Yazıçılar Birliyində "Ulduz" jurnalının yeni sayının müzakirəsi keçirilib

 

 

Adətən, hər ay ustad dərslərini dinləmək üçün bir yerə toplaşan Gənc Ədiblər Məktəbinin (GƏM) üzvləri bu dəfə "Ulduz" jurnalının Emin Pirinin rəhbərliyi ilə çıxan nömrəsinin təqdimat mərasiminə yığışmışdılar. Artıq beşinci dəfədir ki, gənclərin redaktorluğu ilə çıxan "Ulduz" jurnalı hər dəfə geniş müzakirələrə səbəb olur.

 13 dekabr. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubu. Tənqiddən çəkinərək dəyirmi masada əyləşməyə bir az ehtiyat edənlər də, gecikənlər də, gəlməyənlər də vardı... Tədbiri giriş sözü ilə AYB-nin gənclər üzrə katibi, GƏM-in rəhbəri Rəşad Məcid açdı: "Emin Pirinin hazırladığı "Ulduz" jurnalı artıq gənclərin buraxdığı beşinci nömrədir. Hər dəfə gənclərin hazırladığı nömrələrdən sonra diskussiyalar aparılır. Bu jurnal da mətbuatda reaksiya doğurub. Düzdür, bir az zahiri görünüşü diskussiyaya çevrilib. Təəssüf ki, içərisini oxuyanlar azdır. Ancaq mən çox sevindim ki, bizim hörmətli professorumuz Cahangir Məmmədli bu jurnala reaksiya bildirdi, jurnal haqqında fikirlərini bildirmək üçün tədbirimizə qatıldı. Son illərdə Cahangir müəllimin ədəbi tənqidə yenidən qayıdışı məni çox sevindirir".

Bu nömrəni GƏM-in koordinatoru hazırladığı üçün Rəşad Məcid təvazökarlıq edərək jurnal haqqında fikir bildirməyi qonaqların öhdəsinə buraxdı. Öncə "Ulduz"un baş redaktorunun müavini, şair Qulu Ağsəs fikirlərini bölüşdü: "Jurnaldakı yazıların hamısını oxumuşam. Emin Piri, Ramil Əhməd, Aqşin Evren və Könül Həsənqulu eyni estetikanın adamlarıdır. Eminin şeirlərində aşırı cəsarət var. Onun şeirlərində yaradanla polemikaya girmək, yəni Allahı ata kimi qəbul etmək və onunla oğul kimi dialoqa girmək cəhdi var və bu mənim xoşuma gəldi. Eminin həm yazı prosesini, həm də onun genetik olaraq haradan gəldiyini bilirəm. Onun qardaşı Cavid Sabiroğlunun  "Şimpanze" hekayəsini necə yazdığını, bu hekayənin real həyatda olan hadisədən götürdüyünü bilirəm. Kompyuterin dilindən ironiya tipində olan hekayədir, ancaq cümlələri bir az yaxşı qurmaq olardı. Hərdən baxırsan ki, bu Caviddir, kompyuter deyil.

Ramil Əhməd və Aqşin Evren şeirdə daha çox məna qatına üstünlük verirlər. Aqşinin şeirlərində çox maraqlı ifadələr var. Ramilin şeirləri birmənalı olaraq intellektual poeziyadır, sözün içinə girmək, mətnlə oynamaq var. Ramil elə bil şəhərsalma idarəsinin işçisidir, hər şeyi gözəl qurur. Məncə, bu qədər də şeirin içinə girmək lazım deyil. Vəfa Mürsəlqızının, Arzu Hüseynin şeirləri ilham gücünə yazılmış şeirlərdir. Pərviz Axundov isə həm modern, həm də ənənəvi nominasiyada çıxış edir, onun şeirləri də diqqətə layiqdir. Könül Həsənqulunun şeirlərində yaxşı ifadələr olsa da, şeirləri çox uzundur.

Müsahibələr haqqında deyə bilərəm ki, dəfələrlə işlənmiş müsahibələrdir. Jurnalın bu sayında yeni gənclər var, onlardan bir az əvvəlki nəsil olaraq Pərvin var, orta nəsildən Vaqif  Bəhmənli var və palitra olaraq maraqlıdır ki, Anar müəllimin də hekayəsi var. Əvvəlcə Anar müəllimin "İzahat"ını, Fərid Hüseynin tərcüməsində Dino Buzattinin və Vasili Şukşinin hekayələrini oxuduğum üçün Günel İmranın hekayəsini çətinliklə oxudum. Dəyanət Əlizadənin hekayəsi isə monotondur.

Taleh Mənsurun əvvəlki şeirləri yaxşıdır, əsgərlik şeiri isə zəifdir. Əfsanə Laçının uşaq hekayələri mənim diqqətimi çox çəkdi, xüsusilə  "Uzun adamın hekayəsi"  xoşuma gəldi. "Sevilən şeirlər", "Güney Azərbaycan Ədəbiyyatı", "Ədəbi resenziya" kimi rubrikalar da maraqlıdır".

Qulu Ağsəs bütün bu xoş sözlərdən sonra isə tənqidi fikirləri ilə çıxışının final akkordunu vurdu: "Fikrimcə, jurnal çıxarmaq istəyən gənclərin konsepsiyası olmalıdır. Təəssüf ki, mən beş nömrənin heç birində konsepsiyaya rast gəlmədim. Məncə, yaxşı yazıların məcmusu yaxşı jurnal demək deyil. Ümumən, jurnalda ayrı-ayrı yaxşı nümunələr var, müxtəlif nəsillər təmsil olunur, lakin bitmiş fikir yoxdur. Gənclərin hazırladığı beş nömrənin heç birində bitkin fikir görmədim".

Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli "Ulduz" jurnalının budəfəki nömrəsinin uğurlu olduğunu, ədəbiyyata yeni istedadlı gənclərin gəldiyini vurğuladı: "Ulduz" jurnalının sonuncu nömrəsini oxuyanda çox sevindim ki, bizim belə istedadlı yazarlarımız yetişir. Üz qabığından hiss elədim ki, ədəbiyyata çox yaxşı bir gənclik gəlir. İlk səhifədə Emin Piri uşaqlıq illəri ilə bağlı yazdığı şeirində yetim bir uşağın həyatını təsvir edir. Bu təsvir mənim üçün çox realdır. Mənə bu sətirləri oxutduğu üçün Eminə təşəkkürümü bildirirəm. Onun "Sağ qalan varmı", "Ayağım özümdən qeyrətli çıxdı" və digər şeirləri mənə çox doğma gəldi. Sonra Ramil Əhmədin şeirlərini oxuyanda gördüm ki, Emin kasıbçılıqdan ayaqqabıları yırtılmasın deyə ayaqlarının böyüməsindən qorxurmuş, Ramil isə  müharibənin gətirdiyi çətinliklərdən köynəklərini, ayaqqabılarını, pencəklərini bir ölçü böyük alır ki, sonra da geyinə bilsin. Ümumən, mövzu, dərd bir-birinə oxşasa da, bu iki şairin üslubu ayrıdır, hər birinin öz poetik dili var. Aqşin Evrenin şeirində də gözəl kəşflər var, Arzu Hüseynin şeirləri də məni yeni bir şairlə görüşdürdü. Pərviz Axundov isə qaçqınlar haqqında yazdığı "Düşərgə" şeirilə məni birbaşa öz dərdimə qaytardı. Könül Həsənqulunun, Taleh Mənsurun, Vəfa Mürsəlqızının, Rüfət Axundlunun, Elməddin Nicatın, Elmar Vüqarlının şeirləri, Cavidin, Əfsanə Laçının, Günel İmranın hekayələri, Fərid Hüseynin tərcüməsi də çox xoşuma gəldi. Bütün bunlarla yanaşı jurnaldakı müsahibələr də, layihələr də yeni düşüncə tərzinə malikdir və ədəbiyyata xidmət faktlarıdır. "Sevilən şeirlər" layihəsi xüsusilə mənim xoşuma gəldi. Bu çox gözəl rubrikadır, bu rubrikanı tez-tez davam etdirmək lazımdır. Adamların kimləri oxuması, kimləri əzbərləməsini bilmək yaxşıdır. "Ulduz" jurnalı bu nömrə ilə məni özünə elə cəlb etdi ki, yəqin ki, mən bundan sonra jurnalın bütün nömrələrini alacam".

Daha sonra söz alan gənc yazar Pərvin jurnal haqqında fikirlərini bölüşdü və iradlarını da bildirməyi unutmadı: "Ulduz" jurnalının artıq beşinci dəfə gənclərə tapşırılması humanist addımdır. Jurnalın bu sayında Vaqif müəllimlə olan müsahibədə gənclərə xeyli mesajlar var. Burada ən uğurlu mesaj - "Vaxtında can qoyub yetə bilmədiyim ucalıqlar bu gün məni dara çəkir..." fikridir, məncə, elə müsahibənin adı da belə olmalı idi. Anar müəllimin "İzahat" hekayəsinin seçilməsi isə düşünürəm ki, onun son dövrlərdə yazdığı əsər olduğu üçün seçilib. "İzahat" hekayəsində gənclər üçün çox ibrətamiz, öyrədici məqamlar var.

Jurnalda həm intellektual, həm də ilhamla yazılmış maraqlı şeirlər olsa da, şeirlərin çoxluğu bir qədər oxucunu həmişə eyni aurada qalmağa məcbur edir. Bir də ki, şeirləri qruplaşdırmaq və həmin şeirlərə təqdimat yazmaq olardı. Nasirlər haqqında isə deyə bilərəm ki, ilk yazılarda müəyyən xətaların olması normaldı. Sadəcə, tənqidlərə səbrlə yanaşmaq lazımdır. Tənqidçilərlə bağlı  layihədə isə yaxşı olardı ki, hansısa bir məqaləyə konkret olaraq fikir bildiriləydi. Jurnalın üz qabığına gəldiksə isə mənə elə gəlir ki, ədəbiyyatçıların dizaynına texniki yox, məntiqi tərəfdən yanaşmaq lazımdır. İkinci GƏM yarananda  düşünürdüm ki, yəni gündə-gündə yeni istedadlı gənclər yetişə bilərmi? Ancaq bu jurnal göstərdi ki, bəli yetişə bilər".

Tənqidçi Əsəd Cahangir də jurnalın müsbət və mənfi xüsusiyyətləri haqqında danışdı, gənclərə iradlarını və tövsiyələrini bildirdi: "Tənqid haqqında yazılarda gənclərdə aqressiya hiss etdim. Nisbətən Cavid mənim iyirmi illik tənqidçilik fəaliyyətimə bir cümlənin yarısını xəsislik etməyib. Lakin buna baxmayaraq Cavidin "Şimpanze" hekayəsi haqqında xoş söz deyə bilməyəcəm. Hekayələr içində mən Dəyanət Əlizadənin hekayəsini bəyəndim. Amma hekayənin sonu mənə inandırıcı gəlmədi.

Jurnalda gedən "Variasiya"  layihəsinin gənclik nörməsində verilməsi fikrimcə, lazım deyildi. Onun yerinə başqa bir layihə hazırlamaq olardı.

Bu nömrənin ən zəif şeiri Elmar Vüqarlınındır. Taleh Mənsurun, Elməddin Nicatın, Arzu Hüseynin şeirlərində maraqlı detallar olsa da, fikirlərin çoxu təkrardır, şablondur. Bu fikirlər qəzəl vaxtı qəzəl janrında, qoşma vaxtı qoşma janrında, poema vaxtı poema janrında çox deyilib. Qəzəl janrının az saylı təmsilçisi Vəlixan yeni obrazlar işlətməyə cəhd etməlidir. Klassik janrı yaşatmağın, bəlkə də, yeganə yolu müasir elementlərin həmin janra gətirilməsidir. Təəssüf ki, onun şeirlərində bunu duymadım. Vəfa Mürsəlqızının şeirləri bəzi məqamlarda Nazpəri Dostəliyevanın, Xədicə Abbasovanın  mahnılarını xatırlatdı. Könül Həsənqulu, Aqşin Evren, Ramil Əhməd, Emin Pirinin  şeirlərini bir qruplaşdırmaq olar, onlar modernist şairlərdir. Aqşinin şeirlərinin intonasiyası proza ilə heç nədən seçilmir. Bəzən elmi, publisistik elementlər şeiri üstələyir. Könül Həsənqulu istedadlı şairədir, onun müxtəlif şairlərə ithaf etdiyi və adlarını çəkmədən də təsirləndiyi şeirlər onun özünüaxtarış mərhələsindəki addımlardır. Bu nömrənin ən uğurlu bədii materialı kimi Emin Pirinin şeirlərini göstərmək olar. Onun şeirlərinin əsas fərqli cəhəti budur ki, Emində publisist informasiya birbaşa qəzet, kitab səhifəsindən yox, öz içindən gəlir. Emin həm də xəsis şairdir, onun şeirlərində artıq söz yoxdur. Ancaq onun "Qısa söz"ündə aqressiya hiss etdim. Yaxşı olardı ki, Emin fikirlərini daha açıq yazardı".

Tədbirində sonunda "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli gənclərə uğurlar arzuladı, gənclər haqqında konsepsiyasını açıqladı: "Bu tədbir məni həm sevindirdi, həm də məyus etdi. Ona görə məyus etdi ki, gənc yazarları tərifləmək mənim konsepsiyama uyğun deyil. Çünki mən həmişə gənclərə ədəbiyyatdan öncə öz düzənlərini, həyatlarını qurmağı tövsiyə edirəm. Amma digər tərəfdən sevindim ki, ədəbiyyatımızda istedadlı gənclər var. Və şadam ki, onlara belə şərait yaratmaqda mənim də əməyim var".

Tədbirin ikinci hissəsində GƏM üzvləri jurnal haqqında fikirlərini bölüşdülər, şeirlərini səsləndirdilər.

 

RAMİL

525-ci qəzet.- 2013.- 17 dekabr.- S.8.