Mədəniyyət yolunun
yolçuları
Bu gün
(19.12.2013) Azərbaycan Prezidenti İlham Əliyev cənablarının
Sərəncamı əsasında 90 illik yubileyini böyük
ruh yüksəkliyilə keçirdiyimiz Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti
sintetik xarakterli ali təhsil ocağıdır. Azərbaycan
Prezidentinin 10.XII.2013 tarixli Sərəncamı ilə Azərbaycanda
təhsilin inkişafındakı xidmətlərinə görə
ADMİU-nun bir sıra əməkdaşlarına əməkdar elm xadimi, əməkdar incəsənət
xadimi, əməkdar artist, əməkdar müəllim, əməkdar
rəssam fəxri adlarının, “Tərəqqi”
medallarının verilməsi müstəqil Azərbaycan
dövlətinin bu təhsil ocağına verdiyi böyük
qiymətdən xəbər verməklə yanaşı
kollektivimizdə də sonsuz minnətdarlıq hisslərini
coşdurmuşdur. Bədii-yaradıcı və
elmi düşüncələrin üzvi sintezi bu təhsil
ocağının gözəçarpan özəlliyini
müəyyənləşdirir. Uzun illərdir ki,
universitetin rəhbərliyini və bütün məsuliyyətini
üzərinə götürmüş əməkdar elm
xadimi, doktor-professor Timuçin Əfəndiyev elə ilk
gündən öz fəaliyyətinin konseptual
proqramını hamıya bəyan etdi, onun həyata keçirilməsi
uğrunda yorulmadan və heç bir kompromisə yol vermədən
çalışmağa başladı. 90 illik yubileyimizə
isə hörmətli rektor möhtəşəm bir hədiyyə
ilə gəldi: universitetin 90 illik şərəfli yolunu
işıqlandıran "Mədəniyyət və İncəsənətimizin
məbədgahı" (Timuçin Əfəndiyev,
Bakı-2013, ADMİU-nun Nəşriyyat-Poliqrafiya mərkəzi)
adlı yeni kitabı T.Əfəndiyevin uğurla həyata
keçirdiyi konseptual proqramının növbəti-bu
günkü mərhələsini işarələyən dəyərli
tədqiqat əsəri kimi milli bədii təhsilin tarixinə
düşdü. Bu ensiklopedik əsər kitabın redaktoru
görkəmli alim, filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayevin təbirincə desək,
"mədəniyyət və incəsənətimizin səlnaməsidir".
"Mədəniyyət və
İncəsənətimizin məbədgahı" adlı bu
əsər Azərbaycanda milli bədii təhsilin görkəmli
təşkilatçısı və uzun illər Azərbaycan
mədəniyyəti, incəsənəti üçün
kadr hazırlığı prosesinə rəhbərlik edən
sanballı alimin qələminin hələ ki, son məhsuludur. Sözügedən kitabda 90 yaşlı qocaman bədii
təhsil ocağının müxtəlif sahələrinin
inkişaf xüsusiyyətləri öz əksini tapıb.
Burada milli bədii təhsilin tarixi və inkişaf mərhələləri
90 illik şərəfli yolun uğurları konteksində
"Azərbaycanda peşəkar teatr təhsilinin yaranması
və inkişaf mərhələləri", "Aktyor, rejissor
və teatrşünas kadrların
hazırlığının yeni mərhələsi",
dövrün ictimai sifarişi zəminində "Ekran sənətlərinin
tədrisi", "ADMİU-da musiqi təhsili"-püxtələşmə
dövrü və bugünü, "Azərbaycanda ilk ali rəssamlıq
təhsili", "Tədris prosesində ictimai-humanitar elmlərin
rolu", "Kulturologiya yeni elm və tədris sahəsi
kimi", "ADMİU-da tədris prosesinə və
yaradıcılığa xidmət edən qurumlar",
"Universitetimiz dünya meridianlarında" adlı hissələrdə
araşdırılır. Təqdirəlayiq
haldır ki, müəllif milli bədii təhsilin tarixini, onu
istiqamətləndirmiş və formalaşdırmış
görkəmli sənətkar-pedaqoqların pedaqoji fəaliyyətini
ümumi şəkildə araşdırmır, hər bir sənət
sahəsinə, hər bir pedaqoq-sənətkara xüsusi və
obyektiv bir münasibət nümayiş etdirir.
Müəllif milli bədii təhsilin ilkin inkişaf mərhələsindən
danışarkən yazır ki, yarandığı ilk
dövrlərdən etibarən Azərbaycanda mədəniyyət
və incəsənət üzrə mütəxəssis
hazırlayan universitetimiz öz başlanğıcını
1923-cü ildə Azərbaycan Maarif
Komissarlığının qərarı ilə
yaradılmış Bakı Teatr Məktəbindən
götürür. O zaman məşhur sənətkarımız, Milan və
Kiyev şəhərlərində təhsil almış, opera
sənətimizin ilk professional müğənnisi, SSRİ Xalq
artisti Şövkət Məmmədovanın təklifi və
təşəbbüsü ilə yaradılmış bu sənət
məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs
demiş və onun inkişafında xidmətləri olmuş sənətkarlardan
Ə.Haqverdiyev, C.Cabbarlı, H.Cavid, A.M.Şərifzadə,
Ü.Rəcəb, M.Kirmanşahlı, A.Tuqanov, R.Sarabski və
başqalarının adları xüsusi qeyd olunmalıdır.
Teatr Məktəbinin ilk məzunları içərisində
F.Qədri, R.Əfqanlı, Ş.Şeyxov, H.Qafqazlı,
sonrakı illərdə Ə.Bədəlbəyli, Ə.Ələkbərov,
Ə.Şərifov, G.Həsənova, N.Zeynalova və başqa
tanınmış sənətkarlar olmuşlar.
T.Əfəndiyev ADMİU-nun 90 illik yubileyinə həsr
etdiyi "Mədəniyyət
və İncəsənətimizin məbədgahı"
adlı kitabında milli bədii təhsilin tarixini yazarkən
tarixilik, müasirlik aspektlərini bir-birindən ayırmır
və tədris ocağının təməli səciyyələrinin
heç birini nəzərdən qaçırmır. Kitabın
bütün fəsilləri maraqla oxunulur. Həm teatr və
kino sənətini tədris edən pedaqoqlar, musiqi təhsilinin
nümayəndələri, həm də rəssamlıq və
kulturologiya tədris sahələrinin təmsilçiləri və
bu sənətləri öyrənən tələbələr
hər sahənin müxtəlif dövrlərdəki tədris
prosesinin mürəkkəb mərhələləri ilə tanış olur, müəllifin bədii təhsil
tarixinin çətin çağlarına obyektiv münasibətinin
şahidinə çevrilirlər. Bir sözlə, səkkiz
hissədən ibarət olan bu kitabın hər bir hissəsi
milli bədii təhsil tarixinə dərindən bələd
olan təəssübkeş bir alimin təhsil prosesini
ölkənin mədəni-ictimai hadisələri fonunda
orijinal araşdırmasıdır və bədii təhsil
tarixini bu günümüzün müstəvisində
obyektivliklə canlandırmasıdır. Sözügedən
kitabda 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr
İnstitutu yaradılmasından, o dövrdə burada dərs
deyən görkəmli sənətkarların pedaqoji fəaliyyətindən
tarixi-xrolonoji ardıcıllıqla söz açılır.
1968-ci ildə bu ali təhsil ocağı
Azərbaycan Dövlət İncəsənət İnstitutu
adlandırılır və ölkəmizin teatrları
üçün kadr hazırlığı prosesi getdikcə
daha da intensivləşir. 1991-ci ildə isə institutumuz Azərbaycanın
ali məktəbləri içində ilk
olaraq universitet statusunu qazanır.
İxtisasıma və fəaliyyət sahəmə
uyğun olaraq küll halında çox maraqla oxunulan bu
kitabın "Azərbaycanda peşəkar teatr təhsilinin
yaranması və inkişaf mərhələləri", eyni
zamanda "Aktyor, rejissor və teatrşünas kadrların
hazırlığının yeni mərhələsi"
bölmələrinin üzərində dayanacağam. T.Əfəndiyev əsərində xüsusi
olaraq qeyd edir ki, Azərbaycanda Bakı Teatr Məktəbi
yarandığı zaman (1923-cü il) artıq milli teatr sənəti
kifayət qədər uzun və səmərəli tarixi
inkişaf yolu keçmiş, çox uğurlu və qüdrətli
aktyorluq məktəbi formalaşmışdı. Bu mənada, belə bir faktı qeyd edə bilərik
ki, Bakı Teatr Məktəbi "quru yerdə"
yaranmamışdı, milli teatr prosesinin estetik platforması
üzərində bərqərar olmuşdu. Bir həqiqəti də qeyd etmək zəruridir ki,
Azərbaycanda teatr təhsili sistemi, daha konkret desək, Teatr Məktəbi
dövrün sosial-mədəni və ictimai-siyasi tələbi
ilə yaradılmışdı". Müəllif
yazır ki, "o vaxt teatrın yaradıcılıq həyatının
kökündən dəyişilib yenidən qurulması
üçün rejissor mədəniyyəti, aktyor təhsili
məsələləri günün vacib şərti kimi irəli
sürülürdü. Onu da qeyd edək
ki, Bakı Teatr Məktəbi yalnız Azərbaycanda deyil,
bütün Şərqdə ilk teatr təhsili ocağı
idi. Bu məktəb eyni zamanda Qafqaz və
Orta Asiya xalqlarının mədəni inkişafında, teatr
sənətinin professional mərhələyə keçməsində
əvəzsiz xidmətlər göstərmişdir.
1945-ci ildə Bakı Teatr Məktəbinin əsasında
Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. İnstitutun
direktoru respublikanın əməkdar müəllimi M.Musayev
oldu. O, 1959-cu ilə qədər bu təhsil
ocağına rəhbərlik etdi. Bu illərdə
institutda "Aktyorluq", "Rejissorluq" fakültələri
fəaliyyət göstərirdi. Eyni zamanda, burada
"Aktyor və rejissor sənəti",
"Teatrşünaslıq", "Dil və ədəbiyyatşünaslıq"
və başqa kafedralar da təsis edildi. "Aktyor
və rejissor sənəti" kafedrasına professor R.Təhmasib,
"Teatr tarixi" kafedrasına dosent A.Mudrov, "Ədəbiyyat"
kafedrasına filologiya elmləri doktoru, professor
Ə.Sultanlı rəhbərlik etməyə başladılar.
Görkəmli Azərbaycan rejissorları
A.İsgəndərov, M.Məmmədov, M.Haşımov,
dramaturqlardan S.Rəhman, filoloq alimlərdən M.C.Cəfərov
pedaqoji işə cəlb edildilər. Qısa müddətdə
bu ali məktəbdə 7 professor, 3 dosent, 4 baş müəllim,
xalq artistləri, əməkdar artistlər, əməkdar incəsənət
xadimləri dərs deməyə başladılar.
Müəllif
milli bədii təhsil prosesində böyük xidmətləri
olan xalq artisti K.Ziyanın və xalq artisti, professor R.Təhmasibin misilsiz
xidmətlərini böyük ehtiramla qeyd edir.
T.Əfəndiyev qeyd
edir ki, "1953-cü ildə "Teatrşünaslıq"
ixtisası üzrə ilk buraxılış oldu. Məzunlar arasında görkəmli şair və
dramaturq H.Cavidin qızı Turan Cavid də vardı. T.Cavidin həyatı və fəaliyyəti
universitetimizlə sıx bağlı olmuşdur. O, uzun
illər "Azərbaycan teatrı tarixi"ndən dərs
demişdir. Onun pedaqoji fəaliyyəti böyük səmərə
vermiş, "Teatr tarixindən səhifələr",
"Kazım Ziya haqqında xatirələrim", "Bir
aktyorun rol dəftərçəsi" əsərləri,
habelə "Azərbaycan teatr tarixi" adlı tədris
proqramı tələbələr üçün əyani vəsait
rolunu oynamışdır". Müəllif böyük
hörmət və ehtiramla SSRİ xalq artisti, rejissor A.İsgəndərovun,
SSRİ xalq artisti, sənətşünaslıq doktoru,
professor M.Məmmədovun, görkəmli rejissorlar xalq artistləri
M.Haşımovun, T.Kazımovun, Z.Nemətovun,
A.Kazımovun, C.Səlimovanın,
AMEA-nın müxbir üzvü, sənətşünaslıq
doktoru, professor, teatrşünas-alim C.Cəfərovun,
professorlardan M.Allahverdiyevin, İ.Kərimovun, R.Sadıxovun,
İ.Rəhimlinin, İ.İsrafilovun və
başqalarının pedaqoji ustalıqlarını təhlil
edir.
T.Əfəndiyevin "Mədəniyyət və
İncəsənətimizin məbədgahı" əsərini
oxuyarkən, görürük ki, milli bədii təhsilin
tarixində imzası olan heç kim
unudulmayıb, heç kimyaddan çıxmayıb...
"Müstəqilliyimizin
ilk mərhələsində bütün sahələrdə
olduğu kimi teatr təhsili sistemində də ciddi çətinliklər
özünü göstərməyə
başlamışdı. Bu zaman İncəsənət
İnstitutu artıq universitet statusu qazanmışdı.
Universitetin yenidən qurulması və təkmilləşməsi
prosesi başlandı: yeni kafedralar açıldı, elmi-tədqiqat
və metodiki işlərin miqyası böyüdü, təzə
ixtisaslar yaradıldı və tədris prosesinin
inkişafı özünü həm də "Sənətşünaslıq",
"Aktyor sənəti", "Rejissor sənəti"
fakültələrinin yenidən təkmilləşdirilməsi
istiqamətində göstərdi".
Müəllif
çağdaş Azərbaycan teatrının istiqamətini təyin
edən, öz yaradıcılığında milli teatr ənənələri
ilə dünya teatr prosesinin qabaqcıl təcrübələrini
üzvi şəkildə birləşdirən rejissorlardan
Vaqif İbrahimoğlu və Azər Paşa Nemətin də pedaqoji fəaliyyətini
xüsusi dəyərləndirir.
Universitetimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi, dünyada teatr təhsilinin tədrisi
təcrübəsinin öyrənilməsi istiqamətində əhəmiyyətli
addımlar atılır.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti bilavasitə ölkənin teatr şəbəkəsi
ilə sıx əməkdaşlıq edərək, eyni
zamanda, mədəniyyət mərkəzi və yeni rejissor,
aktyor, teatrşünas kadrlar yetişdirən müəssisə
kimi də məhsuldar işləməkdədir. Azərbaycanda mədəniyyət siyasətinin, incəsənətin
tədrisinin düzgün qurulmasında, milli mədəniyyətin
inkişafında, mədəni irsimizin qorunmasında, onun tələbələrə,
gənc nəslə ötürülməsində Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin xidmətləri danılmazdır. "Azərbaycan
teatrı 2009-2019-cu illərdə" Dövlət
Proqramından, teatr sənətinin inkişafına yönəlmiş
Prezident Sərəncamlarından irəli gələn vəzifələrin
yüksək səviyyədə həyata keçirilməsi
siyasətinin bir qolu da, heç şübhəsiz ki, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində teatr təhsilinin düzgün təşkili və
professional şəkildə tədrisi prosesi ilə əlaqədardır.
Bu gün
müasir milli bədii təhsilin görkəmli simalarından
olan T.Əfəndiyev 90 yaşlı Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti və
onun müəllim-professor heyəti ilə mədəniyyət yoluyla inamla, qətiyyətlə
irəliləməkdədir. Bəli, tariximizin
görünməyən, sezilməyən
çağlarından başlayıb sonsuzluğa qədər
uzanan bu ulu yolla Timuçin müəllim tək irəliləmir.
Bu gün Azərbaycan incəsənətinin bütün sahələrini
təmsil edən ən görkəmli sənətkarlar onunla birlikdə çətin
və şərəfli yolun
yolçularıdır. Onun erkən
yaşlarından müəyyənləşdirdiyi İdeal
var. Həmin İdeal milli mədəniyyət və incəsənətin
milli köklərlə üzvi bağlılıqda, dünya
standartlarına uyğun istiqamətdə inkişafıdır.
Aydın məsələdir ki, bu İdealın qayəsi əbədi
hərəkət olduğuna görə ona çatmaq, yetmək
mümkün deyil, amma hərəkət, inkişaf naminə
gündəlik işlər görmək insandan
işgüzarlıq, iradə, sağlam düşüncə
və bir də ki, doğma mədəniyyətə, incəsənətə
sonsuz bağlılıq, sevgi tələb edir. İllər
boyu Timuçin Əfəndiyevlə mədəniyyət yolunu
gedənlərə, sıx təmasda olanlara onun sadalanan keyfiyyətlərə
sahib olması bəllidir və hamıya o da aydındır ki,
bu İdealın formalaşmasında böyük sənətkar,
Azərbaycan milli sənət düşüncəsinin
qoruyucusu, milli mədəniyyət və incəsənətimizin
təəssübkeşi İlyas Əfəndiyevin rolu
misilsizdir. Rektor vəzifəsinə təyin
edilən gündən Timuçin Əfəndiyev hər
şeydən öncə yeni statusunun səviyyəsini və məsuliyyətinin
miqyasını dərk etdi. Özü
üçün müəyyənləşdirdi ki, mədəniyyət
və incəsənət qarşısında borc bildiyi
işləri görməlidir. Bu gün
onun gördüyü işlərin praktiki nəticəsini
asanlıqla göstərmək olar. Belə ki, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində rektor vəzifəsində çalışan
Timuçin Əfəndiyev vaxtilə yalnız 9 ixtisasda kadr
yetişdirən, dövlət ali məktəbləri
sırasında nüfuzu o qədər də yüksək
olmayan İncəsənət İnstitutunu mədəniyyət
və incəsənət üçün 38 (!) ixtisasdan
çox kadr hazırlayan, xarici ölkələrdən öyrəncilər
qəbul edən, beynəlxalq aləmdə diplomu tanınan,
özünün aspiranturası, doktoranturası, müdafiə
şurası, muzeyi, nəşriyyatı, elmi-nəzəri
jurnalları, müstəqil "Tədris Teatrı",
müasir tədris korpusları və s. olan yüksək
statuslu Universitet səviyyəsinə yüksəltmişdir. Mədəniyyət
və incəsənətimizin aktual tələb və
ehtiyaclarını ödəmək məqsədilə rektor
Azərbaycanda bu vaxta qədər olmayan "Balet sənəti",
"Kino rejissorluğu", "Televiziya rejissorluğu",
"Kinooperatorluq", "Xalçaçılıq",
"Modaçı rəssam", "Reklam işləri
üzrə rəssam", "Teatr və kino rəssamı",
"Estrada rejissorluğu" və bir çox başqa
ixtisasları tədris edən fakültələri
açmışdır.
Ta qədimdən
akademik çevrələrdə "öyrədərək
öyrənirəm" şüarı məlumdur. Maarifçilik yolunu müəllimlikdən
başlayan Timuçin Əfəndiyev "öyrətməyin"
ən yuxarı pilləsinə - elmlər doktoru və professor
səviyyəsinə yüksələndən sonra da öyrənmək
həvəsini itirməyib. Elmi iddialarını gənclik
illərində yazdığı "Cavidin ideyalar aləmi"
və "Azərbaycan dramaturgiyasında tarixilik və bədiilik"
adlı əsərlərində bəyan edən və
yüksək səviyyədə təsdiqləyərək
elmlər doktoru dərəcəsinə yetən T.Əfəndiyev
bir çoxları kimi bununla kifayətlənə bilərdi. Amma o, yeni elmi sahələrlə maraqlanır,
aşkarladığı yeni problemləri öyrənir,
araşdırır və 50-ə yaxın kitabında, 400-dən
artıq məqalədə əldə etdiyi qənaətləri
oxucuları - öyrənciləri ilə səxavətlə
bölüşür. Öyrəndiyi
bilgilər artdıqca üzərində
düşündüyü mətləblər də
çoxalır. Timuçin Əfəndiyevin elmi
düşüncələrinin məhsulu olan "Azərbaycan
mədəniyyəti və incəsənəti", "Azərbaycan
dramaturgiyasında metodlar", "Böyük dramaturq",
"XVIII əsr rus teatrı", "Ukrayna və Belarusiya
teatrı", "Antik ədəbiyyat", "Rus
teatrı", "Cəfər Cabbarlının və romantik
dramları", "Romantik dramaturgiyada tarixilik və bədiilik",
"Azərbaycan kino tarixi oçerkləri", "Heydər
Əliyev və milli-mənəvi dəyərlərimiz"
(2010) və "Mədəniyyətdə tarixilik və
müasirlik" (2011) adlı əsərləri,
monoqrafiyaları onun öyrəndiklərinin parlaq əksi
olaraq öyrənmək istəyənlər üçün əvəzsiz
elmi qaynaq kimi dəyərləndirilir.
Səlahiyyət sahibi olduğu gündən Timuçin müəllim zahiri çox sadə, amma gerçəkləşdirilməsi uzun illər tələb edən konseptual proqramının yeni tədris modelini açıqlamışdı. Bu modelin səciyyələri aydın və konkret idi: -nəzəriyyəçilər tədris proqramlarını bədii yaradıcı məqsəd və vəzifələrə uyğunlaşdırmalıdırlar; -yaradıcı kafedraların müəllimləri tədris prosesini elmi-nəzəri əsaslarla zənginləşdirməlidirlər; -Universitetin inzibati strukturunun fəaliyyəti göstərilən vəzifələrin təmin olunmasına yönəlməlidir. Etiraf etmək lazımdır ki, üçüncü səciyyə tez bir zamanda praktiki təzahürünü tapdığı halda, birinci və ikinci bəndlərin gerçəkləşdirilməsi xeyli zaman və zəhmət tələb etdi. Bunun səbəbi əski təcrübədən qaynaqlandığından, T. Əfəndiyev demək olar ki, sıfırdan başlamalı oldu. İllər lazım oldu ki, universitein istedadlı məzunları professor-müəllim heyətinin aparıcı qüvvəsinə çevrilərək T. Əfəndiyevin konsepsiyası üzərində qurulmuş tədris prosesinin əsas istiqamətlərini müəyyənləşdirməyə qadir olsunlar. İllər lazım oldu ki, yaradıcı kafedralarda dərs deməyə dəvət olunmuş görkəmli sənətkarlar yaradıcı peşələrinin nəzəri əsaslarını da tələbələrə öyrətməyə başlasınlar. T. Əfəndiyevin illərcə əvvəl tərtib etdiyi nəzəri modelin konkret təzahürünü bu gün Universitein Elmi Şurasının tərkibində görmək olar: çiyin-çiyinə çalışan nəzəriyyəçilər və praktiklər, sanballı alimlər və görkəmli sənətkarlar, təcrübəli pedaqoqlar və gənc müəllimlər Azərbaycanda bədii təhsilin görkəmli təşkilatçısı rektor T. Əfəndiyevin rəhbərliyi ilə üç başlıca məqsəd uğrunda çalışırlar - elm və sənət sintezi, novatorluq və keyfiyyətli tədris prosesinin dinamikası bu günkü ADMİU-nun "siması"nı müəyyənləşdirir. Bu gün, ömrünün müdriklik zirvəsində tələbələrlə, magistr və aspirantlarla canlı ünsiyyətdən yorulmayan Timuçin Əfəndiyev gələcək teatrşünaslara dərs deyir, öyrədir və adətinə görə öyrənir. Bəlkə bundadır T.Əfəndiyev düşüncəsinin mütəhərrik olmasının sirri?!
T.Əfəndiyevin "Mədəniyyət və İncəsənətimizin məbədgahı" adlı kitabı isə milli bədii təhsilin təntənəsindən xəbər verməklə, XXI əsrin milli bədii təhsil sisteminin möhkəm zəmin üzərində, güclü tarixi dayaqlara söykənərək bərqərar olunmasına və gələcəyə inamla yönəlməsinə dəlalət etməklə yanaşı, eyni zamanda 90 yaşlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə əvəzsiz bir yubiley töhfəsidir.
"... Şəriət, təriqət yoldur gedənə, Mərifət, həqiqət ondan içəri..."
YUNUS İMRƏ
Universitetimizin 90 illik yubiley təntənələri konteksində professor Timuçin Əfəndiyevin milli bədii təhsil sahəsində göstərdiyi fəaliyyət haqqında düşünəndə gözümüzün önündə ilkin olaraq uzun bir YOL obrazı yaranır. İnsanların yaranışından qədəm basdığı ulu yollardan biri onu "MƏDƏNİYYƏT" adlanan nəhəng bir məkana gətirib çıxartdı. Mədəniyyət məkanının da öz yolları olduğu üçün öz qaydaları, öz mütləq şərtləri, öz tarixi, öz poeziyası və öz elmi var. Yer üzündəki bütün mövcud yolların inikası olan mədəniyyət yollarının bir çox səciyyələri onlarla üst-üstə düşür. Yalnız bir fərq mövcuddur - mədəniyyət yollarında təsadüfi yolçular olmur! Timuçin Əfəndiyevin və ADMİU-nun mötəbər müəllim-professor heyətinin MƏDƏNİYYƏT YOLUnun yolçusu olması isə Universitetin bugünkü panoramı fonunda heç şəksizdir.
Məryəm Əlizadə
əməkdar incəsənət
xadimi,
sənətşünaslıq doktoru, professor
525-ci qəzet.-
2013.- 19 dekabr.- S.2;7.