Kökə bağlı insan
İlk tanışlığımız
“Elm və həyat” jurnalının redaksiyasında
olub. Redaksiyaya iş
üçün getmişdim.
Jurnalın o zamankı
baş redaktoru mənə dedi ki, hələlik bizdə boş yer yoxdur, amma
səni bir əməkdaşımızla tanış edərəm,
onunla birlikdə jurnal üçün materiallar hazırlayarsınız,
jurnalda çap olunar, yer boşalanda
isə səni işə götürərəm...
Mehparə ilə o vaxtdan (1980) başlayan tanışlığımız
çox tez bir zamanda dostluğa
çevrildi. Onun köməkliyi ilə
(çünki o, akademiyanın
institutlarını yaxşı
tanıyırdı) hazırladığımız
yazılar jurnalda çap olunduqdan sonra, mən də jurnala, onun əməkdaşlarına
isinişməyə başladım.
Mehparə də mənim iş yerimə (indiki Əlyazmalar İnstitutunun
Şəxsi arxivlər
şöbəsinə) tez-tez
baş çəkdiyinə
görə, şöbənin
işçiləri zarafatla
“bu qız əvvəl-axır səni
buradan aparacaq” deyirdilər. 1983-cü ildə mən jurnala işə qəbul olundum və bir yerdə
çalışmağa başladıq.
Əslində, onun insanlarla tez dil tapıb
doğmalaşmağının sirli bir səbəbi
yoxdur. Onu yaxından tanıyanların
hamısı yaxşı
bilir ki, bu zərif vücudun
köksündə çox
möhkəm, əyilməz,
dəyişilməz və
hər kəsə etdiyi xeyirxahlığından
böyük zövq alan fədakar
və öz doğmalarının, yaxınlarının
xoşbəxtliyini özününkü
sayan, həmişə
nikbin görünən
kişi qeyrətli bir xanım ürəyi döyünür.
Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Jurnalistika fakültəsini 1976-cı ildə
bitirən Mehparə
1977-ci ildən “Elm və
həyat”da işə
başlayıb və redaksiyada da həmişə ən çətin mövzuları
seçib. Elmlər Akademiyasının Elmi-tədqiqat institutlarındakı
yeniliklər, əldə
edilən uğurlu nəticələr barədə
hamıdan tez xəbər tutan da o olardı. İnstitut direktorları və başqa müəlliflərlə
məqalə çapa
gedənə qədər
əlaqə saxlayaraq,
dəqiqləşdirmələr aparmaqdan heç vaxt yorulmayıb. M.Axundovanın təkcə imzası
deyil, özünəməxsus
cingiltili səsi də “Elm və həyat”la əməkdaşlıq
etmiş elm adamlarına
yaxşı tanışdır.
O, telefonla danışdığı
insanlarla elə səmimi münasibət yaradırdı ki, bu da sonda
jurnalın növbəti
nömrəsi üçün
maraqlı bir yazının ortaya çıxması ilə
nəticələnirdi.
1961-ci ildən nəşrə başlayan və
2013-cü ilin sentyabr ayınadək 52 illik tarixi bir yol
keçmiş “Elm və
həyat” jurnalının
səhifələrində çap
olunmuş yüzlərlə
bir-birindən maraqlı
yazıların sonuna imza atmış M.Axundova, həm də İctimai Radionun efirindən səsləndirilən və
elmi ictimaiyyət tərəfindən maraqla
izlənilən “Elm korifeyləri”
rubrikasında “Elm yenilikləri”,
“Nobel mükafatı laureatları”
və “Dünyanın
ən böyük kəşfləri” silsiləsindən
100-ə yaxın verilişin
mətninin müəllifidir.
Həmin verilişlərdə
dünya alimləri sırasında xüsusi yeri olan Azərbaycan
alimləri haqqında
böyük məhəbbətlə
söhbət açan
Mehparə Axundova həmin korifey şəxsiyyətlərin elm aləmindəki uğurları ilə bərabər, onların həyatlarının indi xatirəyə dönmüş
məqamlarının canlı
şahidlərindən aldığı
müsahibələrlə dinləyiciləri
bəzən uzaq keçmişə “səyahət”ə
apararaq, yaddaşları
zənginləşdirməyə çalışmışdır. Amma çox təəssüf
ki, Mehparə bir-birindən maraqlı olan bu yazılarını
indiyədək bir yerə toplayıb kitab halında çap etdirməyib.
Halbuki bir neçə kitablıq bu materilların toplu şəklində nəşr
edilməsi çox vacibdir.
Zəhmətkeşliyi və xeyirxahlığı
ilə onu tanıyanlar arasında daim hörmət qazanan Mehparə vaxtilə Şuşada sayılıb-seçilən maarifçi-pedaqoq
kimi tanınmış
Mirzə Xosrov Axundovun ailəsində dünyaya göz açıb. 1906-cı ildən pedaqoji fəaliyyətə başlayan
Mirzə Xosrov Axundov (1889-1960) Şuşada
yeni tipli məktəblərin təşkili,
əhali arasında maarifçiliyin təbliği
və Azərbaycanda qızların təhsilə
cəlb olunması işində fəallıq
göstərib. 1920-1930-cu
illərdə savadsızlığın
ləğvində fəal
iştirak edib, savad təlimi sahəsindəki 50 illik təcrübəsini “Pedaqoji
mülahizə və təcrübələrim” adlı
əlyazmasında ümumiləşdirib.
“Məclisi fəramüşan”ın
üzvü olmuş M.Xosrov “Şaiq” təxəllüsü ilə
şeirlər, Azərbaycan
yazıçı və
şairləri haqqında
xatirələr də
yazmışdır.
Deyilənə görə, o, dərs dediyi şagirdlərinə
öz doğma övladları qədər
qayğı göstərər,
kasıb ailələrin
uşaqlarının çatışmayan
dərs ləvazimatlarını
özü alarmış. Şagirdlərinin xəttinə o qədər
tələbkarlıqla yanaşarmış
ki, sinifdə olan bütün şagirdlərin xətti bir-birinə oxşayarmış.
Hətta
bəzən şübhələnərmişlər
ki, bəlkə bu yazıların hamısını bir nəfər – elə müəllimin özü
yazır.
Mehparənin xarakterində cəmləşən
yüksək insani keyfiyyətlərin formalaşmasında
atası ilə bərabər, qonaqpərvər
və mehriban anası Hürü xanımın da böyük rolu olub. Mehparə üçün
həyatda qiymətli nemətlərdən ən
birincisi Qarabağın
gözu sayılan doğma Şuşa, sonra isə ailəsi, əzizləri, dostları və bir də öz
övladı kimi sevib bağlandığı
“Elm və həyat” jurnalı olub. Jurnalda çalışdığı
illərdən yaddaqalan
təltifləri isə
“Qızıl qələm”
mükafatı (2001), Azərbaycan
Jurnalistlər Birliyinin
Diplomu (2001, 2011) və
bir də jurnalın 50 illik yubileyi münasibətilə
AMEA-nın təqdim etdiyi Fəxri Fərman (2011) olub.
Mehparə Axundova indi AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
Elmi nəşrlər
və proqnozlaşdırma
şöbəsində baş
mütəxəssis vəzifəsində
çalışır. Yeri
gəlmişkən, bizi
– “Elm və həyat” jurnalının sabiq əməkdaşlarını işlə
təmin etdiyinə və normal iş şəraiti yaratdığına
görə, Ədəbiyyat
İnstitutunun direktoru,
AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyliyə
hər birimizin adından təşəkkür
etməyi özümə
borc bilirəm (M.P.).
Öz peşəsinə, əqidəsinə sadiq qalan əzizimiz Mehparəni doğum günü münasibətilə təbrik edirəm və ömrünün 60-dan sonrakı illərinin daha mənalı keçməsini arzulayıram. Qoy səbirsizliklə gözlədiyi övlad toyu onun ailəsinə xoşbəxtlik gətirsin və uşaqlıqda qarış-qarış gəzdiyi doğma Şuşanı öz doğmaları ilə birlikdə gəzib dolaşsın! Şuşalı günlərinin xatirələrini Şuşada yad etsinlər!
Maral POLADOVA
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.15.