Təbiət də gələcək qalibləri himayə edir (davamı)

 

(Tarixi hadisələrə belə rakursdan baxış)

 

 

Müharibənin gedişinə və nəticəsinə təsir edən faktorlar sırasında təbiətin, stixiyanın rolunu da qeyd etmək lazımdır. Əgər dənizdəki qabarma və çəkilmə Ayın və Günəşin cazibə qüvvəsinin təsiri ilə baş verirsə, niyə xalqlar arasındakı müharibə adlanan problemin həllində təbiət ona yaraşmayan laqeyd seyrçi rolunu oynamalıdır? Axı hətta qədim dövrlərdə   iqlimin insan həyatında mühüm rol oynadığını başa düşürdülər. Böyük yunan tarixçisi Herodot səkkiz ay qışı olan şimalda yaşayan hiperboreylər haqqında yazırdı ki, onların ölkəsində soyuğa dözə bilmədiyindən at da saxlamırlar. Təəssüf ki, iki mindən də çox bir müddət keçdikdən sonra belə, ən cəsur adamlar, böyük kəşflərə girişənlər “tarixin atasının” sözaltı xəbərdarlığından nəticə çıxarmayıb, iqlimin sərtliyinə , ehtiyat tədbirlərinə məhəl qoymadan özlərini birbaşa təhlükəyə atmaqdan da çəkinməmişlər.

 

3.Təbiətin müdaxiləsi nəticəsində səyyahın və dənizçinin macəraları   

1910-cu ilin iyununda ingilis donanma zabiti və tədqiqatçısı Robert Falkon Skott Cənub qütbünü kəşf etmək üçün Antarktidaya özünün məşhur olan, lakin bədbəxtliklə nəticələnən ekspedisiyasına yollandı. O, səfərə motorlu kirşə, poni atları və itlər götürmüşdü. 1911-ci ilin oktyabrında onlar Evans körfəzindən qütbə tərəf yola düşmüşdülər. Tezliklə motorlu kirşələr sındı, soyuğa dözə bilmədiklərindən poniləri güllələyib öldürdülər, həmçinin it komandasını geri göndərdilər.

Əgər Skott Herodotun “Tarix” kitabını xatırlasaydı, hiperboreylərin vətənindən daha sərt iqlimi olan Antarktikaya heç poniləri götürməzdi. Axı ponilər atlardan kiçik olmaqla, soyuğa qarşı daha zəif və kövrəkdirlər.

Onlar qarşılarına çıxan buzluğa özlərinin dartdığı kirşə ilə hərəkət edirdilər. Dekabrın son gecəsində yeddi nəfər bazaya geri döndü. Skott başda olmaqla qalan beş nəfər 1912-ci ilin 17 yanvarında qütbə çatdılar. 81 günlük səfərdən sonra taqətdən düşmüş bu adamlara belə bir acı həqiqət məlum oldu ki, Norveç Qütb səyyahı və tədqiqatçısı Rual Amundsen onlardan bir ay əvvəl Qütbdə olmuşdur.

Skottun qrupu səfərdən geri qaydanda hava xüsusilə pis idi. Ərzaq və yanacaq ehtiyatı çox az idi. Axırda onların möhkəmliyi və kömək barədəki ümidləri də yoxa çıxdı. Sağ qalan üç nəfər əlavə 10 mil yolu qət etmək üçün mübarizə aparırdı. 29 mart 1912-ci ioldə Skott öz gündəliyində son sözlərini yazdı: “Hər gün biz hazır oluruq ki, 11 mil məsafəni başa çatdıraq, lakin çadırın qapısının ağzında küləkdən fırlanan qar təpələri səhnəsi yenə də qalmaqda davam edir... Biz bunu dəf etməliyik, lakin son uzaq olmayacaqdır. Heyif ki, mən nəsə başqa şeyi yazmaq barədə düşünmürəm”. Görkəmli Avstriya yazıçısı Stefan Tsveyq Robert Skottun faciəli günlərini təsirli bədii səhnələrlə təsvir edir.

Səkkiz ay sonra axtarıcılar səyyahların donmuş bədənlərinin və Skottun məlumatlarının və gündəliyinin qaldığı çadırı tapdılar.

Təbiətin şıltaqlığına bələd olmaq isə bəzən böyük kəşflərin meydana çıxmasına səbəb olmuşdur. Vasko da Qama 1498-ci ildə Hindistan səfərindən qayıtdıqdan sonra (o, bu ölkəyə Xoş Ümid burnundan keçməklə ilk dəniz yolunu açmışdı, ona qədər Qərbi avropalılar Hindistana üzə bilmirdilər) Portuqaliya kralı I Manuel 1500-cü ildə  dənizçi Pedru Alvariş Kabralın başçılığı altında Hindistanla ticarət əlaqəsi yaratmaq üçün donanma göndərdi. Dənizçilər Afrikanın Qvineya sahillərində uzun müddətli tam sakitliyə (bu vaxt külək olmadığından yelkənli gəmilərin hərəkəti tamamilə dayanırdı) düşməkdən qaçmaq üçün (qızmar isti altında uzun müddət dayanan gəmi heyətini aclıq və susuzluq gözlədiyindən, bütün komanda məhv olurdu. Gəmi isə dəniz quldurlarının hücumuna məruz qalanlar kimi böyük təhlükə mənbəyi hesab edilən “uçan hollandlara” çevrilə bilərdi) donanma qərb tərəfə istiqamət götürdü.Dənizdə üzmək üçün küləyin necə vacib olduğu qədim yunan mifologiyasında da  göstərilir. Aqamemnon Troyaya üzmək üçün allahlardan külək istədiyinə görə öz qızı İfigeniyanı da qurban vermişdi. Sonra isə külək və okeandakı cərəyan Kabralın donanmasını Braziliya sahillərinə aparıb çıxardı. Bu 22 aprel 1500-cü ildə baş verdi, ölkənin Portuqaliyaya məxsus olduğu elan edildi. Beləliklə, Kabral təbiətin sınağı və ondan qaçmaq yolu ilə, həm də küləyin və okean cərəyanlarının köməyi ilə Cənubi Amerikanın bu böyük ölkəsini kəşf etdi və sonralar Braziliya Portuqaliyanın müstəmləkəsi oldu. İndi də Braziliya əhalisi portuqal dilində danışır. Kabral sonra səfərini Şərqə doğru davam etdirərək, Xoş Ümid burnunda tufan nəticəsində dörd gəmisini itirsə də, üzüb Hindistandakı Kəlküttəyə çatdı. Burada ticarət məntəqəsi yaratdı və Portuqaliyaya dörd gəmi ilə döndü.

 

Kabralın kəşfi təbiətin müdaxiləsi və köməyi hesabına olduğundan Xristofor Kolumbun və Fernando Magellanın iri miqyaslı kəşflərindən də bütünlüklə fərqlənir.

 

4.Təbiət böyük sərkərdələri və məğlubedilməz orduları  sınağa çəkir      

 

Müharibəyə girişənlər, onu başlayanlar da təbiətin sirli tərəflərini, iqlimin sürprizlərini nəzərə almalıdırlar. Axı, yaxşı məlumdur ki, müharibəni başlamaq asandır, onu başa çatdırmaq isə çox çətindir. Hitler SSRİ-yə müdaxilə etməmişdən əvvəl Almaniyanın böyük dövlət xadimi Otto fon Bismarkın Rusiya ilə müharibə etməmək barədəki ciddi xəbərdarlığına məhəl qoymasa da, heç olmazsa dahi sərkərdə Napoleonun Rusiyaya yürüşünün fəlakətli gedişindən və sonluğundan nəticə çıxarmalı idi. Onun bu amneziyası Avrasiya xalqlarına böyük faciə bəxş etməklə, həm də öz xalqına çox baha başa gəldi. Napoleon üçün Vaterloodan əvvəl Fontelblonun olduğu yada salınırsa, onların bünövrəsi kimi Rusiyada üzləşdiyi fəlakətin xüsusi yer tutduğu qeyd edilməlidir. Rusiyadan biabırçı surətdə Napoleonun qaçması və Böyük Ordunun həmin vaxt demək olar ki, bütünlüklə məhvi Vaterloodakı onun son məğlubiyyətinin   şəxsi faciəsinin yoluna daş döşəmişdi.

Hitler Napoleondan sonra, ondan heç də az miqdarda olmayan qaydada Avropanı lərzəyə salmışdı, materikdəki ölkələrin çoxunu işğal etmiş və ya öz nüfuz dairəsinə cəlb etmişdi. Lakin Rusiyanın payız düşən kimi ara verməyən yağışı, sərt qışı və şaxtası digər mühüm amillərlə birlikdə onun məğlubedilməzliyi barədəki mifi dağıtdı və üstəlik, nəticədə öz ölkəsinin də üç il yarım sonra Müttəfiqlərin işğal ərazilərinə çevrilməsinə yol açdı.

Bütün bunlar onu göstərir ki, təbiət də müharibə adlanan silahlı rəqabətin hansı sonluqla nəticələnməsinə müəyyən mərhələdə öz təsirini göstərməklə, məğlubların vəziyyətini ağırlaşdırmağa xidmət etməklə, qaliblərə öz çox vacib olan himayəsini əsirgəməyərək, axırıncıları bəzən əvəzi olmayan bir yardımla mükafatlandırır. Təbiət öz stixiyasını işə salmaqla, müharibənin gedişinə müəyyən düzəlişlər edir və nə qədər qəribə görünsə də, bəzən hücum edənlərin qarşısını bütünlüklə yaratdığı çətinliklər hesabına kəsir, hətta dönüş nöqtəsinin yaranmasına şərait yaradır. Burada hansısa bir qeyri-adiliyi, sirri axtarmaq da düzgün deyildir. Axı insan özü də təbiətin bir hissəsidir və nə edirsə etsin, özünü təbiətdən, onun qüvvələrinin təsirindən kənarda saxlaya, ayıra bilməz.

Bunu nəzərə alaraq, ən qabiliyyətli sərkərdələrin və ordularının taleyinə təbiətin etdiyi düzəlişlər barədə bir qədər təfsilata varmaqla söhbət aparmaq ehtiyacı yaranır. Bəlkə də elə bir sərkərdə və ya ordu yoxdur ki, onlar təbii çətinliklərdən, onların yaratdıqları maneələrdən gileylənməsin. Onlar döyüşdə hər cür ağıl və fəaliyyət igidliyi göstərə bilərlər. Lakin ən böyük ağıl da, ən nadir qəhrəmanlıq da təbiətlə mübarizədə çox hallarda öz zəifliyinin şahidi olur.

 

 

Böyük Aleksandr

 

 

 

Dünyanın və tarixin ən böyük sərkərdəsi kimi tanınan, bircə dəfə də olsun məğlubiyyətin nə olduğunu bilməyən Makedoniyalı Aleksandr işğalları hesabına öz böyük imperiyasını yaratsa da, təbii şəraiti nəzərə almayanda, bunun yaratdığı ağır sınaqla üzləşməli oldu. Aleksandrın Hindistan yürüşündə əvvəllər heç vaxt rastlaşmadığı bir hadisə onun sonrakı planlarını, yürüşü davam etdirmək cəhdini pozdu. Axı Aleksandr o vaxtlar məlum olan dünyanın sonuna, indiki Yaponiyaya çatmağı planlaşdırırdı. Makedoniya qoşunları qiyam qaldırıb, vuruşmağı davam etdirməkdən imtina etdilər və vətənlərinə qayıtmaqlarını tələb etdilər. On ilin vuruşları itkilərlə yanaşı, əzabları ilə döyüşçüləri cana doydurmuşdu və onlar öz çarlarına tabe olmağa da son qoymağı qərara almışdılar. Aleksandr döyüşçüllərinin iradəsini qırmağın mümkün olmadığını görüb, geri, Babilə qayıtmağı qərara aldı. Lakin geri dönmə yolu da düzgün seçilməmişdi, şimaldan keçən daha əlverişli yol əvəzinə cənub istiqamətində hərəkət etmək qərara alınmışdı, bu isə olduqca təhlükəli bir marşrut idi, Gedrosiya səhrasından keçirdi.

Makedoniyalılar Gedrosiyaya gəlib çatanda, orada böyük çətinliklərlə üzləşməli oldular. Kiçik qruplar yol olmasa da, dəniz sahili ilə irəliləyə bilirdilər, böyük ordu üçün isə bu mümkün deyildi. Dəhşətli isti, gözlənilən aclıq və susuzluq döyüşçülərə tam ağır sınaq vəd edirdi. Elə bil ki, digər mühüm cəhətlər də yaddan çıxarılmışdı. Logistika (addi- texniki təchizat, o vaxtlarda əsasən ordunun ərzaqla və atların ayaqaltı otla təmin olunması) müharibənin qan damarı hesab olunur.  Aleksandr yürüşləri vaxtı daim logistikaya  böyük əhəmiyyət verirdi. Orta Asiya ərazilərinə keçmək üçün bu məqsədlə Xəzər dənizinin cənubundakı bol ərzağı olan Qirkaniyanı seçmişdi. Babilə geri qayıdan vaxt isə Aleksandr  elə bil ki, bu mühüm məsələni yaddan çıxarmışdı. Yol təkcə aclıq deyil,həm də qum təpələrini əvəz edən öz şoranlıqları ilə bir kədər, qüssə bəxş edirdi. Bütün bunlar isə nəhayətsiz ölüm dənizinə bənzəyirdi. Çayların məcraları və vahələr bir-birindən uzaqda idi, rəhmsiz Günəşin istisindən qorxuya görə yalnız gecələr hərəkət etmək olurdu. Döyüşçülər büdrəyə-büdrəyə günəşdən bərkimiş torpağın üstü ilə və nəhayətsiz qumluqlardan keçməklə dolaşırdılar. Onlar tələsirdilər ki, Günəş hələ çıxmamış hansısa su tapa biləcəkləri bir yerə çatsınlar. Lakin bunu əldə etmək də həmişə mümkün olmurdu. Çox vaxt tapılan su da ya şor, ya da acı olurdu. Döyüşçülər xəstələnirdilər. Zəhərli bitkilər və ilan sancmaları bədbəxtlikləri daha da artırırdı. Arabalar qumda batır, yük atlarının nəfəsləri kəsilirdi və onları öldürməkdən savayı bir çarə qalmırdı.

Dəstənin arxasında  gedənlər, bir qayda olaraq, ölümə məhkum olurdular, onları gəmidən dənizə atılan adamların taleyi gözləyirdi. Qum səhrası, əslində qum dənizi özlüyündə heç də adəti dənizdən az qəddar deyildi.

 

Bir dəfə məlum oldu ki, onlar yolu itirmişlər və qoşun qum təpələrinin arasında azdı. Başqa bir vaxt isə su onlarla məkrli zarafat etməyini də işə saldı. Döyüşçülər kiçik çay axan bir vadidə düşərgə salmışdılar. Gözlənilmədən, görünür şimal tərəfdəki dağlarda yağan yağışdan yaranan sel bu kiçik çayı coşğun, qəzəbli axına çevirdi və vadini basdı. Su qab-qacağı və silahı aparırdı. Kim üzüb çıxa bilirdisə, ancaq heç nəyi xilas edə bilmirdi. Atlar və arabalar sıradan çıxdı. Bu bədbəxtlik hesabına döyüşçülərin də sayı xeyli azaldı. Bütün məşəqqətlərə baxmayaraq, Aleksandrı müşayiət edən alimlər öz müşahidələrini aparmaqda və qələmə almaqda davam edirdilər. Həqiqi elm adamları heç vaxt bekar dayanmırlar, ən çətin anlarda belə öz işlərindən uzaqlaşmırlar. Finikiyadan olan tacirlər isə səhra bitkilərindən ətirli maddələr  əldə edib, fürsət düşən kimi onları ticarət yolları keçən şimala göndərirdilər.

 

(Ardı var)

Telman Orucov

 525-ci qəzet.- 2013.- 14 dekabr.- S.11.