Zori Balayanın növbəti
sayıqlamaları və bəzi başqa məsələlər
haqqında
Rusiya
Prezidenti V.V.Putinə Zori Balayan tərəfindən
ünvanlanan və eyni zamanda müəllifin həm nökərçiliyindən,
həm də təkəbbüründən xəbər verən məktubu
ilə iyrənə-iyrənə tanış oldum. Balayan
öz məktubunda gah müxtəlif vasitələrlə Putinə
yaltaqlanaraq Azərbaycandan, Türkiyədən,
Gürcüstandan, Ermənistan üçün torpaq
qopartmaqdan ötrü onu dilə tutur, gah başqa bir dövlətin
başçısına Qarabağ probleminin həlli barədə
yekə-yekə məsləhətlər verir, gah da
aşkarcasına onu hədələyir: "Əgər Siz gələcək
haqqında kəsərli düşünmürsünüzsə,
onda o Sizin olmayacaq".
Əvvəlcə mən, uzun illər ərzində
türk və Azərbaycan xofunu manikalcasına, naxoşluq kimi
keçirən bu adamın sərsəmləmələrinə
fikir vermək istəmədim. Axı həm də
bir zaman mən onu necə lazımdı cavab vermişdim, onu
üzünə fitnəkar adlandırmışdım. 5
sentyabr, 1991-ci ildə SSRİ Xalq deputatlarının Növbəti
qurultayında (Z.Balayan da burda nümayəndə qismində
iştirak edirdi) mən Kreml sarayının
kürsüsündən dedim:
"Bu
gün, bu çox mühüm qurultayda, İttifaqın yeni
quruluşunun əlamətləri müəyyən olunduğu
bir vaxtda erməni separatçıları hələ qərarlaşmamış
barışığı pozmağa hazır olan
qızışdırıcı rolunu oynayırlar. SSRİ Ali Sovetinin çoxdan buraxdığı
iyirminci çağırış DQMV Vilayət Sovetinin qərarı
məhz belə tədbirdir. O, Azərbaycan xəritəsini
özbaşına dəyişdirir, mövcud olmayan Şaumyan
rayonunu öz tərkibinə daxil edir və muxtar vilayətin əhalisinin
azərbaycanlı hissəsinin iradəsinə etinasızlıq
göstərir.
Qarabağda qan tökülməsinin məlum
ilhamçısı Zori Balayanın bu qurultaydakı
çıxışı növbəti fitnəkarlıq
örnəyidir. İki xalqın-Azərbaycan və erməni
xalqlarının fəlakəti məhz onun qatı millətçi
ideologiyasının mayası ilə yoğrulmuşdur".
Mənim çıxışımın mətni 6
sentyabr 1991-ci ildə Moskvanın "İzvestiya" qəzetində
yayımlandı.
İndi
budur, terrorçu jurnalistin yeni sərsəmləmələriylə
tanış olarkən, bir daha əmin oldum
ki, bizim qonşu xalqların illərdən bəri davam edən
faciəsi azərbaycanlıların və ermənilərin bu
qəddar düşməninə dərs olmayıb. Çünki yalnız ən qəddar düşmən
özünün bütün ömrünü qonşu ölkələr
-xalqlar arasında münaqişə yaratmağa həsr edər
və eyni zamanda fərqinə də varmaz ki, məxsus
olduğu millətə də sağalmaz yaralar vurur.
Balayanın məktubunda yenə ərazi iddiaları
haqqında uydurmalar, yenə də azərbaycanlılara və
türklərə qarşı qəddar, zooloji kin (və eyni zamanda onların
müstəqilliyinə və törəyib artmasına
paxıllıq), yenə də xəstə düşüncələrin
nəfinə tarixi faktların həyasızcasına saxtalaşdırılması
baş alıb gedir. Balayanın əsassız
iddiaları sırasında yalnız bir neçəsinin
üzərində dayanmaq istəyirik. Hər hansı bir
kəs, hətta bizim diyarın tarixi ilə tanış
olmayan adam da soruşa bilər ki, nə üçün
Balayan bu əraziləri əzəli erməni torpağı
hesab eləyir, halbuki bu ərazinin adı belə ermənicə
yox, - tərtəmiz türkcə-azərbaycancadır və
bir zaman (SSRİ Yazıçılar İttifaqının
1986-cı ildə çap olunmuş məlumat kitabında qeyd
olunduğu kimi) Balayan məhz Qarabağtsı (yəni
qarabağlı) sözünü özünə təxəllüs
seçib. Balayan Rusiya prezidentinə məktubunda
bir qayda olaraq Rus imperiyası ilə İran arasında
imzalanmış iki sənədə -Gülüstan və
Türkmənçay müqavilələrinə istinad edir.
Balayan həmçinin
Gülüstan müqaviləsinə əsasən Rusiyanın
tərkibinə daxil olmuş xanlıqları adbaad
sadalayır: Qarabağ, Şirvan, Dərbənd, Quba, Bakı və
Talış xanlıqları. Çox pakizə,
bəyəm erməni dövləti tarixdə hardasa,
haçansa xanlıq kimi təqdim olunur? Və
məlumdur ki, Balayanın sadaladığı bu
xanlıqların başında Karapet, Vartan və ya Ambartsum
yox, Azərbaycan türkləri -İbrahim xan, Hacı Çələbi
xan, Mustafa xan, Cavad xan və başqaları durub. Bu xanlıqların əhalisinin böyük əksəriyyəti
Balayanın həyasızcasına "köksüz" kimi qələmə
verdiyi Azərbaycan türkləri idi. Qarabağ
xanlığının və onun paytaxtı Pənahabad
(Şuşa) şəhərinin banisi Pənah xan bu
"köksüz" xalqa məxsusdur və onun oğlu
İbrahim xanın zamanında bu xanlıq Rusiyanın tərkibinə
daxil olub. Balayana görə İbrahim xanın nəvəsi,
şairə və rəssam Xurşud Banu Natəvan öz
şeirlərini bu "köksüz" xalqın dilində
yazıb. Daha sonra Türkmənçay
müqaviləsinə, əsasən, Rusiya imperiyasının tərkibinə
daha iki Azərbaycan xanlığı (məhz Azərbaycan
xanlığı) İrəvan və Naxçıvan
xanlıqları daxil olur. Özü də
əsla Mıkırtıçın və ya Varjapetin
başçılığı ilə yox, müvafiq olaraq Məhəmməd
xanın və Kəlbəli xanın
başçılığı ilə. Doğrudanmı
Zori Balayan bu faktları bilmir? Əlbəttə,
bilir amma bu faktlar nəyinə lazımdı? Ona gərək
olan budur ki, ümumiyyətlə, Azərbaycan türklərinin
təbiətdə mövcud olmadığını göstərsin
və sübut etsin ki, Nuh əyyamında dənizdən dənizə
erməni dövləti olub, bəyan etsin ki, bu "dövlət"
Azərbaycan, türk, gürcü və hətta Rusiya əraziləri
əsasında qurulacaq. Axı, Balayan Rusiya ilə ümumi sərhədləri
olmamasına aşkarca təəssüflənir, arzulayır və
ümid edir ki, Azərbaycanın, Gürcüstanın,
Şimali Qafqazın və Rusiyanın bir hissəsini həzm
edəndən sonra, ona doğma olan Ryazan vilayətinə qədər
Rusiya və Ermənistan arasında ümumi sərhəd
yaransın. Sən bir iştaha bax ha!... Belə
bir tikəni çətin uda bilə, boğazında qalar,
çeçiyər və ola bilsin
boğular...
Balayanın əzəli erməni torpağı hesab
etdiyi ərazilərdə əsrlər boyu bu məkanın
aborigenləri, o cümlədən qədim albanlar
yaşayıblar, sonradan bu yerə köçən və ya
köçürülən ermənilər isə bu məkanda
yalnız azlıq təşkil ediblər.
Bu mənim
gəldiyim nəticə deyil, bu barədə erməni alimi
B.İşxanyan yazır: "Dağlıq Qarabağda
yaşayan ermənilərin bir hissəsi qədim albanların
xələfləri olaraq aborigendilər, bir hissəsi isə
Türkiyə və İran qaçqınlarıdı ki, Azərbaycan
torpağı onlar üçün təqiblərdən
qorunmaqdan ötrü sığınacaq yerinə
çevrilib".
Bu inkar
olunmaz fakt bir daha onunla öz təsdiqini tapır ki, artıq
bizim günlərdə -1978-ci ildə Mardakertdə ermənilərin
Azərbaycan rayonlarına köçürülməsinin 150
illiyi şərəfinə abidə qoyulub. Bir qədər
sonralar Qarabağ qarşıdurması ərəfəsində
abidənin üzərində 150 rəqəmini sildilər və
daha sonra abidəni tamam dağıtdılar. Və bu minvalla növbəti dəfə, onların
uydurmalarına və hədyanlarına uyğun gəlməyən
nə varsa, öz xeyirlərinə tarixdən silməyə cəhd
etdilər.
Çingiz Abdullayev özünün "Zori Balayanın
Vladimir Putinə ünvanlanmış açıq məktubuna
aid qeydlər" yazısında bu məsələni dəqiqləşdirir.
"Erməni mənşəli Amerika tədqiqatçısı
Corc Burnutyan bildirir ki, 1836-cı ildə Peterburqda dərc edilən
rəsmi məlumata görə, Dağlıq Qarabağda on
doqquz min erməni və otuzbeş min türk
yaşayırdı. Maraqlıdır ki, bir çox tədqiqatçılar,
o cümlədən erməni müəllifləri də əhalinin
siyahıya alınmasının qışda və yayda
keçirilməsinin fərqinə varmağın vacibliyini
vurğulayırdılar; köçəri, yaxud yarı
köçəri soydaşlarımızın dağlara,
yaylaqlara köçməsinin nəzərə
alınmasını xatırladırdılar. Rusiya araşdırıcısı Jamskov göstərirdi
ki, Dağlıq Qarabağ əhalisi 1845-ci ildə otuz min erməni
və altmış iki min nəfər müsəlmanlardan ibarət
idi, müsəlmanların səksən faizi köçəri
həyat sürürdü.
Rusiyanın İrandakı səfiri Qriboyedov erməni
arxiyeriskopu Nersesin məlumatına əsaslanaraq Türkmənçay
müqaviləsindən sonra Arazın bu tayına səkkiz mindən
artıq erməni ailəsinin köçürülməsini
bildirirdi.
Olmaya, arxiyepiskopun
şəhadəti də cənab Balayan üçün əhəmiyyət kəsb
etmir?".
Xülasə, "rus və erməni xalqlarının əsl
dostlarının - Aleksandr Qriboyedov və Xaçatur
Abovyanın silahdaşlarının adlarını"
hallandırarkən görünür, Qriboyedovun ermənilər
haqqında son dərəcə təhqiramiz sözlərini
yadından çıxardıb. Ermənilərin
heysiyyətinə toxunmamaq üçün bu ifadələri
təkrar etmək istəmirik. Heç
Puşkinin ermənilər haqqında məşhur
misralarını da yada salmaq niyyətim yoxdur.
Bununla belə, Qafqazın "erməniləşdirilməsi"
prosesinin hələ Birinci Pyotr zamanında
başlandığını xatırlatmağa dəyər.
1724-cü
ildə Pyotr son dərəcə açıq şəkildə
general-mayor Matyuşkinə yazırdı: "Erməniləri
və digər xaçpərəstləri dirçəltmək,
çağırıb gətirmək üçün hər
vəchlə çalışmalı, basurmanları isə (yəni
müsəlmanları-A.) ehmalca, heç kəsi
duyuq salmadan seyrəldib azaltmalı".
XIX əsrin 20-ci, 30-cu illərində Türkmənçay
müqaviləsinin şərtlərinə uyğun olaraq
İrandan və Türkiyədən onminlərlə erməni
Azərbaycana axışdı. Tarixçi İqrar
Əliyev "Dağlıq Qarabağ. Tarix, faktlar, hadisələr"
kitabında yazır: "Yalnız o illərdə Qafqaza, əsasən.
Qarabağa ən dürüst hesablamalara görə
130 min erməni köçürüldü. Başqa məlumatlara görə isə
köçürülənlərin sayı 200 mindən
artıqdır".
Rus maraqları nöqteyi-nəzərindən bu prosesə
toxunan bir sıra rus tarixçiləri ehtiyatla qeyd edirlər
ki, "yalançı şəhadətdən məharətlə
istifadə edən gəlmə ermənilər böyük ərazilərdə
dövlət torpaqlarını zəbt etdilər". (N.İ.Şovrov.
Qafqaz ötəsində rus işləri üçün yeni
təhlükə.)
Dramaturq və
diplomat A.S.Qriboyedov da buna bənzər həyəcan
qaldırmışdı: "Ermənilər böyük hissələrlə
müsəlmanların mülkədar torpaqlarına yerləşdirildilər".
Köçürülənlər -Qriboyedovun
ifadəsinə görə "əsaslı
narazılıqlarını bildirən müsəlmanları
sıxışdırırlar".
Köçürüləndən sonra Qarabağ ərazilərində
və indiki Ermənistanda məskunlaşan ermənilər, dərhal
bu ərazilərin yerli əhalisinə və eyni zamanda ruslar
da daxil olmaqla digər xalqlara düşmən münasibəti
bəsləməyə başladılar, Balayan ruslara sədaqətdən
dəm vurur. Bu
proseslərin şahidi olan XIX əsr rus
tarixçi-qafqazşünası olan V.L.Veliçko isə
problemə tamam başqa nöqteyi-nəzərdən
yanaşır: "Yelizavetpol quberniyasının Tərtər
kəndində lazımi ehtiyat tədbirləri görülmədən
onlarla rus ailəsi yerləşdirilmişdi. Payız
və qış pis keçmədi, bahar isə iki fəlakətlə
özünü göstərdi-malyariya və erməni
intriqası. Qonşu kəndin
köçkün ermənilərinin rəhbəri aranı
qarışdırdı və köçkün erməniləri
həvəsləndirdi ki, rusları
sıxışdırsınlar. Bu
sıxışdırılma vəhşicəsinə həyata
keçirilirdi. Xəncərlə
silahlanmış erməni bandaları içməli
suya-bulaqlara gedən yolları kəsdilər, rusların
istifadə etdikləri çayın suyuna isə
vaxtaşırı peyin və başqa çirkablarla zəhərləməyə
başladılar. Nəticədə də
rus qəsəbəsində elə xəstəliklər
yayılmağa başladı ki, azarlını görəndə
adamın tükləri biz-biz dururdu. İnsanlar
diri-diri iy verib iylənirdi, üfunətli xoradan əzab
çəkirdilər. Bu dəhşətlər
haqqında qubernatora xəbər çatanda, Tərtərə
erməni həkimi göndərdilər və o da ruslara dərman
əvəzinə dəhşətli məsləhətlər verdi: "Gedin burdan, ruslar, rədd olun rus itləri,
yox əgər getməsəniz, it kimi gəbərəcəksiniz".
Bu kəndin əhalisinin üçdə ikisi məhv
oldu, qalanı pərən-pərən düşdü".
Azərbaycanlıların öz vətənlərindən
faktiki olaraq qovulmasını Rusiya prezidentindən yalvar-yaxarla
xahiş edən Balayanın rus xalqına məhəbbətindən
dəm vurması hara, bu nümunə hara?
Və ümumiyyətlə məsələnin bu şəkildə
qoyulması Balayanın kəşfi deyil.
Hələ XIX əsrdə erməni qəzeti
"Mşak"da "köksüz". (Balayanın fikrincə) Azərbaycan
türklərinə belə bir müraciət
yayımlanmışdı: "Öz torpaqlarımızı
bizə qaytarın, keçmişdə o torpaqları bizdən
zorla almısınız, özünüz isə gedin
islamın meydana gəldiyi Ərəbistan səhralarına və
orda da öz müsəlman birliyinizi yaradın, öz
monqollarınızı birləşdirin" (?!-A.)
Bu günlərdə isə mən hansısa bir Qriqoriy
Ayvazyanın ruhən "Mşak" qəzetindəki mətnlə
üst-üstə düşən fikirlərinə rast gəldim. Azərbaycanın ərazisini
sərsəmcəsinə parçalamağı və onun
mühüm bir
hissəsini mənimsəyib Ermənistana birləşdirməyi
bəyan edən Ayvazyan "sidq ürəklə" azərbaycanlılara
təklif edir: "qayıdın Altaya, ya da köçün
qardaş Türkiyənizə. Azərbaycanlı-bu
adda millət yoxdur"-o bunu əminliklə bəyan edir
("Gxo" qəzeti, 18 yanvar 2012).
Yüz
ildən artıq bir zaman kəsiyində erməni faşistlərinin
şüurunda çox az şey dəyişib.
Yer üzündən başqa bir xalqı silməyə cəhd
edən, ya ən azı xalqı harasa uzaqlara
köçürdüb onun məkanında firavan həyata
nail olmaq istəyənləri niyə də "faşist"
adlandırmayasan?
Ancaq onda Ermənistanda və Qarabağda
"kökü" olmayan xalqın dilində bunca insan məskənlərinin,
rayon, kənd, çay, dağ adlarının
mövcudluğunu (indi o adlar da erməniləşdirilib)
anlamaq olmur.
Bununla yanaşı böyük miqdarda erməni soyadları
türk köklüdü: Dəmirçiyan, Köçəryan,
Dəlləkyan, Gümüşyan, elə Balayanın
soyadı, hətta Allahverdiyan. Tariverdiyev
soyadı isə tamamilə heyrət doğurur, çünki
təmiz türk dilində "Allahın verdiyi" mənasına
gəlir.
Keçən
əsrin əvvəllərində publisist Hüseyn Minasazov
qeyd edirdi ki, 1905-ci ildə erməni-Azərbaycan
toqquşmaları başlayanda və münaqişə
qanlı hadisələrlə əndazədən
çıxanda ermənilər tərəfdən də, azərbaycanlılar
tərəfdən də fanatiklər müvafiq olaraq insan ovuna
başlamışdılar, amma o zaman milyonçu Hacı
Zeynalabdin Tağıyev erməniləri öz evində gizləmişdi.
Bundan xəbər tutanlar onun yanına gəlirlər və tələb
edirlər ki, evində gizlətdiyi erməniləri onlara
versin. Hacı cavab verir ki, onun evində erməni
yoxdur. Deyirlər ki, Qurana and içsin.
Və Hacı belə də eləyir: Qurana əl basıb and
içir.
H.Z.Tağıyev
heç ibtidai təhsil də almamışdı, amma
özünün tərəqqipərvər
dünyagörüşünə, maarifpərvərliyinə
görə ən öncül ziyalılar sırasında idi.
Onun atdığı addım isə həm də ona görə
heyrət doğurur ki, Hacı dinə dərindən inanan bir
insandı və artıq Məkkə ziyarətinə də gedib
qayıtmışdı. Və məsələdən
agah olan doğmaları soruşanda ki, Qurana əl basıb
yalan danışmasının səbəbi nədir, Hacı
cavab verib ki, mən öz ruhumu məhv etməklə, bir
neçə canlını xilas etdim.
O zaman
buna bənzər, ermənilərin azərbaycanlıları
öz evində gizləməsi kimi analoji hadisələr olubmu,
məlum deyil, amma bir nəfər də olsun erməni
yazıçısı, ya jurnalisti bu barədə
yazmayıb, ya yazmağa cəsarət etməyib. Bu isə xalqın faciəsidir. Hər
gün düşmənçiliyə,
qisasçılığa çağıran tarixi məhrumiyyətlərin
daima yad salan xalq yalnız mənəviyyatca yox, demoqrafik cəhətdən
qısırlaşır. İnsan sevgidən
doğulur. Nifrətin bəhəri olmur.
Rus
publisisti Sergey Lezov "Rossiyskaya qazeta" da (28 mart, 1989) yazır:
"Erməni rəmzinin başlıca Mifi-mədənilikdi. Erməni rəmzinin
ikinci mühüm elementi onların xristian xalqları
arasında Şərqdə istehkam kimi təqdim
olunmasıdır. Üçüncü
mif bu iki elementlə bağlıdır -ermənilərin
anlayışına görə -onlar özgə dinə
tapınan, tərəqqidən geri qalmış xalqların əbədi
qurbanlarıdı. Erməni xalqı İsanın özü kimi
haqsız işgəncələrə məruz qalıb. Məhz bu sayaq təqdimat Azərbaycan
yazıçısı Anara imkan verib ki, "erməni
mazoxizmi" barədə, erməni əzabları
sitayişinin xüsusiyyətləri haqqında söhbət
açsın".
Görünür, S.Lezov mənim fransız qəzeti
"Fiqaro"da bəzi məqamları təhrif edilmiş
şəkildə çap olunmuş müsahibəmi nəzərdə
tutur. "Fiqaro"nun müxbiri ilə mən Bakıda
görüşəndə demişdim ki, Yerevandakı mitinqlərdə
bəzi çağırışlar, məsələn,
"biz əsgərləri vadar edəcəyik ki, bizə atəş
açsın" kimi ifadələr mazoxistcəsinə səslənir.
Qəzet isə mənim sözümü təhrif
edərək yazmışdı ki, guya mən bütün ermənilər
-mazoxistdir - demişəm. Bütün xalqı
alçaltmaq əxlaqıma yaddır və mən fransız qəzetinə
təkzib göndərdim, amma bununla belə erməni təbliğatı
uzun illər ərzində bu mövzunu çeynəyib
çürütdü, məni bütün günahlarda
suçladı, terrorist təşkilatları isə mənim
qətlimə fitva verdi və dərhal bu xəbəri
mənə çatdırdılar.
Əgər bütün tarixi qəddarlıqlara və
uzun illər ərzində erməni siyasətinin azərbaycanlılara
vurduğu yaralara bir anlığa nəzər salsaq, nə qədər
qəribə səslənsə də, bu hadisələrin
müsbət tərəfi də olub. Ermənilərin
düşmənçilik cəhdləri bizi
arxayınçılıqdan qurtarıb və
mürgülü duyğularımızı oyadıb. Nəhayət biz də dərk etmişik ki, dostluq
haqqında yalan ifadələrin arxasında, amansız və qəddar
niyyətlər durur və bütün bunları dəf etmək
üçün hazır olmaq lazımdır. Və məhz bu təməldə bizdə də
siyasi partiyalar, milli təşkilatlar yarandı.
Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində
erməni -Azərbaycan münasibətlərinin gərginləşməsi
də əslində (inqilabi hərəkatı boğmaq naminə)
bu münaqişəni qanlı toqquşmalara çevirən
Çar hökumətinin xidmətidir. Amma bu zamana qədər
ermənilər həm partiya-siyasi, həm də iqtisadi cəhətdən
təşkilatlanmışdılar və silahlı dəstələr
yaratmışdılar.
Amerika tədqiqatçısı
Odri Olştat yazır:
"Ruslarla xüsusi münasibətdə olan ermənilər
etnik cəhətdən azlıq təşkil etsələr də
varlı idilər. İmperiya qanunları azərbaycanlılarla
müqayisədə onlara üstün imtiyazlar verirdi. Belə
ki, inzibati idarələrdə və məhkəmə qurumlarında xeyli erməninin
xidmət etdiyi halda, azərbaycanlılara (və ümumiyyətlə
müsəlmanlara) dövlət işlərində vəzifə
tutmaq qadağan olunmuşdu".
"Armenekan"
adlı ilk siyasi erməni partiyası və onun mətbu
orqanı "Ermənistan" hələ 1885-ci ildə.. Fransanın Marsel şəhərində
meydana gəlmişdi. 1887-ci ilin avqustunda
Cenevrədə "Qnçaq" ("Zəng")
partiyası yaradılmışdı. 1890-cı
ildə Tiflisdə "Daşnakstyun" ("İttifaq".
Tam adı isə belədir: "Erməni
inqilabçılarının ittifaqı") meydana gəldi.
İlk iki partiyanın Avropada,
üçüncüsünün isə Tiflisdə yaranmasına
baxmayaraq, o partiyaların üçünün də Azərbaycan
şəhərlərində -Bakıda, Yelizavetpolda (Gəncədə),
Şuşada və başqa şəhərlərdə
şöbələri vardı. Daşnaklar
öz qurumlarını Avropada nüfuz qazanma naminə sosialist
tipli partiya kimi qələmə versələr də, əslində
onun proqramında həmhüdud ölkələrə
qarşı ərazi iddiaları və bu məqsədi həyata
keçirmək üçün terrorçu fəaliyyət
xüsusi yer tuturdu. "Daşnaksutyun"un
strukturlarında "Özünümüdafiə",
"Vahiməyə salma təşkilatı", "Terrora
hazırlıq komitəsi" kimi terrorçu qurumlar
vardı. Azərbaycanın şəhərlərində
və Qafqazın azərbaycanlılar yaşayan digər
bölgələrində qanlı qırğınları da məhz
onlar törətdilər.
İran əsilli
Amerika alimi (atası fars, anası rusdur)
Firuz Kazımzadənin, obyektivliyinə görə diqqət
çəkən, "Qafqaz uğrunda mübarizə"
(1917-1921)" kitabına nəzər salmaq istəyirəm.
"Yalnız
türklərə qarşı yox, həm də pul qopartmaq
naminə imkanlı ermənilərə qarşı da terror əməliyyatları
keçirən "Daşnakstyun" bir çox erməniləri
də təngə gətirmişdi, -Kazımzadə belə
yazır, - onlar bir çox hallarda üzvülük haqqı
verməkdən imtina edənləri
öldürmüşdülər,- və sonra haşiyə
çıxır, -Daşnakstyun partiya olaraq əsas məsuliyyəti
öz çiyninə götürüb, belə ki,
amansızcasına güc tətbiq etməkdə
aparıcı qüvvədir".
Çar
hökumətinin və mətbuatın ikiüzlülüyünü
nəzərə çarpdıran Əhməd bəy
Ağayev "Kaspi" qəzetində yazırdı ki,
Peterburq qəzetlərində müsəlmanların
ünvanına böhtanlar baş alıb gedir, bir qayda olaraq
Qarabağ münaqişəsi ilə bağlı hadisələr
birtərəfli işıqlandırılır, yalnız ermənilərin
öldürülməsi haqqında məlumatlar verilir, azərbaycanlılar
tərəfindən böyük sayda qurbanlar olsa da, bu barədə susurlar".
Bizim
günlərdə bu sətirləri oxuyanda, mən bir daha bu qənaətə
gəldim ki, mərkəzi qəzet və jurnalların (indi
televiziya da bu sıraya qoşulub) bizə qarşı
münasibətində və Azərbaycan - erməni
qarşıdurmalarının
işıqlandırılmasında çox az
şey dəyişib. Yenə də ikili
standartlı siyasət, azərbaycanlıların faciələrinə
qarşı biganəlik, sükut, "əzabkeş erməni
xalqına" isə canyanalıq davam etməkdədir.
Ümumiyyətlə, F.Kazımzadənin kitabını
oxuyanda hadisələrin bölgədəki çağdaş
vəziyyətlə üst-üstə düşməsi
adamı heyrətə gətirir. Həmin məxəzdən daha bir
sitat:
"Katalikos açıq-aşkar Rusiyanı Türkiyəyə
hücum etməyə səslədi, amma Çar hökuməti
hiss elədi ki, hələ bunun zamanı yetişməyib. Amma bununla belə
Vorontsov-Daşkov bəyan etdi ki, müharibə başlayan təqdirdə
o ermənilərin onun göstərişinə əməl edəcəyinə
ümid bəsləyir. Rusiya ermənilərlə
maraqlanmırdı, o hazırlaşırdı ki, öz
eksnansionist siyasətlərini həyata keçirmək üçün
ermənilərdən silah qismində yararlansın, vəssalam...
Türkiyəyə kor-koranə kin bəsləyən
ermənilər başa düşmürdülər ki,
gözlənilən müharibədə onlar üçün
ən alçaq rol hazırlanıb".
Qeyd etmək lazımdır ki, yüksək rütbəli
çar məmurları arasında ermənilərə qarşı
tamamilə sinik münasibət bəsləyənlər də
vardı. Məsələn,
məşhur rus diplomatı knyaz Lobakov-Rostovski yazırdı:
"Ermənistan Rusiyaya ermənisiz lazımdı".
"Daşnakstyun"un Rusiya imperatoru II Nikolaya müraciətində
deyilirdi:
"Bizim qəlbimiz odlu istəklə dolub, bu istək
ona görədir ki, bizim boynumuza bu sınaqda düşən
tale rus silahının yeni şöhrəti və Rusiyanın
Şərqdə tarixi vəzifəsinin həlli ilə
yekunlaşsın.
Qoy rus bayrağı Bosforda və Dardaneldə
dalğalansın. Böyük hökmdar, qoy Sizin iradənizlə
Türkiyənin boyunduruğu altında qalmış xalqlar
azadlıq qazansın".
Zori Balayan bu gün bu sözlərin altından
sözsüz ki, imza ata bilər.
Bununla belə, erməni siyasətçiləri hərdən
tarixin dolanbaclarında tamamilə başqa cür bəyanatlar
verirdilər.
Belə ki, Qafqaz seymində Ermənistanın nümayəndəsi
kimi çıxış edən Aleksandr Xatisyan demişdir:
"Mən qəti surətdə bəyan edirəm ki, ermənilər
Türkiyənin ən loyal vətəndaşlarıdır və
Osmanlı imperiyasının ərazi bütövlüyünə
qarşı yönəlmiş bütün iddiaları rədd
edirlər".
Bu sitata
istinad edən F.Kazımzadə yazır: "Otuz illik ənənədən
sonra erməni düşüncəsində bu sayaq
dönüş sarsıdıcı idi və demək olar ki,
inandırıcı deyildi".
Əslində də bu inandırıcı deyildi,
axı, bir neçə ay qabaq ermənilər Türkiyənin
altı vilayətində erməni muxtariyyəti
yaradılmasını tələb etmişdilər və bu məqsədlə
də terrora əl atmışdılar.
Siyasi məqsədləri və ərazi iddiaları uğrunda mübarizədə terroru kəsərli üsul kimi qəbul edən "Daşnakstyun" öz rəsmi proqramında, Ermənistanda və eləcə də bütün dünyada digər terror təşkilatları üçün presedent yaradıb. Bununla belə ən dəhşətlisi odur ki, əgər dünyadakı digər terror təşkilatları məhz terrorçu adlandırılsa da, erməni siyasi terroru, əsasən sırf siyasi mübarizə forması kimi qəbul olunur. XIX əsrin axırlarında türk siyasi xadimlərinə qarşı başlayan siyasi terror, XX əsrdə "Gənc türklər"in rəhbərləri -Tələt paşanın, Ənvər paşanın, Camal paşanın (qatillər məhkəmədə bəraət alıblar), müstəqil Azərbaycan respublikasının görkəmli xadimləri -baş nazir Fətəli xan Xoyskinin, parlament spikerinin müavini Həsən bəy Ağayevin, nazir Behbud xan Cavanşirin (onun da qatili bəraət alıb) və 50-ci illərdə türk diplomatlarının qətlləri ilə sonuclandı.
Moskva metrosundakı və Parisin Orli aeroportundakı partlayışları da bu məşhur siyahıya daxil etməliyik. Terrorun dadını bilən ekstremistlər Ermənistanın özündə belə daxili siyasi çəkişmələrdə terrordan istifadə edirlər, belə ki, Yerevanda parlament rəhbərlərinin parlament binasında güllələnməsini yada salmaq yetər. Amma erməni qatilləri tərəfindən törədilən bütün bu qanlı aksiyalar, sırf terror fəaliyyəti kimi dünya ictimaiyyəti tərəfindən mühakimə olunmur, əksinə, bu aksiyaları törədənlər məhkəmədə bəraət alırlar. Hətta hüquq- müdafiəçiləri də müxtəlif arqumentlərin köməyi ilə qatillərin qəyyumu kimi çıxış edirlər.
1988-ci ildə faciəli Sumqayıt hadisələrinin araşdırılması zamanı da mahiyyətcə buna bənzər təhriflər baş verdi.
3 mart, 1988-ci ildə "Bakinski raboçi" qəzetində belə bir məlumat yayımlanmışdı:
"Məlum olduğu kimi fevral ayının 28-də bir qrup xuliqan elementlər tərəfindən qanun pozuntularına yol verilib. Hüquqa zidd hərəkətlərdə, Dağlıq Qarabağ və Ermənistan hadisələri ətrafında yaranmış təhrikçi şayiələrin təsiri altına düşmüş qeyri-yetgin insanlar iştirak ediblər. Bundan istifadə edən qeyri-mütəşəkkil qüvvələr və hissiyyata qapılmış cinayətkar elementlər quldurçuluq hərəkətləri törədiblər. Faciəli hadisələr baş verib, qurbanlar var".
Dəqiqləşdirilmişdi ki, 32 insan həlak olub, 26 erməni, 6 azərbaycanlı. Sumqayıtda baş vermiş zorakılıq hadisələri dərhal Azərbaycan ziyalılarının nümayəndələri, o cümlədən yazıçılar tərəfindən kəskin şəkildə qınanıldı.
"Dəhşətli Sumqayıt hadisələrinin günahkarlarını, cinayətkar elementləri bağışlamaq olmaz. Biz bu faciənin baiskarlarını hiddətlə qınayırıq"- Bizim 28 iyul 1988-ci ildə "Sovetskaya kultura" qəzetində yayımlanmış məktubumuzda belə deyilir.
Bununla belə erməni kütləvi informasiya vasitələri, SSRİ-nin Ermənistandan olan xalq deputatları bir qayda olaraq bizim ziyalıları guya Sumqayıt faciəsinə biganə yanaşdığımıza görə suçlayırdılar.
(Ardı var)
ANAR
525-ci qəzet.-
2013.- 19 dekabr.- S.4.