Uzaqdan gələn adam

 

 

İnqilabla tanışlığımızın ilk günündə söhbətimizin mövzuları yolların məsafə göstəriciləri kimi tez-tez dəyişirdi: jurnalistika, ədəbiyyat, idman, müəllimlərimiz, şəhər həyatı... Sonra mən "tələbənin şifahi anketinin" ilk sualını xatırlayıb, soruşdum:

- Heç demədin axı, universitetə haradan gəlmisən, hansı rayondan...

Sualı tamamlamağa qoymadı. Gülümsəyib dedi:

- Uzaqdan gəlmişəm - arzularımın göyərib, körpə fidanlartək boy atdığı yerdən. Gələndə də onları ürəyimə, gözlərimə yığıb gətirmişəm ki, burada məni tək qoymasınlar, yollarıma işıq tutub, özləri də çinar-çinar ucalsınlar...

Onun arzularının göyərib, körpə fidanlartək boy atdığı o "uzaq" yer Bakının az qala "qulağının" dibindəki Ağsu rayonu olsa da, İnqilab həmin gündən yadımda uzaqdan gələn doğma adam kimi qaldı.

lll

İnqilab Babayev Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsinin jurnalistika şöbəsinə 1956-cı ildə daxil olmuşdu və bizdən bir kurs yuxarıda - sonralar Azərbaycan mətbuatında solmaz iz qoymuş, 1991-ci ildə ölkə prezidentinin mətbuat katibi vəzifəsində çalışarkən Dağlıq Qarabağda şəhid olmuş görkəmli publisist Osman Mirzəyevlə, hələ tələbə ikən dissident kimi həqiqət anının axtarışına çıxmış, bu qorxulu işin ağrı-acısını dadmış və ötən əsrin altmışıncı illərindən maraqlı hekayələr, roman və povestlər müəllifi kimi tanınmış yazıçı Sabir Azəri ilə bir qrupda oxuyurdu. Onlarla birlikdə burada jurnalist peşəsinin sirlərinə adları Azərbaycan teleradiosu və mətbuatının veteranları sırasında bu gün də hörmətlə çəkilən İsmayıl Əhmədov, Telman Qarayev, Nazim Novruzov, Sabir Yusifov, Arif Teymurov və başqaları yiyələnirdilər. Bu qrupda yaxından tanıdığım bir nəfər də vardı - Bariz Əsədov. Onun jurnalistlik istedadı çox tez parladı və uzun illər keçmiş "Kommunist" qəzetinin, sonralar isə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərinin səhifələrinə gur işıq saçdı...

İndini bilmirəm, amma bizim vaxtımızda ali məktəblərin yuxarı kurslarında oxuyanlar aşağı kursların tələbələrinə yuxarıdan baxmırdılar. Bununla belə, birinci  ikinci kursların tələbələri bir-birlərinə sanki bir köynək yaxın idilər. İkinci kurs tələbələri universitet həyatının ilk ilində topladıqları təcrübəni bizimlə bölüşür, bu zaman öz səhvlərini də gizlətmir, məsləhət və tövsiyələrini bizdən əsirgəmirdilər. Bu cəhətdən İnqilabın əvəzi yox idi. Onunla söhbətim bir də ona görə tuturdu ki, hər ikimiz universitetin idman klubunun ağır atletika bölməsində məşğul olurduq. Bizi ilk dəfə respublikadan kənara çıxarıb, uzaq səfərə aparan da elə idman oldu. Daşkənddə Orta Asiya, Qazaxıstan, Ukrayna  və Azərbaycan ali məktəbləri idmançı tələbələrinin yarışında iştirak etdik, Özbəkistan paytaxtının görməli yerlərində, qədim Səmərqənddə olduq, Əmir Teymur məqbərəsini ziyarət etdik və Bakıya zəngin təəssüratla qayıtdıq...

On günlük səfərin gedişində mən İnqilabın çölçülüyünü də gördüm. Bu, çətinliklərə dözən, gözlənilməz hadisələr içində özünü itirməyən və bu zaman başqalarının hayına qalan bir gəncin çölçülüyü idi. Həyatın özü onu belə böyütmüşdü. Böyük qardaşı Saninin "qara kağızı" - ölüm xəbəri 1942-ci ildə Stalinqraddan gəlmişdi. O kağıza inanmadılar, dözüb gözlədilər. Dörd ildən sonra Saninin davadan sağ qayıtması əsl möcüzə oldu. Atası Cəbi kişi, anası Fərrukə xanım, üç bacısı və üç qardaşı kimi İnqilab da həmin günün sevincini sonralar dönə-dönə yaşadı. Lakin onun üçün bu, son dözüm dərsi olmadı. Bir tikə əppəyini göyə çəkildiyi müharibə illərinin məhrumiyyətlər "bağından" o,  yüksək mənəvi dəyərlər dərdi, ümidə, inama, haqqa tapındı. Jurnalistikaya da onu elə bu dəyərlər gətirmişdi.

Bir dəfə mübahisəmiz düşdü: nə üçün Bakıda azərbaycanlıların demək olar ki, ucdantutma hamısı rus dilində sərbəst danışır və yazır, ruslar isə Azərbaycan dilini bilmirlər və bu dili öyrənməyə heç maraq da göstərmirlər. Hətta səkkiz-doqquz azərbaycanlının arasında bircə rus olanda belə, hamı rus dilində danışır ki, o şəxs inciməsin. Halbuki inciməyə qalsa, gərək hamıdan qabaq biz inciyək...

Mübahisəmiz uzandı. Hərə bir söz dedi. İnqilab öz fikrini hamıya qulaq asandan sonra bildirdi:

- Gözünü dünyaya açandan aramızda yaşayan hər hansı bir xalqın nümayəndəsi dilimizi bilmir və onu öyrənmirsə, bunun günahını ilk növbədə özümüzdə görməliyik. Rus məktəblərində Azərbaycan dilinin necə tədris edilməsindən xəbəriniz varmı? Bildiyimə görə, müəllimlər həmin məktəblərdə dilimizi sevə-sevə deyil, formal şəkildə - həvəssiz, könülsüz tədris edir, ona maraq oyatmırlar. İşə yaradıcı münasibət bəsləməyəndə axırı belə qurtarır ki, rus məktəblərini bitirən qeyri-azərbaycanlılar bizim dildə heç beş-altı kəlmə də bilmirlər. Bax buna görə də rus məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrinin rus şöbələrində Azərbaycan dilinin tədrisini kökündən dəyişmək, bu işə dilimizi qəlbən sevən istedadlı müəllimləri cəlb etmək lazımdır.

Çox sonralar mən İnqilabın pedaqoji fəaliyyətlə məşğul olmağa, Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası), bu ali təhsil ocağının hazırlıq şöbəsində dilimizi tədris etməyə başladığını özündən eşidəndə, onun neçə il qabaq aramızdakı diskussiyanın gedişində dediklərini yenidən xatırladım və düşündüm ki, həqiqətən də "niyyətin hara, mənzilin ora!"

Amma jurnalistika şöbəsinin digər məzunları kimi, o da universitet auditoriyasından həyata sevdiyi peşənin "əlindən" tutub gəlmişdi. Əmək fəaliyyətinə keçmiş tədris-pedaqoji nəşriyyatında lap aşağıdan - "oxucu"luqdan başlasa da, burada çox qalmadı, üç aydan sonra Neft və Kimya İnstitutunda işə dəvət olundu, institutun hazırlıq şöbəsinin böyük laborantı təyin edildi. Bu ali təhsil ocağının əməkdaşı kimi onun gözləri önündə böyük pedaqoji karyera yolu açılırdı. İnqilabın biliyi, dünyagörüşü, işgüzarlığı və analitik bacarığı bu yolda onun uğurla irəliləyəcəyini vəd edirdi. Bir müddətdən sonra o, Azərbaycan və rus dilləri kafedrasının müəllimi təyin olundu və həyatında maraqlı günlər başlandı. Mühazirələr oxumaqla yanaşı o, həmin vaxtadək Neft və Kimya İnstitutunda Azərbaycan dilinin tədrisi təcrübəsini öyrənib ümumiləşdirir, tədrisin təkmilləşdirilməsi məqsədilə təkliflər, ideyalar verirdi. Burada onu düşündürən əsas məsələlərdən biri Azərbaycan dilinin humanitar və texniki ali təhsil ocaqlarında tədrisi arasındakı fərq və bunun üsulları idi. Bu sahədə İ.Babayevin fikirləri sonralar Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikasına, hazırlıq şöbələrinin dinləyiciləri ilə işin təşkilinə həsr olunmuş elmi məqalələrində öz əksini tapdı.

Lakin jurnalistikanın sehrindən də qurtulmaq mümkün deyildi. 1966-cı ildə Neft və Kimya İnstitutunda Azərbaycan və rus dillərində çıxan çoxtirajlı "Neft kadrları uğrunda" qəzetinin redaktoru təyin olunmasını o, tale yazısı kimi qəbul etdi. İndi ona jurnalistika ilə ara-sıra deyil, müntəzəm məşğul olmaq imkanı verilmişdi.

İnqilab Babayev "Neft kadrları uğrunda" qəzetinin redaksiyasına altı il rəhbərlik etdi, bu qəzeti respublikanın çoxtirajlı sahə nəşrləri arasında qabaqcıl mövqelərə çıxardı, onu institutun təlim-tərbiyə işinin, elmi və ictimai həyatının əsl aynasına çevirdi.

Praktiki jurnalistikanın cazibədarlığı qəzet redaktorunun elmi araşdırmalara da marağını artırırdı. 1969-cu ildə o, "Nəriman Nərimanovun publisistikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Amma onu bundan da çox Bakıda N.Nərimanovun möhtəşəm abidəsinin ucaldılması sevindirirdi.

Gənc alim indi iş yerini dəyişib, bir vaxtlar təhsil aldığı universitetdə gələcək jurnalistlərin hazırlanması prosesinə qoşula bilərdi. Lakin Neft və Kimya İnstitutunun rəhbərliyi başqa fikirdə idi: "Neft kadrları uğrunda"  artıq çoxtirajlı qəzetlər arasında layiqli yerini tutub, buna görə də redaktordan onun əvvəlki iş yerində istifadə olunmalıdır.

İnqilab Babayev Azərbaycan və rus dilləri kafedrasının baş müəllimi təyin edildi. Sonra həmin kafedranın müdiri, dosent, yenidən baş müəllim... 1980-ci il noyabrın 19-da M.Y.Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin partiya-sovet mətbuatının tarixi kafedrasının iclasında filologiya elmləri namizədi, dosent İnqilab Babayevin "Azərbaycan publisistikası: novatorluq və ənənələr" mövzusunda doktorluq dissertasiyasının planı müzakirə olunub, təsdiq edildi.

İnqilab dissertasiya üzərində işə böyük həvəslə girişdi. ADU-nun "Elmi əsərləri"ndə, "Kommunist Azerbaydjana", "Müxbir" jurnallarında və digər nəşrlərdə bir-birinin ardınca Nəriman Nərimanovun, 1882-1907-ci illərdə yaşamış Seyid Musəvinin publisistikasına dair yazıları, "Bədii publisistikanın nəzəri problemləri", "Publisistikamızda fəhlə həyatı və obrazı", "Publisistika ilə siyasətin qarşılıqlı əlaqəsi", "Publisistik sözün qüdrəti" kimi elmi məqalələri işıq üzü gördü.

Təəssüf ki, tədqiqatçı jurnalistin doktorluq dissertasiyası müxtəlif səbəblər üzündən tamamlanmamış qaldı. Lakin onun həm Azərbaycan dilinin tədrisi və təbliği, həm də Azərbaycan publisistikası xüsusiyyətlərinin araşdırılması sahəsindəki xidmətləri o dissertasiyasız da tutumlu və əhəmiyyətlidir.

İnqilab Babayev ona üz tutanları, ondan kömək umanları qabaqlayan adam idi. Köməyini insanlara özü təklif edirdi. Gücü heç nəyə çatmayanda isə ümidi sözə qalırdı - Jurnalist və Müəllim sözünə. Allah ona indi gündüzlər çıraqla axtarılan bir istedad da - başqalarını dinləmək və ovundurmaq, dostların səmimiliyindən zövq almaq istedadı da vermişdi. İnqilabı həmkarlarının və dostlarının qəlbində yaşadan da bu istedadla bağlı xatirələrdir.

Son görüşlərimizin birində tələbəlik illərimizi xatırladı.

- İsmayılgildə (İnqilabın qrup yoldaşı - Ə.A.) qaldığımız günlər yadındadırmı? Bariz, sən, mən...

Cavab verdim ki, "O günləri heç unutmaq olar?! İsmayılın anası Fatma xala, atası Həmid əmi onunla bizim aramızda fərq qoymurdular".

Üzünə işıq yayıldı İnqilabın. Dedi:

- Yadımdadır ki, Cümhuriyyət ordusunun əsgəri və sovet dövrünün Lenin ordenli sabiq parovoz maşinisti Həmid əmi hərdən həyətdə qəddini düzəldib, sanki rəsmi - keçiddəki kimi addımlayır, hərbi mahnılar oxuyurdu. Sonra da deyirdi: "Cümhuriyyət əsgəri olmağımla həmişə fəxr etmişəm". Bu sözləri eşidəndə mənim də ürəyimdən keçirdi ki, kaş, biz də müstəqillik sevincini duyaq. Müstəqil respublikamıza qələmimizlə xidmət edək. Nə gözəl ki, bu, bizə qismət oldu...

lll

Bir vaxtlar arzularını ürəyinə, gözlərinə yığıb, "uzaqdan" gələn təmkinli və dözümlü oğlan illəri yola sala-sala özünün jurnalist və alim ömrünü ləyaqətlə yaşadı.

Arzularını yarpaq-yarpaq, budaq-budaq göyərtdi, övladlarının, nəvələrinin və qələm dostlarının qəlbində ilıq və kövrək xatirələrə döndü...

 

 Ələkbər ABBASOV ŞƏHRİLİ,

Əməkdar jurnalist

525-ci qəzet.- 2013.- 18 dekabr.- S.8.