Din elmlərinin məzmun və
mahiyyətinə müfəssəl baxış
Ortodoksluq və Ortodoks
məzhəbi
Ortodoksluq (yun. orthos - "doğru", "düzgün",
"əsl", "həqiqi"
+ doxa - "fikir",
"inanc", "etiqad")
xüsusilə dini məslək və əqidə ilə bağlı qəbul olunmuş normalara sədaqət, bağlılıq
deməkdir. Dar mənada bu termin erkən xristian əqidəsində
təmsil olunduğu kimi, xristian inancına tabe olmanı ifadə edir.
Bu gün dünyada
Ortodoksluğun 400 milyona
yaxın mənsubu vardır. Bu məzhəb
xristianlığın katolik
və protestantlıqdan
sonra üçüncü
böyük məzhəbi
sayılır. Ortodoksluğun coğrafiyası Şərqi
Avropa və Anadolu ilə məhdudlaşır. İstər tarixi,
istərsə də siyasi səbəblərə
görə öz aləminə qapılmış
bir atmosferdə yaşayan Ortodoksluq son onilliklər ərzində
müasir dünyaya inteqrasiya yolunu tutmuşdur.
"Ortodoks" sözü
XI əsrdən işlədilməyə
başlanmışdır. Ortodoksların işlətdiyi "Ortodoks
Katoloik kilsəsi"
birləşməsinə daha
çox rast gəlinir. Bu ifadə ilə sözügedən məzhəbin
həm doğru görüşü təmsil
etməsi, həm də ümumbəşəri
olması iddiası nəzərdə tutulur.
Kilsənin qərarlarına bağlı,
batil inanclara qarşı doğru inancları qəbul edən mühafizəkarların
meydana gətirdiyi və "doğru inanc üzərində olanlar" şəklində
xarakterizə edilən
bu dini topluluq
Şərq kilsəsinin
təlimini qəbul etmişdir. Ortodoks kilsəsi Hz.İsanın
başlıca ənənəsinin
həqiqi prinsiplərini
ilk yeddi ümumi qurultayda əsaslandırmışdır.
Bunlar İznik (325), İstanbul (381), Efes (431), Qadıköy (451), II İstanbul
(553), III İstanbul (680) və
II İznik (768) qurultayları
olub, təslis (üçləmə) əqidəsi
başda olmaqla İsanın şəxsiyyəti,
təlimləri, şəkilləri
barəsində müzakirələr
olmuş və qərarlar çıxarılmışdır.
Ortodoksluq üçün Şərq və Orta Şərqdə ən önəmli kilsələr İstanbul,
İskəndəriyyə, Antakya və Qüdsdədir.
Tarixdə Ortodoks Kilsəsi
Şərqi Roma, yaxud
Bizans olaraq varlığını sürdürmüşdür.
Ən yüksək səlahiyyətli
orqanı təmsil edildikləri ümumi qurultaylardır. Ortodokslar Papanın
üstün və ümumbəşəri qərarlar
vermək səlhiyyətini
tanımırlar.
Böyük nisbətdə Anadolu coğrafiyasında inkişaf
edib yayılmağa başlayan Ortodoksluq yunan mədəniyyətinin
xristianlaşdırılması ilə özəl xarakter almağa başlamışdır. Bu təməl
struktur, öz inkişaf xəttini antik latın
düşüncəsindən alan katoliklik və ortodoksluq arasındakı fərqliliyin
də zəminini hazırlamışdır.
Ortodoks ənənəsinin
əsaslandığı mədəniyyətin
kappadokiyalı (Kappadokya
indiki Türkiyə ərazisində yerləşir)
üç kilsə atası tərəfindən
yaradıldığı ehtimal
edilir. Təqribən IV əsrdə yaşayan
nissalı Qriqori, nazianlı Qriqori və Böyük Vasili (St.Basil) yunan və xüsusilə
Aristotel fəlsəfəsini
xristianlığa daxil
edərək teoloji mənada Ortodoksluğun zəminini hazırlamışdırlar.
Roma və İstanbul
kilsələri zaman-zaman
birləşmə səyləri
göstərsələr də
bu, baş tutmamışdır. 1439-cu ildə
Florensia Məclisində
Ortodoksluğun Katolikliklə
birləşməsi məsələsi
ortaya cıxdıqda rus ortodoksları buna qəti etiraz etmişdirlər.
1448-ci ildə Rus Piskoposlar Məclisi tərəfindən
rəhbərliyə gətirilən
mitropolit Jonas Moskva və bütün Rusiyanın metropoliti ünvanı ilə İstanbuldan ayrılaraq öz müstəqilliyini elan etmişdir.
Ortodoks inanc və ibadətlərində müqəddəs kitabdan (xüsusilə Yəhya İncili) sonra gələn ən müəyyənedici qaynaq kilsə ataları ətrafında formalaşan və sirr yolu ilə nəql edilən ənənələrdir (kilsə atalarından gələn rəvayətlər və adətlər). Ortodoks ilahiyyatının mərkəzində bilgi problemu dayanır. Buna müvafiq olaraq ilahi aləmə aid bilgilər dərkedilməz özəlliyə sahibdir. Katoliklikdən fərqli olaraq Ortodoksluq ilahi bilginin təbiəti məsələsində aqnostikdir (tanrı və dünya sonrası yaşam haqqında gerçəkləri bilmənin imkansız olduğunu düşünmək). İlahi aləmin bilgisi dərk oluna bilən yox, yaşana bilən bir şeydir. Ortodoksal monastır həyatı və melanxoliyası bu yorumdan qaynaqlanır. Ortodoksluq funksiya mənasında üç ayrı, mahiyyət mənasında vahid varlıqdan ibarət təslis doktrinasını qəbul edir. Tanrı funksiya anlamında Ata, Oğul və Müqəddəs Ruh olmaqla üç ayrı varlıqdan meydana gəlmiş olsa dad, əsas etibarilə Atada bütünləşən tək varlıqdır. Ata, Oğulvə Müqəddəs Ruh triosunun əmələ gətirdiyi birliyi qəbul edən Katoliklikdən fərqli olaraq Ortodoksluq Ataya daha önəmli yer verir. Ortodoksluğu Katoliklikdən ayıran digər önəmli bir teoloji fərqlilik Müqəddəs Ruhun haradan çıxdığı məsələsidir. Həm Ata, həm də də Oğuldan çıxdığına inanan katoliklərə müqabil olaraq sadəcə Atadan çıxdığına inanan ortodokslar Atanın həm Oğul, həm də Müqəddəs Ruhdan üstün olmasının üzərində dayanmışdırlar. Mühüm teoloji mövzulardan biri olan İsanın təbiəti məsələsində ortodokslar diofizit görüşü qəbul edərək Katoliklik və Protestantlarla üst-üstə düşsə də, Ortodoksluqdakı İsanın təcəssüm etməsi məsələsi Katoliklikdən olduqca fərqlidir. Katoliklikdə dünyaya gələrək İsa surətində təcəssüm edən şəxsən tanrının Oğul funksiyası ikən, Ortodoksluqda təcəssüm edən hipostasis (funksiya) deyil, fəqət - çox net şəkildə olmasa da -Loqos, yəni Atanın Oğul vasitəsi ilə kəlamıdır.
İsanı möcüzə şəklində dünyaya gətirən Məryəmlə bağlı inanclar digər xristian məzhəblərində olduğu kimidir. Ortodoksluqda Məryəmlə bağlı inancların təməli əhəmiyyətli dərəcədə Bizans coğrafiyasındakı Nəsturiliyin Məryəmlə bağlı laqeyd davranışlarına cavab olaraq formalaşmışdır. Bizans ilahiyyatçıları Məryəmin imtiyazlı mövqeyini, onu ortodoks kosmologiyası ilə bütünləşdirərək vurğulamağa çalışmışdır. Beləliklə, Məryəm özündən çıxan tanrı-İsa vasitəsilə kainatın mövcud olma səbəbinə çevrilmişdir. Məryəm ikinci Həvva olaraq birincinin etdiyi kosmik xətanı düzəldən ilahi prosesin son halqası kimi səciyyələndirilir. Məryəm yalnız Məsih İsanın deyil, bütün bəşəriyyətin anası sayılır. Məryəm Ortodoksluqda şəfaətçi dərəcəsinə qədər yüksəldilmişdir. Amma 1854-cü ildə Katolik kilsəsi Məryəmin, anası Müqəddəa Annadan doğulmasından sona qədər, əsl günahdan azad olması doktrinasını rədd etmişdir. Eyni zamanda Məryəm "ləkəsiz" və "tamamilə mübarək" olub ölümündən sonra oğlu ilə birlikdə səmavat aləminə yüksəldilmişdir.
Ortodoksluqda təməl ibadət ikonası İsa ilə bağlı səhnələri ehtiva edən ikonalardır. İkona ibadəti səhnələrdəki fiqurlar üzərində konsentrasiya etmə, onlarla eyniləşmə (mistik birləşmə) və arzu edilən diləklərin ikonalardakı fiqurlar vasitəsilə əldə edilməyə çalışılması şəklində üç mərhələlidir. İkonalar həm möminlərin Tanrı ilə mistik birləşməsinə imkan yaradır, həm də tələblərin yerinə yetirilməsində vasitəçi rolunu oynayır. Bu prizmadan yanaşdıqda ikonanın həm psixoloji, həm də teoloji struktur qatmanlardan ibarət olduğu aşkar olur. VIII əsrdən başlayaraq dövlət tərəfindən ikonalara qarşı müəyyən qanunlar çıxarılsa da, xalq arasında son dərəcə populyar olan ikonafilizm (ikona sevərlik) bu günə qədər öz varlığını qoruyub saxlamışdır.
Ordoks inanclarını əmələ gətirən təməl fenomenlərdən biri də sakramentlərdir. Ordoksluqda sakramentlərin sayı Katoliklikdə olduğu kimi yeddidir. Katoliklərdə sakramentlərin xilaskarlıq funksiyası ortodokslarda daha çox ikona kultu ilə əlaqələndirilmişdir. Buna görə də sakramentlər ortodokslarda daha çox ayin xüsusiyyəti daşıyır. Bu gün ortodokslar tərəfindən qəbul edilən yeddi sakrament aşağıdakılardır: 1) Çörək-şərab ayini. Əhdi-Cədidə görə cümə günü çarmıxa çəkilən İsa bazar günü dirilərək məzardan çıxıb Ata tanrının yanına yüksəlmişdir. Xristianlar bu günü yad etmək üçün hər bazar kilsədə çörək-şərab sakramentini icra edirlər. Kilsəyə gələn mömin tərəfindən içilən şərab İsanın qanına, xəmir isə onun ətinə çevrilir. Katoliklikdə çörək-şərab daha çox İsanın qurbanlığını, ortodokslarda isə daha çox ayində iştirak edənlərin İsa ilə mistik birləşməsini ifadə edir. 2) Vəftiz. İsanın İordaniya çayında Yəhya tərəfindən vəftiz edilməsinin təqdimi olan bu sakrament ortodokslara görə tanrının İsada təcəssümünün təkrarıdır. Katoliklərin yanaşması kimi olmasa da, vəftiz edilən uşaq ilk günahdan təmizlənmiş qəbul edilir. 3) Konfirmasiya. Vəftizdən dərhal sonra icra olunur. Din adamı xüsusi bir yağla uşağın alnına, gözlərinə, burnuna, ağız və qulaqlarına xaç işarəsi çəkir. Bu sakramentlə uşaq xristian cəmiyyətinə qəbul edilmiş olur. 4) Tövbə. Hər bir ortodoks ildə heç olmasa bir dəfə din adamının hüzurunda günahlarını etiraf edərək bağışlanır. Vəftizdən sonrakı günahlardan təmizlədiyi üçün tövbəyə ikinci vəftiz də deyirlər. 5) Müqəddəs iyerarxiya. Ortodoks kilsəsində üç təməl rütbə mövcuddur. Baş keşiş (yepiskop), keşiş (papaz) və aşağı dərəcəli keşiş (dyakon). Ortodoks ruhanilər iki əsas qrupa bölünür: Ağlar (evli ruhanilər) və qaralar (monastır ruhaniləri). Evlənmək istəyən din adamları dyakon olmadan əvvəl bunu etmək məcburiyyətindədir. Monastırda vəzifə tutanlar evlənə bilməz və yepiskop olanlar monastırdakı ruhanilərdən seçilir. Ortodoksluqda çox işədilən patriarx ünvanı əsas iyerarxik ünvanlardan olmayıb sadəcə məqam ünvanıdır. Bəzi avtokefal (müstəqil) kilsələrin yepiskopları bu adı daşıyır. Avtokefal olmayan kilsə liderləri baş yepiskop və ya mitropolit adlanır. Müqəddəs iyerarxiya öz səlahiyyətini Piterin vasitəsilə İsadan aldığı üçün bəlli bir xarizmaya sahibdir və onlara təslimiyyət İsaya təslimiyyət anlamına gəlir. 6) Evlilik. Din adamı olmayan insanlar üçün evlilik, bəzi hallar istisna olmaqla, məcburi xarakter daşıyır. Ortodoks kilsəsi boşanmağa və üçüncüyə qədər yenidən evlənməyə izn verir. 7) Xəstə yağlanması. Xəstəni sağaltmaq və günahlarının əfv olunması arzusu ilə xeyir-dua verilmiş yağın din adamı tərəfindən xəstəyə sürtülməsidir.
Ortodoks "doğru
görüş və
inanc" deməkdir. Romanın üstünlük
iddiasına qarşı
Bizans Patrikliyi özünün doğru yolda olduğunu, üstün olduğunu bildirmək üçün
bu adı almışdır. 1054-cü
ildəki Şərq-Qərb
ayrılığından sonra
Bizans ortodoksluğun mərkəzi olmuşdur.
İnanc
və ayinlər baxımından bir-biri ilə ortaq yönləri olan bir çox ortodoks kilsə Bizansa bağlı idi. 1453-cü ildən sonra Rus Ortodoks Kilsəsi
İstanbul Ortodoks Patrikliyi ilə mücadiləyə girişdi.
Ancaq o, 1917-ci il rus inqilabından
sonra bundan vaz keçdi. Rus Ortodoks Kilsəsi Patriarxlıq halını
aldı. Ortodoks dünyasında dörd böyük patriarxlıq vardır: İstanbul, İskəndəriyyə, Antakya və Qüds. Xeyli sayda milli kilsələr
bu dörd patriarxlığa bağlıdır.
Amma muxtar və qismən muxtar kilsələr də vardır. Monofizit kilsələrlə yanaşı bu sayılanlar "Şərq
kilsələri" başlığı
altında göstərilir.
İstanbul Patriarxlığı Fənər, yaxud Rum Ortodoks Patriarxlığı
deyə də adlandırılır. Ortodoksların
katoliklər və digər xristian məzhəblərindən ayrıldıqları
nöqtələr bunlardır:
1) Ruhani başçısı
patriarxdır. 2)Papanın üstünlüyünü,
İsanın vəkili
olduğunu, yanılmazlığını
qəbul etmirlər. Müqəddəs Ruhun Oğul
vasitəsilə Atadan
çıxdığını irəli sürürlər.
3) İlk yeddi məclisi və onun çıxardığı
qərarları qəbul
edirlər. Sonrakı məclisləri və
qərarları qəbul
etməzlər. 4) İkonalara
geniş yer verir, sayğı göstərirlər (İkona:
İsa, Məryəm və əzizləri təsvir edən, özəl bir tərzdə işlənmiş
olan, kilsə və evlərdə olan rəsmlərdir. 5) İbadət müxtəlif
dillərdə (hər
ölkənin öz dili ilə) icra olunur. 6) Xaçın qolları bir-birinə bərabərdir.
Sağdan sola xaç çəkilir.
7) Evharistiya ayinində
çörəyə maya,
şəraba su qatarlar. 8) Konfirmasyon vəftizdən dərhal sonra yerinə yetirilir. 9) Papazlar evlənə bilər. Keşişlər, yepiskoplar və
patriarxlar evlənməz.
Bəzi şərtlər daxilində
boşanma vardır.
10) Dünyanı qısa
bir gözləmə yeri kimi qəbul
edirlər. Günahkar günah dərəcəsinə
görə bir əvəz ödəyərək
xətadan qurtula bilər.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-
2013.- 18 dekabr.- S.6.