Mənim atam

 

 

 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev "Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla əlaqədar silsilə tədbirlər təşkil olunur. Bu ərəfədə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə şair Vaqif Bəhmənlinin görkəmli dövlət və ictimai xadimin həyat yolundan bəhs edən "İlin beşinci fəsli .Kamran" sənədli romanı işıq üzü görüb.

K.Hüseynovun qızı, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynovanın sənədli romana yazdığı "Mənim atam" sərlövhəli ön sözü oxuculara təqdim edirik.

Şəkil: Kamran Hüseynov və övladları: Hicran, Reyhan, Gülsurə, Aydın, Eldar

"Mən fəxr edirəm ki, mən azərbaycanlıyam".

Heydər Əliyev

Mənim atam, Azərbaycanın tanınmış dövlət və ictimai xadimi, hərtərəfli şəxsiyyət, ölkəsini və xalqını bütün varlığı ilə sevən vətəndaş-Kamran Hüseynov 93 illik mənalı ömür yaşadı. O, hər işdə yenilik yaratmağı bacarırdı, üstünə əl qoyduğu işin miqyası ilə ətrafdakıları heyrətləndirə bilirdi. Biz, ailəmizin üzvləri çox istəyirdik və əlimizdən gələni edirdik ki, atamız uzunömürlülük məsələsində də yenilik eləsin, yüz yaşına çatsın, amma neyləməli, hələ indiyəcən alın yazısını pozan, qismətdən bircə tikə artığına yiyələnən olmayıb. Bəlkə bizim bu işə qarışmağımız da düzgün olmaz. Amma yenə, mən onun övladıyam və bu gün Kamran Hüseynov haqqında daha bir kitaba ön söz yazarkən düşünürəm: atamız o qədər dolğun, o qədər çətin, o qədər idraklı, hər düyününün açılması zəka tələb edən o qədər dəyərli bir həyat yükünün altına girib ki, on il daha artıq yaşaması və bu gün yüz yaşını bizimlə birgə keçirməsi çox ədalətli bir iş olardı... Məsələ burasındadır ki, indi biz, Kamran Hüseynov həyatda yoxdur" düşüncəsini də üzümüzə yaxın buraxa bilmirik. Barəsində söz açan, tanıyan, hətta həyatda bir dəfə də görməyib "Bir ömrun salnaməsi", "Quruculuğa həsr olunmuş omur" kitabından onun bioqrafiyasını öyrənənlərin də sohbətlərinə fikir verəndə və adamların insan xatirəsinə yanaşma tərzini təhlil edəndə, təəccüblənirəm ki, hər kəs Kamran Hüseynovu canlı olaraq yad edir, sanki o, dünyasını dəyişməyib, yüz yaşında da bizim yanımızdadır, yalnız xatirəsi yox, özü bizimlədir, fiziki olaraq bizimlədir.

Bu mənə böyük təskinlik verir. "Bu dünyada hərdən öz əməlinə münasib istilik qalır - nahaq yerə biz onun adına xatirə deyirik". Dəyərli kəlmələrdir, sərrast deyilib. Kamran Hüseynov çox vəzifələrdə çalışıb, hökmlü, mərd, əyilməz,istəklərinin hər birinə yetməyə qadir səlahiyyət sahibi, el adamı olub. İndi, sözün bu məqamında sanki atamızdan bizə, Vətənimizə, insanlara qalan ən dəyərli miras, bax həmən o istilikdir ki, biz onun adına Kamran müəllimin xatirəsi deyirik. Həmin xatirə - yaddaş isə o dərəcədə istidir ki, camaat hələ də onun sağ olduğunu düşünür, nəfəsini duyur, ruhunun əbədi yanan pak haləsini görür...

Kamran Hüseynov 20-ci yüzilliyin əvvəlindən yola çıxıb,həmən yüz ilin sonuna qədər addımlamış bir şəxsiyyətdir. XX əsrdə Azərbaycanın və keçmiş SSRİ-nin simasının dəyişməsində onun rolu olmuşdur. O, zamanı yaradanlardan idi,o zamana məzmun verənlərdən, vaxtı, əslində mücərrəd olan bir nəsnəni maddiləşdirə bilən nadir şəxsiyyətlərdən biri olmuşdu. Bununla bərabər zaman da atamı yaratmış, yaşatmış, şəxsiyyət ucalığına qaldırmışdır. Onun mənəvi varlığında öz dövrünün bütün əlamətlərini, ən sadə cizgilərini izləmək mümkündur. Düşünürəm, Kamran Hüseynov istedadlı adam idimi? Sovet vaxtı, uzun zaman aralığında istedad sözünü yalnız şairlərə, rəssamlara, xanəndələrə, heykəltəraşlara, artistlərə... aid edirdilər.

"Bir ömrün salnaməsi" kitabını oxuyarkən belə qərara gəldim ki, əgər Kamran Hüseynov orta təhsilini vaxtında alıb, Hərtiz dağına həsr etdiyi şeirin işığından tutub bədii yaradıcılıq yolu ilə irəliləsəydi, dövrünün ən maraqlı qələm sahiblərindən olardı. Çünki onun qələmə aldığı bədii-publisistik parçalarda çox dərin həyatilik, canlılıq, mahiyyətə varmaq qüdrəti var. Mən elə bilirəm "Quruculuğa həsr olunmuş ömür" kitabı tarixi baxımdan nə qədər dəyərlidirsə, ədəbi baxımdan da diqqətəlayiqdir. Atam ömrü boyu ədəbiyyatı, folkloru, mədəni sərvətləri, incəsənəti sevdi, ona vurğun oldu. O, bu sərvətləri yaradan dahi insanlara, mənəviyyat korifeylərinə sonsuz bir ehtiram bəsləyir, onların yaratdıqlarını söz-söz, rəng-rəng, kərpic-kərpic, nəfəs-nəfəs öyrənməyə can atırdı. O, yaradıcı ziyalıları millətin qaymağı sayırdı. Lakin atam başqa yol seçdi, nə şair, nə yazıçı oldu. Onun bioqrafiyası, həyatından alınmış unudulmaz epizodlar sübut edir ki, zəhmət, idarəçilik, insanlarla təmas, ləyaqətli həyat daha ciddi istedad tələb edir. Kamran Hüseynovun həyatı sübut edir ki, istedad yalnız estetik kateqoriya deyil, həm də sosial-etik mənbədir. İlkin başlanğıcda istedada baxmayaraq ki, o ruhi vəziyyət kimi təzahür edir, bioloji izahı olan təbii hadisədir. Miqyas fərqi ilə istedad hamıda var. İndi tanış olacağınız "İlin beşinci fəsli. Kamran" romanında siz bu məsələni ispan şairi Q.Lorkadan örnək götürülmüş "duenda"-zəlzələ sözünün işığında nəzərdən keçirməli olacaqsınız. Əslində istedad-insan sözünün sinonimidir, daha geniş mənada canlı təbiət anlayışının özüdür. Kamran Hüseynovun həyat yolundan, onun yaradıcılığından kifayət qədər yazılsa da, özü xeyli sayda kitabın, məqalənin müəllifi olsa da, xatirələr kitabına yazdığı yeddi cümlədə bütün ömrünü dəqiq ifadə edib: "Taleyimdən razıyam. Onu özüm yaratdım. Oxutmadılar, oxudum. Evləndir mədilər, evləndim. Böyütmədilər - boyudum, boyutdum. Dayağa söykənmədim - dayaq oldum. Öyrətmədilər - öyrəndim". Bu cümlələrə atamın, özünün dediyi kimi, quruculuğa həsr olunmuş ömrünün fonunda baxanda onların hər biri tutumlu roman təsiri bağışlayır. Sizcə, çox böyük əminliklə yaşının səksən beşində "Taleyimdən razıyam. Onu özüm yaratdım" deyən adamı istedadlı adlandırmamaq olarmı? Hətta mən deyərdim ki, insanın nəyisə mükəmməl yaratmağı yox, məhz özünü yaratmağı ən qüdrətli istedaddır, dahiyanə bir əməldir. Kamran Hüseynov böyük yol keçib. Sadə fəhləlikdən peşələrə, briqadirliyə, sex rəisliyinə, partiya təşkilatçısına, raykom katibi, respublika və ümumittifaq səviyyəli həmkarlar təşkilatlarında rəhbər işə qədər addım-addım yüksəlib. Sumqayıt, Mingəçevir, Neftçala, Naftalan kimi şəhərlərin ilk bünövrə daşlarını düzənlərdən olub. Kamran Hüseynov yazır ki, o, 50 ölkədə 80 dəfədən çox işgüzar ezamiyyətdə olub. Bunlar sərbəst gəzintilər, turist səfərləri deyildi. O, bu səfərlər zamanı dünyaca nüfuzu olan həmkarlar təşkilatlarının liderləri, dövlət başçıları, dünyanın ictimai-siyasi taleyini həll edən insanlarla görüşürdu, söhbətlər aparırdı. Afrika qitəsi "qaynayan" vaxt (orada müstəmləkəçiliyə qarşı olum-dirim müharibəsi gedir, 50-dən çox toplum tarixi ərazilərdə dövlətlərini yaratmaq istəyirdilər.)

SSRİ dövləti sanki Kamran Hüseynovu bu nəhəng regiona "təhkim" eləmişdi. Kamran Hüseynov böyük zəhmətlər bahasına müharibədən sonra Sumqayıtı sürətli inkişaf yoluna çıxardanda, gözu götürməyənlər ordan-burdan boy verdi, ağzıgoyçəklər tapıldı, onlar səlahiyyət sahibi idilər və lazımlı şəhərə "oz adamlarını yerləşdirmək", hər gün bir təşəbbüs qaldıran, yorulmaq bilməyən Hüseynov yoldaşdan can qurtarmaq istədilər. Bu zaman ona dedilər ki, gəl səni daxili işlər naziri qoyaq, beşaltı müavin verək. "Siz nə danışırsız, Sumqayıtda türmə tikilməsi pisimə gəlir, qoymuram bizim şəhərin ərazisində həbsxana yerləşsin, siz məni daxili işlər naziri qoyursunuz". Atam quruluşca qəddi-qamətli, əzəmətli idi, amma onun yuxa kimi nazik, uşaq kimi kövrək ürəyi vardı. İndi Kamran Hüseynovun xarici səfərlər zamanı nümayiş etdirdiyi yüksək diplomatiya mədəniyyəti, dərin siyasi fəhmi, vəziyyəti məharətlə qiymətləndirib yaranmış gərginliyi aradan qaldıra bilmək bacarığını xatırlayır və SSRİ-nin ağlı olsaydı, Kamran Hüseynova daxili işlər naziri yox, xarici işlər naziri vəzifəsini təklif edərdi, düşünürəm. Əlbəttə, mən bunu sözgəlişi deyirəm.

Atam xatirələrində bir ilahi kəlməni bəlkə yüz kərə işlədib - Xudaya. Yəqin ki, bu kəlmə Kamran Hüseynova ənənələrdən, qan və dil yaddaşı ilə oturulmuş koddur. Çox güman həmin söz mənim ulu nənə-babalarımın da dilindən düşmürmüş. İndi deyirəm: görəsən, Kamran Hüseynovda o boyda güc, işləmək həvəsi, yaratmaq-qurmaq eşqi haradan imiş? O, güclü idi. Lakin heç bir işi gücün hesabına həll etməzdi. Həmişə biliklərini dərinləşdirməyə can atır, ən güclü vasitə ağlın qüdrətini sayırdı. Onda insanlara necə də sonsuz sevgi və mərhəmət vardı. Vaxtı ilə bir yerdə işləmiş sonradan qocalmış, xəstəlik tapmış ailəni maşına yığaraq dördotaqlı mənzilinin bir gözünə köçürür ki, rahatlıq tapsınlar, üç gün vaqona darı yükləyib aldığı iyirmi manatın on manatını həmyerlisinə bağışlayır, müharibə vaxtı Ukraynadan gəlmiş uşaqlara inək alıb süd içizdirirdi. Vaxtilə ona zülm eləmiş, müflis olmuş bəy ailəsinə təmənnasız ət, yağ, qənd... talonlarını bağışlayır. Neftçalada türməni açdırıb günahsız insanları azadlığa buraxdırır...

O, kimləri gürməyib, kimlərlə təmas qurmayıb, kimlərlə işləməyib - Stalin, Beriya, Brejnev, Qrişin, Suslov, Fidel Kastro, Ce Gevara, Xoşi Min, M.Bağırov, Vəli Axundov, İmam Mustafayev, Süleyman Rəhimov, Səməd Vurğun, Əli Vəliyev, Rəsul Rza, Mir Cəlal, Mikayıl Abdullayev, Qara Qarayev, Bülbül, kimlər, kimlər... Yaradıcı ziyalılar öz yerində, adı çəkilən bəzi dövlət rəhbərləri ilə nəinki bir yerdə işləmək, hətta onlarla eyni əsrdə yaşamaq çətin idi...

Kamran Hüseynov öz xalqını, necə böyük övlad məhəbbəti ilə bağrına basır, torpağını qarış-qarış dolanır, olduğu hər bir mərtəbədə Azərbaycanın xeyrinə nəsə edirdi.

Burada bir məsələni də xüsusi vurğulamaq istəyirəm, indi Vətənimiz müstəqillik yolu ilə gedərkən həqiqi bir intibah yaşadığımız günlərdə hər kəs etiraf edir ki, bizim qazandığımız uğurların möhtəşəm bünövrə daşları Ulu öndər, xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Yaxın-uzaq tarixdə çoxlu şəxsiyyətlərin şərəfli adları var. Lakin XX əsrin ən böyük siması, yeni Azərbaycanı, müstəqil dövlətimizi quran, möhkəmləndirən yeganə qətiyyətli lider Heydər Əliyevdir. Tarixdə onunla müqayisəyə gələn ikinci bir azərbaycanlı yoxdur. Heydər Əliyevlə atamın tanışlığı ötən əsrin 40-50-ci illərinə gedib çıxır. O zaman ki, gənc Heydər Əliyev dövlətçilik meydanında parlayırdı, onun gələcəyinə böyük ümidlə baxırdılar. Görünür, bu da qeyd olunmalıdır, onlar aralarında on il yaş fərqi ilə, təqribən iyirmi yaşa qədər Vətən torpağının qonşu bölgələrində, eyni təbii mühitdə, eyni adət-ənənəyə, ləhcəyə malik insanlar arasında yaşayıblar. On yaşlı Kamran Hüseynovun gördüyü ilk şəhər Naxçıvan olub. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçiləndə Kamran Hüseynov Moskvadan Vətənə dönüb, Nazirlər Sovetinin sədrinin müavini kimi bir ili tamam olmuşdu. Heydər Əliyev ona ehtiramla yanaşdı, inandı, vəzifəsində saxladı. Ulu öndər Moskvada siyasi büroya, SSRİ Nazirlər Soveti sədrinin birinci müavinliyinə aparılana qədər o, Heydər Əliyevin ən bacarıqlı kadrlarından biri kimi fəaliyyət göstərirdi. "Şohrət" ordeninə layiq görülən Kamran Hüseynov dövlət rəhbərinin apardığı islahatlara ürəklə qoşulur, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirirdi. Atam dönə-dönə bizə deyirdi ki, əgər 1982-ci ildə Heydər Əliyevi Azərbaycandan aparma saydılar, nə erməni təcavüzü, nə 20 Yanvar qətliamı, nə də torpaq larımızın işğalı baş verərdi. Heydər Əliyev xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıdanda da Kamran müəllimi unutmadı. Onu müdrik el ağsaqqalı gözündə gördü. Atamın həyatının son üç ili hörmətli Prezidentimiz İlham Əliyevin dövlət başçısı olduğu dövrə duşur. Şahidəm ki, ona dövlət səviyyəsində ehtiram ömrünün son gününə qədər davam etdi. Atam İlham Əliyevin prezidentliyinin elə ilk ilindən böyük uğurlara imza atdığını, ən əsası, işə cəsarətlə girişməsini görür və onunla fəxr edirdi. Mehriban xanımın məktəb tikintisinə kömək, uşaqların sağlamlığı, mədəniyyət sahəsindəki təşəbbüsləri də onu həyəcanlandırırdı, hər ikisi haqqında söz düşəndə deyirdi ki, yaxşı övladlar yalnız valideynlərinə deyil, bütün xalqa məxsusdur. Bütün bunları yazır və hər dəfə olduğu kimi Heydər Əliyevin böyük adı ürəyimi qurur və həyəcanla doldurur. Heydər Əliyev vətənimizin layiqli, işgüzar, istedadlı insanlarını qoruyur, onların xalqa xidmət etməsi üçün hər cür imkan yaradırdı. Ulu öndərin atama münasibəti baxın ən yaxşı örnəklərindən biridir. Heydər Əliyevin müəyyən etdiyi yol atamın, eyni zamanda, yüz minlərlə insanın təqdir etdiyi, ömür boyu sadiq qaldığı yoldur. Bizə, Kamran Hüseynovu tanıyıb ehtiram bəsləyənlər üçün çox xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti Ulu öndərin ənənəsini davam etdirərək Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Bir övlad kimi mən ömrünü xalq işi uğrunda mübarizəyə həsr etmiş bir insana belə yüksək dəyər verdiyi üçün hörmətli Prezidentimiz İlham Əliyevə ən dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda dövlət başçısının imzaladığı sərəncamdan irəli gələn bütün məsələləri yüksək səviyyədə təşkil etdiyinə və bu kitabın işıq üzü görməsinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kollektivinə, nazir Əbülfəs Qarayevə təşəkkür edirəm. Nəhayət, Kamran Hüseynova həsr olunmuş "İlin beşinci fəsli. Kamran" publisistik romanına, mən onu həyəcanla oxudum. Müəllif düzgün etiraf edir ki, Kamran Hüseynovun xatirələrindən ibarət iki kitabı - "Bir ömrun salnaməsi" və "Quruculuğa həsr olunmuş ömur" kitablarını elə mükəmməl işləyib ki, onların təkrar çapı görkəmli ictimai xadimin 100 illik yubileyinə ən layiqli töhfə ola bilərdi. Amma onun xatirələri o qədər cazibədar, faktlarla, həyat lövhələri ilə o qədər zəngindir ki, əlində qələm olan bir şəxs bu mövzunun yanından laqeyd ötüb keçə bilməz. Görünür, sevimli şairimiz Vaqif Bəhmənlini bu mövzuya yeni bir nəzərlə baxmağa məhz bu cəhət vadar etmişdir. Bəri başdan deyim ki, roman uğurlu alınıb. Mən orada layiqli Vətən oğluna məhəbbəti gördüm. Yenidən mənim üçün çox əziz olan bir insanın cazibəsinə düşdüm. Və bir daha qəlbən inandım ki, bu ad yalnız onun ailə üzvləri üçün deyil, bütün xalqımız üçün əzizdir. Çünki bu insan uzun bir ömürdə heç də asan olmayan, çox vaxt havası qarışıq, hətta bəzən sərhədləri bilinməyən dörd fəsildən keçərək yalnız ona məxsus olan beşinci fəsli yaradıb, Kamran fəslini...

 

Hicran HÜSEYNOVA

525-ci qəzet.- 2013.- 17 dekabr.- S.4.