Macarları özlərinə tanıdan
alim
Görkəmli
macar türkoloqu, Avropa universitetləri tarixində ilk
türkologiya kafedrasının qurucusu Armin Vamberinin (1832-1913) vəfatından
yüz il keçir.
Bu həmin Vamberidir ki, ötən əsrin əvvəllərində
türkçülük və turançılıq
ideologiyasının banilərindən olan Əlibəy
Hüseynzadə ona müraciətlə “Sizlərsiniz ey
gövmi-macar bizlərə ixvan, Əcdadımızın
müştərəkən məskəni Turan”-
misralarını yazmışdı. Yusif Akçura isə
özünün “Türkçülüyün tarixi” əsərində
şəxsən tanıdığı macar aliminə
ayrıca fəsil həsr etmişdi.
Bir qədər qəribə görünsə də, XX
yüzilliyin əvvəllərində Vamberinin adı türk
dünyasının ziyalıları və fikir adamları
arasında indiki dövrlə müqayisədə daha populyar
idi. İsmayıl Qaspralının, Əli bəy
Hüseynzadənin, Əhməd Ağaoğlunun məqalələrində
alimin türkçülüklə bağlı
araşdırmalarının əhəmiyyəti
vurğulanırdı.
İsmayıl bəy Qaspralı 1908-ci ildə “Tərcüman”
qəzetində təfriqələr halında çap etdirdiyi
səfər qeydlərində Vamberinin dilindən eşidilən
aşağıdakı sözlərə yer vermişdi: “Həqiqətən
də mən Şərqi gəzdim, gördüm. Türkləri,
müsəlmanları çox sevirəm. Mən
Rəşid Paşa mərhumun çevrəsində
dolaşdım. Fuad və Ali paşalarla (hər
üçü Osmanlı imperiyasında islahatçı kimi
tanınmış, sədrəzəm mövqeyinə yüksəlmişdilər
– V.Q.) birlikdə oldum. İstanbulda əldə
etdiklərim sonrakı səyahətlərimdə, tədqiqatlarımda
işimə çox yaradı. Bu
baxımdan türklərə hədsiz minnətdaram. Daim onların xeyirxahı olmağa
çalışıram və indiyə qədər müəyyən
xidmətlərim də dəyib. Türkləri, islam dünyasını Avropaya, ilk növbədə
isə İngiltərəyə tanıtmaq sahəsindəki zəhmətimlə
qürur duyuram. Türklərin düşmənləri
məni sevməzlər. Zatən heç mən
də onları sevmərəm”.
Vamberi haqqında indiyə qədər müxtəlif
dillərdə onlarla kitab, yüzlərlə məqalə
yazılmışdır. Lakin alimin həyat yolu
və elmi yaradıcılığına ən yaxşı
işıq saçan əsər onun özü tərəfindən
qələmə alınmışdır. Bu,
1883-cü ildə çapdan çıxan “Arminius Vamberinin
öz təsvirində həyatı və macəraları”
avtobioqrafik povestidir. Kitabın böyük oxucu
marağı doğurduğunu görən müəllif onu
yenidən işləyib təkmilləşdirərək 1904-cü
ildə “Mənim həyatım” (orijinalı “The struggle of my
life” ) adı altında yenidən çap
etdirmişdi.
“Macar
alimi” kimi tanınan Armin Vamberi milliyyətcə yəhudi
idi. Lev Nippelbaum – Məhəmməd Əsəd bəy – Qurban Səidin qeyri-adi həyatından
bəhs edən “Şərqşünas: Qəribə və təhlükəli
ömrün sirlərini açmaq cəhdi” kitabının müəllifi Tom
Reisin yazdığına görə onun əsl adı və
soyadı Herman Vamberger olmuşdu. Vamberi macarların türk
kökənli xalq, macar dilinin isə türk mənşəli
dil olması ilə bağlı dünya elm tarixində
özünə yer alan və bu gün də
mübahisə predmeti kimi gündəlikdə qalan
hipotezanın müəllifidir.
Şərqşünas həmkarlarının
çoxundan fərqli olaraq Vamberi kabinet alimi deyildi. Türk dillərini
də sadəcə kitablardan öyrənməmişdi.
O, macəralarla dolu ömür yaşamışdı.
Osmanlı Türkiyəsinə və həmin dövrdə hələ
dünyaya qapalı qalan Orta Asiyanın türk
xanlıqlarına səyahətləri, ən
başlıcası isə həmin səyahətlərin nəticəsi
kimi meydana çıxan kitablar Vamberinin adını Qərbin
təkcə elm mərkəzlərində deyil, ictimai-siyasi
dairələrində də məşhurlaşdırmışdı.
Şərqşünaslıq elminə gətirdiyi yeniliklərə
və risk dərəcəsinə görə macar aliminin Orta
Asiya səfəri Çin basqısı altındakı Şərqi
Türküstanı tacir qiyafəsində gəzib-dolaşan və
bu qədim türk yurdunu dünyaya tanıdan qazax maarifçisi
Çokan Vəlixanovun (1830-1865) elmi rəşadəti ilə
müqayisə oluna bilər.
“O, balaca
və topal yəhudi oğlan idi...” – bir vaxtlar “Azərbaycan ədəbiyyatının
dostu” kimi tanınan Nikolay Tixonovun 1925-ci ildə Vamberinin qeyri-adi həyatı və Orta Asiya səyahətləri
haqqında yazdığı və
indi demək olar ki, tamamilə unudulmuş oçerk bu sözlərlə
başlanırdı.
Uşaq yaşlarında aldığı zədə nəticəsində
ömürlük şikəst qalmasına və sol
ayağını çəkməsinə baxmayaraq Vamberi
doğulduğu Esterqom (Pressburq) şəhəri yaxınlığındakı
kiçik qəsəbədən dünya hüdudlarına
çıxmağı bacarmışdı.
Atası
dinə son dərəcə bağlı adam
olmuşdu. Saatlarla, hətta günlərlə
Tora, yaxud Talmud mətnlərindən gözünü çəkmədən
mütaliəyə dalmağı sevirdi. Sanki
onu dünyada qədim yəhudi müdrikliyindən başqa
maraqlandıracaq bir şey yox idi. Dindar,
lakin savadsız anası isə praktik ağlı, həyata
ayıq münasibəti ilə seçilirdi. Ailənin tək uşağı olan Armin Vamberi
şəxsiyyətində atasının tükənməz
bilik aclığı və intellekti ilə anasının
enerjisini, bacarığını sintez edə bilmişdi.
Atasını
erkən yaşında itirməsi, 22 yaşında dul qalan
anasının “biznes” layihələrinin biri-birinin ardınca
uğursuzluğa düçar olması Vamberini lap kiçik
yaşlarından ehtiyacın bütün sifətlərini
görməyə məcbur etmişdi. “Çoxlarının
işıqlı və qayğısız uşaqlıq günləri
dediyi dövr şəxsən mənim üçün iztirab
və bitib-tükənmək bilməyən məhrumiyyət
günləri idi” – deyə o, sonralar xatırlayırdı.
Lakin heç bir çətinlik onu oxumaq niyyətindən
saxlaya bilməmişdi. Yarıac vəziyyətdə yaşayan,
cındırından cin ürkən şikəst yəhudi
oğlan sonuncu qəpiyini çörəyə, yoxsa kitaba
vermək dilemması qarşısında qalsaydı, yəqin
ki, ikincini seçərdi. Antisemitizmin
geniş yayıldığı XIX əsr Macarıstanında
onun nəyin bahasına olursa olsun mükəmməl təhsil
almaq və elm öyrənmək ehtirası tez-tez acı
istehzalara, tənə və sərzənişlərə yol
açırdı. Bəlkə də “Moyşe” – deyə
ələ salındığı və qəssablığa getmək
məsləhəti verildiyi belə məqamlarda Armin Vamberi
kitabdan daha möhkəm yapışır, biliklərə daha
əzmlə yiyələnirdi.
Dillərə marağı və dil öyrənmək istedadı
isə özünü erkən yaşlarında büruzə
vermişdi.
On beş yaşında ilk dəfə
Vyanaya gedəndə o, artıq ivrit, macar, slovak və alman dillərini
mükəmməl bilirdi. Sonralar bunların üzərinə
ingilis, fransız, latın, rus, ərəb,
fars, türk və s. dillər də gəldi. Bütünlükdə,
tədqiqatçıların araşdırmasına görə
Vamberi müxtəlif dil ailələrinə mənsub 20-yə
qədər dil bilirdi. Dünya klassiklərinin
çoxunu onların ana dillərində oxuyurdu. Elmi əsərlərini çətinlik çəkmədən
bir neçə dildə yazmağı bacarırdı. Məşhur
latın prinsipi – “Docendo discimus” (“Öyrədərkən
öyrən”) bütün ömrü boyu Vamberinin
başlıca şüarı olmuşdu. Həyatının
sonuna qədər dəyişməyən başqa bir devizi isə
“Hər gün heç olmazsa bir sətir yazmaq” idi.
Müasirlərinin xatırladığına görə bu
şərtinə əməl etməyəndə özü-özünü
cəzalandırırmış...
1848-ci il macar inqilabı, Rusiya və Avstriya
imperatorlarının əl-ələ verərək macar
xalqının azadlıq mübarizəsini qan gölündə
boğmaları gənc Vamberidə güclü vətənpərvərlik
hissləri oyatmışdı. Yəhudi
olmasına baxmayaraq o, özünü daha çox
macarların yanında və mövqeyində hiss edirdi. Məhz bu səbəbdən
də o, uzun illər rusofob mövqeyində
dayanmışdı və yalnız həyatının son illərində
Rusiyaya münasibətini müəyyən qədər dəyişmişdi.
Bir tərəfdən vətənpərvərlərin
edamı, o biri tərəfdən isə yəhudi talanları
ilə müşaiyət olunan inqilab günlərində
Esterqom yaxınlığında sadə bir çobandan
eşitdiyi rəvayət Vamberinin bütün sonrakı elmi fəaliyyətinin
istiqamətini müəyyən etmişdi. Avstriyalıların
təqibindən xilas yolu axtaran əsgərlərə ürək-dirək
verən həmin naməlum çoban tarixən macarların ən
çətin məqamlarında ata yurddan – Orta Asiyadan gələn
soydaşlarının onlara arxa durduqlarını söyləmişdi.
“Onlar bu dəfə də bizi tək qoymayacaqlar”
– deyə gənc əsgərləri inandırmağa
çalışmışdı.
Təsadüfən şahidi olduğu bu söhbət
Vamberiyə çox dərin təsir
bağışlamışdı. Onda Orta Asiyaya yollanmaq,
macarların soy-kökünü həmin torpaqlarda axtarmaq, izlərini
üzə çıxarmaq arzusu yaranmışdı. Bu məqsədlə də təkbaşına
Osmanlı türkcəsini və ərəb dilini öyrənməyə
başlamışdı.
Şərq onu maqnit kimi özünə çəkirdi. 1856-cı ildə
24 yaşlı Armin Vamberi həyatının mühüm qərarını
qəbul etdi – İstanbula yola düşdü. Bu səfərə
çıxmaq üçün sözün həqiqi mənasında
bir neçə il boğazından kəsmiş,
güc-bəla ilə 120 florin pul toplaya bilmişdi. Təbii
ki, onu İstanbulda heç kim gözləmirdi.
Az-çox təminatlı həyatla
bağlı hər hansı qarantiyası yox idi. Yəhudi tədqiqatçısı Lazar Medovarın
yazdığına görə, Osmanlı paytaxtına gəldiyi
ilk gündən “gecə səhərə qədər
kitablarla əlləşir, gündüzlər isə şəhəri,
onun bazarlarını, qəhvəxanalarını dolaşaraq
türk və fars dillərinin incəliklərinə yiyələnir,
tələffüz xüsusiyyətlərini öyrənirdi.
Həmsöhbətləri onu öz yerliləri
kimi qəbul eləyəndə Vamberinin sevincinin hüdudu
olmurdu. Türklərin, ərəblərin,
yunanların, farsların, Avropa xalqları təmsilçilərinin
toplaşdıqları qəhvəxanalarda Vamberi onların hər
birinin dilində şeir oxumaqla özünə gündəlik
dolanışıq pulu çıxarırdı”. Həmin dövrdə o, İstanbulda “Aşıq Qərib”
dastanının ən yaxşı ifaçılarından
biri kimi tanınmışdı.
Vamberinin Türkiyəyə gəldiyi vaxt Osmanlı
tarixi Tənzimat adlı dövrü yaşayırdı. 1839-cu ildə
Sultan Əbdül Məcidin imzaladığı Gülxanə
xətti-şərifi dörddə bir əsrdən sonra –
1876-cı ildə ilk türk konstitusiyasının qəbulu ilə
nəticələnmişdi. Bütün sahələrdə
islahatların həyata keçirilməsi, ictimai həyatda,
idarəçilikdə, təhsildə Avropa standartlarına
uyğunlaşma və bu yolla da ölkəni tənəzzüldən
xilas etmə Tənzimatın əsas hədəflərindən
idi. Həmin hədəflərə
çatmaq isə ilk növbəsində Avropa və Şərq
mədəniyyətlərini, dillərini yaxşı bilən
yeni düşüncəli insanların qarşısında
yaşıl işıq yandırırdı.
Xatirələrində
vəlineməti kimi minnətdarlıqla yad etdiyi Hüseyn
Paşanın evinə düşməsi (o, paşanın
uşaqlarına fransız dili öyrədirdi – V.Q.) Vamberinin türk cəmiyyətinin yuxarı təbəqəsi
ilə əlaqələr yaratmasına imkan açdı.
O, həm də burada türk-müsəlman məişətinin
incəliklərini, davranış qaydalarını, dini və
dünyəvi ritualları və s. öyrənirdi. Bir
neçə il sonra dərviş
libasında Orta Asiyaya səyahətə çıxarkən
Osmanlı paytaxtında yiyələndiyi ilk baxışdan
xırda və əhəmiyyətsiz görünən
bütün bu özünəməxsusluqlar işinə
çox yaramışdı.
Qısa müddətdə Vamberi türk dilini incəliklərinə
qədər mənimsəmişdi. Dini bilikləri də
yetərincə geniş və əhatəli idi. Dini ayinləri, ibadət qaydalarını, hədis və
sünnələri hər hansı müsəlman teoloqundan pis
bilmirdi. Keçmiş xarici işlər naziri Rifət
Paşanın himayədarlığı sayəsində Vamberi
hətta Quranı və islam elmlərini
öyrədən ali dini mədrəsəyə qəbul
edilmişdi. Müsəlmanlığı hətta
formal şəkildə də olsa qəbul etməyən şəxsin
belə bir mədrəsədə təhsil alması
inandırıcı görünmür. Bəzi
mənbələrdə macar şərqşünasının
İstanbulda yaşadığı dövrdə islamı qəbul
etdiyi iddiası irəli sürülür. Lakin dəqiq mənbələr üzə
çıxarılmadığından bu məsələ
indiyə qədər qeyri-müəyyən qalmaqdadır.
Vamberi isə
dinini dəyişməsi ilə bağlı iradları
yaxın buraxmamışdı: “Nə mən özüm, nə
də alimənsəb hamilərim heç vaxt mənim
gerçəkdən islamı qəbul etməyim barəsində
düşünmürdük. Mən dinimi dəyişmək
fikrindən çox uzaq idim”.
Dinini dəyişməsə də Osmanlı dairələrində
adını dəyişməli olmuşdu. Sultan Mahmud sarayına yaxın paşalardan
biri macar gəncinin ifrat fəallığını,
diribaşlığını görüb onu Rəşid əfəndi
adlandırmağı təklif etmişdi. Vamberi
bu təklifə məmnuniyyətlə razılıq vermişdi.
Sonralar Orta Asiya səyahətinə də
Hacı Rəşid əfəndi adı altında
çıxmışdı. Həyatının sonuna qədər
həqiqi adı və soyadı ilə birlikdə şərqli
adından da
müvazi şəkildə yararlanmışdı.
İstanbula
gələndən dörd il sonra Vamberi – Rəşid
əfəndi artıq həm maddi vəziyyətini düzəltmiş,
həm də yetərincə tanınmışdı. Onun hamiləri
və dostları sırasında yuxarıda da qeyd edildiyi kimi,
Tənzimatın ideya atası Mustafa Rəşid Paşa
(1800-1858), müxtəlif dövrlərdə Osmanlı
imperiyasının sədrəzəmləri olmuş Keçəçizadə
Mehmet Əmin Fuad Paşa (1814-1869), Mehmet Emin Ali Paşa
(1815-1871), ilk türk konstitusiyasının
yaradıcısı Əhməd Midhət Paşa (1822-1884)
kimi tanınmış şəxsiyyətlər, görkəmli
ictimai-siyasi xadimlər vardı.
Maddi sıxıntılardan xilas olması Vamberinin
qarşısında elmi fəaliyyətlə daha
ardıcıl məşğul olmaq imkanı
açmışdı. 1858-ci ildə İstanbulda ilk kitabı –
14 min sözdən ibarət almanca-türkcə lüğət
çap olunmuşdu. İki il sonra isə
40 min sözlük cağatay (qədim özbək dili) – alman
lüğətini nəşr etdirmişdi. Osmanlı arxivlərində
çalışaraq macar tarixinə, macar-türk
münasibətlərinə dair araşdırmalar
aparmışdı. Həmin
araşdırmaların nəticəsi kimi meydana çıxan
çoxsaylı məqalələri Budapeştdə,
Macarıstan Elmlər Akademiyasının nəşrlərində,
habelə bir sıra alman jurnallarında
yayımlanmışdı. Geniş
mövzu dairəsinə malik olan bu yazılar Armin Vamberiya
dilçi, tarixçi, ilahiyyatçı, pedaqoq, tərcüməçi,
jurnalist kimi ən müxtəlif ipostaslardan yanaşmağa
imkan verir. Macarıstan EA İstanbulda
yaşayıb-yaradan həmvətənin fəaliyyətini yüksək
qiymətləndirmişdi – 1861-ci ildə 29 yaşlı Vamberi
akademiyanın müxbir üzvü seçilmişdi.
Elə həmin
il Budapeştə dönən Vamberi EA
prezidenti qraf Dessefinin qarşısında “macar dilinin mənşəyinə
aydınlıq gətirmək məqsədi ilə Asiyanın
dərinliklərinə” səfərinin maliyyələşdirilməsi
məsələsini qoymuşdu. Və istəyinə nail
olmuşdu. Maliyyə vəsaiti
ayrılmış, onun Orta Asiyaya səfərinin təşkili
üçün İran və Osmanlı dövlətinə,
elmi dairələrə rəsmi müraciət göndərilmişdi.
Asiyanın xarakter və özəlliklərinə
bələd olmayan akademiklər Vamberinin istehzasını
doğuran bir para məsələlər də
qaldırmışdılar. Məsələn,
onlardan biri macarların kəllə sümüyü ilə
müqayisə məqsədi ilə bir neçə tatar kəlləsi
gətirməyi təklif etmişdi. Akademiya
prezidenti “Gəlin arzu edək ki, əməkdaşımız
öz kəlləsini salamat gətirsin. Belədə
o, bizim üçün daha faydalı olar” – deyə məsələni
yoluna qoymuşdu.
1862-ci ilin mart ayında Türkiyənin Trabzon şəhərinə
gələn Armin Vamberi karvan yolu ilə Ərzurum, Təbriz və
Qəzvindən keçərək İranın paytaxtı
Tehrana yetişmişdi. Həm İran hökuməti, həm də
Tehrandakı Osmanlı səfirliyi onun səfər
hazırlıqlarına maksimum yardım göstərmişdilər.
Tehranda qaldığı bir ilə yaxın müddət
ərzində o, özbək, qazax, türkmən və tatar
dillərini mənimsəmişdi. Özünü fiziki
cəhətdən çətin səyahətə
hazırlamışdı. Bir parça
quru çörək və bir bardaq su ilə keçinməyi,
quru yerdə yatmağı, at çapmağı, dəvə
sürməyi öyrənmişdi. Adamlarla asanlıqla
ünsiyyətə girməyi, az bir vaxtda
onların inam və etimadını qazanmağı
bacarırdı.
O, Orta
Asiyaya yalnız Məkkədən geri dönən yerli
hacıların karvanında daxil ola bilərdi.
Buradakı
xanlıqlar avropalıların üzünə
bağlı idi. Vamberinin səfərindən bir müddət əvvəl
iki ingilis və bir fransız Buxara əmirinin hökmü ilə
dəhşətli işgəncələrdən sonra
xalqın gözü qarşısında edam
edilmişdi. Orta Asiya hökmdarları Hindistan və
Əfqanıstandakı ingilis ekspansiyasının vətənlərinə
yayılmasının qarşısını bu yolla almaq istəyirdilər.
Tehrandakı Osmanlı səfarətxanası Vamberiyə
– Hacı Rəşid əfəndiyə Həcc ziyarətindən
dönməsi barəsində sənəd vermişdi. Səfər
zamanı bu sənəd dəfələrlə onun işinə
yaramışdı. Lakin hər ehtimala qarşı şərqşünas-alim özü ilə
tez təsir göstərən zəhər – strixnin həbi də
götürmüşdü...
1863-cü
il martın 27-də Osmanlı dövlətinin
Tehran səfiri Rəşid əfəndinin yola düşməsi
ilə əlaqədar iqamətgahında ziyafət təşkil
etmişdi. Bütün bunlar bir daha göstərir
ki, Babi-Alinin qərarı, siyasi və mənəvi dəstəyi
olmadan Vamberi həyatının ən böyük arzusunu
gerçəkləşdirə bilməzdi.
Orta
Asiyanın dərinliklərinə doğru təxminən bir il çəkən səyahət Tehrandan
başlanmışdı. Davranışı,
möminliyi ilə ətrafdakılardan fərqlənməyən,
sadəcə çox yoxsul olması ilə diqqəti çəkən
“dərviş” Vamberi qoşulduğu karvanla birlikdə
Mazandarana gəlmişdi. Xəzər dənizinin
ətrafına dolanaraq Bəlx körfəzi
yaxınlığında indiki Türkmənistan ərazisinə
– Qaraqum səhrasına çıxmışdılar. İlin istənilən vaxtı təhlükəli səhranı
keçib Xarəzm vadisinə yetişmişdilər. Eyni adlı xanlığın mərkəzi olan Xivədə
bir müddət qaldıqdan sonra Vamberi Amu-Dərya
çayı ilə Kunrad şəhərinə qədər
üzmüş və təkrar Xivəyə
qayıtmışdı.
Yayda eyni təhlükələrlə müşayiət
olunan səyahət davam etmişdi. Bu dəfə
Qızılqum səhrasından keçən səyyah Buxara
şəhərinə varid olmuşdu. Geriyə –
İrana qayıtmaq üçün indiki Özbəkistan və
Əfqanıstan torpaqlarından – Karşı, Ürgənc, Səmərqənd,
Andxoy, Meymene və Heratdan keçmişdi. 1863-cü il noyabrın 27-də Məşhəd şəhərinə
yetişən Rəşid əfəndi yenidən avropalı
Armin Vamberi olmuşdu. Karvandan ayrılan kimi
birbaşa Məşhəddəki Britaniya nümayəndəsi
polkovnik Dolmajın yanına yollanmışdı. Və həmin vaxtdan etibarən Vamberinin Orta Asiyaya səyahətinin
ikili hədəf güddüyü aşkara
çıxmışdı. Yəni onun
tarixi Türküstan torpaqlarına yalnız macar dilinin mənşəyini
və macarların soy kökünü axtarmaq
üçün deyil, həm də Britaniya imperiyasının
geosiyasi maraqlarını təmin etmək üçün
yollandığı bəlli olmuşdu. Əslində
səyyah özü də bunu gizlətmirdi.
Vamberi,
öz sözləri ilə desək, “Britaniya şiri ilə rus
ayısının” Orta Asiya uğrunda mübarizəsində
birincinin tərəfində çıxış edirdi. Onun fikrincə, Hindistan və Əfqanıstanda
möhkəmlənən Britaniya Orta Asiya üzərində nəzarəti
ələ almaq üçün kifayət qədər
imkanlara malik idi. Bu mənada onun Xivə, Buxara və
Kokand xanlıqlarında topladığı materiallar tarixi-coğrafi səciyyə
daşımaqla yanaşı eyni dərəcədə
Britaniya Forin ofisinin də işlərinə yarayırdı. Təsadüfi deyil ki, Vamberinin Orta Asiya səyahətini
araşdıran müasir özbək alimi Xeyrulla İsmətullayev
öz tədqiqat əsərini “Vamberi alimdir, yoxsa casus?”
adlandırmışdır.
Üç aya yaxın Tehranda qalan Armin Vamberi burada əsl
qəhrəman kimi qarşılanmış, hətta İran
hökmdarı Nəsrəddin şah Qacar tərəfindən
qəbul edilmişdi. Şah Orta Asiya xanlıqlarının
siyasi, iqtisadi vəziyyəti haqqındakı məlumatı
böyük maraqla dinləmişdi. Rusiya səfiri
çarın adından onu Peterburqa dəvət etmişdi.
Vamberi Tehranda
hadisələrin isti izi ilə “Orta Asiyaya səyahət”
kitabı üzərində işləməyə
başlamışdı. Görülənləri
qələmə almaq məsələsində həqiqətən
də tələsmək zəruri idi. Çünki
şübhə doğurmamaq üçün səyahət
dövründə o, çox nadir hallarda kağıza və
karandaşa əl atırdı. Hər
şeyi yalnız yadda saxlamaq lazım gəlirdi. Aradan bir
neçə il keçəndən və
yollar açılandan sonra səyyah-alimin yaddaşına əsasən
verdiyi məlumatların dəqiqliyi heyrət doğurmuşdu.
O, Orta
Asiya səyahətinə başladığından düz bir il sonra – 1864-cü
ilin mart ayında İstanbula dönmüşdü. Lakin burada çox ləngimədən ilk gəmi ilə
Avropaya yollanmışdı. Çünki
səyahətinin nəticələri barəsində elmi və
siyasi dairələrdə məruzə etməklə
bağlı Böyük Britaniya Kral Coğrafiya Cəmiyyətindən
dəvəti vardı. Macarıstanda isə
əvvəlcə Vamberiyə yetərincə diqqət yetirilməmişdi.
Hətta London səfəri üçün
akademiyadan yol pulu istəyəndə əlyazmalarını
girov qoymağı tələb etmişdilər. “Vətənimin şöhrəti üçün məhrumiyyət
və çətinliklərə sinə gərərək
çıxdığım səyahətin mükafatı bu
oldu.” – deyə alim ürək
ağrısı ilə yazırdı.
Vamberi
Londondan yalnız qalib kimi deyil, həm də zəngin adam kimi dönmüşdü. Məruzəsi
böyük uğur qazanmış, kral ailəsinin diqqətini
çəkmişdi. Naşirlər səyahətlə
bağlı yazacağı kitablar üçün əvvəlcədə
böyük avanslar ödəmişdilər. Ona Londonda qalıb yaşamağı təklif
etmişdilər. Lakin ingilis yüksək cəmiyyətinin
can sıxan ədaları və yorucu etiket qaydaları sadə
həyat sürməyə, öz qaydaları ilə
yaşamağa öyrənmiş Vamberini tez bezdirmişdi.
Budapeştə qayıtdıqdan sonra o, Peşt
Universitetində Şərq dilləri professoru vəzifəsini
tutmaq üçün baş vurmuşdu. Professor vəzifəsinə
Avstriya-Macarıstan imperatoru Frans İosif təyin edirdi.
Vamberinin səyahəti barəsində ətraflı məlumat
alan imperator “Siz çox əzab çəkmisiniz və bu
adı daşımaq haqqını qazanmısınız” sözləri ilə
onun təyinat sənədini
imzalamışdı.
Peşt
universiteti katolik ali təhsil müəssisəsi
idi. Armin Vamberi bu universitetdə professor vəzifəsi
tutan ilk yəhudi olmuşdu. Həmin
dövrdə Avstriya-Macarıstan imperiyasında antisemitizm əhval-ruhiyyəsi
özünü açıq-aşkar büruzə verirdi.
Odur ki, universitet müəllimləri arasında
da Vamberinin Orta Asiya səyahətinə inanmayan, bütün
bunları “yəhudilərə məxsus fırıldaq və
uydurma” sayanlar vardı. Hətta qulağı eşidə-eşidə
şikəst ayaqla belə çətin səyahətə
neçə çıxdığını şübhəsini
bildirənlər də tapılırdı. Yeri gəlmişkən,
Buxarada olduğu zaman zülmkarlığı ilə ad
çıxarmış Nəsrullah xan da “çolaq dərvişin”
niyə evində oturmaması, əziyyətli və
ağır səfərə çıxması ilə
maraqlanmışdı. Vamberi böyük fateh
Teymurləngi misal gətirmiş, sonra da xanın şəninə
mədhiyyələr söyləməyə
başlamışdı. Beləcə, növbəti təhlükəni
də sovuşdurmaq mümkün olmuşdu...
1865-ci ildə
universitet kafedrası alan Vamberi vəzifəsini əməkliliyə
ayrıldığı 1905-ci ilə qədər 40 il fasiləsiz davam etdirmişdi. Bu
illər ərzində o, özünə çoxsaylı
davamçılar yetişdirmişdi. Osmanlı
imperiyasından olan gənc türklərin Budapeştdə təhsil
almaları və turançılıq ideyalarına yiyələnmələri
işinə öz töhfəsini vermişdi. Və ümumi sayı 20-yə çatan
kitablarını yazmışdı.
Bu kitablardan birincisi – “Orta Asiyaya səyahət” ilk dəfə
1864-cü ilə Londonda ingilis dilində nəşr olunmuş
və dərhal da bestsellerə çevrilmişdi. Bir il
sonra kitabın Peterburq nəşri işıq üzü
görmüşdü. Elə həmin ildə də
general M.Çernyayev Daşkəndi ələ keçirmiş
və Orta Asiyada rus işğalı başlamışdı.
Bu hadisə
Vamberidə ikili hisslər doğurmuşdu. Həmin dövrdə
qələmə aldığı publisist məqalələrin
birində hisslərini gizlətməyən alim yazırdı:
“Sivilizasiyanın yayılması naminə biz rus silahına tam
uğur arzulamalıyıq. Lakin görəsən,
Rusiya tezliklə Əfqanıstana və Hindistanın
şimalına üz tutmaq fikrinə düşməyəcək
ki?”
1867-ci ildə
Vamberi Leypsiqdə, alman dilində bu gün də elmi əhəmiyyətini itirməyən
“Çağatay dilindən istifadə qaydaları”
kitabını nəşr etdirmişdi. Əsər
üç hissədən – tarixi oçerk, mətnlər və
lüğətdən ibarət idi. Birinci
qisimdə çağatay dilinin qrammatik oçerki yer
almışdı. Mətnlər hissəsində “Tahir və
Zöhrə”, “Yusif və Əhməd”, “Huriliqa və Həmra”
kimi özbək xalq dastanları verilmişdi. Kitabda
eyni zamanda 132 özbək xalq nağılının orijinal mətni
və alman dilinə tərcüməsi, habelə Nəvai, Nəsimi
və Füzuli qəzəllərindən nümunələr
toplanmışdı.
“Orta Asiya oçerkləri” kitabı (1868) “Orta Asiyaya səyahət”in davamı kimi düşünülmüşdü. Vamberi bu əsərində tarix, coğrafiya, iqtisadiyyat və siyasətlə bir sırada ədəbiyyat və mədəniyyət məsələlərinə də geniş yer vermişdi. Kitabda Nizami, Nəvai, Füzuli, Məşrəbi kimi Şərq şairlərinin yaradıcılığından geniş söz açmış, onların əsərlərindən ayrı-ayrı nümunələr macar dilində verilmişdi.
“Buxara, yaxud Transaksoniya tarixi” (1873) Vamberi – tarixçinin mühüm əsərlərindən sayılır. Burada müxtəlif əcnəbi dillərdəki məxəz və materiallar, eləcə də avropalılara məlum olmayan əlyazmalar əsasında ən qədim dövrlərdən XIX əsrin ortalarına qədər Buxara tarixi təfərrüatlı şəkildə tədqiq olunmuşdur.
Alimin türkologiya sahəsindəki mühüm xidmətlərindən biri də şair və filosof Yusif Has Hacib Balasaqunlunun (1021-1075) əski türk ədəbiyyatının diqqətəlayiq nümunələrindən sayılan “Kutadqu bilik” kitabını nəşrə hazırlamasıdır.
Vamberi Orta Asiyaya macarların tarixi vətənini tapmaq və macar dilinin mənşəyini müəyyən etmək üçün getmişdi. Sonradan müəyyən siyasi amillərin təsiri altında bu ideya onun elmi yaradıcılığında arxa plana keçsə də, alim öz əsərləri ilə Macarıstanda turançılıq hərəkatının yayılmasına təkan vermişdi. Ən başlıcası isə istiqamət düz seçilmişdi. Günümüzdə müasir Özbəkistan və Qazaxıstanda özlərini əsrlər boyu macar adlandıran etnik toplumun aşkara çıxması Vamberinin həqiqətdən o qədər də uzaq olmadığını göstərməkdədir.
O, Şərqə, türk dünyasına həqiqətən də bağlı idi. Hətta yeganə övladına Rüstəm adı vermişdi. (Rüstəm Vamberi (1873-1947) tanınmış macar hüquqşünası və diplomatı, 1945-1946-cı illərdə Macarıstanın ABŞ-da səfiri olmuşdu). Lakin eyni zamanda tam bir yəhudi idi. XIX əsrin ikinci yarısından genişlənməyə başlayan sionist hərəkatı dəstəkləyir, yəhudi dövlətinin qurulması ideyasına tərəfdar çıxırdı. Nüfuz və əlaqələrindən istifadə edərək hətta bu məqsədlə Sultan II Əbdülhəmidlə sionist hərəkatın lideri Teodor Gertslin görüşünün təşkilinə səy göstərmiş, ancaq uğur qazana bilməmişdi.
Nüfuzlu elm, mədəniyyət, sənət adamları hətta özləri istəməsələr də çox vaxt siyasətdən kənarda qala bilmirlər. Armin Vamberinin nümunəsində də belə olmuşdu. Lakin aradan onilliklər keçdikdən sonra o, tarixdə siyasi simpatiya və antipatiyaları ilə deyil, bəşər sivilizasiyasının qədim mərkəzlərindən biri olan regionun – Orta Asiyanın tarix və mədəniyyətinə həsr olunmuş dəyərli tədqiqat əsərləri, zəngin elmi fikir və ideyaları ilə qalmışdır.
P.S. Macarıstan EA-nın Vamberinin vəfatının 100 illiyi münasibəti ilə təşkil etdiyi elmi konqresdə bu sətirlərin müəllifi də iştirak və çıxış etmişdir.
Vilayət QULİYEV
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.8-9-17.