Fransız kvarteti Bakıda konsert verib

 

 

Azərbaycanda Fransız İnstitutunun təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Arpeggione" kvartetinin konserti olub. Konsertdə kvartet haqqında məlumat verilib: "Arpeggione" kvarteti 2013-cü ildə yaranmasının 25 illiyini qeyd edir. 1988-ci ildə yaradılmış kvartetin adı Franz Şubertin şərəfinə seçilib. 1989-cu ildə Evyan Beynəlxalq müsabiqəsinin laureatı olan kvartet həmin il Menuhin Fonduna daxil edilib.Yehudi Menuhin 1996-cı ildə Parisdə, Yelisey sarayında 80 yaşını qeyd etmək üçün məhz onları seçib.

Gidon Kremer tərəfindən Lockenhaus festivalına dəvət olunan kvartet, sonradan bütün Avropada, ABŞ-da, Cənubi Amerikada, Suriyada, Livanda digər ölkələrdə müqavilələrə imza atıb". F.Y.Haydn, V.A.Mosart, L.V.Bethoven, F.Şubert, R.Şumann kimi klassik bəstəkarların əsərlərindən əlavə, "Arpeggione" kvarteti bir çox orijinal təcrübələrə həvəs göstərir.

2006-cı ildən 2 gürcü sənətçinin kvartetə qatılması ilə "Arpeggione" öz repertuarına S.Tsintsadze, G.Kantcheli M.Odzeli kimi gürcü bəstəkarlarının da əsərlərini daxil edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən konsertin proqramında kvartetin repertuarında olan musiqilər səsləndirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 18 dekabr.- S.7.