Rəşid Behbudov
Mahnı Teatrında anılıb
Dövlət Mahnı Teatrında görkəmli sənətkar,
SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr edilmiş anım gecəsi və konsert təşkil olunub. Görkəmli müğənninin
doğum günündə
hələ sovet dövründə Rəşid
Behbudovun özünün
səyləri sayəsində
yaradılmış Mahnı
Teatrında keçirilən
tədbirdə Milli Məclisin deputatları, respublika ictimaiyyətinin nümayəndələri, tanınmış
mədəniyyət xadimləri,
musiqi ictimaiyyətinin
təmsilçiləri ilə
yanaşı, Rəşid
Behbudovun ailə üzvləri - qızı
və nəvəsi də iştirak edib. Xatirə gecəsi Rəşid
Behbudovun ifasında mahnının səslənməsi
ilə başlanıb.
Əməkdar artist Gülyanaq Məmmədova
tədbir iştirakçılarını
salamlayaraq Rəşid
Behbudovun Azərbaycan musiqi mədəniyyətinin
inkişafına dəyərli
töhfələrini, milli
musiqi sənətinin xaricdə təbliğ edilməsi sahəsində
Azərbaycan dövləti
qarşısında böyük
xidmətlərini qeyd
edib: "Bu gün Rəşid Behbudovun anadan olmasından 98 il və onun
yaratdığı Mahnı
Teatrının fəaliyyətə
başlamasından 45 il
keçir. Mahnı Teatrının spesifik bədii simasını müəyyən edən xüsusiyyətləri vardı:
bu kollektiv başqalarını təqlid
etmirdi, Şərq ilə Qərbi vahid bir konsepsiya
şəklində birləşdirən
yeni, bənzərsiz musiqi nömrələri yaradırdı. Həmin konsepsiyanın müəllifi
isə Rəşid Behbudov idi. Onun yorulmaz fəaliyyəti sayəsində dünya Azərbaycanı, Azərbaycan
isə dünyanı tanıyırdı".
Rəşid Behbudovun xatirəsinə həsr edilmiş böyük konsertdə Mahnı Teatrının musiqi və rəqs kollektivi, aktyorlar, tanınmış
incəsənət ustaları
və gənc ifaçılar iştirak
ediblər.
Konsertdə Azərbaycan milli çalğı alətlərinin
müşayiəti ilə
xalq mahnı və rəqsləri səslənib. Eləcə də türk, ərəb, hind və İran ritmləri də ifa olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 17 dekabr.- S.7.