Azərbaycan virtual məkanda
Müasir cəmiyyətin formalaşmasında
informasiya texnologiyalarının
təsiri danılmaz faktora çevrilib və bu sahənin
sürətlə inkişaf
etməsi artıq həyatımızın ayrılmaz
hissəsini təşkil
edir. Bu gün
Azərbaycanda vətəndaşların
böyük bir hissəsinin internet istifadəçisinə
çevrilməsi nəticəsində,
onların internetə
əlçatanlılığının
təmin edilməsi ölkəmizdə İnformasiya–Kommunikasiya
Texnologiyalarının inkişafının
birbaşa göstəricisidir.
Qloballaşan dünyada dövlətlərin
əsas maraqlarından
birinin də internetdən istifadə edilməsi faktdır.
Bu mənada hər
bir dövlət
virtual aləmdə bu
təbliğat vasitəsindən
yararlanmaqla öz güclərini göstərməyə
çalışırlar. Artıq
internet milli irsin, mədəniyyətin və
digər sahələrin
təbliğində rəqib
tanımır. Bununla da
müasir dünyanın
əvəzedilməz informasiya
təbliğatı imkanına
çevrilən virtual aləmdən
milli maraqlar üçün maksimum istifadə etmək zərurəti meydana çıxır.
“Hər evə optika”
Yaxın keçmişimizdə informasiya
blokadası ilə üzləşən respublikamız
bu gün həqiqətləri tam şəkildə
dünyaya çatdıra
bilir. 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya
ili” elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin imzaladığı
sərəncam bu sahənin inkişafına
mütləq hüquqi
baza qurmaqla yanaşı, həm də müasir və modern texniki baza yaratmış oldu, İKT-nin geniş tətbiqi dövlətimizin siyasətinin
əsas prioritetinə
çevrildi. Qeyri-neft
sektorundan sonra əhəmiyyətli pay sahibinə
çevrilən bu sektor mühüm strateji sahə olduğunu artıq təsdiqləyib. Təsadüfi deyil ki, Azərbaycan
keçmiş postsovet
ölkələri arasında
ilk olaraq ATS-lərin elektronlaşmasını başa
çatdırdı. Bu gün regionlarda vətəndaşların genişzolaqlı
keyfiyyətli internetlə
təmin olunması,internetin Azərbaycanın
bütün ərazisini
əhatə etməsi
bu sahədə innovativ inkişafın əyani göstəricisidir.
Yeri gəlmişkən, internet istifadəçilərinin
sayına görə beynəlxalq hesabatlarda yüksək yerlərdə
qərarlaşan, eyni zamanda MDB ölkələri
arasında liderliyi əldə saxlayan Azərbaycanda genişzolaqlı
internetin inkişaf etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulub.
2012-ci ildə ölkə prezidentinin göstərişi
ilə hər bir kənd və
yaşayış məntəqəsinə
genişzolaqlı internetin
çəkilməsi barədə
müəyyən etdiyi
hədəfə nail olunması
üçün ölkənin
hər bir yaşayış məntəqəsində,
hətta ən ucqar dağ kəndlərində belə
fiber-optik kabel şəbəkəsi üzərindən
əhalinin yüksəksürətli
genişzolaqlı internet və
digər müasir telekommunikasiya xidmətlərinə
çıxışını nəzərdə tutan “Azərbaycanda milli genişzolaqlı internetin
inkişafı” layihəsi
hazırlanıb. 2013-2015-ci illər və sonrakı dövrdə “Hər evə optika” prinsipi üzrə ölkənin bütün yaşayış
məntəqələrində yüksəksürətli fiber-optik
kabel şəbəkəsi
üzərindən keyfiyyətli
genişzolaqlı internet xidmətlərinin
təşkilinin və
telekommunikasiya şəbəkəsinin
modernləşdirilməsinin həyata keçirilməsi,
eyni zamanda 2015-ci ildən etibarən əhalinin minimal olaraq Bakı şəhərində
100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində
30 mb/s, qəsəbə
və kənd yerlərində isə 10 mb/ sürətli genişzolaqlı internetlə
təmin ediləcəyi
nəzərdə tutulub.
“BakuTel” sərgisi və əhəmiyyəti
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
fəal dəstəyi
ilə təşkil edilən “BakuTel” Xəzəryanı regionda
sərgi sənayesinin
ən iri tədbiri hesab olunur. “BakuTel” sərgisi tarixində ilk dəfə olaraq sərgi kompleksinin hər üç zalında təşkil olunmuşdu və ümumilikdə 12 min kv.m sahəni əhatə edirdi. Prezident İlham Əliyev
sərgi zamanı keçirilən Dünya Azərbaycanlılarının 1-ci Virtual Konfransında iştirak etdi. Respublika Prezidentinin “BakuTel 2013” sərgisinin iştirakçılarına
ünvanladığı təbrik
məktubunda deyilirdi:
“Azərbaycanda hər
il keçirilən “Bakutel” beynəlxalq sərgi və konfransı müxtəlif
ölkələrdən təşkilatları,
alimləri və mütəxəssisləri bir
araya gətirərək,
fikir mübadiləsi,
işgüzar əlaqələrin
genişləndirilməsi, habelə
qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanışlıq
üçün əlverişli
şərait yaradır.
Hazırkı sərgi
və konfransın ölkədə elan edilmiş “İKT İli” çərçivəsində təşkil edilməsi, kibertəhlükəsizlik üzrə
konfrans və digər əhəmiyyətli
tədbirlər proqramı
ilə müşayiət
olunması, eləcə
də aparıcı şirkətlərin sərgidə
geniş tərkibdə
iştirakı bu tədbirin əhəmiyyətini
daha da artırır”.
“BakuTel” sərgisi və sərgi çərçivəsində xüsusi tədbirlər müxtəlif ölkələrdən
çoxsaylı mötəbər
qonaqları, nazirləri,
eləcə də alim və nüfuzlu
iş adamlarını
bir yerə toplamaqla yanaşı, ölkəmizə gündən-günə
artan marağın fonunda iştirakçı
ölkələr arasında
qarşılıqlı faydalı
əməkdaşlığın gələcəkdə daha
da möhkəmləndirilməsinə
öz əhəmiyyətli
töhfəsini vermiş
oldu. Beynəlxalq və regional səviyyələrdə
yeni təşəbbüslərin
irəli sürülməsi
və həyata keçirilməsi, ən yaxşı dünya səviyyəli İKT layihələrinin
təqdimatı və
Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin fəal dəstəyi çərçivəsində
təşkil edilmiş
milli stendlərin artması sözsüz ki, “BakuTel” sərgisinin
xidmətidir. Burada çoxsaylı şirkətlərin
texnoloji innovasiyaları,
o cümlədən Bakı
və ətraf qəsəbələri tam əhatə
edən 4G sistemi, həmçinin ən son mobil və simsiz
qurğular, korporativ həll variantları, daha rahat və
maraqlı həyat üçün əlverişli
zəmin yaradan ən qabaqcıl dünya texnologiyaları sistemi (M2M) səmərəli
şəkildə təqdim
olunurdu. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan
artıq qloballaşan
dünyada İKT sahəsində
öz nüfuzu və çəkisi olan etibarlı tərəfdaşdı.
“İpək yolu” və TAE layihəsi
Tarixi “İpək yolu”nun üzərində yerləşən Azərbaycanın əlverişli iqtisadi coğrafi mövqeyi ölkəmizə ən böyük layihələrin iştirakçısı olmaq imkanı qazandırıb. Bu layihələrdən biri də “Trans-Asiya-Europa” (TAE) layihəsidir. Layihə XX əsrin ən böyük tikintilərindən biri sayılır. Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan bu magistral böyük əhəmiyyətə malik bir rabitə şəbəkəsidir. TAE xətti regionda İKT-nin inkişafına təkan verir, telekommunikasiya şəbəkələri üzrə genişzolaqlı kanalların sayının artırılmasına, o cümlədən, şəhərlərarası və beynəlxalq qlobal rabitənin təşkil olunmasına şərait yaradır. Bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli protokol imzalanıb. Elə həmin ilin dekabr ayında TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. 2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib. TAE fiber-optik kabel magistralının istismara verildikdən sonra ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə və Ukrayna istiqamətində birbaşa müasir yüksəkkeyfiyyətli rəqəmsal beynəlxalq rabitə təşkil etmək mümkün olub. Ölkə regionlarının TAE xəttinə qoşulmasından sonra həmin rayonlarda sakinlərin internetə çıxış imkanları artıb. Eyni zamanda, alternativ rabitə üçün geniş imkanlar yaranıb. Bütün bu məntəqələrdə STM-16 və STM-1 avadanlıqları quraşdırılıb. Bundan əlavə ölkədə ən böyük dairəvi rabitə Şirvan-Beyləqan-Yevlax xəttinin tikilməsi ilə yaradılıb. Əsas magistrallarla yanaşı, Siyəzən – Xızı, Goranboy – Naftalan, Gəncə – Xanlar, Bərdə – Tərtər, Gəncə – Samux fiber-optik kabel magistralları da fəaliyyət göstərir. Neftçala, Lerik, Yardımlı, Gədəbəy və Daşkəsən TKQ-lərin də layihəyə qoşulması ilə Azərbaycanda bütün rayonların TAE xəttinə qoşulması başa çatıb. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramında (Elektron Azərbaycan) Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya texnologiyalarının texniki modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi ayrıca bəndlərdə öz əksini tapıb. Bu məqsədlə nəzərdə tutulan ən əhəmiyyətli tədbirlərdən biri təbii ki, ölkədaxili dayanıqlı rabitə üçün zəruri məsələlərdən olan Naxçıvan Muxtar Respublikasının rabitəsinin TAE fiber-optik kabel magistralı vasitəsilə təşkilidir. Bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq artıq muxtar respublika rabitəsinin TAE magistralına qoşulması yüksək səviyyədə həyata keçirilib.
Qeyd edək ki, TAE fiber-optik kabel xəttinin Azərbaycan seqmentinin genişləndirilməsi layihəsinə hələ 2003-cü ildən, ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) təsdiq olunduqdan sonra başlanmışdır.
Uçdu göylərə,bizim peykimiz...
Ölkəmizin Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması zərurətini yaradırdı. Bu məqsədlə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Sevindirici haldır ki, Qafqazın əsas peyk operatoru olan “Azərkosmos” ASC-də müasir texnologiyaların tam idarə olunmasında yerli kadrlar üstünlük təşkil edir, artıq peşəkar mütəxəssislər hazırlanıb. Bu gün “Azerspace-1” telekommunikasiya peykinin Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynaması faktdır. Peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinın yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparılır, yerüstü şəbəkələrin əhatə dairəsinə daxil olmayan peyk əsaslı xidmətlərdən faydalanmaq üçün əhaliyə geniş imkanlar yaradılıb.
Ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər təkcə yuxarıda sadalananlarla bitmir. Yüzlərlə internet portallarının yaradılması, internet medianın inkişafı, vətəndaşların dövlət strukturları ilə birbaşa əlaqə saxlamasına imkan verən elektron hökumət, yüz minlərlə insanın müraciət etdiyi “ASAN xidmət”, virtual aləmdə biznes, təhsil, marketinq, reklam və s. sahələrin inkişafı əhalinin rahatlığını təmin etməklə yanaşı, vaxt itkisinin də qarşısını almış olur. Bundan başqa İKT vasitəsilə Azərbaycan gerçəkliklərini, ən əsası Qarabağ problemini istər sosial şəbəkələr, istərsə də digər vasitələrlə bütün dünyaya çatdıra bilirik. Məhz buna görə artıq milyonlarla əcnəbi Qarabağ, erməni vəhşiliyi haqqında əsl həqiqətləri öyrənə bilib. Təbii ki, bunun da əsas səbəbkarı, dövlətimiz və onun İKT sahəsində apardığı düzgün siyasətdir. Nəticədə Azərbaycan virtual aləmdə, dünya “informasiya okeanı”nının hər bir sahəsində çoxsaylı problemləri həll edərək “virtual olimpiada”da geniş addımlarla birincilər sırasına qoşulan bir monolit bünövrəli İKT ölkəsinə, dünya azərbaycanlılarının doğma vətəninə çevrilib.
İlqar TAĞIYEV
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.12.