Köhnə tanışlar:
tanınmış jurnalist Şakir Yaqubov- davamı
“MƏN HƏYATIMI
JURNALİSTİKAYA QURBAN VERDİM”
–
Doğrudur, indi “Kitabım var” – demək bir az
şit səslənir, amma sayı bilinən kitabların var.
Kitab çap etdirmək barədə yenəmi düşünürsən?
–
“Kitabım var” – demək şit səslənir... Bunu gözəl
dedin, mən də əvvəllərdə bu fikrə
oxşayan fikirlər bildirmişəm, misallar çəkmişəm.
Nə deyim, vallah... Bir vaxt deyirdik ki, Azərbaycan xalqı
şair xalqdır – çünki əli qələm
tutanların hamısı “şeir” yazırdı, indi isə 5
manat pulu və... əndamı olanlar kitab yazır, yaxud
yazdırır. Hər halda mənə elə gəlir ki, kitab
çapının həcminə görə Azərbaycan yəqin indi
dünyada ən öncül yerlərin birində olar.
Mən təmiz
10 ildir ki, növbəti kitabımı buraxdırmaq barədə
düşünürəm, amma hələ bir yana
çıxara bilmirəm. Bu, pul məsələsi
deyil. Başlıca səbəb budur ki,
böyük maddi və mənəvi əziyyətlər
bahasına başa gələn bu kitab kimin
üçündür – axı bu kitabı hətta dostlar, həmkarlar,
qohum-əqraba, adını mütəxəssis qoyan kəslər
oxumursa, onda həqiqətən bu kitab nə
üçündür? Amma görünür bu da bir
azardır – mübtəla olan çətin ki, bu azardan
sağala...
Sənin
yadında olar ki, hələ İstanbulda olduğun son günlərdə
Adil “525-ci qəzet”də yazmışdı ki, Şakirin XX əsr dünya futbolunun
50 ulduzu haqqında təxminən 20 çap vərəqi həcmində
kitabın nəşrini gözləyir. Düşünürəm
ki, bu kitab, ən azı, futbolla, onun tarixi ilə, unikal
ustaları ilə maraqlanan yeniyetmə və cavanlar
üçün gərəklidir. Digər tərəfdən
isə əgər Azərbaycanın XX əsrdəki ən
istedadlı və titullu futbolçusu Anatoli Banişevski barədə
2002-ci ildə AFFA-nın keçmiş prezidenti Fuad Musayevin
birbaşa maddi yardımı sayəsində çap etdirdiyim
1000 nüsxəlik “Banişevski olduğu kimi” kitabının
– rəyçi, ötənlərin məşhur
futbolçusu və idman şərhçisi Çingiz
İsmayılovun Azərbaycan futbolunun ensiklopediyası
adlandırdığı kitabın
600 nüsxəsi bugünəcən ikiotaqlı mənzilimin
bir küncündə gərəksiz əşya kimi
qalaqlanıb durursa, dünya futbol ulduzları barədə
kitab kimə gərək ola bilər? Həm də axı
Banişevski barədə kitab bu böyük idmançı və
ƏSL AZƏRBAYCANLI barədə birinci və sonuncu
kitabdır; Azərbaycan dilində olan bu kitabı Rusiyanın çox
böyük dövlət adamı Sergey Stepaşin şəxsi
kitabxanası üçün əldə edibsə, bizimkilərin
biganəliyinə heç cür izah
tapmaq olmur.
Daha bir
kitab təqribən 5000 səhifəlik materialın içindən
seçilmiş yazılardan ibarətdir – bunlar keçən əsrin
90-cı illərinin əvvəllərində əsasən
üç qəzetdə — “Həyat”, “Səhər” və
“Bakı post”da dərc olunub, indi onlarla tanışlıq məndə
belə bir təsəvvür yaradır ki, onları vaxtilə
heç kim oxumayıb, çünki bunlar son dərəcədə
aktualdır. Və daha bir kitabımın materialları ortada əl-ayağa
dolaşır ki, bu da, ən azı, bütün yazı-pozu
adamının stolüstü kitabı ola
bilər — əməli gərəkliliyinə görə...
– Ailənizə
yaxından bələdliyim olduğundan bilirəm ki, ailə
sahibi kimi həmişə var olmusan. Onların sənin
işində bir üstünlüyü olubmu? Onların
yardımını hiss etmisənmi, şayət, indiki
xanımına rast gəlməsəydin, bu ömrü
yaşaya bilərdinmi?
– Qoy bunu
da bəri başdan deyim ki, sonra yadımdan
çıxmasın. Sənin bu sualın,
görünür, zəmanənin doğurduğu sualdır.
Çünki indi eşidirəm ki, filankəs müsahibə
verir və həmin müsahibədə özünü tərifləyir
– sanki “vətəndaş nikahı”nda yaşamaq
üçün arvad axtarır; arvadını tərifləyir
– sanki ona ər axtarır; qızını tərifləyir –
heç şübhəsiz ki, onu
ərə vermək istəyir; oğlunu dağın
başına qaldırır – ona da qız axtardığı
güman olunur... Ümumiyyətlə,
aşkarlıq, demokratiya pərdəsi altında bizim
informasiya mənbələrimiz abır-həyadan tam bixəbər,
ya da azad bir məkana çevrilib. “Namus
qadının cinsi orqanıdır” – intervü verən
qadının bu cümləsi yazının sərlövhəsidir;
“Bizim kişilərin Rusiyada qadınlarda axtardıqları
şey məgər bizim qadınlarda yoxdurmu?” – bu da bir başqa qadın cinsindən olan müəllifin
yazısının başlığıdır. Mən ümumiyyətlə, təsəvvür edə
bilmirəm ki, xanım jurnalist hansı üzlə
QİÇS mövzusunda yazı yaza bilər? Hələ telekanallarda səhərdən-axşamadək
“qadın tamponları” barədə elanları müfəssəl
mətnlə necə vermək olar? Elə bundansa kimisə
əməli olaraq həmin ekranda geyindirib-soyundursunlar da...
Mən
20-22 il bundan qabaq işlədiyim qəzetdə “gözəllik
müsabiqələri” barədə hər hansı bir
yazının getməsinə qadağa qoymuşdum və bu barədə
elə həmin qəzetdə də yazmışdım;
çox sadə səbəbə görə: bu müsabiqələr
barədə “əlifba” səviyyəli yazılardan məlumdur
ki, kastinqin şərtlərinə görə,
iştirakçılar münsiflərin qarşısına “Həvva
geyimi”ndə çıxmalıdırlar...
Qaldı
ki, ailə üzvlərimin işimə, yazı-pozu fəaliyyətimə
təsiri, köməyi məsələsi – bu, adi bir prosesdir,
yəni o mənada ki, nə yazdığımın, necə
yazdığımın ailə üzvlərinə birbaşa
heç bir aidiyyəti yoxdur, çünki mən yetərincə
məsuliyyətli adamam, bunu özüm müəyyən edirəm,
gördüyüm işin qazancı da, ziyanı da bilavasitə
özümün hərəkətimlə müəyyənləşir.
Hərçənd bu məsələlərdə
son nəticədə ailəmə dolayısıyla bir zərər
dəyibsə də bunun məndən irəli gəlməsi hər
şeyin üstünü örtüb. Digər tərəfdən,
xanımıma urcah olduğum 43 il qabaq – hələ tələbə
ikən mən jurnalistikayla məşğul idim,
övladlarım da ağıllları kəsən gündən
yazı-pozu ilə məşğul olduğumu görərək,
bunu yalnız atalarına aid olan adi, gündəlik iş sayıblar, bu səbəbdən
də heç bir halda “yaradıcılıq mətbəxim”ə
baş vurmayıblar; hərçənd kiçik
qızımın ötən il Azərbaycan jurnalistikası
günü münasibətilə (məhz bu cür, daha “Milli
mətbuat günü” yox! Çünki bizim əlamətdar
və tarixi günlər, dövlət bayramları və
peşə bayramları təqvimində rəsmən “Milli mətbuat
günü” adlı gün yoxdur!!!) uzaq xaricdən,
uzunmüddətli ezamiyyətdə olduğu ölkədən
mənə yazdığı təbrik məktubundan
görürəm ki, yox, bu məsələdə bir qədər
ifrata varıram – balalarım
yaradıcılığımı izləyirlər, amma bizdə
bunu müzakirə mövzusu eləmək vərdişi, həvəsi
olmadığı üçün bütün normal ailələrdəki kimi, mənim ailə üzvlərim də bu
stereotipi qırmağa cəhd göstərməyiblər
heç vaxt...
– Qocaman qələm
dostumuz Akif Qəhrəmanlı sənin yazılarının
dili və üslubu haqqında təkrar-təkrar məmnuniyyətlə
danışır. Bu bir təhsil məsələsidirmi,
yoxsa başqa bir səbəb də var bunda?
– Yox, bu,
lap ağ oldu. Mənim
yazılarımın dili türkün təmiz ana dilidir –
hansı ki, biz ona Azərbaycan dili deyirik, üslubu isə bu
dilin tələb elədiyi və mənim də çox dəqiqliklə
əməl eləməyə
çalışdığım üslubdur. Mən bu
söhbətin dərc olunacağı qəzetin oxucuları
üçün demək istəyirəm ki, Akif Qəhrəmanlı
mənim çox böyük hörmət bəslədiyim qələm
qardaşım, vaxtilə 3-4 il birgə
çalışdığımız işdaşım və
hər şeydən öncə, bizim
danışdığımız dilin incəliklərinə dərindən
bələd olaraq, ömrünün az qala 50 ilini çox
çətin, həm də məsuliyyətli peşəyə
- dövlət tərcüməçisi peşəsinə sərf
eləmiş bir Vətən övladıdır. “Dövlət
tərcüməçiliyi” dəhşətli dərəcədə
ağır və məsuliyyətli bir peşədir, burada
özfəaliyyətin nəinki özü, heç adı da
işə keçmir, bunun əvəzi olaraq, ən
yaxşı halda... işsiz qalırsan. Burada nəinki
sözün, kəlmənin, hətta hərfin də bəzən
dövləti əhəmiyyəti olur və qardaşımız
bu keyfiyyətləri çox gözəl əxz eləmiş
nadir kadrlardandır. Mən bu peşənin mərhum İsaxan Ömərov, Rəfail
Nağıyev, Cəlil Xəlilov, Azər Ələsgərov,
Ənvər Quliyev, Elman Cəfərli kimi bənzərsiz nümayəndələri
ilə kəlmə kəsmişəm, birgə işləmişəm. Mənim yazılarımda
onların diqqətini yalnız və yalnız sözün məsuliyyətini
hiss eləməyim çəkə bilərdi, yəqin Akif
müəllimi də elə bu məqam çəkir və o,
çox yaxşı bilir: necə
ki, tərcümədə “boyun qaçırmaq”la “imtina eləmək”
eyni mənada işlənməyə bilər, mənim
yazılarımda da “darıxmaq”la “xiffət”in hərəsinin
öz yeri olur...
Bu, nədən irəli
gəlir? – sən soruşursan. Məxsusi
təhsil məsələsi deyil bu. Mən universitetdə
dilçilik, ədəbi dil, redaktənin əsasları və
s. fənləri keçməmişəm, mənim hətta
attestatımda rus dilindən və xarici dildən (ingilis dilindən)
qiymət də yoxdur; amma mən 40 ildir ki, rus dilindən Azərbaycan
dilinə və əksinə tərcümə edirəm,
ingilis dili tərcümələrini redaktə edirəm. Bu,
sadəcə, məsuliyyət məsələsidir,
sifarişçi və vicdanın qarşısında məsuliyyət
məsələsi! Məndən öncəkilər belə
olublar, mənim yaşıdlarım və məndən 5-10
yaş kiçik olanlar da belədirlər və... bununla hər
şey qurtarır...
– Səndən
nəyi soruşmağı unutdum? Məndən
nə soruşmaq istərdin?
– Təxminən...
yox, dəqiq 14 il öncə
“Neftçi”nin məşhur müdafiəçisi Yaşar
Vahabzadədən soruşdum: “Sənin indi 39 yaşın var və
hələ oynayırsan. Axı nə vaxtacan?!”.
Qayıtdı ki, necə oynayıram? Dedim:
ən azı “4”-ə layiq... Dedi: onda niyə də
oynamayım?! Mən o vaxt oynamaram ki, kimdənsə zəif
oynadığımı hiss edəm... Səndən
soruşmalıydım ki, bu yaşda da hər həftə 2-3
dəfə köşə yazısı yazmaq olarmı və
bunları kim oxuyur? Soruşmuram,
çünki bu ölkədə ən azı iki nəfər
– bir bu köşənin redaktoru və bir də Şakir
Yaqubov o yazıları gözləyir və oxuyur. Belədə
mənə TÜRKlər demiş, “Əllərinə
sağlıq!..” – demək
qalır...
SON
Adil
QAÇAYOĞLU
PEŞƏKAR
...Zərrə qədər şübhə eləmirəm ki, Şakir müəllimə istər sırf siyasət (yeri gəlmişkən, bizim siyasi baxışlarımız və siyasi liderlərə münasibətimiz də yetərincə fərqlidi), istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də idman qəzetinin, lap elə bütün bunların hamısını özündə birləşdirən qəzetin redaktəsini etibar edib, gedib evdə rahat yatmaq olar. Hər şey gözlənildiyindən də dəfələrlə yaxşı olacaq.
...Şakir müəllimə istər siyasətdən, istər iqtisadiyyatdan, istər mədəniyyətdən, istər idmandan yazı sifarış ver, əlini qoy qulağının dibinə. Yaxşıdan yaxşı yazacaq, gətirib kompyuterdə yığdıracaq (indi özü yığır – T.A.), korrekturasını edəcək, dizaynının üstündə duracaq, səhifəni tam hazır edəcək və... yalnız bundan sonra bir stəkan çay içmək olar.
...Hələ ruscadan gözəl tərcümə qabiliyyətindən danışmıram.
...Hələ lazım gəlsə, rusca yazmaq bacarığını söyləmirəm.
Peşəkar daha nə cür olur?
Mən bu
sualın cavabını 1983-cü ildə tapdığıma
görə, 2001-ci ildə yazdığım yazıya sərlövhə
axtarmaq üçün baş sındırmalı
olmadım...
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.23.