Azərbaycan müəllimlərinin XIV
qurultayı olub
"Müəllimlərin
fəaliyyətini stimullaşdırmaq üçün yeni
addımlar atılacaq"
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində
Azərbaycan müəllimlərinin XIV qurultayı
keçirilib.
Azərbaycanın
bütün bölgələrindən nümayəndələrin
seçildiyi qurultayda Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev,
təhsil naziri Mikayıl Cabbarov, dövlət rəsmiləri,
millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin
rəhbər işçiləri, QHT nümayəndələri,
nüfuzlu müəllim və ziyalılar iştirak ediblər.
Ümumilikdə qurultaya təhsil ictimaiyyətinin 900-ə
yaxın nümayəndəsi qatılıb. Qurultayda
ölkə təhsilinin inkişafında görülən
işlər, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"ndan
irəli gələn məsələlər, qarşıya
qoyulan vəzifələr müzakirə olunub.
Əvvəlcə Prezident Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultay
iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbirdə
çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib
ki, növbəti ildən başlayaraq ali təhsil
müəssisələrində "Sabah" şərti
adı altında qrupların təşkil olunması
üçün seçimlər aparılacaq. O bildirib ki,
"Sabah" şərti qrupları təhsildə fərqlənən
tələbələrdən təşkil olunacaq. Məqsəd bu tələbələr
üçün daha əlverişli şərait yaratmaqdan
ibarətdir. Təhsil naziri istedadlı gənclərin
Azərbaycanın sabahı, elitası olacağını qeyd
edib və bu gənclərin diqqət mərkəzində
saxlanılmasını zəruri sayıb. Nazir qeyd edib
ki, bu il imtahanlardan keçmiş 244 müəllim
işi qəbul etməyib.
M. Cabbarov
bu sahədə araşdırma apardıqlarını, müəllimlərin
əsasən rayonlara işləməyə getmək istəmədiklərinin
üzə çıxdığını bildirib. O, işdən
imtina edən müəllimlərin 82 faizinin qadın
olduğunu qeyd edib.Təhsil naziri bu sahədə problemin aradan
qaldırılması üçün müəllimlərin
stimullaşdırılmasını, onlar üçün
xüsusi ipoteka rejiminin tətbiq olunmasını zəruri
sayıb.
Nazir deyib
ki, təhsil sisteminin gücü ona xidmət edən müəllimlərin
biliyindən üstün ola bilməz. Bu gün Azərbaycan təhsilində olan qüsurların
əsas səbəblərindən biri pedaqoji heyətin xeyli
hissəsinin hələ də kifayət qədər
ixtisaslı olmamasından irəli gəlir. Onun sözlərinə
görə, son 20 ildə hər il məktəblərə
çoxlu sayda təcrübəsi, bəzi hallarda kifayət qədər
pedaqoji təhsili olmayan təhsil verənlər gəlib. Nazir
qeyd edib ki, hətta onların arasında saxta diplomlarla işləyənlərə
də rast gəlinir:
"Bir tərəfdən bunun səbəbi maaşın az
olmasından müəllimliyin peşə kimi cəlbediciliyini
itirməsi, nəticədə savadlı gənclərin
özləri üçün daha perspektivli olan digər
ixtisasları seçməsi olubsa, digər səbəb ali təhsil
müəssisələrinin müəllim ixtisasına ən
aşağı balla qəbul olunma imkanı
yaratdığından çox aşağı bilik səviyyəli
insanların bu sahəyə axınını
stimullaşdırmasıdır. Hazırda müəllim
hazırlığı sistemində paradoksal vəziyyət
yaranıb. Təkcə ali təhsil
müəssisələrində hazırlanan pedaqoji
kadrların sayı onlara olan real tələbatı təxminən
2 dəfə üstələyir. Sistemin nə qədər
qeyri-səmərəli çalışdığını
aydın görmək olur". M. Cabbarov əlavə edib
ki, imtahan prosesi nəticəsində müəllimlərin
biliklərinə əsaslanaraq vakansiyaların doldurulmasında
çətinlik çəkilir. Bu vəziyyəti
dözülməz hesab edən təhsil naziri qeyd edib ki,
pedaqoji kadr hazırlığı məsələlərinə
xüsusi diqqət ayrılmasını, bu sahədə nəticələri
davamlı aşağı olan təhsil müəssisələrinin
fəaliyyətinin dayandırılmasını vacib sayır.
M.Cabbarov vurğulayıb ki, Azərbaycanda müəllim
peşəsinin nüfuzunun artırılması onun yüksək
və mənəvi motivasiyası, pedaqoji təhsilə
istedadlı gənclərin cəlb olunması və islahatların
həyata keçirilməsi üçün ən vacib
amildir. O
bildirib ki, müəllim peşəsinə istedadlı gənclərin
cəlb olunması məqsədilə tələbə
dövründən başlayaraq maddi stimullaşdırma
mexanizmləri həyata keçirilməlidir. M. Cabbarov qeyd edib
ki, hər bir müəllimi ixtisasartırma kurslarına cəlb
etmək lazımdır. Bununla əlaqədar müəllimlərin
peşəkarlıq səviyyəsinin könüllülük
əsaslarla yoxlanılmasının nəzərdə
tutulduğunu deyən nazir vurğulayıb ki, attestasiya nəticəsində
uğurlu nəticə göstərən müəllimlər
üçün differensiyalaşdırılmış əmək
haqqının verilməsi təmin ediləcək:
"Attestasiyadan keçməyən müəllimlər
üçün isə təlimlər təşkil olunacaq. Onlara növbəti attestasiyaya
hazırlaşmaları üçün imkan yaradılacaq.
Müəllimlərin karyera inkişaf və fəaliyyətini
stimullaşdırmaq üçün yeni sistemin
yaradılması məqsədilə müvafiq addımlar
atılacaq. İdarəetmə
funksiyalarını həyata keçirən dövlət
qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin
yenidən müəyyənləşdirilməsinə ehtiyac
duyulur". Nazirin fikrincə, yerli qurumlar
idarəetmə funksiyalarını tam olaraq öz əllərinə
almalı, məktəblərdə vəziyyəti,
kadrların yerləşdirilməsi, tədris prosesi ilə
maraqlanmalı, lazımi dəstək göstərməlidirlər.
Nazir
vurğulayıb ki, hazırda Azərbaycanın ümumtəhsil
sistemindəki 4513 təhsil müəssisəsində 1 milyon
188 min şagirdin təlim tərbiyəsi ilə 151 min 538 nəfər
müəllim məşğul olur. Məktəblərdə
ümumi şagird müəllim nisbəti 1:8, orta şagird
sıxlığı 16 nəfər təşkil edir. M.
Cabbarovun sözlərinə görə, son illər ölkədə
müsbət demoqrafik dəyişiklərin baş verməsi nəticəsində
birinci sinfə gedən şagirdlərin sayı artır:
"2013-2014-cü tədris ilində 137 mindən çox
şagird məktəbə qədəm qoyub. Bu
rəqəm növbəti illərdə daha da artacaq".
Nazir vurğulayıb ki, 108 ilk peşə ixtisas
təhsili müəssisəsində 29 min 337 nəfər təhsil
alır. Orta ixtisas təhsili pilləsində 64 min 116 tələbənin
59 təhsil müəssisəsində oxuduğunu deyən
nazir qeyd edib ki, 44 mülkü ali təhsil ocağında
bakalavr səviyyəsi üzrə 136 min 682 nəfər,
magistratura səviyyəsində 11 mindən çox tələbə
təhsil alır: "Son illər ərzində 2700-dən
çox məktəb əsaslı təmir olunub. Bunun da nəticəsində 1 milyondan çox
şagirdin təlim şəraiti yaxşılaşıb.
Xaricdə təhsil proqramı çərçivəsində
bu günə qədər 2612 gənc Dövlət Neft Fondunun
hesabına maliyyələşdirilib". Təhsil
naziri əlavə edib ki, ümumi orta təhsil səviyyəsində
hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş
planşetlərlə təmin olunması istiqamətində
hazırlıq işləri aparılmalıdır. Onun
sözlərinə görə, "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda əsas istiqamətlərdən biri də
dünya standartlarına uyğun tədrisin maliyyələşdirilməsi
sisteminin qurulmasıdır: "O cümlədən müxtəlif
mənbələrdən istifadə olunmaqla təhsilin maliyyələşdirmə
sisteminin təkmilləşdirilməsi, təhsil müəssisələrində
adambaşına maliyyələşdirməyə keçid, təhsilin
inkişaf fondunun yaradılması nəzərdə tutulur. Maliyyələşdirmədə əsas yükü
dövlətin üzərinə düşməməlidir.
Bu yük bütün cəmiyyət, biznes sahələri,
valideynlər, bütün fayda götürənlərin
üzərinə düşür. Təbii
ki, maliyyələşdirmədə əsas rolu dövlət
həyata keçirir. Amma beynəlxalq təcrübə
göstərir ki, təhsil sahələrinin özünü
maliyyələşdirmə sisteminin tətbiqi, ödənişli
təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi
təhsilin inkişafına müsbət imkanlar
yaradır".
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə isə
bildirib ki, müəllimlər informasiya müharibəsi gedən
dünyada ön cərgədədirlər. TQDK sədri bildirib ki, həm
orta, həm də ali məktəblərdə
təhsilin keyfiyyətinin yüksəldilməsi ardıcıl
aparılmalıdır: "21-ci əsrin öz tələbləri
var, yeni texnologiyalar cəmiyyətin həyatını dəyişir.
Beynəlxalq elmi dairələr 21-ci əsrdə
inkişaf üçün mürəkkəb problemlərə
effektiv cavab vermək, məlumatı dinamik idarə etmə,
komandada işləmək bacarığı, texnologiyadan
effektiv istifadə və davamlı bilik yaratmanı əsas
sayırlar".
M. Abbaszadə Təhsilin İnkişafı üzrə
Dövlət Strategiyasının əsas məqsədinin
biliklərə əsaslanan cəmiyyət qurmaq olduğunu
bildirib. Onun
sözlərinə görə, bu sahədə müəllimlərin
üzərinə böyük iş düşür, müəllim
zamanın nəbzini tutmaq üçün daim üzərində
çalışmalıdır: "Təhsil sahəsində
yeniliklər baş verdikcə qiymətləndirmə də dəyişikliklərə
məruz qalır. 21-ci əsrin bilik və
bacarıqlarını qiymətləndirmək çətindir,
biz bu istiqamətdə çalışırıq. Minlərlə
ali, orta məktəb müəllimi, AMEA bu
sahədə TQDK ilə birgə çalışır. Ancaq bu sahədə bu gün ciddi bir problem var.
Müasir dövrdə təhsildə qiymətləndirmə
metodları fərqlidir, ancaq pedaqoji institutlarda bu sahədə
tədris aparılmır. Pedaqoji
institutlarda müasir qiymətləndirmə kursları
yaradılmalıdır". M. Abbaszadə bildirib ki, hər
bir şagirdə, tələbəyə fərdi yanaşma
olmalıdır. O qeyd edib, TQDK-da regionun, məktəbin qiymətləndirilməsi
aparılır.
Milli Məclisin
Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar
Əliyev deyib ki, bu gün orta məktəb şagirdləri
repetitorların yanında hazırlaşırlar, ali məktəbi bitirən məzunlar şirkətlərə
işə qəbul üçün hazırlıq
kurslarına gedirlər. Cəmiyyət buna normal
yanaşır, ancaq bu, normal hal deyil. B.Əliyev bildirib
ki, müəllim kadrların hazırlanması ən
ağrılı məsələdir: "Azərbaycanda müəllim
hazırlığı ilə bağlı bitkin model yoxdur. Biz bu işi köklü şəkildə yenidən
qurmalıyıq". Millət vəkili
qeyd edib ki, irəliləyişə nail olmaq istəyiriksə,
müəllimin nüfuzunun geri qaytarılmasına nail
olmalıyıq. O, təhsil sistemində psixoloji xidmətin
əsaslı şəkildə yenidən qurulması və tətbiqini
də zəruri sayıb: "Təhsil Nazirliyi yanında yeni
metodik mərkəz yaradılmalı, pedaqoji kollektivdə
sağlam mühitin yaradılması üçün psixoloji
xidmət önə çəkilməlidir". B. Əliyev təhsilin
inkişafı ilə bağlı təkliflərini də
açıqlayıb: "Yeni nəsil universitetlər
yaradılmalı, orada rəqabət qabiliyyətli ixtisaslı
kadrlar, mütəxəssislər hazırlanmalıdır.
Mülkiyyət formasından asılı olmayaraq, bütün
ali təhsil müəssisələrində
ödənişli təhsil və qəbul planı ləğv
edilməlidir. Qəbul dövlət sifarişli
ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati
müstəqillik verilməlidir. Eyni zamanda
müəllimin nüfuzunu artırmaq üçün ona
dövlət qulluqçusuna bərabər status verilməlidir".
Sonda Azərbaycan Müəllimlərinin XIV qurultayında
qətnamə qəbul olunub. Qətnaməni Təhsil
Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin
müdir müavini Əsgər Quliyev oxuyub. Qətnamədə
qeyd olunub ki,Təhsilin İnkişafı
üzrə Dövlət Strategiyasında əsas məqsəd
dünya ölkələri ilə inkişafda geriliyə yol
verməmək, biliklərə əsaslanan iqtisadiyyat
quruculuğunda insan kapitalını önə çəkməkdir.
Vurğulanıb ki, Təhsilin
İnkişafı üzrə Dövlət Strategiyası təhsilin
məzmunca yeniləşdirilməsi milli ənənələrə,
modernləşmə meyllərinə tamamilə uyğun olaraq
şəxsiyyət yönümlü təhsil sisteminin
formalaşdırılmasına yönəlib. Aparılacaq islahatlar innovativ metodları tətbiq edən,
səriştəli təhsil verənin formalaşmasına,
müəllimin nüfuzunun yüksəlməsinə cavab verəcək.
Təhsilin maliyyələşdirilməsinin onun
keyfiyyətinə yönəldilməsinə ehtiyac var.
Qətnamədə
bildirilir ki, təhsilin maliyyələşdirilməsinin yeni
mexanizmi ilə bağlı Təhsilin İnkişafı
üzrə Dövlət Strategiyasında yer alan
müddəalar yeni maliyyələşmə mexanizminin
yaranmasına imkan verəcək, Azərbaycanın dünya
dövlətləri arasında layiqli yer tutmasını təmin
edəcək.
Qurultay iştirakçıları Prezident İlham
Əliyevi seçkilərdə qazandığı qələbə
münasibətilə təbrik edib, həyata keçirilən
daxili və xarici siyasəti dəstəklədiklərini
bildiriblər.
Qətnamədə prezidentin müasir təhsil
sisteminin qurulması kimi böyük uğura imza
atacağı vurğulanıb.
Sevinc QARAYEVA,
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2013.- 17 dekabr.- S.5.