İtmiş səhifələri yenidən
yazan Elçin və onun Türkiyə türkcəsində nəşr
olunmuş əsərləri
"Kardeş kalemlər" Elçin
haqqında
Böyük yazıçı
Elçinin 70 illiyinə
Avrasiya
Yazarlar Birliyinin nüfuzlu "Kardeş kalemlər"
adlı ədəbiyyat jurnalı Xalq Yazıçısı
Elçinin həyat və yaradıcılığı,
xüsusi ilə Türkiyə türkcəsinə
çevrilmiş əsərləri haqqında iri həcmli məqalə
dərc edib. Müəllif Balıkəsir Universitetinin dosenti Səlim
Çonoğlu Xalq yazıçısı Elçinin 70 illik
yubileyinə həsr etdiyi məqalədə
onun Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərindən, hekayə,
povest, roman və pyeslərinin mövzusundan, ideya-istiqamətindən,
aktuallığı və sənətkarlıq məziyyətlərindən
bəhs edir, Elçinin Türkiyədə nəşr
olunmuş əsərlərinin qısa məzmunundan söz
açır və bədii nümunələri təhlil edir,
dəyərləndirir. Maraqlı və diqqətçəkicidir
ki, tədqiqatçı Elçinşünaslığın
yalnız Türkiyə materiallarına, mənbələrinə
istinad edir, mülahizə və mühakimələrində həmin
məxəzlərlə əsaslanır. Bu cür
materiallar isə kifayət qədərdir: Elçinin hekayə,
povest və romanlarından elmi-tədqiqat əsərləri,
dissertasiyalar yazılmış, Türkiyə səhnələrində
böyük uğurla oynanılmış dram əsərlərinə
dair sanballı resenziyalar qələmə
alınmışdır. Bu baxımdan tanınmış tədqiqatçılardan
Ege Universitetinin professoru dr. Əli Yavuz Akpinar, Balıkesir
Universitetinin professoru dr. Əli Duymaz, Atatürk Universitetinin
dosenti dr. Sedat Adıgözəl, Kocaeli Universitetinin professoru
dr. Kaya Güvən kimi müəlliflərin
araşdırmaları mühüm əhəmiyyət kəsb
edir.
Yeri gəlmişkən, müəllifin nəzərindən
qaçmış kiçik bir məqama da toxunmaq
lazımdır. O, Sovet dövründə Azərbaycan-Türkiyə ədəbi-mədəni
əlaqələrinin
1990-cı illərdən başladığını
yazır, halbuki hələ 1979-cu ildə Elçin məşhur
"Yaxın, uzaq Türkiyə" adlı əsərini qələmə
alıb. Bununla yanaşı, məqalənin
maraqlı qarşılanacağını nəzərə
alıb onu ixtisarla oxucuların diqqətinə təqdim edirik.
Müasir
Azərbaycan ədəbiyyatının yaşayan ən
böyük ustalarından biri Elçin 1943-cü il may ayının 13-də Bakıda anadan
olmuşdur. Ədəbi mühitin əhatəsində böyüyən
Elçinin
atası şöhrətli nasir, dramaturq, Xalq
yazıçısı İlyas Əfəndiyevdir. Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsində təhsil
alan Elçin bir müddət AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunda, sonralar
Yazıçılar Birliyində və Xaricdə Yaşayan Həmvətənlərlə
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətində
- "Vətən" Cəmiyyətində
çalışmışdır. 1993-cü ildən
Azərbaycan hökumətində Baş nazirin müavini vəzifəsində
işləyir.
"Azərbaycanın bədii nəsri ədəbi tənqiddə"
adlı namizədlik və "Ədəbiyyatda tarix və
müasirlik problemi" mövzusunda doktorluq
dissertasiyalarını müdafiə etmişdir.
Ədəbi fəaliyyətə 1959-cu ildə hekayə
ilə başlayan Elçinin 1966-cı ildə ilk hekayələr
kitabı "Min gecədən biri" nəşr olunur. 1975-ci ildə
"Baladadaşın ilk məhəbbəti" adlı kitabı
ruscaya tərcümə edilir. 1977-ci ildə
"Talvar" əsəri "İlin ən yaxşı
hekayəsi" adına layiq
görülür. 1982-ci ildə ədəbi
uğurlarına görə Sovet İttifaqının Lenin
Komsomolu mükafatını alır. Elə həmin il "Baladadaşın toy hamamı"
adlı hekayəsi Sovet İttifaqı Yazıçılar
Birliyinin "Ən yaxşı hekayə"si adına layiq
görülür. 1983-cü ildə "Mahmud və
Məryəm", 1985-ci ildə "Ağ dəvə"
romanları işıq üzü görür. 1989-cu ildə isə sovet sisteminin qəddarlığını
əks etdirən "Ölüm hökmü" romanı nəşr
olunur.
Hekayə,
povest və romanları ilə
Azərbaycan ədəbiyyatında sözün tam mənasında
yeni yol açan, ona ziyalılıq gətirən, ocaq olan
Elçinin əsərləri ingilis, fransız, ispan, ərəb,
fars, macar, alman, çex, slovak, bolqar, rus və digər dillərə
tərcümə edilmiş,
Türkiyə türkcəsinə də uyğunlaşdırılmışdır.
Elçinin başlıca kitabları bunlardır: "Min gecədən
biri" (hekayələr), "Açıq pəncərə"
(povest), "SOS" (povest), "Gümüşü,
narıncı, məxməri" (hekayələr), "Bu
dünyadan qatarlar gedər" (hekayələr), "Bir
görüşün tarixçəsi" (hekayələr və
povestlər), "Tənqid və ədəbiyyatımızın
problemləri" (tədqiqat və tənqid),
"Bülbülün nağılı" (hekayələr
və povestlər), "Mahmud və Məryəm" (roman),
"Beş dəqiqə və ədəbiyyat" (hekayə
və povestlər), "Ağ dəvə" (roman),
"Ölüm hökmü" (roman). Bu əsərlərdən
başqa Elçinin çoxşaxəli ədəbi fəaliyyətinə
dəlalət edən teatr əsərləri, tərcümələri,
ssenariləri, tənqidi əsərləri də var...
XX əsrin 60-cı illərindən etibarən sovet
yazıçıları rejimin qadağalarından xilas
olmağa və bir qədər sərbəst hərəkət
etməyə başladılar. Beləliklə, ədəbiyyatın
inkişafında yeni mərhələyə qədəm
qoyuldu.
Tanınmış
ədəbiyyatşünas alim Əli Yavuz Akpinar 1994-cü ildə
İstanbulda nəşr olunan "Azərbaycan ədəbiyyatı
araşdırmaları" kitabında yazırdı:
"1960-cı illər Azərbaycan ədəbiyyatında yeni
bir dövrün başlanğıcıdır. Çağdaş
Azərbaycan həyatı və ya çağdaş insan bədii
ədəbiyyata gətirilmiş, ideoloji
asılılıqlardan nisbətən uzaq, fərqli
üsullarla realist əsərlər meydana
çıxmışdır". Bu dövrdə Azərbaycan
ədəbiyyatında Elçin, Anar, Yusif Səmədoğlu,
Mövlud Süleymanlı kimi yeni ədəbi nəsil
formalaşmışdır. Artıq ədəbiyyatda
real insanı, onu ruhi durumu, iç dünyası ilə təqdim
və təsvir etmək kimi məsələlər ön plana
keçmişdir.
Bu, bir
yandan da insanı anlamaq, anlatmaq, ədəbiyyatı
ideologiyanın hökmranlığından qurtarmaq, ədəbiyyata
itirdiyi canlılığı yenidən qaytarmaq, ədəbiyyat vasitəsi ilə
keçmişi və bu günü birləşdirmək məqsədi
də daşıyır. Bu ədəbi nəslin
xidməti insanı ön plana çıxararaq ədəbiyyatı
ideologiyanın çərçivəsindən xilas etmələrində,
fərdin özünə, öz insanına və öz
xalqına dönməsi, öz mənliyinə qayıtması
üçün ədəbiyyatı yenidən
qurmalarındadır. Bir sözlə, 60-cılar, sovet sisteminin ədəbiyyatdan
çıxardığı "insan"ı, başqa
sözlə, "insanın iç dünyasını"
yenidən ədəbiyyatın gündəminə
daşıyan bir ədəbi nəsildir.
Azərbaycan ədəbiyyatında "60-cılar"
adı ilə tanınan ədəbi nəslin güclü qələmlərindən
və ən ürəkdən yazarlarından biri də
Elçindir.
Yaşadığı və yaratdığı dövrün
özünəməxsus ictimai, siyasi və iqtisadi mühitində,
o dönəm insanının iç dünyasını və
ruh halını roman, hekayə, teatr əsərlərində
böyük bir uğurla işləyən, 60-cı illərdən
sonra formalaşan yeni nəsrin öndə gələn
yazarlardan biri olan Elçin, əsərlərinin böyük
bir qismini sovet ideologiyasının zirvədə olduğu bir
dönəmdə yazsa da, sistemə əsir olmaq yerinə Azərbaycan
ədəbiyyatına xidmət etməyi üstün tutmuş
və əsərlərini də bu niyyətlə qələmə
almışdır.
Elçinin roman və hekayələrində xalq həyatı,
mədəniyyəti parlaq şəkildə öz əksini
tapmış və təzahür etmişdir. Azərbaycan
türklərinin mədəniyyətinin və Sovet
dövründə milli-mənəvi irsin
qarşılaşdığı problemlərin ön planda
verilməsi, tarixi dəyərlərin itib-batmaması, dünənlə
bu gün arasında qırılmaz tellərlə əlaqə
yaradılması Elçin
yaradıcılığının başlıca məziyyətlərindəndir.
Sovetlər Birliyindən əvvəl şifahi və
yazılı mədəni yollarla davamlı bir əlaqədə
olan Türk dünyası, Sovet rejimi dövründə bu əlaqələrdən
tamamilə məhrum edilmişdir. Lakin uzun müddət
kəsilmiş ədəbi və mədəni əlaqələr
Sovetlər Birliyinin çökməsi ilə yenidən təkrar
bərpa olunmuşdur. Türk şivələrindəki
əsərlər yenidən Türkiyə türkcəsinə
uyğunlaşdırılaraq çap olunmağa
başlamışdır. 1990-cı illərə
qədər Türkiyə-Azərbaycan ədəbi-mədəni
əlaqələri demək olar ki, yox səviyyəsində
idi, mövcud olmamışdır. Lakin həmin
vaxtdan bu sahədə əlaqələr yaranmağa, möhkəmlənməyə,
Azərbaycan ədiblərinin əsərlərinin Türkiyədə
nəşrinə başlanılmışdır.
Bu baxımdan Elçinin yaradıcılığı
Türkiyədə daha böyük maraq doğurmuşdur. Təsadüfi deyil ki, az
vaxt ərzində Elçinin "Mahmud və Məryəm",
"Şuşa dağlarını duman
bürüdü", "Ağ dəvə",
"Ölüm hökmü" kimi əsərləri
Türkiyə türkcəsində nəşr olunmuşdur. Bu əsərlər bir tərəfdən
çağdaş Türk dünyası ədəbiyyatının
bizim keçmiş və bugünkü ədəbiyyatımızı
özündə ehtiva edən böyük bir ortaq miras
olduğunu, digər tərəfdən də Azərbaycan
türk ədəbiyyatının ədəbi və mədəni
baxımından böyük bir zənginliyə və dərinliyə
sahib olduğunu göstərməkdədir. Yeri gəlmişkən,
qeyd edilməlidir ki, yuxarıda deyilən ortaqlıq, zənginlik
və dərinlik mənasında adları fərqli olsa da, eyni
kökdən doğulan və eyni qaynaqdan bəslənən,
lakin dünyanın müxtəlif yerlərində yaşayan
türk xalqlarının ədəbi xəzinəsinə nəzər
saldıqda, bu gün belə bir ortaqlığın izləri
aydın görülməkdədir. Əgər
türk dünyası ədəbiyyatlarının ortaq təməllərindən
bəhs edəcəyiksə, o zaman prof.dr. Əli
Duymazın təbirincə desək, ortaq və bütöv bir
türk ədəbiyyatı anlayışı siyasi və
coğrafi sərhədləri aşaraq mədəni sərhədlər
içində birləşə bilər. Bunun
yolu da Elçin kimi ədəbi təcrübələrin
öyrənilməsindən keçir.
60-cı illər Azərbaycan nəsrinin, əgər belə
demək mümkündürsə, çiçəkləndiyi
açdığı zamandır. Stalinin ölümündən sonra
yazıçıların əvvəlki dövrlərə
nisbətən daha sərbəst davranma imkanına
qovuşmaları Elçin, Anar, Yusif Səmədoğlu,
Əkrəm Əylisli, Sabir Azəri, Mövlud
Süleymanlı kimi yeni nəsil yazarlarının sayəsində
Azərbaycanda milli şüur, özünə
qayıdış, itirilən insanı yenidən kəşf
etmə və azadlıq kimi önəmli düşüncələrin
oyanmasında böyük təsiri olmuşdur. Açığını
desək, bir millətin keçmişindəki inkişafı
dərk etməsi və onlara yenidən sahib çıxaraq
ucalması da buna bağlıdır.
Elçinin 60-cılar nəsli sırasındakı yeri
və rolunu dəyərləndirən dos.dr. Sədat
Adıgözəl "Elçinin romanları" adlı
doktorluq dissertasiyasında Elçini xüsusi ilə
azadlıq mövzusunda yazan ən güclü
yazıçılardan biri hesab edir və 60-cı illəri Azərbaycan
ədəbiyyatında bir mərhələ kimi qiymətləndirir.
Elçin nəsrinə nəzər saldıqda
sovet rejiminin bütün məngənələrinə rəğmən,
öz oxucusuna azadlıq ideallarının məharətlə
çatdırıldığı aydın olur.
"Ağ dəvə" romanı II Dünya
müharibəsi illərində Bakıda ənənəvi həyatın
bütün canlılığı ilə yaşandığı
bir məhəllədə baş verən dramatik olayların
kiçik bir uşaq olan Ələkbərin
dünyagörüşü ilə nəql edilən önəmli
bir romandır.
Romanın əhəmiyyəti sadəcə
tarixi və siyasi keçmişi yaşatmasında deyil, ənənəvi
həyata aid bir çox məlumatları da özündə əks
etdirməsindədir. Xalq arasında hələ
canlılığını qoruyan nağıllar, əfsanələr,
rəvayətlər romanın zəngin və
sanballılığını təmin etmişdir.
"Ağ dəvə" romanında ana məkan önəmli
bir həyat meydanı olan məhəllədir. Mədəniyyəti
yaradan, daşıyan və davam etdirən insanlar bu məhəllədə
yaşayırlar. Bu mənada məhəllə,
yazıçının keçmişlə əlaqə
yaradarkən yararlandığı, burada yaşayanların
keçmişini, mədəniyyətini və tarix içərisində
varlığını təmsil edən bir yaddaş məkanıdır.
Elçin bu məkan içərisində
yaşanan insani münasibətlərlə ortaya qoyduğu
ortaq dəyərlər vasitəsi ilə, millətinə aid
yaradıcı gücü və ata-babalarının səsini
bu günə çatdırmışdır. Məhəllənin bu ənənəvi mühiti və
bütünlüyü tam şəkildə ifadə edən
bir amil olması kollektiv şüura da təsir göstərmişdir.
Bu şüur elə güclüdür ki, məhəllənin
yaşlı adamlarından Əliabbas kişinin uşaqları
onu yanlarına almaq istədikdə "Məni öldürməkmi
istəyirsiniz, məhəlləsiz bir gün yaşayammaram mən"
- deyir.
Şəhərin içindəki məhəllə kənddən
qoparılmış, mədəniyyəti və dini həyatı
bütün varlığı ilə yaşadan bir məkandır. Elçin
tarixi irsdən istifadə etməklə, eyni zamanda
qarşı olduğu düşüncələri, yad
ünsürləri tənqid edir, milli dəyərləri
önə çəkir. Elçin milli dəyərlərə
istinad edərək, "Dədə Qorqud"a,
"Koroğlu"ya, Sabirə, nağıllara, xalq
inanclarına əsaslanaraq, cəmiyyətin yenidən tərəqqi
yoluna çıxma arzusunu ifadə edir. Dünya
şöhrətli mifologiya tədqiqatçısı
Mirça Eliade miflərin, əfsanələrin,
dastanların, şəxsiyyətlərin tarixdəki yerini,
rolunu mənəvi qida mənbəyi kimi qəbul edir. Elçin də, Azərbaycan milli-mədəni ənənələrindəki
dəyərlərdən bəhrələnərək, çətin
sınaqlar zamanı problemlərdən xilas yollarını
göstərməyə çalışır.
Əsərdə Elçin müharibəni insanı və
insana aid bütün dəyərləri məhv edən
şeytani əməl kimi təsvir edir. Çünki
müharibə başlayan kimi bütün məhəllə
boşalır, məhəllə yetimləşir. Gənclər cəbhəyə gedir və geri
qayıtmır. Bu yalnızlıq və yetimlik romanda
Əliabbas kişi və Ziba xalanın evlərinin
qapısına vurulan böyük qara qıfılla ifadə
edilmişdir. Üstəlik bu kilidlər sadəcə
iki evə yox, bütün məhəlləyə vurulmuş
kimidir. Müharibə başlayandan sonra tək Əliəkbərin
yox, bütün məhəllənin həyatı iki dövrə
bölünür: müharibədən əvvəl və
sonrakı dövr. "Müharibə
başladıqdan sonra elə bil ki, dünyanın bütün
toyları əbədi bir uzaqlıqda, keçmişdə
qalmışdı. Bütün məhəlləmizdə
evlərin qapısı ağzında təziyə
çadırları qurulduğu bir vaxtda birisinin evlənmək
istəməsi, elçi getməsi insanı təəccübləndirirdi,
üşüdürdü" (Elçin. "Ağ dəvə", 1999, səh.172). Elçin müharibənin insanlar üzərindəki
təsirini, məhəllədə kişilərin
qalmamasını, yoxsulluq və səfaləti olduqca
inandırıcı bir şəkildə və ürpədici
bir üslubda təqdim edir.
Yalnızlığın, kimsəsizliyin, yetimliyin, öz
torpağında qəribçiliyin, ölümün
insanları üşütdüyü bir romanda Ağ dəvə
ölümün simvoludur. Yarı
ağıllı, yarı dəli Balakərim Əliəkbərə
və dostlarına Ağ dəvə və belindəki
yolçu haqqında danışır. Yolçu
əlbəttə, insandır və onun taleyi minlərcə
illərdir ki, dəyişməmişdir. Doğumla
başlayan həyat ölümə doğrusu axmaqdadır.
Ağ dəvə insanı axdığı yerə
- son mənzilə daşıyan həyatdır. Əliəkbər məhəllədəki heç
bir insanın qapısı ağzında Ağ dəvənin
yatmasını arzulamır, lakin bu Ağ dəvə
(ölüm) hamının qapısını bir-bir döyəcəkdir.
Bu məhəllə bir tərəfdən ənənələri
davam etdirməyə, digər tərəfdən də yeni
sovet həyat tərzinə alışmağa
çalışır, köhnə ilə yeninin mübarizəsi
davam edir. Lakin sistemin yaratdığı bürokratikləşmə,
savaş, şəhərləşmə, əşyalaşma,
həyatın tədriclə puldan asılılığı,
bərbəzəkli gerçəkliyin yavan gerçəklik
qarşısında məğlubiyyətini qaçılmaz
edir.
"Mahmud və Məryəm" romanı Kərəm
ilə Əsli hekayəsinin Azərbaycan variantından
yararlanılaraq ərsəyə gəlmiş bir eşq əsəridir. Romanı
araşdıran Duymazın ifadəsi ilə, bu qəbildən
olan əsərlər üçün romanlaşan dastan, ya da
dastanlaşan roman ifadəsini istifadə etmək doğrudur.
Dastanda Osmanlı Sultanı Yavuz Səlim və Səfəvi
türkmən xanı Şah İsmayılın
döyüşü tarixi bir zəmində qələmə
alınmışdır (Duymazın adı çəkilən
əsəri).
Güvən Kayaya görə, xalq dəyərlərinə
əsaslanaraq, yeni əsərlərin yaradılması ənənəsi
sənətdə çağdaş gerçəklik
anlayışının mühüm ünsürlərindən
biridir. Türk ədəbiyyatında da bir çox
yazıçı və şairlərin əsərlərinin
xalq motivləri əsasında yazıldığı məlumdur
(Kaya Güvən. Yuqoslaviyada türk xalq ədəbiyyatı.
İstanbul, 1993). Zəngin bir yazılı
xəzinəyə sahib olan Azərbaycan ədəbiyyatının
da bu xəzinədən nəsibini almaması, əlbəttə,
düşünülə bilməz . İnsanlığın durmadan davam edən həyatı,
daim gələcəyə istiqamətlənsə də, yeni nəsillərin
həyat qaynağının və mirasının
keçmişin təcrübəsinə əsaslandığı
inkarolunmaz bir həqiqətdir. Bu mirasa sahib
çıxmaq da çətindir. Ədəbi
sahədə bu dəyərlərin, ənənə və
milli mirasın qorunub saxlanılması və gələcək
nəsillərə ötürülməsi mühüm əhəmiyyət
kəsb edir. Bunu da vurğulamaq yerinə
düşər ki, "Manas" dastanı
qırğızların milli hafizəsinin məhsulu kimi
Çingiz Aytmatovun əsərlərinin təməlini təşkil
edən mədəni miraslardan biri, hətta ən
mühümüdür. Eləcə də,
"Dədə Qorqud", "Əsli və Kərəm"
Azərbaycanın milli hafizəsinin və yazarlarının əsərlərinin
təməlini təşkil edən mühüm bir
mirasdır. "Hər xalq öz mədəniyyətini,
öz dilini, folklorunu istifadə etməklə böyük
olur" ifadəsi bu düşüncənin məhsuludur.
"Mahmud və Məryəm" romanındakı hadisələr
XVI əsrin əvvəllərində və sonlarında cərəyan
edir. Bu dövr Şah İsmayılın və Yavuz Sultan
Səlimin zamana damğasını vurduğu bir vaxtdır.
Azərbaycanda xanlıqlar dövrüdür.
Yazıçı bu iki gücün mücadiləsinin nələrə
səbəb ola biləcəyini bir eşq
hekayəsi vasitəsi ilə anladır. Mahmudun
atası Ziyad xan, Qarabağ xanlığını əldə
saxlamaq üçün çox qanlar tökür. Anası Qəmər Banu da günahlar işləmişdir.
Bu günahlardan sonra oğlu Mahmudun xoşbəxt
olmaq şansı yoxdur. Bütün
hökmranlıq səylərinə qarşı olan Mahmud
heç bir zaman nə anası, nə də atası kimi
asıb-kəsən olmayacaqdır. Ürəyi
şüşə kimidir. Bu
şüşə kimi ürək bir gün keşiş
qızı Məryəmə vurulur. Lakin
bu sevdanın sonu yoxdur. Məryəm
xristian, Mahmud müsəlmandır. Məryəm
sevsə də, atası buna razı olmaz. Məryəmin
Mahmud sevdası bütün dünyanın
alovlanmasıdır. Keşiş ata onu
dünyaya bağlayan dininə xəyanət edə bilməz.
Odur ki, keşiş boğçasını
yığıb Məryəmlə birlikdə Gəncəni tərk
edir. Bundan sonrakı macəra hər şeyi atıb
eşqinin izinə
düşən Mahmudun hekayəsidir. Keşişlə Məryəm qaçır, Mahmud
qovur. Ən sonda Ərzurum hakimi Süleyman
Paşanın yardımı ilə bir araya gəlirlər.
Lakin keşişin qızına geydirdiyi paltar bu sevdaya son
qoyur: toy libası onun bədənindən çıxmır. Ona görə də Mahmudun sinəsindən bir ah
qopur, alova çevrilir və əvvəl Mahmudu, sonra Məryəmi
bir ovuc külə döndərir.
Roman heç bir ənənənin, dünyaya aid heç bir bağlantının, nemətin sevgiyə qarşı çıxmaq qüdrətində olmadığı fikri üzərində qurulmuşdur. Öz ürəklərini birləşdirərək, hətta din əngəlinə qarşı tək ürəklə çıxan Mahmud və Məryəmin nəcib davranışı bütün kainatı yenidən tənzimləyəcək gücdədir. Tədqiqatçı alim Ramazan Qorxmazın təbirincə, zaman və məkan fövqündəki ruhun azad qeybi olan eşq insanı zəncirlərdən qoparır və ölməzliyə qovuşdurur.
Elçin eşqdən bəhs edərkən də milliyyətçilik, türklərin birliyi, turançılıq, din-məzhəb, tarixdəki dövlət idarəçiliyi kimi məsələlərə də geniş yer ayırır. Ərzurum hakimi Süleyman Paşanın şəxsində milliyyətçilik və Turan ideyasını, keşişin timsalında xristianlığı, Yavuz Sultan Səlimlə Osmanlı idarəçiliyini, Şah İsmayılın şəxsində şiəliyi oxucusuna tanıdır. İki böyük güc hakimiyyət uğrunda yaşadıqları zamanı cəhənnəmə çevirərkən, bu vəziyyətdən ən çox zərbə alan səfalət içində yaşayan insanlardır. Açığı, döyüşərək öz varlığına xəyanət edən insanların üzlərini bir eşq hekayəsi ilə yenidən həyatın müqəddəsliyinə çevirməsi çətindir. Bu baxımdan "Mahmud və Məryəm" bir ümid simvoludur. Romanda da Mahmudun sadəcə Məryəmin arxasınca deyil, həyatı öyrənməyə çıxması və Elçinin də onunla insan sevgisini anlatmağa çalışması dediklərimizi təsdiqləyir.
Sovet sisteminin təzyiqi altında milli dəyərlərinin itirilməsinə sürüklənən Azərbaycan türkləri sovet milləti idealına qarşı müqavimət göstərmiş, milli mənsubiyyətlərini qorumağa bacardıqları qədər səy etmişlər. Mədəniyyəti ön plana çıxarmanın milliyyətçilik damğası ilə sürgünə, ya da ölümə göndərilməyə səbəb olduğu xaosun hakim olduğu bir dövrdə mədəniyyətə sahib çıxma ruhunu yaşadan yazarlardan biri də Elçindir. O, "Ölüm hökmü" romanında rejimin təzyiqlərini və insanlığa sığmayan hərəkətlərini dilə gətirmişdir. Roman sovet dövrünə siyasi, iqtisadi və sosial baxımdan işıq tutan çoxşaxəli bir əsərdir. "Ölüm hökmü" sovet rejiminin 70 illik tarixi ərzində kağız üzərində çox cəlbedici, əslində isə ədalətsiz bir hakimiyyət olduğunu bütün çılpaqlığı ilə özündə təcəssüm etdirir. Təbiətində insanın, insan sevgisinin olmadığı bir sistemin qısa zamanda insanı robota çevirəcəyi aydındır.
Elçin 18 hissəyə ayırdığı
romanında sistemin yetişdirdiyi "mexanik insan"lardan bəhs
edir. Romanda
leytmotiv kimi davamlı bəhs edilən Tülkü gəldi qəbiristanlığı,
burada bala ikən bəslənən, lakin böyüyəndə
oradan ayrılmaq məcburiyyətində qalan qəbiristanlıq
köpəyi Gicbəsər, ədəbiyyat fakültəsinin
tələbəsi Murad İldırımlı, qəbiristanlığın
müdiri olmaq imkanlarını hər cür qanundan kənar
yollarla istifadə edən Əbdül Qafarzadə, Stalinin
şərəfinə qədəh qaldırmadığı
üçün sürgünə göndərilən
Xıdır müəllim, sistemin əlində insanın, mənəviyyatın
nə hala gəldiyini göstərir. Xüsusi
ilə Tülkü gəldi qəbiristanlığının
müdiri tərəfindən bazara çevrilmiş,
boşaldılmış məkan elə sistemin
özüdür. Elçinin diqqət
çəkdiyi başqa bir məqam 27 aprel 1920-ci ildə Rus
ordusunun Bakının işğalı və Sovet Rusiyasına
ilhaq edilməsinin ardından Azərbaycan türklərinin iki
illik azad həyatının sona çatması və Azərbaycan
Cümhuriyyətini quran liderlərin sistemli şəkildə
məhv edilməsidir.
1920-1921-ci illərdə minlərcə insanın məhv
edilməsi, sürgünə göndərilməsi,
insanlığa sığmayan bu siyasətin əslində bir
faciə olduğu əsərdə əksini
tapmışdır. Bolşevik inqilabından sonra qısa bir
müddət ərzində əsən yalançı bahar
havasını tədriclə qışın dondurucu
şaxtası ilə əvəz olundu və amansız
"inqilab maşını" günahsız insanları
sürətlə üyütməyə başladı. Minlərcə insan həyatını itirmiş,
ev-eşiklərindən didərgin salınmış,
sürgün edilmişlər. "Ölüm
hökmü" romanı sovet hakimiyyəti dövründə
məşəqqətlərə, sürgünlərə,
ölümlərə, həbslərə məruz
qalmış Azərbaycan türklərinin çəkdiyi
acıların, tökdüyü göz yaşlarının
kağız üzərində inikasıdır.
Sovet hakimiyyəti illərində ortaq köklərə
və ənənəvi mühitə təsir edən əlaqələr
kəsilsə də, keçmişə mənsub milli dəyərlər
cəmiyyətin içində yaşamış, itib getməmişdir. Rejim toplumun
öz tarixi, milli-mənəvi irsi ilə əlaqəsinin kəsilməsi
üçün bütün yolları bağlamışdır.
Lakin 1960-cı illərdən sonra yeni nəsil
hakim ideologiyanın sənət anlayışının əksinə
sistemə əsir olmuş ədəbiyyat əvəzinə
yeni ədəbiyyat yaratmağa başladı. Burada insan ədəbiyyatın qəhrəmanına
çevrildi, ədəbi mətnlərdə milli tarix, milli
düşüncə və milli həyat işlənməyə
başlandı. Elçin də 1960-cı
illərdən sonra yazdığı hekayələrlə,
romanlarla insanı və insanın tarixdə yaşama
mücadiləsini və bu dirənişi təmin edən ənənəvi
dəyərləri ön plana çıxararaq, ədəbiyyatı
ideologiyanın əsarətindən, dar çərçivəsindən
çıxarmağa töhfəsini vermişdir. Yuxarıda qeyd etdiyimiz kimi, ədəbiyyatın
özünə, öz insanına dönərək
özünə qayıdış halına gəlməsi,
itirilmiş insanı və insani dəyərlərin sənətə
gətirilməsi mühüm əhəmiyyət
daşıyır. Bu mövqe, bu vəziyyət
"Yürü, Eyvazım, yürü, qayıdaq öz
dağlarımıza" deməkdir, yəni əslinə
dönmək deməkdir.
Selim
Çonoğlu
Balıkesir Universitetinin dosenti
525-ci qəzet.- 2013.- 18 dekabr.- S.7.