"Qafqaz regionunun inkişafı üçün Qarabağ münaqişəsinin həlli vacibdir"
RUFİZ QONAQOV:
"PREZİDENT SEÇKİSİ ÖLKƏNİN DAHA DA
İRƏLİYƏ GETDİYİNİ VƏ İSLAHATLARA
MEYİLLİ OLDUĞUNU NÜMAYİŞ ETDİRDİ"
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) İctimai Birliyi dünən Beynəlxalq Mətbuat Mərkəzində növbəti ümumi yığıncağı keçirilib. Tədbirdə millət vəkilləri, QHT rəhbərləri və media nümayəndələri və digər qonaqlar iştirak edib.
BMAM sədri Rufiz Qonaqov Mərkəzin illik fəaliyyəti ilə əlaqədar geniş məruzə ilə çıxış edib. R.Qonaqov çıxışında ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra vacib ictimai, siyasi məsələlərlə əlaqədar BMAM-ın mövqeyini açıqlayıb. O, belə deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tarixi məqam yetişib. Müəyən irəliləyişlər var. Qərb də başa düşməlidir ki, bütöv Qafqaz regionunda iqtisadi, siyasi və sosial inkişafa nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. Bunun üçün münaqişənin həlli üzrə ATƏT Minsk Qrupunun tərkibində dəyişiklik edilməlidir. Fransanın həmsədrliyi Avropa Birliyinin həmsədrliyi ilə əvəz edilməli və hər bir Avropa Birliyinə üzv dövlətlərinin bir xüsusi nümayəndəsi danışıqlara qatılmalıdır. Bununla bərabər, bu tərkibə Türkiyə də cəlb edilməlidir. Bu formatda keçirilən görüşlərdə münaqişənin həllinə nail olmaq üçün daha real şanslar yarana bilər. Türkiyənin bu formata daxil edilməsi isə daha vacibdir. Çünki Türkiyə-Ermənsitan münasibətlərinin yaxşılaşdırılmsı və sərhədlərin açılması məhz, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir".
O bildirib ki, Azərbaycanda keçirilən seçkilər ölkədə stabilliyin olduğunu, siyasi mədəniyyətin formalaşdığını və ölkənin daha da irəliyə getmək və islahatlara meylli oduğunu üzə çıxardı: "Bu, imkan verdi ki, Azərbaycan qlobal məkanda ciddi bir fiqur olduğunu sübuta yetirsin. 2015-ci ildə ilk Avropa Yay Olimpiya Oyunları Bakı şəhərində keçiriləcək və bunun üçün də ölkədə ciddi siyasi stabilliyin olması zəruri haldır. Azərbaycanın sivil dünyanın bir parçası olduğunu və bunun dünya tərəfindən də belə başa düşüldüyünün daha bir sübutu Şahdəniz Qaz Yatağının ikinci fazasının istismarı üçün 40 milyard dollar məbləğində olan layihələndirmə işinin başlanması üçün tərəflər arasında bağlanan müqavilədir. Artıq Azərbaycan neft, həm də qaz sektorunda qlobal bir dövlətə çevrilməkdədir".
Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanın Avropa Birliyi ilə vizanın sadələşdirilməsi sazişini imzaladığını deyən R.Qonaqov artıq Azərbaycanın Avropa ailəsinin üzvü olmağa bir addım da yaxınlaşdığını bildirib: "Bu, çox böyük bir irəliləyişdir. Ermənistan Rusiyanın təzyiqi ilə geri çəkilib. Gürcüstan Rusiya ilə çətin dövrlərini yaşayır. Ukraynada xaos davam edir. Azərbaycan isə həm Rusiya, həm də Avropa Birliyi ilə balanslı siyasətini uğurla davam etdirə bilib. Bu bir daha onu göstərir ki, Azərbaycanın balanslı siyasəti xarici siyasətdə ciddi uğurlar əldə edib".
O, vətəndaş cəmiyyətinin də ciddi inkişaf mərhələsinə qədəm qoyduğunu deyərək bunları söyləyib: "Artıq beynəlxalq aləmdə də uğurlu layihələr Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu istiqamətdə QHT-lər tərəfindən ciddi işlər aparılır və Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Bu məqamda ölkəmizdə vətəndaş cəmiyyəti ilə nazirliklər, dövlət qurumları arasında ciddi işbirliyi və məsləhətləşmələr aparılmalıdır. Bütün dövlət qurumları nəzdində İctimai Komitələrin yaradılması davam etməli və həmin qurumlarda daha geniş vətəndaş cəmiyyəti təmsilçiləri iştirak etməlidir. Bu sektorun aparıcı qüvvələrindən biri olan QHT-lər dövlətin əsas tərəfdaşlarından biridir. 2 iyul 2012-ci ildə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun QHT-lərlə görüşü zamanı o, bu fikri dövlət rəsmisi olaraq səsləndirdi və bunu bu gün də hiss edirik. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin artırılması bunun bariz nümunəsidir. Şuranın sədri, millət vəkili Azay Quliyev QHT-lərin dövlət quruculuğunda iştirakının təmin olunması üçün bir sıra qanunların qəbul olunmasına nail olub".
BMAM sədri Mərkəzin qarşısında duran vəzifələrindən də danışıb. O bildirib ki, 2013-cü ildə BMAM qarşıya qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gəlib: "Ötən il üçün gördüyümüz işləri sistemləşdirsək belə bir mənzərə alınar. Ötən il Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yeni dünyada yeniləşən Azərbaycan: reallıqlar və faktlar" layihəsi tərəfimizdən həyata keçirilib. Layihə çərçivəsində sosial şəbəkələrdə müxtəlif ictimai müzakirələr tərəfimizdən təşkil olundu, habelə bir neçə dəyirmi masa keçirilib. "Azərbaycan demokratik inkişaf yolunda" mövzusunda keçirilən tədbirlərimizdə Azərbaycanın sosial-iqtisadi inkişafı, demokratik dövlət quruculuğunda əldə olunan nəticələr geniş auditoriyada təbliğ olundu.
Daha sonra təşkilatımız fevral ayında təşkil olunan və bütün il boyu davam edən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirlərdə aparıcılardan və təşkilatçılardan biri oldu. Üzvlərimiz böyük fəallıq göstərdilər. May ayında isə təşkilatımız digər QHT-lərlə birgə QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Şuşaya azadlıq" aksiyalarında da fəal iştirak edib. BMAM beynəlxalq təşkilatlarla birgə müxtəlif dəyirmi masa və konfransların təşkilatçısı olub. Eyni zamanda, 2013-cü il prezident seçkisində yaxından iştirak etmiş və bu böyük siyasi kampaniyada aparıcı QHT-lərdən biri olub. Seçkilərin monitorinqinin aparılmasında iştirak etmiş və demək olar ki, bütün ölkə üzrə seçkilərin monitorinqinin təşkilində əsas QHT-lərdən biri olub. Mərkəz seçki günü isə "exit-poll"un keçirilməsində iştirak edib. Onlarla üzvümüz prezident seçkinin "exit-poll"unda iştirak edərək və real seçki mənzərəsinin öyrənilməsində fəallıq göstərib. Qarşımızda duran əsas vəzifə və hədəflərimiz Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi, ölkəmizə qarşı ikili standartların tətbiqinə qarşı QHT-lərin, Dağlıq Qarabağ probleminin dünya arenasına çıxarılmasında və ədalətli, Azərbaycanın milli maraqlarına uyğun həll olunmasında vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinin təşkilidir. Eyni zamanda vətəndaş cəmiyyəti sektorunun fəaliyyət dairəsinin genişlənməsi, "İctimai İştirakçılıq Haqqında" qanunun təbliği və tətbiqinə nail olunması, demokratik cəmiyyət quruculuğunda fəal iştirakımızı davam etdirmək, ölkəmizin Avrointeqrasiya siyasətinin davam etdirilməsində yaxından iştirak etmək də qarşıdan duran vəzifə və hədəflərimizdəndir. Misiyamız inkişaf etməkdə olan dünyada, xüsusən də Azərbaycan və regionda geopolitik durumu qiymətləndirmək, region üçün əhəmiyyətli olan beynəlxalq münasibətlər konteksində araşdırmalar və tədqiqatlar aparmaq və ictimai müzakirələr təşkil etməkdir".
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Avrasiya İnstitutu Beynəlxalq Araşdırmalar Mərkəzi BMAM ilə əməkdaşlıq edir. O, mədəniyyətimizin daha geniş təbliğ olunması istiqamətində də bu Mərkəzin fəaliyyət göstərdiyini deyib: "Bu gün dünya virtuallaşır. Gənclərimiz sosial şəbəkələrdə çox aktiv olmalıdırlar. Eyni zamanda, mən bütün gəncləri qeyri-hökumət təşkilatlarının işində aktiv iştirak etməyə çağırıram. Bu gün ölkəmizdə QHT-lər daha da güclənir və onların hər bir layihəsi cəmiyyətə əsaslı dərəcədə təsir göstərir. QHT-lər ölkəmizin tanıdılması, dövlətçiliyimizin qorunması istiqamətində də uğurlu fəaliyyət göstərir. Hesab edirik ki, görülən işlər ölkəmiz və vətənimiz üçün çox əhəmiyyətlidir".
BMAM-ın eksperti "İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyinin sədri Rəfail Becanov bunları söyləyib: "Milli mətbuat, QHT-lər bu sektorun əsas və aparıcı sektorlarından olmaqla, cəmiyyətin inkişafına öz töhfəsini verməkdədir. Söz və mətbuat azadlığı, informasiya təminatı, əhalinin maarifləndirilməsi, insan hüquqlarının müdafiəsi baxımından həyata keçirilən sistemli fəaliyyət nəticəsində vətəndaş cəmiyyətinin inkişafına görə Azərbaycan Avropa dövlətləri ilə bir sırada dayanır. Keçmiş postsovet ölkələrində vətəndaş cəmiyyətinə aid edilən sektorun fəaliyyətinin dinamikası baxımından Azərbaycanda real və təcrübəyə çevriləcək ənənələr formalaşıb. Vətəndaş cəmiyyətinin maraqları və dövlətin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək hesabına bu gün demək olar ki, vətəndaş cəmiyyəti dönməz inkişaf mərhələsindədir. Bu sahədə çox işlər görülüb, onlarla layihələr həyata keçirilib. Bundan sonra da fəaliyyətimizi genişləndirməli və dövlət quruculuğunda öz sözümüzü deməliyik. Hesab edirəm ki, QHT nümayəndələri dövlət qurumlarına transfer olunsa, daha çox fayda verə bilərik. Şəffaf cəmiyyət formalaşmasında iştirak etməliyik, Elektron hökumət və Açıq hökumətin təşviqində fəaliyyətimizi gücləndirməliyik. Azərbaycanın qarşısında duran əsas məsələ dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol verməməkdir - bu siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyəti öz fəaliyyətini stimullaşdırmalıdır. İqtisadi siyasətin sistemli idarəolunması üçün səmərəli təklifərlə çıxış etməliyik. 2014-cü il bələdiyyə və 2015-ci parlament seçkilərində aktiv olmalıyıq. Bu kimi ciddi məsələləri həll etmək üçün bu və ya digər məsələləri həll etmək üçün bir qrup aparıcı QHT-lərin öz aralarında saziş imzalaması labüddür. Bu sazişin məqsədi nəzərdə tutduğumuz planların reallaşdırılması və fəaliyyətimizin əlaqələndirilməsidir".
BMAM-ın Gənclər və layihələr sektorunun rəhbəri Həbib Heydərov isə çıxışında gəncləri daha da inadkar və qətiyyətli olmağa səsləyib.
Daha sonra BMAM üzvləri, millət vəkilləri,
QHT rəhbərləri aidiyyatı dövlət
qurumlarının nümayəndələri
çıxış ediblər.
AQİL
525-ci qəzet. - 2013.- 19 dekabr.- S.
3.