Köklənmə və ya kainatla təmasda

 

Musiqi alətində hansısa havanı ifa etmək üçün,  aləti kökləməlisən, kökləməsən havanı düzgün ifa etmək mümkün olmayacaq. Alət köklənəndən sonra  nəzərdə tutulan hava düzgün  çalınır,  alətdən istədiyin səsləri   ala bilirsən. İnsan da belədi: beynindəki  fikrə köklənəndə,  fikir başlayır addım–addım həyata keçməyə. Fikri beynə oturtmaq,  onu beyində yaşatmaq o deməkdi ki, sən artıq o fikrə, o “ideyaya” köklənmisən, sən  o kökdəsən.

Mükəmməlliyə gedən yol məhz burdan keçir, bir qədər də konkretləşdirsək, mükəmməlliyə yetmək üçün  bu yoldan keçməlisən.

 

lll

 

Təbiətdə bizim onları görüb-görməməyimizdən, anlayıb- anlamamağımızdan, kəşf edib- etməməyimizdən asılı olmayaraq hər şey var. İndiyə kimi olanlar hamısı bizim onları  dərk edib-etməməyimizdən asılı olmayaraq olub və olacaq. İstər Nyutonun qanunları olsun, istər Enşteynin nisbilik nəzəriyyəsi, istərsə də,  Amerikanın kəşfi.

Yəni, Amerika onsuz da  yerindəydi, var idi, indi də yerindədi, var! Təbiətin nəyinə lazım, sən onu kəşf etmisən,  ya yox! Onu “Amerika” adlandırmısan, ya “Hindistan”. Yəni təbiətlə bağlı ən mürəkkəb hesab olunan və ya ən sadə görünən indiyə qədər kəşf olunan və bundan sonra kəşf olunacaq bütün qanunlar bizim ətrafımızdadı- onlar gözlə görünəndi,  fəhmlə duyulandı, bircə o qalır ki, sən öz varlığınla (ağlın, ruhun, hissiyyatın, intuisiyan və s.) təbiətlə vəhdət yarada, bir kökə köklənə biləsən. Bu məqamda sən İlahi qüvvənin bir parçası olan təbiətin bir parçasına çevrilirsən, davamı olursan,  olanları  olacaqları hiss edirsən, qavrayırsan, təbiətin ötürdüyü informasiyaları almaq, qəbul etmək üçün həmin əlaqə xəttinə qoşulursan. Və məhz bu anda, bu məqamda insanla təbiət arasında gözlə görünməyən qarşılıqlı əlaqə, informasiya mübadiləsi yaranır, başqalarının duya, hiss edə bilmədikləri sənə aydın olmağa  başlayır.

...Heyvanlar  isə təbiətlə eyni kökə köklənib,  ona görə də insanlardan fərqli olaraq zəlzələ, fırtına və s. kimi təbii fəlakətləri qabaqcadan hiss edir, hətta öz dillərində biz insanlara xəbərdarlıq da edirlər. Şüur sahibi olan insanlar isə, öz köklərində olmadığından,  bütün bunları hiss edə bilmir. İnsanlar kosmosa peyklər göndərirlər, nə qədər qəbuledicilər, aparatlar və s.lər istehsal edirlər, amma onlar bu sadalananları və sadalanmayanları dəqiq hiss edə bilmirlər. Ona görə hiss edə bilmirlər ki, bir var təbiətin yaratdığı, bir də var, təbiətin yaratdığının (bu halda, insanın) yaratdığı. Təbiətin yaratdıqları idealdı, bitkindi, insanın yaratdığı isə nə qədər mükəmməl olsa belə təbiətin yaratdıqları ilə müqayisəyə gələ bilməz.

Təsadüfi deyil ki,  seçilmişlər də,  həqiqəti dərk etmək  üçün,  təkliyə çəkilirdi,  özüylə baş-başa qalırdı, özünə qapanırdı, özünə köklənirdi. Şüur mane olmayandan sonra,  necə deyərlər, həqiqətin qapıları onların üzlərinə açılırdı, yəni, onların daxili köklənməsi ilə  təbiətin köklənməsi vəhdətdə olarkən həmin o mükəmməl əlaqə yaranırdı.

Bu  İlahi  köklənmə olanda,  sən öz hissiyyatınla, varlığınla dünyanın,  kainatın özü boyda olursan.Və bu qədərində olduğundan dünyada olanları, olacaqları görürsən, duyursan, anlayırsan və qavrayırsan. Çünki sən artıq təkcə olanların deyil, həm də olacaqların içindəsən. Necə ki, əlini, ayağını hiss edirsən,bütün dünyanı da eləcə hiss etməyə başlayırsan. Əgər dünənəcən sənin bədəninin, canının, bütün varlığının sərhədləri dırnaqlarına, saçına, dərinə qədər idisə bundan sonra sən dünya, kainat boyda sərhədsizlik, hüdudsuzluq qazanmış olursan. Və bu İlahi məqamlarda sən dəyişiklikləri öz bədənin kimi hiss edirsən, təbiətin səsini eşidirsən,  olanların  olacaqların mehləri, dalğaları (informasiyalar) səndən xəbərsiz sənə ötürülür, sənə çatdırılır. Səndə olan informasiyalar da ətrafa göndərilir, ötürülür, çatdırılır: nə qədər, hansı  biçimdə lazımdısa,  hara və  necə lazımdısa eləcə. Bütün bu ismarıcları təbiət özü tənzimləyir.

Ağıl, şüur olan yerdə tam bağlantı, əlaqə yaratmaq mümkün deyil. Şüur insanı təkcə idarə etmir, idarə edə-edə çaşdırır, ikiləşdirir, İlahi əlaqədən sapdırır. Nəticədə insanın kainatla bağlantısı içindəki xaosda əriyib itir.

...Təbiətdə insandan başqa hər şey öz kökündədi, təbiətdəki bu köklənməni pozan bir varlıq varsa, o da insandı. Bu mənada, bəzi mülahizələr özünü doğruldur. Bəli, ola bilsin ki, insan bu yer üzünə yersiz əlavədi, başqa dünyaların məhsuludu, bu yer üzünə məhz nizamı pozmaq üçün göndərilib.

Və ya lap əvvəldən  hansısa bir qüvvə  insanın həyat yolunu, yaşayış tərzini, tamam səhv bir istiqamətə yönəldib, onu öz təbiiliyindən çıxarıb. Tarix başqa yolla getsəydi, böyük cəmiyyətlər, dövlətlər qurulmasaydı, dinlər, təriqətlər yaranmasaydı  çox güman ki, bu günün insanı da tamam başqa cür olardı. O, təbiətin dilini mükəmməl biləcək, onun bir parçası olacaq, sözün əsl mənasında bu günkü süni, qurama, riyakar cəmiyyətlərin yox, yaranışından milyard illər keçsə belə öz bəkarətini qoruyan  kainatın vətəndaşı olacaqdı.

...İnsan dünyaya gələndən  şüuru ( bəlkə də, şeytan deyilən şey elə şüurdu) formalaşana qədər İlahi köklənmədə olur.

Heyvanlarda bu ilahi köklənmə əvvəldən sona  qədər pozulmur. Ona görə də,  hər  heyvan öz payına düşən  “heyvan”  ömrünü yaşayır-yəni dovşan dovşan ömrü,  pələng  pələng ömrü, qarışqa da qarışqa ömrü yaşayır. Hər dünyaya gələn  insan isə sırf insan ömrü yaşaya bilmir. Ona şüur hakim kəsiləndən sonra kökü (köklənməsi) davamlı olaraq pozulmağa başlayır. Az sayda insan   olur ki, onlar bu prosesdən cüzi fəsadlarla çıxır   çoxluq da onları ya dahi, ya da dəli adlandırır.

Bir qədər də uzağa və dərinə getsək, dünyanın, deməli, o cümlədən bütün kainatın milyard illər boyunca yaşamasının səbəbi də planetlərin bir-biri ilə və ümumilikdə kainatla sabit, pozulmaz bir köklənmədə olmasıdı. Bu köklənmə azacıq belə çat verərsə,  bu,  əlbəttə ki,   son  olacaq.

Bəli, şükürlər olsun ki, dünya yaranışından indiyəcən eyni köklənmədədir. Ayrı-ayrı planetlerin özlərində hansısa fəsadlar, hadisələr  baş verə bilər, amma planetlərin bir-biriləri arasındakı köklənmə pozula bilməz.

Bizim sakinləri olduğumuz Yer kürəsinin də, bütün kainatla dəyişməz, sabit   köklənməsi var. Və Yer kürəsinin özündə-onu təşkil və əhatə edən flora və fauna adlandırdığımız  canlılar və cansızlar aləmi arasında da bir köklənmə var.

İnsan həm də yeganə varlıqdı ki, özü ilə təbiət arasındakı köklənməni pozduğu kimi,  bir-birləri arasındakı köklənməni də davamlı olaraq pozur və bu uçurum get-gedə daha da dərinləşir. Bütün bunlar izsiz və təsirsiz ötüşməyəcək.

İnsanlararası köklənmənin pozulması  kainatın varlığında insan varlığının nisbəti nə qədərdisə, o nisbətə uyğun olaraq kainatdakı ümumi köklənmənin pozulmasına davamlı şəkildə təsir edir.Və neçə min, bəlkə də milyon illərdən sonra o cüzidən-cüzi təsirlərin  kainatdakı ümumi  köklənməyə çox əsaslı təsiri olacaq.

Digər canlılara gəlincə,  mövcudiyyətlərindən bu günə qədər onların nə hərəkət və instinktlərində, nə də yaşam tərzlərində hansısa bir dəyisiklik baş verib.Və əgər nadir hallarda onlar da nəsə İlahinin yazdıqlarından kənara çıxırsa, bu da insanların günahı ucbatından, onların müdaxiləsi nəticəsində baş verir.

Bəli, insan şüuru bütün canlı və cansız varlıqların ümumi evi olan Yer adlı bu planetə öz yerli-yersiz müdaxilələriylə bədbəxtliklər gətirir. Çayların məcrasının dəyişdirilməsi, meşələrin qırılması, nüvə sınaqları və s. kimi insan əliylə törədilən hadisələr nəticədə təbiətin əks-reaksiyasına, təbii fəlakətlərə yol açmış olur.

 

lll

 

Məlumdur ki, insan, beyninin imkanlarından hardasa cəmi 5 faiz istifadə edə bilir. Bu rəqəmdən bircə faiz artıq istifadə edə bilənlər isə Napoleon, Enşteyn kimi dahilik zirvəsinə yüksəlirlər. Bir təsəvvür edək ki, insan bu imkanların hamısından istifadə edə bilir. Onda nələrin baş verə biləcəyini yalnız qeyri-adi fantaziyaya sahib olanlar təxmin edə bilərlər.

Bəli, İlahi varlıq insana sərhədsiz imkanlara malik beyin bəxş edib. İnsan bu imkanlardan istifadə edə bilmirsə, görünür, bunun özünün də hələ ki, bizim o “5 faizlik” beynimizin dərk edə bilmədiyi tutarlı səbəbləri var. Və bu səbəblərdən biri də ola bilsin ki, insanın, insan cəmiyyətinin inkişaf yolunun düzgün olmayan istiqamətə yönəlməsi və ya qəsdən yönəldilməsidi. İnsan o reallıqda yaşamağa məhkum olub ki, beyninin imkanlarını açmaq üçün uyğun şərait olmayıb. Məsələn, necə ki, Azərbaycanda iqlim və şərait münasib olmadığından banan bitmir. Buna uyğun şərait yaradılarsa, əlbəttə ki, burada banan, yaxud ananas yetişdirmək problem olmaz.

Milyardlarla sərmayələr yatırılır, Yerdən kosmosacan  pullar səpələnir ki, təbiətdə baş verə biləcək kataklizmlərdən öncədən xəbər tuta bilək, bu məqsədlə peyklər, aparatlar istehsal olunur, amma hətta ən uitramüasir texnika belə təbiətlə bağlı informasiyanı adicə  bir siçan qədər tam, düzgün ötürə bilmir. Deməli, Yerdən kosmosacan səpələnən o pullar tam məqsədə uyğun xərclənmir.

Bəlkə də bu sərmayə İlahi qüvvənin yaratdığının (insan) yaratdığına (dəzgaha) yox, özünə qoyulsa insanın beyninin imkanlarının açılması istiqamətində ciddi işlər görülsə, bu sahəylə bağlı qapalı və ya açıq müəssisələr, elmi institutlar, laboratoriyalar yaradılsa insanın gücü kənarında olanları, mümkünsüz görünənləri reallaşdırmaq mümkün olar.

Bəli, təəssüflər olsun ki, başı milyon kilometrlərlə uzaqlara qarışan insan özünü tamam unudub.

...Həmin İlahi qapının açarı isə insan varlığının düzgün köklənməsindən keçir.

 

Rüstəm Dastanoğlu

525-ci qəzet.- 2013.- 14 dekabr.- S.24.