Ustad aşıq və tarixi ənənə
Birinci yazı
Aşıq Şəmşir-120
Aşıq Şəmşirin təmsil etdiyi aşıq
sənətinin təşəkkül tapıb özünəməxsus
yol tutmasında ən başlıca göstəricilər, təbii
ki, sazın meydana çıxması, ayrı-ayrı saz
havalarının və onlara uyğun şeir şəkil və
janrlarının yaranması, dastanların yeni məzmun və
forma xüsusiyyətləri qazanmasıdır. Bu göstəricilərin
mahiyyətini daha dərindən başa düşməkdə
isə ən münasib üsullardan biri aşıq sənətini
imkan daxilində ozan sənəti ilə müqayisə etməkdir.
Əlbəttə, müqayisə o vaxt daha səmərəli
olardı ki, XV-XVI əsrlərəcən qopuzda
çalınan ozan havaları barədə dəqiq məlumat
əldə edə biləydik, həmin havalardan hansının
müqabilində hansı formalarda şeir oxunmasından xəbər
tuta biləydik. İndiki halda aşıq-ozan müqayisəsini,
əsasən, ehtimallar üzrə aparmalı və bu
ehtimalları irəli sürərkən ən çox “Dədə
Qorqud” eposuna
üz tutmalı oluruq. “Dədə Qorqud” eposuna
qopuzla sözün əlaqəsi baxımından nəzər
saldıqda diqqəti ilk növbədə eposdakı “söyləmə”lər
cəlb edir. “Söyləmə”lərin
heca vəznli qoşma və gəraylılardan fərqlənməsi
üzərində düşünüb
folklorşünaslıqdakı məlum fikirlə biz də
razılaşmalı, “Dədə Qorqud” şeirlərinin heca
standartlarından kənara çıxmasını xüsusi
qopuz havaları ilə əlaqələndirməli oluruq.
Və vurğulamaq istəyirik ki, ozan şeirində
olduğu kimi, aşıq şeirində də ortaya
çıxan bir çox sualların cavabı məhz musiqidədir.
Bizdə sazın sözdən, sözün
sazdan ayrı öyrənilməsi, aşıq şeirinin
aşıq musiqisindən nə dərəcədə
asılı olmasına diqqət yetirilməməsi bu sahəyə
aid tədqiqatların lazımi istiqamətdə getməsinə
maneçilik törədir. “Lazımi istiqamət” dedikdə
aşıq şeirini
ifa prosesi ilə vəhdətdə götürmək,
ifa prosesində yaranmasını aşıq şeiri
üçün səciyyəvi cəhət saymaq və bu cəhətinə
görə onu yazılı şeirdən fərqləndirmək
kimi amilləri nəzərdə tuturuq. Bu
cür amilləri nəzərə almaq isə aşıq
şeirini dastan kontekstində araşdırmağı zərurətə
çevirir. Çünki aşıq
şeiri (bütövlükdə aşıq sənəti)
öz mahiyyətini dastan ifaçılığında daha
qabarıq şəkildə göstərir. Aşıq şeiri nəinki məzmun, həm də
formasına görə dastan ifasına, həmin ifa zamanı
çalınan saz havalarının ritm və ahənginə
tabe etdirilir. Sərbəst şeiri xatırladan “Dədə
Qorqud” “söyləmə”ləri qopuz havalarının ritm və
ahənginə uyğun olaraq ortaya çıxırsa, heca
standartları əsasında yaranan “Koroğlu” qoşma və
gəraylıları da saz havalarının ritm və ahənginə
uyğun olaraq ortaya çıxır. Yeri gəlmişkən
qeyd edək ki, saz havaları ilə aşıq şeirlərinin
üzvi bağlılığı kimi son dərəcə
vacib məsələ Azərbaycan folklorşünasları
arasında Sədnik Paşayevin diqqətini daha çox cəlb
edib. “Aşığın şeiri,
musiqisi, dastan yaradıcılığı və
ifaçılığı əlaqəli şəkildə
öyrənilsə, bu sənət (aşıq sənəti –
M.K.) haqqında tam təsəvvür yaranar” deyən
S.Paşayev saz havalarının şeir janrları üzrə
təsnifatını aparıb. Məsələn, gəraylıların
“Atlı Koroğlu”, “Ayaq Cəlili”, “Baş sarıtel” (“Kəvəri”),
“Bağdad dübeyti”, “Borçalı dübeyti”,
“Vanağzı”, “Qazax dübeyti” (“Zülfüqarı”, “Mirzə
dübeyti”), “Koroğlu bəhrisi”, “Gəraylı”, “Mina gəraylı”,
“Məmmədhüseyni”, “Naxçıvan gülü”, “Orta
sarıtel”, “Paşa köçdü”, “Sallama gəraylı”,
(“Cığalı gəraylı”), “Səyyadı”, “Tərs gəraylı”,
“Hicaz gülü”, “Şahsevəni” və s. havalar
üstündə oxunduğunu müəyyənləşdirib,
həmçinin qoşma, təcnis, bayatı, divani, müxəmməs
kimi janrların hansı havalara bağlı olduğunu konkret
adlar çəkərək təfsilatı ilə göstərib.
Biz – tədqiqatçılar aşıq musiqisini aşıq
şeirindən, aşıq şeirini ifaçılıq
prosesindən ayrı götürsək də, götürməsək
də, ənənə ənənə olaraq qalır. Hər ustadın fəaliyyəti sayəsində
yeni-yeni havalar, yeni-yeni dastanlar, yeni-yeni şeir janrları ilə
zənginləşən ənənədə əsl mahiyyət
dəyişmir. “Aşıq” adı daşıyan sənətkar
nə boyda istedad sahibi olur-olsun, ənənəyə tabedir:
sözü qələmdən çox sazla yaradır,
sözü xalqa kitab-dəftərdən çox canlı
ifaçılıqla çatdırır. Əgər
belə olmasaydı, “aşıq” adı ilə yanaşı,
“el şairi” adı da yaranmazdı. “El
şairi” adı bir daha göstərir ki, qoşma-gəraylı
yazmaq və bu yolla xalq arasında populyarlıq qazanmaq hələ
aşıq olmaq demək deyil. Aşıqlıq
mərtəbəsinə qalxmaq üçün söz
ustası olmaqdan əlavə, gərək həm də mahir
saz ifaçısı olub məclis apara, dastan danışa
biləsən, sözü sazla birləşdirə, yeri gələndə
sazın sədası altında bədahətən şeir deyə
biləsən.
Ustad aşıqlara məxsus bədahətən şeir
demək məsələsinə qismən ətraflı toxunub
Aşıq Şəmşirdən, onun ənənəyə
bağlılığından danışmaq istəyirik. Qeyd etmək
istəyirik ki, bədahətən şeir demək, xalqın təsəvvüründə
vergili olmaq deməkdir. İnama görə,
məhz Allah vergisi ustad aşığı adi adamlardan fərqləndirir.
Bu inamın hesabınadır ki, xalq arasında
ustad aşıqların övliyalığı haqda
çoxlu rəvayətlər vardır. Bu
rəvayətlərin bir qismi ustad aşığın hər
hansı diləyinin (alqış və ya
qarğışının) hasilə yetməsi ilə
bağlıdır. Aşıq Ələsgərin
şagirdi Aşıq Ağayarın söylədiyinə
görə, Tapdıq adlı bir nəfər onun (Aşıq
Ağayarın) xəncərini alıb geri qaytarmaq istəmir.
Aşıq Ələsgər işə
qarışıb Tapdıqdan xəncəri istəsə də,
xeyiri olmur. Əlacsız qalan Aşıq Ələsgər
Tapdığı qarğımalı olur: “Bu, mənim şəyirdimin
xançalını vermədi. Bu gejə gərək o bir
balıya irast ola, savahnan Aşıq Ələsgəri
burya gətirələr”. Aşıq Ələsgərin dediyi
kimi də olur: gecə Tapdıq qəfil bəlaya tuş olub
evdəkiləri döyməyə başlayır. Əmisi irəli yeriyib qabağını almaq istəyəndə
boynunu qırıb onu da böyrü üstə yıxır
yerə. Camaat yığılır,
Tapdığı iplə evin dirəyinə bağlayır ki,
əlindən başqa xəta çıxmasın. Tapdığın düşdüyü bəlaya
çarə fikirləşirlər. Aşıq
Ələsgərin qarğışı yada düşür.
Gedib Aşıq Ələsgəri gətirirlər.
Tapdıq yalvarır: “Ələsgər baba, qadan alım, məni
burdan qutar!” Aşıq Ələsgər ovsun
oxuyub Tapdığın üzünə üfürür.
Tapdıq düşdüyü bəladan
qurtarır, gətirib xəncəri Aşıq Ağayara
qaytarırlar. Buna bənzər əhvalatlar
Aşıq Şəmşir barəsində də
danışılır. Məsələn,
danışırlar ki, uşaq vaxtı tay-tuşları ilə mal otaran
Şəmşiri yoldan ötən bir atlı nahaqdan
şallaqla vurmaq istəyir. Şəmşir ötkəmliklə
dillənir: “A kişi ey, mənə şallaq vurma, bax atın
büdrəyər, qılçı sınar, qalarsan piyada!”
Kişi şallağı bir də tovlayıb, atı məhmizlədi. İlk
addımdaca at büdrədi, qılçı sındı.
Kişi... uşağa sarı qaçdı.
Uşağa çatan kimi onun ayağına qapandı: “A bala,
sən Allah, məni bağışla... Kimlərdənsən,
hansı müqəddəsin övladısan?”
Aşıq Ələsgər və Aşıq Şəmşir
diləyinin bu cür yerinə yetməsi “qolun qurusun” deyib Dəli
Qarçarın qolunu qurudan Dədə Qorqudun kəramətini
yada salmırmı? Dədə Qorqudun bu kəraməti
ilə söy söyləyib boy boylamaq qüdrəti
arasında bir bağlılıq olduğu kimi, ustad
aşıqların da qeyri-adi hərəkəti ilə bədahətən
şeir demək istedadı arasında bir bağlılıq
yoxdurmu? Əlbəttə, suallara müsbət
cavab verib, ozan və aşığı vahid etno-kulturoloji
sistemin yetişdirməsi saymalı oluruq. Eyni
etno-kulturoloji sistemin daşıyıcısı olmağın
nəticəsidir ki, “qayibdən dürlü xəbər
söyləyən” Dədə Qorqud kimi, Aşıq Ələsgərdə
də görücülük vergisi var. Hətta bu
görücülük o dərəcədədir ki, ustad
aşıq nə vaxt öləcəyini də qabaqcadan
söyləyə bilir (Aşıq Ələsgər. Şeirlər,
dastan-rəvayətlər, xatirələr, s.461-462). Əslinə qalsa, Aşıq Ələsgərin
“bisavadlığ”ı ilə bağlı qənaətin də
bir kökü Allah vergisi məsələsinə gedib
çıxır. Təsadüfi deyil ki, ustad
aşığın “bisavadlığ”ını yalnız
sıravi adamlar yox, onu yaxından tanıyan sənət
adamları yetirməsi Aşıq Ağayar, oğlu
Aşıq Talıb, həmçinin Aşıq Şəmşirin
özü də təsdiq edir. Aşıq Şəmşir
atası Ağdabanlı Qurbanla dostluq edən Aşıq
Ələsgəri belə xatırlayır: “Atamın
günü Aşıq Ələsgərlə bir yerdə
keçərdi... Onların göz yaddaşı, qulaq
yaddaşı elə güclü idi ki, bir dəfə
gördüklərini, eşitdiklərini heç vaxt
unutmazdılar... Ələsgər əminin
yazı-pozu ilə işi yox idi, hamısını sinədən,
bədahətən deyərdi”. Həm Aşıq Şəmşir,
həm də Aşıq Ağayar, Aşıq Talıb kimi başqa
şahidlər “yazı-pozu bilməyən” Aşıq Ələsgərin
hansı məqamda hansı şeiri bədahətən deməsinə
aid kifayət qədər misal çəkirlər. Aşıq Ələsgərin yazı-pozu bilməməsi
ilə bağlı xatirələr ustad sənətkarın
sinədən söz demək istedadını daha qabarıq
göstərmək və bu istedadın İlahi vergisi
olduğuna dinləyicini inandırmaq üçündür.
Əlbəttə, ustad aşığın
yazı-pozu bilməsi heç də bu el sənətkarı
ilə bağlı xalq təsəvvürünü dəyişdirmir.
Nə qədər yazı-pozu bilirsə-bilsin, nə
qədər savadlı olursa-olsun, ustad aşıq xalqın təsəvvüründə
sinədən söz deməyi bacaran bir sənətkardır.
Daha doğrusu, bu sənətkarı sənətkar
eləyən ilkin kəramətlərdən biri qeyri-adi təbə
sahib olmaq, bədahətən şeir deyib sinəni
boşaltmaqdır. Ustad aşıqların son nümayəndələrindən
biri olan və yazıb-oxumağı bacaran Aşıq Şəmşirlə
də bağlı
xalq təsəvvürü məhz o cürdür.
Belə olmasaydı, yeddi yaşlı Şəmşirin
haldan-hala düşüb yetim quzuya şeir qoşmasından rəvayət
danışılmazdı: “Xalaoğlu Əhməd onun (Şəmşirin
– M.K.) bu qərib halını səhərin gözü
açılandan fərq etmişdi.
–
Ağrıyan yerin yoxdu, xalaoğlu?
– Var.
–
Harandı?
– Bilmirəm...
–
Başına hava gəlib?
– Hə.
Başıma yığılan o hava deyir ki, bu yetimə (quzuya
– M.K.) söz qoşum...
Axır
ki, göyərəsi bir “çəmənin” ilk
“çiçəyi” çırtladı:
Mənə
baxıb nə mələrsən,
Nə göynərsən, yetim quzu?!
Ot yerinə
dərd yeyərsən,
Qəm çeynərsən, yetim quzu.
Baxışından
ələm yağır,
Baxma mənə fağır-fağır.
Mənim dərdim dağdan ağır –
Gör neynirsən, yetim quzu!
Xalaoğlu Əhməd eşitdiyinə inanmaq istəmirdi”. Şair M.Aslanın özünəməxsus bir üslubda qələmə aldığı bu əhvalatın həqiqətən baş verib-vermədiyini dəqiqləşdirmək o qədər də vacib deyil. Bu məqamda vacib olan başlıca cəhət xalqın təsəvvüründəki Aşıq Şəmşir obrazının M.Aslan təsvirindəki Aşıq Şəmşir obrazı ilə üst-üstə düşüb-düşməməsidir.
Əlbəttə, aşıq sənətini, bütövlükdə xalq ədəbiyyatını çox gözəl bilən və duyan M.Aslan, əlinə qələm götürüb Aşıq Şəmşirdən kitab yazarkən “ustad aşıq kimə deyirlər?” sualının məlum cavabını nəzərə aldığına görə onun təsviri Aşıq Şəmşir barədəki xalq təsəvvürü ilə heç bir ziddiyyət yaratmır. Xalq da, M.Aslan da Aşıq Şəmşiri mahir söz ustası kimi tanıyır. Və bu ustalıq, məqamı gəldikdə bədahətən deyilən, məqamı gəldikdə qələmlə yazılan kitab-kitab şeirlərdə öz təsdiqini tapır. Xalq da, M.Aslan da söz ustası Aşıq Şəmşiri sazdan ayrı təsəvvür edə bilmir. Aşıq Şəmşirin saz ifaçılığındakı ustalığı isə öz təsdiqini lent yazılarında tapır. Yetmişdən çox saz havasını ifa edib lentə yazdırmaqla o, klassik aşıqların nümayəndəsi olduğunu bir daha sübuta yetirmiş olur. Şair O.Sarıvəlli Aşıq Şəmşir yaradıcılığında sazla sözün vəhdətini xüsusi qiymətləndirib yazır: “Unutmaq olmaz ki, aşıq poeziyası sazla yanaşı, aşıq musiqisi ilə həmahəng inkişaf edib boy atmışdır. Yaradıcı aşıqların şeirlərinin əksəriyyəti şəkli cəhətdən havacat üzərində qurulmuşdur. Odur ki, aşıq ürəkli şair, şair ürəkli aşıq – Şəmşirin yaradıcılığına sazla sözün birliyi mövqeyindən baxmaq lazımdır”. O.Sarıvəlli sazla sözün birliyi baxımından Aşıq Şəmşir yaradıcılığını götür-qoy etmək məqsədilə aşığın “Məni sən” rədifli cığalı müxəmməsi üzərində dayanır. Cəmi bir bəndini (yəni əsas bənd və onun arasına daxil olan cığa bəndləri) misal çəkən O.Sarıvəlli müxəmməsin forma mürəkkəbliyinə aydınlıq gətirir: “Sual olunur: müxəmməslərdə bu əlavə bəndlər, bu cığalar nə üçündür? Nəzərə almaq lazımdır ki, divani və müxəmməs şəklində yazılmış şeirləri eyni adlarda olan “Divani” və “Müxəmməs” havalarından ayrı götürmək, ayrı təsəvvür etmək çətindir. Bu saz havaları nəzərə alınmadıqda, bu şeir formaları da bir növ anlaşılmaz olur. Hətta bunlar bəzi oxuculara mənasız görünür. Yeri gəlmişkən, demək lazımdır ki, cığaların müxəmməslərə əlavə edilməsi, görünür, yalnız son dövrlərə aid məsələdir. Həm də müxəmməs şəklində olan şeirlərin “Müxəmməs” havasının üstündə ifa edilməsi ilə çox əlaqədardır. Yeddi bəndlik, hər misrası da on altı hecadan ibarət şeiri aşıq ifa etdikdə çox yorucu olur. Belə bir vəziyyətdə cığalar ifaçıların köməyinə gəlir. Musiqi (“Müxəmməs” havası) əlavə xallarla yeri gəldikcə öz ahəngini dəyişir, havanı yeknəsək olmaqdan qurtarır. Beləliklə, götürülmüş böyük bir mövzu, geniş bir məzmun dinləyiciləri yormadan ifa olunur”.
Aşıq yaradıcılığına sazla sözün vəhdəti baxımından yanaşılarkən söhbət istər-istəməz dastan məsələsinə gəlib çıxır. Başqa cür də ola bilməz. Çünki dastan ifaçılığı həm saza, həm də sözə geniş meydan verir və aşıq sənəti bu meydanda öz mahiyyətini daha qabarıq şəkildə göstərə bilir. Bu gün şeirlərini kitablardan sevə-sevə oxuduğumuz klassik aşıqların hər biri, ilk növbədə, məclis aparıb, dastan danışmaqla tanınıblar. Öz şeirləri ilə uca zirvədə dayanan və yazılı ədəbiyyatın M.V.Vidadi və M.P.Vaqif kimi nümayəndələri ilə müqayisə oluna bilən Aşıq Ələsgərin yalnız Azərbaycanda yox, bütün “Qafqaz eli”ndə, sazın nüfuz etdiyi ətraf ölkələrdə tanınıb şöhrət qazanmasının mühüm səbəblərindən biri məhz dastan ifaçılığı ilə bağlıdır. Aşıq Ələsgərin hansı dastanları məclislərdə daha çox danışmağı barədə konkret məlumatlar var. Oğlu Aşıq Talıb və şagirdi Aşıq Ağayarın verdiyi məlumata görə, Aşıq Ələsgər “Abbas-Gülgəz”, “Qurbani”, “Tahir-Zöhrə”, “Valeh-Zərnigar”, “İbrahim”, “Əmrah” kimi dastanlara, “Koroğlu”dan yeddi qola daha çox üstünlük verərmiş. Atasının dastana münasibətindən danışarkən Aşıq Talıb başqa bir nöqtəyə – Aşıq Ələsgərin getdiyi səfərlərə, həmin səfərlərlə bağlı sərgüzəştlərə də toxunur və Aşıq Ələsgərin öz sözünə əsaslanıb belə hesab edir ki, “o səfərlərin hərəsi bir gejəlik nağıldı”, yəni dastandı. Bu kimi faktlar klassik aşıqların nəinki dastanlar danışmasından, həm də yeni-yeni dastanların yaranmasında onların mühüm rol oynamasından xəbər verir. Bu sözləri “klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında möhkəm özüllü bir körpü təsəvvürü yaradan” Aşıq Şəmşirə də aid etmək olar. O.Sarıvəllinin qeydlərindən məlum olur ki, Aşıq Şəmşir “Koroğlu”, “Abbas və Gülgəz”, “Heydər bəy”, “Alı xanla Pəri xanım”, “Abdulla və Cahan”, “Novruz”, “Həcər və Pərizad”, “Valeh və Zərnigar”, “Məsim və Diləfruz”, “Şah İsmayıl”, “İbrahim”, “Tahir və Zöhrə”, “Xəstə Qasım” kimi dastanların mahir ifaçısı olub; həmçinin müxtəlif mövzular üzrə üç dastan yaradıb. Aşıq Şəmşirin ifa etdiyi dastanlar sırasında birinci olaraq “Koroğlu” adının çəkilməsi, görünür, təsadüfi deyil. Məsələ burasındadır ki, Aşıq Şəmşirin zil səsi “Koroğlu” havalarının oxunması üçün çox uyarlı bir səs olub. M.Aslanın bu qeyri-adi səslə bağlı olaraq qələmə aldığı bir əhvalat var. Həmin əhvalat Aşıq Şəmşirin Xan Qərvəndində Usuf adlı bir aşıqla qabaqlaşmağından bəhs edir: “Aşıq Şəmşir üzünü camaata tutdu: – Ay yoldaşlar, siz də sözümə şahid olun: hansı aşıq meydana çağırırsa, fürsət qabaqkınındı, çünki bu kişi özünə genəşib meydana çıxıb. Eləmi?! Qaydaya görə, əvvəlcə havacat üstündə sınaşmalıyıq, sonra mən burda, o burda – deyişəcəyik, qıfılbəndə keçəcəyik... Əvvəlcə mən “Bozuğu Koroğlu” oxuyacam.
Dədə Şəmşir dövrə vurub qıyya çəkdi:
Hanı mənim Qoç Koroğlum –
Gələ girə bu meydana!..
Növbəti bənddə Aşıq Usufun “hey!” deməyi ilə boğazından qan fışqırmağı bir oldu”. “Bozuğu Koroğlu” oxumaq istərkən Aşıq Usufun boğazından qan açılması Aşıq Şəmşir səsinin dərəcəsini göstərmək üçün lazım olan bir detaldır. Bu detal göstərir ki, Aşıq Şəmşir səsi ilə oxumağa cəhd eləmək başqa aşıq üçün zora düşmək, boğazını sıradan çıxarmaq deməkdir.
Muxtar Kazımoğlu (İmanov)
Filologiya üzrə elmlər
doktoru,
AMEA Folklor İnstitutunun direktoru
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.22.