Koelyo və Kafka: mütaliədə
elektroşok effekti
Sistemli mütaliə mənə o qədər dəyərli
və çox şey verir ki, məndən
aldıqlarını dilimə gətirməyə utanıram. Bibliomanlara məlumdur ki,
mütaliə zamanı duyduğu ədəbi vəcdi adam bəzən kiminləsə
bölüşməyə ehtiyac hiss edir. 150
cildilk dünya ədəbiyyatı silsiləsinə abunə
yazıldıqdan sonra mütaliəm sistemləşməklə
yanaşı, həcmi də artdı. İstər-istəməz
evimə gələn “qonaqlar”ın kimliyi ilə maraqlananda
gördüm ki, onların əksəriyyəti ilə illər
öncədən tanışam, sadəcə yeni qiyafədə
təşrif buyurublar. Bəzilərinin isə
ilk gəlişi olduğundan daha artıq maraq kəsb edirdilər.
Koelyo və
Kafka ilə abunəyə qədər tanış
idim. Amma rus dilində. Açığı,
onların yaradıcılığını bir o qədər
də dərindən dərk edə bilməmişdim onda.
Yəqin ki, “vəziyyət rusca olduğundan”.
Amma aldığım filoloji təhsil milli tərcümə sahəsində
də vəziyyətin çox da cəlbedici
olmadığını dərk etməyə yetəcək qədərdir.
Təbii ki, sanballı tərcümələrin
üstündən xətt çəkib birucdan qaralamaq ədalətsizlik
olardı, amma milli tərcümə sahəsində də hələ
ki, “əsas vəziyyət azərbaycancadır”. 150
cildlik abunə ilə tanışlıqdan sonra elə bərbad
tərcümələrlə qarşılaşıram ki, tərcüməçi,
publisist Seyfəddin Hüseynlinin ötən ilin ortalarında
bir neçə media orqanında silsilə şəklində
dərc olunmuş “Tərcümə təcrübələri”
yazısını, istər-istəməz, müəllifə
minnətdarlıqla xatırlayıram.
Bəzən hansısa böyük
yazıçını cılız bir tərcümədə
tanıdığım üçün özümə də,
həmin yazıçıya da yazığım gəlir.
Nə isə... elə olanla kifayətlənmək məcburiyyətində
qalıb başqa mətləbdən söz açmaq istəyirəm
əslində.
Söhbətin əvvəlinə qayıdaq: Mütaliə məndən
nələri alır? Vaxt və pul itkisi qurban
olsun, Koelyonun bircə cümləsindən aldığım mənəvi
həzzə, həmçinin Kafkanın əzabkeş məktubundan
sarsıldığım dəqiqələrə. Məsələnin daha mühüm tərəfi
başqadır. Mütaliəni artırandan
bədii yaradıcılığın daşını
atdım. Heyifslənə-heyifslənə.
Çünki daha yaxşı əsərlər yazılsa və Ramiz Rövşən demiş,
sonrakılara sözün tozunu almaq qalıbsa, gərək bu
işi də elə görəsən ki, tozu
alınmış SÖZ uzaqdan parıldayıb diqqəti
çəkə, daha tozu, çirki SÖZə yaxmac eləyib
iyrənc vəziyyət yaratmayasan.
Onsuz da
ortalıq miyanə mətnlərlə doludursa, roman və
yaxud şeir adına toz qaldırmaq kimə
və yaxud nəyə lazım...
Bu yazıma Koelyo ilə Kafkanı qəhrəman
seçməyim təsadüfi deyil. Birincisi, onları indiki halda həqiqətən
ədəbiyyatın qəhrəmanları hesab edirəm,
ikincisi də, ziddiyyət həmişə məni cəzb edib
– hər iki müəllif kifayət qədər təzadlarla halələnib.
Hər ikisi sevimli yazıçımdır,
yaradıcılıqlarını çox sevirəm. Bəlkə eyni zamanda onlara qibtə edirəm? Bəlkə də paxıllıq, bəlkə də
qısqanclıq...Ayırd edə bilmirəm. Amma dəqiq bilirəm ki, bu etirafın özü də
onların yazı sənətinin gücündəndir. Dəyərli və peşəkar oxuculara durub burda
Koelyonun, yaxud da Kafkanın yazıçı kimliyindən moizə
oxumaq həddim deyil. Zatən, müxtəlif mövzularda
o qədər millətə “ağıl öyrədən”
müdərrislər var ki, elə bircə mənim yerim əskikdi
onların arasında...
Sadəcə, hər iki yazıçının
yaradıcılığında heyran olduğum məqamları
paylaşmasam olmaz. Kafkanın nə dünyaca məşhur “Qəsr” romanından,
nə “Çevrilmə”, “Bir itin araşdırmaları”,
“Çaqqallar və ərəblər”, “Hökm” kimi şedevr
novellalarından, nə də
ironik və duzlu pritçalarından yox, avtobioqrafik “Atama məktub”unun
məni dəli eləməsindən danışmaq istəyirəm.
Bəli, sözün əsl mənasında dəli
eləməsindən. Çünki “Atama məktub”dan
sonra xeyli müddət az qala depressiv-psixoz
vəziyyəti yaşadım.
Zalım Kafka özü vərəmləyib ölməyi
azmış kimi, sözün yaxşı mənasında
oxucunu da vərəmlədib öldürməyi elə bil
qarşısına məqsəd qoyub.
Bu yazının cümlələrində vəcd dolu səmimi
kinayəni, zarafatyana ahəngi hiss eləsəniz, məni
qınamayın. Çünki mütaliənin məndəki
yazıçını öldürməsini təbəssümlə
qarşılamaqdan başqa əlimdən nə gəlir ki?
Yazının bu tövrü də ondandır...
Ata nə qədər zalım, müstəbid və amir
olarmış ki, bir insanın uşaqlığına,
psixologiyasına, həyatına, yaşam tərzinə bu qədər
sirayət və təsir eləməyi bacarsın?! Öz övladına dəyər
verməmək, onu “heç nə” saymaq, uğur və
istedadını kölgəyə almaq, qabiliyyətinə və
buna müvafiq olaraq gələcəyinə şübhə ilə
yanaşmaq...Bunlar insanı , hələ
üstəlik Kafka kimi həssas ruhlu bir insanı vərəmlətməsin,
dünyadan erkən aparmasın neyləsin:
“Yəqin qəşəng bir kofta
geyinib... Praqadakı yəhudi
qızları belə şeyləri yaxşı
bacarırlar...
Sən də
o dəqiqə qərara alıbsan ki, onunla evlənəsən!
Özü də lap tez... bir həftəyə, ya da sabah... bu gün... Səni başa
düşmürəm, böyük oğlansan, şəhərdə
yaşayırsan, nə edəcəyini bilmirsən,
qarşına çıxanla evlənmək istəyirsən....”
Evlənmək istəyən, sevdiyi haqqında danışan
oğula atasının cavabı!..
Oğluna, onun seçiminə inamsızlığın pik nöqtəsi – “Yəqin qəşəng
bir kofta geyinib”...Təbii, buna reaksiya da yalnız belə
olardı: “Məni sözlərinlə
heç vaxt bu qədər alçaltmamışdın, mənə
heç vaxt bu qədər nifrət etdiyini göstərməmişdin.
Bütün varlığıma hakim kəsilən “heç nə”
olmağım haqqındakı hiss (hərçənd
başqa bir baxımdan həm də nəcib və səmərəli
bir hiss idi) ən çox sənin təsirinlə
yaranmışdı...”. Bu
mükalimə və dialoq bir yandan yadıma Freydi, onun “kəşf
etdiyi” Edip kompleksini salırsa da, bir yandan da Kafkanın hisslərini,
mənəvi ağrılarının ifadəsinə
sarsılıram. Və bir daha anlayıram
ki, yazıçının ədəbi gücü həm də
oxucunu sarsıtmaq indeksi ilə ölçülür.
Əziz Kafka, sən də belə sarsıdıcı
yaradıcılığınla neçə-neçə gənc
yazara (özüm də daxil) məhz atanın sənə
yaşatdığı “heç nə”lik hissini
yaşadırsan, xəbərin olsun.
Həmişə olduğu kimi, mətnə uyğun
vizuallaşdırma nədənsə Kafkanı mütaliə
edəndə yaranmır məndə. “Çevrilmə”
istisna olmaqla. Orda da təsvir elə dəqiq, səlis və
inandırıcıdır ki, o iyrənc həşəratı
az qala bir addımlığımda hiss
edirdim. Ümumiyyətlə, Kafkanı oxuyarkən
qəribə bir qaranlıq bürüyürdü
şüurumu. Bəzən gözlərim
hərfləri seçərkən belə şüurumu saran
qaranlıq ruhuma bir sakitlik bəxş edir. Tam qaranlıq olsa da, burada əlhavasına getməyə
ehtiyac duymursan. Bu bir növ meditasiyaya bənzər
bir hissdir. Amma mən bu meditasiyadan
gümrahlaşmış şəkildə yox, əksinə,
ruhum və cismim əzilmiş çıxıram. Kafka mənim üçün məhz qaranlıqla
assosiasiya olunur. Bəlkə başqalarında da belədir...
Kamyu yazır ki, aydın yazanların oxucuları, qaranlıq
yazanların şərhçiləri var. Bəlkə də
qaranlıq yazdığından, və yaxud da hər kəs
Kafkanı qaranlıqla dərk etdiyindən
kafkaşünaslıq meydana gəlib, Kafka
yaradıcılığı ətrafında ziddiyyətlərlə
dolu söz-söhbətlər səngimək bilmir ki bilmir.
Baxın, indi də Kafkanın yazdıqlarını
xatırlaya-xatırlaya bir qaranlığa qərq oluram sanki...
Hipnoz olunmuş kimi kafkasayaq psixoloji dərinliklərə
yuvarlanıram.. Bəlkə də
qaranlıq otaqda ümumiyyətlə olmayan qara pişiyi
axtarıram mən... Kafka dahidir, vəssalam...
Kafkanın psixoloji nəsrinin qaranlıq labirintindən məni
Koelyonun “İşıq savaşçısının
kitabı” çıxardı.
Koelyonun bəzilərinə
anlaşılmaz gələn populyarlığı, yaxud ədəbi
mübahisə və polemikaların mövzusu olan
yaradıcılığını əsl ədəbiyyatmı,
yoxsa sadəcə zamanın nəbzinə uyğun
bestsellermidir?-
sualına cavab tapmaq üçün qətiyyən
baş sındırmıram. Çünki
fikrimcə, insan nədənsə müsbət təsirlənirsə,
ruhu dincəlirsə, özünə və başqalarına
işıq paylayırsa, nur mesajlayırsa, janrından və
növündən asılı olmayaraq o, elə əsl sənətdir.
Bu, mənim subyektiv fikrimdir. Razılaşmaya
da bilərsiniz, əlbəttə. “Milyonların
yazıçısı niyə Nobelsizdir” sualının
cavabı, məncə, Koelyonun özünün bunu qəlbən
istəməməyindəndir. Çünki
o, istədiyi hər şeyə nail olub. Koelyo “Kimyagər”, “Maktub”,
“Beşinci dağ”, “İşıq
savaşçısının kitabı”, “Rio Pyedranın
sahilində oturub ağladım”, “Şeytan və senyorita Prim”,
“Məryəmin təlxəyi” ilə Nobel
mükafatının fövqündədir artıq. Nobel
mükafatlandırma mərasimi zamanı onun söyləyəcəyi
nitq bəşər cəmiyyətinə “On bir dəqiqə”də
dediyindən üstün olmayacaq, hər halda... Amma bu da Koelyodur, hələ bundan
sonra da nələr deyib, nələr yazacağı bəlli
olmaz...
Kafkanın qaranlıq dünyasında heç bir şeyə
ilişib yıxılmayacağımı bildiyimdən rahatca
dolaşdığım vaxt Koelyonun işıq
savaşçısı gəldi, lakonik və müdrik
cümlələri ilə məni oradan elə
çıxardı ki, ruhum da duymadı. Düzdür, çox gur
işığa çıxdığımdan əvvəlcə
gözüm qamaşdı, amma öyrəşdim sonra:
“Savaşın dava-dalaşla heç bir əlaqəsi yoxdur. Kim həyatın möcüzələrini dərk eləməyə,
öz inamı uğrunda axıra qədər mübarizə
aparmağa və dənizin dərinliklərindən gələn
zəng səslərini eşitməyə qabildirsə, o
işıq savaşçısıdır. İşıq savaşçısı bilir ki, orada
– qəlbinin sükutunda onu yönəldən naməlum qayda
mövcuddur. Bütün işıq
savaşçıları özlərinin işıq
savaşçıları olmadıqları qənaətinə
gəliblər. İşıq
savaşçıları sərsəm görünməkdən
qorxmur. Gərəkli yaşayacaq, gərəksiz
çürüyüb gedəcək” və ya “Öz yolunun
düzgünlüyünə inanmaq üçün
başqasının doğru yol seçmədiyini sübut eləməyə
ehtiyac yoxdur”.
Yazıçıların heç də bütün kəlmələri, yazdıqlarının bütün frazaları dəyərli şedevr olmur ki... Koelyonun da əsərləri istisna deyil. amma təsirinə düşdüyüm və hələ də çıxa bilmədiyim, daha doğrusu çıxmaq istəmədiyim “İşıq savaşçısının kitabı”nda bir dənə də yersiz, yaxud da başqa bir mətləbi açmağa xidmət edən əlavə yardımçı, lazımsız cümlə və ifadə yoxdur. İstərsəniz, bunu Koelyo yaradıcılığına sevdalanmağımla bağlayın, istərsəniz, ədəbiyyatın vəcd gücü ilə əlaqələndirin. Koelyo ürəyiaçıq yazıçıdır. Bütün sirləri üzdədir. Kim istəsə bəhrələnə bilər, sirdən agah ola bilər. Onun dünyanı mat qoyan populyarlığının səbəbi SİRRi bilməyində və qısqanmadan, paxıllıq etmədən hər bir kəsə açmağındadır. O, kainatın sirrini bilir. Və bu sirr onun hər bir əsərində gah süfrə kimi açıq, gah da şifrəli olaraq təqdim edilir: bəzən uzaq üfüqlərin qurtaracağında axtardığınız xoşbəxtlik sizin bircə addımlığınızda dayanmış ola bilər. Siz hər şeyi özünüz özünüzə cəzb edirsiniz-gözəlliyi də, sevgini də, pisliyi də, nifrəti də. Kainatın gücü sizin fikirlərinizdə cəmlənib, düşüncələrinizin gücündən istifadə etməyi öyrənin–deyir Koelyo. Məhz buna görə də o, milyonların yazıçısıdır. Koelyo da bir işıq savaşçısıdır və özü də bunun fərqindədir. Bu isə onun müdrikliyini birə-min artırır: “İşıq savaşçısı həmişə kamilliyə can atır. İşıq savaşçısı başqa cür görünməyə güc sərf eləmir. O olduğu kimidir. İşıq savaşçısı öz dəyərini bilir...”
Kafkanın qaranlığı, Koelyonun işığı olmasaydı, bu yeknəsək həyatımızı nə ilə rəngləndirərdik görəsən? Bu qatı kontrast zahirən ikicə rəngi ehtiva etsə də, eynən Günəş şüasına bənzəyir; özündə göy qurşağının rəngarəngliyini gizlədir və bu əlvanlığı həyatımıza ötürməyi bacarır.
Yazımın adını təsadüfi seçmədim. Çünki elektrik sahəsindəki pozitiv və neqativ yüklər bir-birini cəzb edir və elektrik yükünü yaradırlar. Yalnız bu cazibəli birləşmədən sonra işıqlandırmağa və isitməyə qabil enerji ərsəyə gəlir. Ədəbiyyat da eynən belədir. Kontekstdə götürsək, Kafka və Koelyo da sözün həm semantik, həm elmi, həm də məcazi mənasında pozitiv və neqativliklə birləşərək oxucunu çarpır. Elektrik enerjisi kimi. Tibbdə kliniki ölüm mərhələsində olanları elektroşokla qaytarmaq cəhdləri də hamıya məlumdur.
Hər şeydən sıxılıb mənən ölüm ayağında olanda ruhunu boşluğa təslim etmək istədiyin anda Koelyo və Kafka elektroşok effekti verir...
Koelyo sözün yaxşı mənasında məni “bitirdi”, elə isə qoy yazını da o bitirsin: “Əgər ağlamalısansa, uşaq təki ağla. Heç vaxt unutma ki azadsan, öz duyğularını bildirmək rüsvayçılıq deyil. Qışqırtı və hönkürtülər istədiyin qədər səs-küy yaradacaq. Çünki uşaqlar belə ağlayırlar. Onlarsa öz qəlblərini sakitləşdirmək üçün ən tez üsulu bilirlər. Nə vaxtsa uşaqların necə ağladıqlarına ara verdiklərinə diqqət yetirmisən? Səslərini, diqqətlərini nəsə cəlb eləyəndə kəsirlər. Nəsə onları növbəti macəraya səsləyir. Uşaqlar səslərini çox tez kəsirlər. Səninlə də belə olacaq. Amma yalnız uşaqlar kimi ağlamağı bacarsan”.
Sevinc Mürvətqızı
525-ci qəzet.- 2013.- 14 dekabr.- S.18.