Vaqif Sultanlının İngiltərədə
yeni kitabı çap
olunub
Azərbaycan ədəbiyyatının dünyanın
müxtəlif ölkələrdə
nəşri və təbliğinin günün
ən aktual məsələlərindən olduğu
məlumdur. Son illərdə bu
istiqamətdə müəyyən
addımlar atılsa da, görülən işlərin yetərincə
olmaması, sistemli səciyyə daşımaması,
xüsusilə pərakəndəliyi
diqqətdən yayınmamalıdır. Şübhəsiz ki, bu işdə Azərbaycan Mədəniyyət Nazirliyinin,
Azərbaycan Yazıçılar
Birliyinin, Tərcümə
Mərkəzinin üzərinə
ciddi vəzifələr
düşməkdədir.
Ədəbiyyatımızın dünyada təbliğində
tanınmış yazıçı-ədəbiyyatşünas
Vaqif Sultanlının
xidmətləri diqqəti
çəkməkdədir. Bu günlərdə onun
"Ölüm yuxusu"
("The Dream of
Death") adlı kitabı Böyük Britaniyada (London, 2013) nəşr
olunmuşdur. Yazıçının eyniadlı povestinin, müxtəlif illərdə
qələmə aldığı
hekayələrinin daxil
edildiyi kitab Michael Brannokun redaktəsi ilə nəşr edilmişdir.
Qeyd edək ki, bu, Vaqif Sultanlının ingilis oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, ötən il yazıçının
"İnsan dənizi"
romanı İngiltərə
və Amerikada nəşr olunmuş, habelə onun tərtibatında (Dr.İrəc
İsmaeli ilə birlikdə) "Müasir Azərbaycan nəsri" antologiyası (Trafford Publishing, İndiana,
Bloomington, 2012) ingilisdilli oxuculara
təqdim edilmişdir.
Müəllifin bədii yaradıcılığında
xüsusi yer tutan, real və şərti-metaforik üslubun
qovuşuğunda qələmə
alınmış "Ölüm
yuxusu" povestində
təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın
köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır.
Təsvir olunan hadisələrin
xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının
gizli çalarlarını
bütün yönlərilə
aşkarlamağa imkan
verir. Gərgin, dramatik konflikt
fonunda davam edən, qəbiristanlığı
uçuran buldozerçinin
intihar etməsi ilə tamamlanan povestdə mənəvi-əxlaqi
dəyərlərdən imtina
olunması ölümlə
eyniləşdirilir.
Vaqif Sultanlının "Ölüm
yuxusu" kitabına daxil edilmiş "Vətən",
"Səhər dumanı", "Mağara",
"Qütb gecəsi",
"Kor düyün"
və "İlğım"
hekayələri özünəməxsus,
orijinal, bənzərsiz
yazı tərzi ilə seçilməkdədir.
Yazıçı qələmə aldığı hekayələrdə
mənsub olduğu ictimai mühitin əsirinə çevrilən
insanların həyəcan,
sarsıntı və qayğılarını əks
etdirməyə çalışmışdır.
"Ölüm yuxusu"
kitabına daxil edilən povest və hekayələri birləşdirən ümumi
cəhət onların
daxili-mənəvi ovqata
köklənərək qələmə
alınması, mövzu-problematika
baxımından aktuallıq
kəsb etməsi, cəmiyyətdə özünü
göstərən özgələşmə,
yaddaşsızlaşma, biganələşmə
probleminə etiraz motivləri ilə seçilməsidir.
Xatırladaq ki, Vaqif Sultanlının redaktorluğu
və tərtibatı
ilə hazırlanmış
iri həcmli "Müasir Azərbaycan qadın nəsri"
("Modern Azerbaijani Women Prose") antologiyası yaxın günlərdə Amerikanın
"Trafford" nəşriyyatında çap olunacaq.
VƏFA
525-ci qəzet.- 2013.- 17 dekabr.- S.7