdı. O, tövşüyə-tövşüyə:
– Mehman,
indi sözümün canı odur ki, əvvəla biləsən
ki, bu vəzifəyə necə gəlmisən! İkinci də
biləsən ki, istəyənin kimdir, istəməyənin kim! Üçüncüsü də elə
işləməlisən ki, direktor saqqalımın bu çal
vaxtı məzəmmət vurub deməsin ki, Ağamurad kişi sənin seçdiyin kadr...
Yolumuz haçalaşmışdı. Ağamurad
kişinin canfəşanlığı üçün minnətdarlıq
etdim. Gələcəkdə
yaxşılığından çıxacağımı
bildirib ondan ayrıldım.
Səhər evdən çıxıb idarəyə gəlirdim. Yanımda bir ağ
“Volqa” dayanıb, siqnal verdi. Direktorun
maşını idi. Sürücü ədəb-ərkanla
kabinənin sağ qapısını açıb
oturmağımı təklif etdi. Sözünü
sındırmadım. Sarışın, gülərüz,
həm ərklə, bir az da gur səslə
danışan Çərkəz mənə tərəf
zarafatyana:
– Mehman
Hilaloviç, pirivet! Sizi təbrik edirəm! – dedi. – Bunun
şirnisi nə vaxt olacaq?! – Sonra o, maşının sürətini
azaltdı. – Bilirsən dəə... Şef məni
oğlu qədər istəyir. Deyir ki,
Çərkəz, ailəmizin bir üzvü də sənsən.
Mənə hər cür etibar edir.
Bütün bazarlıqları-zadı mənim boynumadı... Onun medinstitutda oxuyan nişanlı qızını hər
gün məktəbə mən aparıb-gətirirəm.
Kişinin mənə xüsusi doveriyası var.
Bir həftə bundan qabaq Bilgəhdəki bağında idik.
Səndən söhbət düşdü.
O ki, var təriflədim. Dedim ki, heç kəsi yoxdu, öz fərasətinə
gəlib bura çıxıb. Həə! Qədrimi bilməzsən!
Dedim Mehman Qasımov bir dənədir! Bir dənə! Mənim
sözümdən sonra, şef dedi ki, dayan!
Dayan! Yaxşı yadıma düşdü.
Bəlkə elə onu istehsalata rəis qoyaq?
Dedim əla! Şef sağ olsun, sözümü yerə
salmadı... Sürücü irişə-irişə əlavə
etdi:
– Qədəş
bunu nə vaxt yuyaq...
İstədim cavab vermiyim. Ancaq qərarımı
dəyişdim. Fikirləşdim ki, gecə-gündüz
şefin böyründədi. Gedib
qulağını ayrı cür doldurar. Odur ki,
sözünün başına ip salmadım...
– Mən
hazır, – dedim.
lll
Direktorun köməkçisi ilə sözümüz
heç vaxt düz gəlmir. Bir dəfə o mənə,
mən də ona dişimizin dibindən çıxanı
deyib, biri-birimizi təhqir etmişdik. Xeyli
küsülü qaldıq. Sonra direktorun
böyük oğlunun toyunda birtəhər
barışdıq. Ancaq qəlbimiz hələ
də barışmayıb. Aramız yenə
də sərindi. Direktor köməkçisi
üzdə olmasa da, dalda-bucaqda yeri düşdükcə
ayağımın altını qazır. İndi o da məni
görəndə üzümə güldü:
– Mehman
onu bil ki, bu işdə mənim də barmağım var haa...
– dedi və belə bir misal da çəkdi: – urvası məndən
olmasa, yapdıqların küt gedər... Düzdü o vaxt mənim
barəmdə yaxşı iş görmədin, amma
kin-küdurət saxlayan deyiləm... Yamanlığa
yaxşılıq, ər kişinin işidi. Get mənim
hesabıma yaşa...
– Təşəkkür!.. – dedim.
Əmrim
verilən günün axşamı həyat yoldaşım məni
nəvazişlə süzüb nazlana-nazlana:
– Mənim hesabıma böyümüsən haa, Mehmançik, – dedi. – Gəlin gəldiyim heç bir il olmaz, gör hara qalxmısan! Bəs məndən qabaq səni niyə arayıb-axtarıb yada salmırdılar?! Ayağım sayalıdır... – Sonra özünü əzdirə-əzdirə: – Dublyonka moddan düşüb, rəis arvadı gərək xəz şuba geyə...
– O da, gözüm üstə – dedim, – düzələr...
Cəmi iki gün olardı ki, rəislik fəaliyyətinə başlamışdım. Axşam evdə çay içib, çörək yediyim yerdə telefon zəng çaldı. Onu da deyim ki, təzə stola keçəndən bəri zənglərin sayı yaman çoxalmışdı. Dəstəyi qaldırdım. Baş direktorun ev qonşusu Ağazadə idi. – Təbrik edirəm – dedi. – Bu günü çoxdan gözləyirdim. Sənin barəndə direktorunla çox söz-söhbətimiz olub. Hər axşam ya o bizə gəlir, ya da ki, mən onlara gedirəm. O da nərd azarkeşidi, mən də. Uduzanda da yaman pərt olur. Bazar günləri də bağda bir yerdə oluruq. Sizə dərindən bələdçiliyim olmasa da, qaynatanı yaxşı tanıyıram. Direktorunuza dedim ki, Mehman Qasımov rəis olmalıdır, vəssalam! Yoxsa qonşuluğu pozaram. Bu evə bir də ayaq basmaram. Sağ olsun. Dünən mənə dedi ki, xahişini yerinə yetirdim. Birdən elə başa düşərsən ki, minnət qoymaq istəyirəm haa... qətiyyən yox! Prosto dedim, biləsən ki...
– Çox sağ olun!
– Dəyməz, yaxşı oğlanların
yolunda... Bu gündən
sonra da nə işin olsa...
Dənizkənarı parkda gəzirdim. Nazirlikdə
işləyən tanışlarımdan biriylə
rastlaşdım. Sözündən belə
çıxdı ki, mənim bu vəzifəyə gəlməyimin
əsas səbəbkarı odur. O qədər
inandırıcı danışdı ki, daha şübhə
yeri qalmadı...
Xadiməmiz Xəzangül xala idarəyə hamıdan
tez gəlib, hamıdan gec gedir. Direktorun da iç
adamlarındandı... Xəzangül xala da hərdən
məni görəndə üzümə mat-mat baxır.
Lakin bir söz demir. Ancaq... Belə güman etmək olar ki, rəis
keçməyimdə onun da az-çox...
Əli İldırımoğlu
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.25.