"On fransız sözü"

 Litva hekayəsi

 

 

TƏRCÜMƏÇİDƏN ÖN SÖZ

 

 

Tanınmış yazıçı Algirdas POTSYUS (litvaca: Algirdas Pocius) müasir Litva ədəbiyyatının yaşlı nəslinə mənsub olan və geniş oxucu auditoriyasının rəğbətini qazanmış ədiblərdən biridir.

A. Potsyus 1930-cu ilin avqustun 28-də Litvanın Majeykyay rayonunun Ketunay kəndində dünyaya gəlib. Seda qəsəbə orta məktəbini bitirdikdən sonra 1950-1952-ci illərdə Klaypeda Müəllimlər İnstitunun Litva dili və ədəbiyyatı şöbəsində təhsil alıb.

1952-1954-cü illərdə Klaypeda və Şyaulyay şəhər radiostansiyalarında redaktor və radio müxbiri olaraq fəaliyyət göstərib. 1955-ci ildə Vilnüsə başqa vəzifəyə keçirilmiş və Litva SSR Radioinformasiya İdarəsində ədəbi verilişlər bölməsinin redaktoru təyin olunmuşdur. 1956-cı ildən etibarən "Şvituris" ("Mayak") gənclər jurnalının bədii ədəbiyyat şöbəsində işləyib.

1958-ci ildən Litva Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıbdır: - 1958-1963-cü illərdə nəsr üzrə məsləhətçi, 1963-1981-ci illərdə İdarə Heyətinin katibi, 1981-1986-cı illərdə isə Litva Yazıçılar İttifaqı sədrinin müavini olmuşdur.

A. Potsyus bir müddət həmçinin ictimai-siyasi xadim kimi də fəaliyyət göstərib. 1960-1989-cu illərdə Sov.İKP-nin sıralarında olub. Litva Demokratik Əmək Partiyasının (hazırda bu partiya Litva Sosial Demokratlar Partiyası adlanır) üzvü olaraq 1992-ci ildə bu partiyanın xəttilə Litvanın Parlament seçkilərində iştirak edib. A. Potsyus həmin ilin okyabr ayında millət vəkili seçilib və 1992-1996-cı illərdə Litva Respublikası Seyminin Maarif, Elm və Mədəniyyət Komitəsinin üzvü olaraq Parlamentdə çalışıb.

Litvalı nasirin əsərləri 1953-cü ildən çap olunur. Onun ilk kitabı - "Ujgiryay kəndində səhər" adlı hekayələr toplusu 1955-ci ildə Vilnüsdə işıq üzü görübdür. İndiyədək litvaca 20-yə yaxın kitabı çapdan çıxıbdır. Müəllifin "İflas" əsəri əsasında 1967-ci ildə Litva kino studiyasında "Böyüklərin oyunları" adlı iki hissədən ibarət kinonovella (tragikomediya) yaradılıbdır.

A. Potsyus ədəbiyyat üzrə çeşidli ödüllərin sahibidir. Onun kitabları 1967, 1980, 1982 və 1985-ci illərdə Litvanın nüfuzlu ədəbi mükafatlarına layiq görülüb. 1980-cı ildə A. Potsyusa Litva SSR-nin əməkdar mədəniyyət xadimi fəxri adı verilibdir. 1982-ci ildə isə "Yuvadan uçmuşlar" kitabına görə Litva SSR Dövlət mükafatına layiq görülübdür. Əsərləri bir sıra xarici dillərdə dərc edilib.

A. Potsyus artıq altmış ildən çoxdur ki, Litva ədəbiyyatında əsasən novella janrında yaradan gözəl sənətkar kimi tanınıbdır. Əsərlərinin bədii üslubu klassik Litva nəsrinin ən yaxşı ənənələri əsasında formalaşıbdır. Litva ədəbiyyatında böyük mövzuları, müxtəlif yönəmli vacib olayları kiçik misallarla, minimal nümunələrlə məhdudlaşdırıb ümumiləşdirən və böyük ustalıqla təqdim edən ədəbi üslubun yaradıcılarından biridir. Hekayə və povestləri rasional quruluşu, qısa təhkiyyə üsulu və təmkinli nəql manerası, aydın və sərrast cümlələrin düzümü ilə seçilir. Əsərlərinin fabulasını təşkil edən hadisə və əhvalatlar mübtəlalıqla və yaxud açıq-aydın ehtiraslarla şərh olunub təqdim edilmir, həyəcanlı hisslər və coşqun emosiyalar zahiri təfərrüatların arxasında gizlədilir.

A.Potsyus Sovet dövründə milli ədəbiyyatda ən ziddiyyətli, mürəkkəb və olduqca həssas mövzuları qələmə almış sənətkardır. Belə ki, o, 1944-1953-cü illərdə Litvanın azadlığı və dövlət müstəqilliyi uğrunda Litvada SSRİ-yə qarşı aparılmış siyasi müqavimət hərəkatı və partizan müharibəsi ilə bağlı tarixi hadisələri - Litva "meşə qardaşları" mövzusunu ilk dəfə bədii yaradıcılıq müstəvisində işləmiş və Litva sovet ədəbiyyatına gətirmiş yazıçı olaraq məşhurdur.

İkinci dünya müharibəsindən sonra Litvanın SSRİ tərəfindən dübarə işğal edilməsinə qarşı bu Baltik ölkəsində getmiş mürəkkəb ictimai-siyasi proseslər, ideoloji qarşıdurmalar, müstəqillik uğrunda aparılmış silahlı mübarizə, xalq müqavimətini qırıb ölüm girdabında boğmaq məqsədilə NKVD-MQB-KQB strukturları tərəfindən həyata keçirilmiş siyasi və sosial təmizləmələr, həbslər, güllələnmələr və sürgün edilmələr, eləcə də həmin illərdə Litvada baş vermiş digər faciəli toqquşmalar və dramatik hadisələr litvalı yazıçının 1963-cü ildə Vilnüsdə çapdan çıxmış "Burulğan" adlı kitabına daxil olan hekayələrin ("On fransız sözü", "Yuodgirisin sonuncu rolu", "Burulğan", "Saçı ağarmış qardaş", "Ot daşımı" və s.), həmçinin sonralar işıq üzü görmüş digər əsərlərinin ("Xaçsız məzarlar", "Meşə adası", "Xanım Amnistiya" və b.) süjetini təşkil edir.

A.Potsyus bu əsərlərini XX əsrin 50-ci illərinin axırı - 60-cı illərinin əvvəllərində SSRİ-də siyasi və ictimai-mədəni həyat sahələrində "Xruşşov mülayimliyi" adı altında həyata keçirilmiş islahatlar dövründə yaranmış nadir fürsətlərdən istifadə edərək yaza bilmişdir. Bununla bərabər, müəllif sözügedən dramatik və faciəvi olayları sakit epik tonda və pərdəli şəkildə təqdim edir, onlar haqqında çox ehtiyatla və həssaslıqla danışır, ədəbi qəhrəmanların ən kiçik mükamilələrinə və hisslərinin rəngarəngliyinə diqqəti cəlb etmək yolu ilə onların daxili aləminin alt qatlarına nüfuz edir. Xüsusilə vurğulamaq lazımdır ki, yazıçı "meşə qardaşları" mövzusundakı hekayələrdə ideoloji aksentləri və əsil qayəni nəzərə çarpmayan şəkildə - "səs-səmir çıxarmadan" yerbəyer edir və həmişə müəllif təhkiyəsi ilə qəhrəmanların hərəkət və danışıqları arasında təhlükəsiz məsafə saxlayır.

Onun Litva "meşə qardaşları" mövzusunda yazdığı əsərlər sosialist realizmi nəsrinin kamil nümunələri sayılsa da, eyni zamanda 60-70-ci illər Litva sovet ədəbiyyatının bədii kəşfləri kimi dəyərləndirilir. Sovet senzurası şəraitində yaradılmış həmin əsərlər sözügedən dramatik olayları aktuallaşdırmaq, onları Litva tarixinin və ictimai-siyasi fikrinin vacib tərkib hissələri kimi təqdim etmək, yaranmış siyasi və ideoloji ziddiyyətlərin əsl səbəblərini örtülü şəkildə və çeşidli dil vasitələrilə qabartmaq, milli-mənəvi  dəyərlərin həyatiliyini, işıqlı sabaha inamın və dövlətçilik ənənələrinin yaşarlığını, xalq azadlıq ideyalarının ölməzliyini və müstəqillik səylərinin davamlılığını cəmiyyətin geniş dairələrinə çatdırmaq, tarixi yaddaşı hifz etmək və hürriyyətə ümidi yaşatmaq baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Odur ki, A. Potsyusun "meşə qardaşlar

ı" mövzusunda yaratdığı hekayələr Litva sovet ədəbiyyatının xrestomatik əsərləri, həmin dövrdə bu yönümdə inkişaf etmiş söz sənətinin orijinal xüsusiyyətlərini ehtiva edən səciyyəvi ədəbi mətnlər və klassik nəsr nümunələri kimi qəbul olunubdur.

A. Potsyusun Litva "meşə qardaşları" mövzusunda yaratdığı əsərlərdən biri - "On fransız sözü" (1963) adlı hekayəsilə bağlı qeyd etmək istərdik ki, biz onu ilk dəfə hələ 1985-ci ildə Azərbaycan dilinə tərcümə etmişdik. Lakin, o zaman nə "Ədəbiyyat və incəsənət" həftəliyi, nə də "Ulduz" jurnalı hekayənin tərcüməsini dərc etmədi. Yalnız, tanınmış publisist və istedadlı qələm sahibi, Litvanın Azərbaycandakı dostu Şakir Yaqubovun (1951) əhəmiyyətli yardımı sayəsində hekayə bir müddət sonra - 1987-ci ilin əvvəllərində "Azərbaycan gəncləri" qəzetində ixtisarla da olsa çap olundu. Həmin nəşrdə ixtisarlardan savayı, qəzetin redaksiyası tərəfindən ideoloji xarakterli bəzi dəyişikliklər də edilmişdi. Odur ki, "On fransız sözü" hekayəsinin üzərində yenidən işləyərək əsərin dəqiqləşdirilmiş və tam variantını oxuculara təqdim edirəm.

 

Vilnüs - Bakı, noyabr-dekabr 2013-cü il

 

Litva dilindən tərcümə edəni Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü

 

 

 

Algirdas POTSYUS (1930)

(Litva yazıçısı)

 

 

Gecənin zülmətində işıq yalnız pərvanələri özünə çəkmir, adamları da cəlb edir. Amma adamlar pərvanələr kimi açıq pəncərədən içəri uçmurlar. Onlar taxta pilləkənlərlə taqqıltı sala-sala məktəbin ikinci mərtəbəsinə qalxır və qaranlıqda qapını tapırdılar. Onların bəziləri qapını nəzakətlə döyür, digərləri isə onu təpiklə vurub açırdılar, sanki əlləri yoxdu. Sözün düzü, o illərdə gecə vaxtı gəzənlərin çoxusu əliboş gəzmirdilər.

Müəllim Selyanisin başı fransız dili lüğətinə elə möhkəm qarışmışdı ki, pilləkənlə qalxanların addım səslərini eşitmədi. O, hər axşam on fransız sözü öyrənirdi. Bu, onun üçün çətin iş deyildi, əksinə, xoş məşğuliyyət idi və bundan həzz alırdı. Dil öyrənməyə böyük həvəsi vardı. Artıq alman, polyak və rus dillərini öyrənmişdi, indisə növbə fransız lüğətlərinə çatmışdı. Müəllim hamıya deyirdi ki, yalnız riyaziyyat və xarici dilləri əsl elm saymaq olar, çünki, tarixin heç bir qəfil döngəsi və dolambac yolu bunlara qorxu törətmir, qalan bütün elmlər isə hərc-mərclikdən başqa bir şey deyildir. Bəlkə də buna görə bəziləri deyirdilər ki, Selyanis bu dünyanın adamı deyil. Müəllim belələrinə cavab verirdi ki, "heç bu dünyanın adamı olmaq da istəmirəm, özüm yaratdığım dünyada yaşamaq istəyirəm. Sizsə iltifatlı olun və mənə mane olmayın". Lakin Selyanisin belə istəyinə çox az adam məhəl qoyurdu. Müəllimi özü istədi-istəmədi, güclə geniş dünyaya çıxarırdılar və tərslik etdiyi üçün danlayırdılar. Axırda rayon maarif şöbəsinin səbri tükəndi və onu Litvanın uyezd gimnaziyası müəllimi vəzifəsindən azad edərək əldən-ayaqdan uzaq Stryukyay xutorundakı məktəbə göndərdilər.

Selyanis bundan bərk məyus olmuşdu. O, heç də gimnaziyada aldığı maaşın azaldılmasına görə qüssələnmirdi, müəllimi çox pərt edən hal o idi ki, onu vəzifədə daha bundan aşağı endirmək heç cür mümkün deyildi. Bəlkə bundan da aşağı salmaq istədilər, bəs onda necə olsun? Yox, məktəbdə qarovulçu işləməyi bacarmazdı. Odur ki, növbəti addım pedaqogika ilə həmişəlik vidalaşmaq addımı ola bilərdi.

- Buyurun! - Qapının döyüldüyünü eşidən Selyanis gözlərini lüğətdən köçürdüyü on melodik söz yazılmış vərəqədən çəkməyərək hirslə qışqırdı. Axıra qədər oxuduqdan sonra müəllim başını qaldırdı və oturduğu yerdə donub qaldı. İçəri tərəfdən qapının ağzında iki nəfər döşü avtomatlı kişi durmuşdu. Birinin əlində balaca projektor vardı.

 

"Onlardır..." - Selyanisin beynindən ani olaraq bu həyəcanlı və tük ürpəşdirən fikir keçdi. O, nə qədər ki, şəhərdə yaşayırdı, belə görüşlərdən mühafizə olunmuş halda həyat sürürdü. Doğrudur, bir kərə banditlərin güllələdiyi bir müəllimin dəfnində iştirak etmişdi. Onda onlarla demək olar ki, dolayısilə qarşılaşmışdı. İndisə... Selyanis əlində qələm ayağa qalxdı və titrək səslə soruşdu:

- Sizə nə köməyim dəyə bilər? Qulluğunuzda hazıram...

- Müəllim, mane olduğumuza görə bizi bağışlayın, gördük işığınız yanır, gəldik bir az isinməyə, çöldə soyuqdur, - deyərək onlardan biri dilləndi.

Bu sözləri deyən kəs dəri gödəkçədə idi, boğazına zolaqlı yun şərf sarımışdı, ayaqlarında uzunboğaz çəkmə vardı. O, ağır vərdənə ilə basılıb hamarlanmış gil döşəmənin üstü ilə şəstlə və tələsmədən addımlayaraq otağa keçdi, yaxından Selyanisə baxdı. Gəlmiş silahlının qonur gözləri vardı, iti baxışında bir hökm və amiranəlik oxunurdu. Üzü tərtəmiz qırxılmışdı, yalnız burnunun altında balaca bığı qaralırdı.

O, masaya lap yaxınlaşdı və bir gözü ilə Selyanisin qabağındakı açıq fransız lüğətinə qıyqacı  baxaraq soruşdu:

- Çoxdanmı burada müəllimlik edirsiniz?

- Sentyabrın birindən. Artıq ikinci aydır ki, burada işləyirəm, - deyə müəllim cavab verdi.

Selyanis diqqətlə həmin kişinin geyiminə, silahına və sifətinə baxırdı, heç olmasa xırda bir nişanə axtarırdı ki, bu gəlmələrin kim olduğunu dəqiq təyin etmək üçün dadına çatsın. Ancaq, onu maraqlandıran bu suala heç cür cavab tapa bilmirdi; belə ki, bu cür geyimlər və avtomatlar eynilə həm meşədən, həm də şəhərdən gələnlərdə ola bilərdi. Selyanis özünü daha da itirmiş halda durmuşdu, bilmirdi ki, bunlarla necə danışsın.

- Fransız dilini öyrənirsiniz? - Kiçik qara bığı olan kişi yenə soruşdu. O, on fransız sözü yazılmış vərəqəni masanın üstündən götürdü və yazılanlara ötəri baxdı.

- Bəli, öyrənirəm, - Selyanis qısaca cavab verdi.

Silahlı kişi vərəqəni ona qaytardı və otaqda var-gəl etməyə başladı. O, hərdənbir müəllimə və kitab rəfinə nəzər salırdı, arabir də Litva rəssamı Kazis Şimonisin divardan asılmış rəsm əsərinə baxırdı.

- Bir vaxt mən də bu dili öyrənmişəm, - deyərək, silahlı kişi sözünə davam etdi. - Lakin indi hər şey yadımdan çıxıbdır. Gərək təzədən öyrənəm.

- Bəlkə, heç lazım gəlməyəcək... - deyərək, kərpicdən qoyulmuş sobanın yanında durub əllərini isidən ikinci silahlı əlavə etdi. O, nisbətən cavan idi, saçları sarışındı, yanağında kiçik qara xalı vardı.

- Niyə ki? - Var-gəl edən kişi ayaq saxladı və üzünü sobaya tərəf çevirdi. - Mənim talismanım var, o məni qoruyacaq.

Hər ikisi şaqqanaqla güldülər. Həmin sözlərdə yalnız bu silahlı kişilərə məlum olan, amma Selyanisin başa düşə bilmədiyi fikir gizlənirdi. Selyanis ehtiyatla, sanki buzlu suya girirmiş kimi, asta-asta öz stuluna çökdü. Indi müəllim əmin idi ki, bu iki nəfər meşədən gəliblər.

 

Bu dəmdə dəri gödəkçə geyinmiş və burnunun altında kiçik qara bığı olan kişi kitab rəfinin qarşısında dayandı. O, susmuş halda xeyli duraraq kitabların kötükləri üzərində göstərilmiş müəllifləri və əsərlərin adlarını oxumağa başladı.

Selyanis təşvişə düşdü. Rəfin birinci cərgəsində yalnız siyasi ədəbiyyat dururdu, tən ortada isə  Stalinin əsərləri qoyulmuşdu. Müəllim qəfildən yerindən sıçradı və sürtülmüş çəkələklə şappıltı sala-sala rəfə yaxınlaşdı.

- Fikir verməyin bu kitablara, - müəllim pərt halda izahat verməyə başladı... - Bilirsiniz də, indi elə dövrandır ki... Başqa cür mümkün deyil, siz məni başa düşməlisiniz... Onsuz da məni siyasətdən uzaqlaşıb kənarda qaldığım üçün günahlandırırlar. Yaxşısı budur ki, siz bunlara baxın. - Selyanis rəfin birinci sırasındakı kitabları tələm-tələsik çıxarıb nizamsız halda masanın üstünə qalaqladı. Arxa cərgədən təptəzə kitabların parıldayan kötükləri göründü. Onların üzrərində başlıqlar tamamilə digər şriftlərlə çap edilmişdi və müəlliflər də başqa idilər: Kant, Kiplinq, Meterlink, litvalı yazıçılar - Brazdjyonis, Şeynyus, müstəqillik dövründə buraxılmış Litva ensiklopediyasının qalın-qalın cildləri... Bundan əlavə, hələ çoxlu sayda alman və polyak dillərində kitablar... Müəllimin sifəti işıqlandı, sanki parıldayan qızıllara baxırdı. Bu kitablar onun iftixarı, ən böyük məmnuniyyət çeşməsi və var-dövləti idi.

- Deməli, birinci cərgə gözdən pərdə asmaqdan ötrüdür, ikinci cərgə isə özünüz üçündür, - deyib, dəri gödəkçəli kişi dilləndi. O, bunu çox sakitcə dedi, sözlərində zərrə qədər də tənə, qınaq və ya narazılıq hiss olunmadı.

- Başqa cür mümkün deyil, - kitabların ətrafında vurnuxan Selyanis dəri gödəkçəlinin dediklərini təsdiq etdi. Müəllim bu naməlum gəlmələrin hər hansı bir kitaba tamahları düşməsindən qorxurdu. Ona görə də onları tələm-tələsik yığışdırıb əvvəlki yerinə qoyurdu. Kitabların üz qabığından tozu üfürür və elə diqqətlə silib səliqəyə salırdı ki, sanki, otağında qəribə qonaqların olduğunu tamamilə unutmuşdu. O, kitablarla məşğul olan zaman dünyada hər şeyi unudurdu.

- Bəs şagirdləriniz necə olsun? Onların beyninə hansı kitablardan yeridirsiniz, - gözdən pərdə asmaq üçün qoyduğunuz ədəbiyyatdan, yaxud öz həqiqi xəzinənizdən? - bığlı kişi yenidən otaqda var-gəl edə-edə soruşdu.

Selyanis kitab rəfindən aralandı, iş masasına qayıtdı, bir ucuna pozan bərkidilmiş rəngli, nazik karandaşı götürdü və ehmalca dodaqlarına sıxdı.

- Elm həmişə elm olaraq qalır, - o, dediklərini həm də başı ilə təsdiqləyə-təsdiqləyə dilləndi. - Onu hansı cildə salırsınızsa salın, - qırmızı, yaşıl və yaxud ; bu, demək olar ki, heç nəyi dəyişmir. Digər tərəfdən, mən ki alman dilini öyrədirəm. Buna ki, siyasətin bir dəxli yoxdur.

- Axı, bəzən şagirdlərin birmənalı suallarına açıq və dəqiq cavablar vermək lazım gəlir. Məsələn, elə götürək Sovet hakimiyyəti ilə bağlı sualı ki, bu hakimiyyətin məqsədi nədir... Bəs onda vəziyyətdən necə çıxırsınız? - qaraşın kişi bunu deyib gil döşəmənin ortasında ayaq saxladı. O, müəllimin düz gözlərinin içinə baxırdı.

- Bəli, bəli, şübhəsiz ki, belə suallar da olur, hə, olur... - Selyanis udquna-udquna kəkələndi. O, stula oturdu, yenidən yerindən qalxdı və elə bil əsl yerini tapmırmış kimi, hürkək addımlarla masanın ətrafında dövrə vurmağa başladı.

- Bəs onda nə cavab verirsiniz?

- Əgər o zaman sinifdə maarif inspektoru yoxdursa, şagirdlərə deyirəm ki, aidiyyəti olmayan kənar suallar verib dərsə mane olmayın.

- Əgər inspektor dərsdə iştirak edirsə, bəs necə? - qaraşın kişi zillənmiş baxışlarını müəllimin gözlərindən kənara çəkmədən sorğu-suala davam etdi.

- Onda nə isə izah etmək məcburiyyətində qalıram. Siz məni başa düşməlisiniz, yoxsa başqa cür mümkün deyil...

Gil döşəmə qalın altlıqlı uzunboğaz çəkmələrin hərəkəti altında yenidən aramla cırıldamağa başladı, dəri gödəkçənin xışıltısı da təzələndi. Eyni zamanda Selyanisə elə görünməyə başladı ki, o, sanki öz otağında oturmayıb. Onun baxmaqdan böyük məmnuniyyət duyduğu kitab rəfi yox olmuşdu, masanın üstündəki fransız dili lüğəti və on melodik söz yazılmış vərəqə də itmişdi, Şimonisin divardan asılmış rəngli tablosu da sanki ərimişdi. Müəllim onun beyninə təkrar-təkrar girən bir sualdan heç cür yaxa qurtara bilmirdi: axı necə olub ki, o, bu iki silahlı adamın yanında peyda olubdur?

- Görünür ki, siz pis sovet müəllimisiniz. Şagirdləri maraqlandıran həqiqi məsələləri onlara izah edə bilmirsiniz, - bu sözlər döşəmənin üstündə atılan addımların cırıltısı ilə qoşalaşıb bərabər səsləndi.

Selyanisin gözlərinin hədəqəsi böyüdü. Sifətinə, bədəninin bütün hissələrinə qızdırma seli axdı, alışıb-yanmağa başladı. Titrəyən əlindən qələm tıqqıltı ilə düşdü və otağa çökmüş sükut içində masanın üstü ilə onun diyirlənməsi eşidildi.

- Mən bilmədim, axı siz kimsiniz? - müəllim dili dolaşa-dolaşa ağzından güclə bu sözləri çıxarı bildi.

- Biz də sizdən sənədlərinizi istəmədik.

Kiçik bığlı kişi görünür otaqda var-gəl etməkdən bezikmişdi, divanda oturdu və avtomatı ayaqlarının arasına qoydu. Silahın ağır qundağı taqqıltı ilə döşəməyə dəydi.

- Bəlkə aclığınız var? - Selyanis gözlənilmədən yerindən qalxdı. - Subay olmağıma baxmayaraq, yeməyə bir şey tapa bilərəm.

- Sağ olun, biz toxuq, - sobanın yanında qızınan sarışın saçlı nisbətən cavan kişi müəllimin təklifinə cavab verdi. O, bu vaxta qədər söhbətə qoşulmasa da, Selyanis bu sarışın saçlının dodaqlarını tərk etməyən kinayəli gülüşü sezməyə macal tapmışdı. "Mən səhv etmişəm, onlar heç də meşədən gəlməyiblər", - müəllim qorxusu daha da artmış halda fikirləşdi.

- Siz məni başa düşməlisiniz, indi kənddə çətin zamandır, elə qarmaqarışıqlıqdır ki... Gah biriləri təşrif gətirirlər, gah da digərləri gəlirlər... Hamısı da silahlı...  Axı, onların alnında kim olduqları yazılmayıb. Əlbəttə, siz fikirləşə bilərsiniz ki...

- Müəllim, biz heç nə demirik, - divanda oturmuş qaraşın kişi onun sözünü yarımçıq qoydu.

Selyanis üzünü qaraşın kişiyə tərəf çevirib dedi:

- Heç nə demirsiniz, amma Allah bilir nə fikirləşirsiniz.

Silahlıların ikisi də şaqqanaqla güldülər.

- Elə bircə bu çatmırdı ki, sizə nə fikirləşdiyimizi də deyək.

Selyanis özünü lap itirdi və tam çaşqınlıq içində susdu. Sonra masaya söykənərək və əllərini qeyri-ixtiyari ovuşduraraq, ağır əzab-əziyyət yaşamış və üzülmüş insana xas olan məzlum baxışlarını otağın hər yerində gəzdirməyə başladı. Heç cür sakitləşə bilmədi. Və qorxu onu izahat verməyə məcbur etdi:

- Siz şəhərə qayıtdıqdan sonra, müəllim Jemaytisin dəfn mərasimində mənim necə çıxış etdiyimlə maraqlana bilərsiniz. O sözlərimi yüzlərlə adam eşidibdir...  Mən onda açıq-aydın dedim ki, terror heç də yaxşı sonluğa gətirib çıxarmır. Terror insanlığa zidd olan hərəkətdir və yalnız daha böyük bəlalar gətirir. Terror vasitəsilə indiyədək heç zaman yaxşı məqsədlərə nail olunmayıb. Bu, mənim qəti və müqəddəs inamımdır...

- Siz hardan bilirsiniz ki, biz şəhərə qayıdacağıq? - qaraşın kişi müəllimin sözünü dübarə yarımçıq qoydu.

Heyrətdən Selyanisin gözləri yenə də böyüyüb bərəldi. O, indi tamamilə sarsılmışdı.

- Mən heç nə bilmirəm, heç nə... - müəllim öz-özüylə danışırmış kimi, güclə eşidilən bir səslə pıçıldadı. - Siz başa düşməlisiniz, indi kənddə elə çətin vaxtlardır ki, yaxşısı budur heç danışmayasan...

- Çətin zamandır, çətindir... - divanda oturmuş dəri gödəkçəli kişi ayağa qalxa-qalxa müəllimin fikrini təsdiq etdi. Sonra avtomatı çiyninə atıb dedi:

- Daha getmək vaxtımızdır. Narahat etdiyimizə görə bizi bağışlayın, müəllim.

Silahlılar kəmərlərini çəkərək bərkitdilər və papaqlarını başına qoyub qapıya sarı yönəldilər. Özünü itirmiş zavallı Selyanis də onların arxasınca getdi.

Qaraşın kişi astanaya çatanda başını geri çevirdi və dedi:

- Bax ha, müəllim, sən ikiyə bölünmə. Səninçün o cür ağır olar...

Selyanis susurdu. O, hələ də ümid edirdi ki, gələnlər bəlkə son anda kim olduqlarını bildirəcəklər. Lakin silahlı kişilər daha bir söz də demədilər və qapıdan çıxdılar. Bir azdan pilləkəndən onların aşağı düşən addım səsləri gəldi.

Selyanis qapını ehmalca bir az araladı. Başını dəhlizə çıxardı və bir müddət ətrafa qulaq asdı. Qaranlıq dəhliz çəkmələrin küt tappıltısından boş qutu kimi səslənirdi. Nəhayət, küçəyə çıxan həyət qapısı çırpıldı və ətrafa sükut çökdü.

Müəllim çəkələklərini güclə sürüyə-sürüyə iş masasına qayıtdı. O, heç nəyi görmədən uzun-uzadı qalın fransız lüğətinə baxdı. Lüğətin səhifələri arasında hələ öyrənilməmiş on söz yazılmış ağ vərəqə sıxılmışdı və onun kənara çıxmış ucu görünürdü. Bu axşam həmin sözlər Selyanisi maraqlandırmırdı. O, masanın üstünə əyilmiş halda stula oturdu və ağırlaşmış başını əllərinin arasına aldı...

 

1963-cü il.

525-ci qəzet.- 2013.- 17 dekabr.- S.7.