Akif Rüstəmov: "Nəsir
İmanquliyev əsl tələbə adamı idi"
"O
HƏMİŞƏ TƏLƏBƏLƏRİNƏ
ÖVLADI KİMİ MÜNASİBƏT
GÖSTƏRİRDİ"
Dekabrın
22-də görkəmli pedaqoq, uzun illər Bakı Dövlət
Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının professoru olmuş mərhum jurnalist Nəsir
İmanquliyevin doğum günüdür. "Bakı"-"Baku"
qəzetlərinin yaradıcısı olmuş, uzun illər bu
qəzetlərə rəhbərlik etmiş Nəsir
İmanquliyev onu tanıyanların xatirində
qayğıkeş, uzaqgörən insan, müdrik alim və
bacarıqlı müəllim kimi qalıb. Həmsöhbətimiz,
Nəsir müəllimlə Bakı Dövlət Universitetində
uzun illər bir kafedrada çalışmış, vaxtilə
Jurnalistika fakültəsinin dekanı olmuş Akif Rüstəmovla
söhbətimizdə mərhum pedaqoqu xatırladıq.
- Akif
müəllim, bildiyimiz kimi, Nəsir İmanquliyev bu gün
respublikanın ayrı-ayrı kütləvi informasiya vasitələrində
çalışanların əksəriyyətinə, o
cümlədən, sizə dərs deyib. Onu necə
xatırlayırsız?
- İnsanlar dünyasını dəyişəndən
sonra, tədricən unudulur. İnsan da var ki, həmişə
hamının qəlbində yaşayır. Belələri xeyirxah əməllərinə, qayğıkeşliyinə,
həssaslığına görə başqalarından
seçilir. Nəsir müəllim ucaboy, həmişə
səliqəli geyimi ilə seçilən, üzündən
nur yağan müəllim idi. Birinci kursda tələbələrinə
"Jurnalistikaya giriş" fənnindən mühazirə
oxuyar, jurnalistikanın sirlərini öyrədərdi. Böyük həyat yolu keçmiş, mətbuatımızın
siması olan Nəsir müəllim öz təcrübəsindən
danışar, jurnalistikanın cəmiyyətdəki rolunu tələbələrə
aşılayırdı. İstərdim Azərbaycan mətbuatının
digər cəfakeşi, mətbuat tarixinin yorulmaz tədqiqatçısı
Şirməmməd Hüseynovun Nəsir müəllim
haqqında dediyi bir fikri yada salam. O deyir ki,
əgər bu gün universitetin Jurnalistika fakültəsində
işgüzar armosfer, tələbkarlıq və
düzlük, xeyirxahlıq və səmimiyyət varsa, bu
keyfiyyətləri yaradan və miras qoyanlardan biri də məhz
Nəsir İmanquliyev olub. Bəli,
yaradıcı ömür yolu keçmiş Nəsir müəllim
yaddaşımda belə qalıb.
Auditoriyanı ələ almaq hər adama nəsib olmur. Nəsir
müəllim oxuduğu mühazirələrlə tələbələri
özünə cəlb edə bilirdi. Çünki
mühazirələri elmi-nəzəri cəhətdən zəngin
idi, həm də onun "Bakı" - "Baku" qəzetlərindəki
təcrübəsi mühazirələrin maraqlı olmasına zəmin
yaradırdı. Nəsir İmanquliyev əsl tələbə
adamı idi. O, tələbələrin
yazılarını redaktoru olduğu qəzetdə dərc edər, onlara yüksək
qonorar yazardı. Beləliklə də onları
mətbuata bağlayardı. Tələbələrlə
fərdi məşğul olmağı xoşlayardı.
Onları redaksiyaya
dəvət edər, tapşırıqlar verər,
bir sözlə, tələbələri redaksiyanın "mətbəxi"
ilə tanış edərdi.
Bir dəfə məni redaksiyaya dəvət etmişdi. Onda mən
fakültəni yenicə bitirib, mərhum Nurəddin Babayevin
köməyi ilə kafedrada laborant işləməyə
qalmışdım. Qısa söhbətdən sonra dedi
ki, səni işə götürmək istəyirəm, necə
baxırsan? Düzü, bu xeyirxah təklif məni
çaşdırdı, bilmədim nə deyəm. Bir
anlıq tərəddüddən sonra eyni kafedrada işləyəcəyimizi
dedim. Elə o vaxtdan - 1969-cu ildən taleyimi Jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi kafedrasına bağladım. Hazırda Cahangir Məmmədlinin rəhbərlik
etdiyi həmin kafedranın girişində Nəsir müəllimin
barelyefi, otaqda isə portreti asılıb.
Kafedrada işə başlayandan sonra Nəsir müəllimlə
əlaqəm daha ardıcıl oldu. İş elə gətirdi
ki, onun tədris etdiyi "Jurnalistikaya giriş" fənnindən
məşgələləri aparmağı mənə
tapşırdılar. Kömək məqsədi
ilə məni Nizami küçəsindəki mənzilinə
çağırar, lazımi ədəbiyyatla təmin edərdi.
Nəsir müəllimgildə çox
olmuşam. O mənzildə duz-çörək kəsmişəm.
Bu yaxınlıq onu mənə daha yaxşı
tanıtdı.
Yeri gəlmişkən, bir hadisəni yada salmaq istərdim. Nəsir
müəllim jurnalistikanın funksiya və prinsiplərindən
mühazirə oxuyurdu. H.Zərdabidən,
C.Məmmədquluzadədən misallar gətirirdi.
"Burjua mətbuatı kapitalistin pul kisəsindən
asılıdır" - deyəndə, tələbələrdən
biri yerdən dilləndi ki, o nə deyən şeydir?. Nəsir müəllim çox
təmkinlə suala aydınlıq gətirdi və bildirdi ki,
burjua cəmiyyətində mətbuat pullu insanların maliyyə
dəstəyi ilə çıxır. Bir
neçə ölkədən nümunələrə də
müraciət etdi.
Nəsir müəllimin tələbələrə
övladı kimi münasibət göstərirdi. Mən dəfələrlə
onun şahidi olmuşam. Birinci kursda
"Jurnalistikaya giriş" fənnindən imtahan idi. Mən
də assent idim. Bir anlığa bayıra
çıxmışdım. Xəbər
gəldi ki, Nəsir müəllim çağırır.
Getdim. Qarşısında
arıq bir tələbə oturmuşdu. Dedi ki, bu tələbəyə
"əla" qiymət yazmaq istəyirəm, imkan vermir,
deyir "yaxşı" yaz. Mən tələbənin
qiymət kitabçasına baxdım, əvvəlki qiymətləri
də "əla" idi. Soruşdum niyə razı
deyilsən, Tələbə "mən "əla"ya
danışmadım, "yaxşı"mı yazın
gedim" dedi. Onu bayıra çıxardım.
Nəsir müəllim sözünün
üstündə durdu, qiymət kitabçasına "əla"
yazdı. Və dedi ki, bu tələbənin analitik təfəkkürü
var, cavabları məntiqlidir, hadisələrə qiymət
verməyi bacarır. Yadda saxla, gələcəkdə pozulmasa
yaxşı jurnalist ola bilər. Nəsir müəllim yanılmamışdı, indi
həmin o cılız, arıq tələbə jurnalistika sahəsində
tanınan peşə sahibidir.
- Kim idi o
tələbə, adını bilmək olarmı?
-
Adını çəksəm, reklam olar. İstedadlar
onun gözündən yayınmazdı. Dərs
dediyi, ümid verdiyi tələbələri "Bakı"
qəzetinə işə cəlb edər, onların
uğurlarına sevinərdi. Vaxtilə
"Bakı" qəzetinə işə
götürdüyü Famil Mehdi sonralar Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiri olur.
Yaxşı yadımdadır, kafedranın iş planına əsasən
Nəsir müəllimin açıq dərsi olmalıydı.
Onda Famil müəllim onun dərsində
oturmağı özünə rəva bilmədi. Dedi ki,
hamıya dərs deyən, qəzetin nəzəri və praktik
məsələlərini bizə öyrədən müəllimin
açıq dərsində oturmuq ayıbdır.
Bu gün Nəsir müəllimin dərs dediyi tələbələr
kütləvi informasiya vasitələrində uğurla
çalışırlar. Hamı onu həlim bir
insan kimi tanıyır. Yeri gələndə
tərs üzü də vardı. Heç
yadımdan çıxmaz. Ona imtahanda tələbə
tapşıranda əsəbləşər "nəyə
cavab versə, o qiyməti də alacaq" - deyərdi. Xoş niyyətli bu insan tələbəni incitməzdi.
- Akif
müəllim, Nəsir müəllimin yüz illiyi ilə bağlı "Kaspi"
qəzetində dərc olunmuş yazıda Sizin
haqqınızda da fikirlər yer alıb. Görünür
Nəsir müəllimlə yaxın olmusuz.
-
Aramızdakı yaş fərqinə baxmayaraq çox
yaxın olmuşuq. Dekan olduğumdan həmişə
səhər tezdən dərslərin başlanmasına 10-15 dəqiqə
qalmış fakültəyə gəlirdim. Nəsir müəllim də birinici saata gələrdi,
heç vaxt gecikməzdi. Oturub söhbətləşərdik.
Mövzular müxtəlif idi. Ölkədəki ictimai-siyasi vəziyyət, mətbuatın
durumu, qəzetlərdə etik normaların gözlənməməsi
və s. Görünür bu söhbətlər bizi daha da
yaxınlaşdırmışdı. Bir
gün gördüm fakültəyə məndən də tez
gəlib. Özü də çox kefsiz
idi. Onu heç vaxt belə görməmişdim.
Qızı Aida xanımın xəstəliyi onu
sarsıtmışdı. Kövrəldi,
gözləri doldu. Ürək-dirək
verdim. İlk dəfə idi ki, dərsi mənə
tapşırıb getdi. Axşam zəng
vurub qızının vəziyyəti ilə maraqlandım.
Aida xanımın itkisi ilə heç cür barışa
bilmirdi, elə bu da ola bilsin ustad müəllimin
dünyasını dəyişməsinə səbəb oldu.
Nəsir müəllim bir arada xəstələnmişdi,
xeyli müddət dərsə gələsi olmadı. Razı
olmadım xəstəlik kağızı gətirsin, dərsləri
özüm deyəsi oldum, maaşını da vaxtlı-vaxtında
alıb bir tələbədən göndərirdim. Vaxt tapıb ara-bir özüm də gedib baş
çəkirdim. Sağalıb ayağı qalxandan sonra
mənə dedi ki, sən məni lap xəcalətli elədin.
Bu mənim ustad müəllimə böyük hörmətim,
sayğım idi. Ayrı cür də ola bilməzdi.
İtalyan filosofu Paulo Ruffini əsl müəllim haqqında
deyir ki, müəllim bir şama bənzər,
özünü əridərək başqalarına
işıq verər. Nəsir müəllim də
ömrünün sonunadək öz yetirmələrinə
işıq bəx elədi.
- Bir daha
"Kaspi" qəzetindəki yazıya qayıtmaq istəyirəm.
Universitetin o vaxtkı rəhbərliyi iki nəfərin
- Nəsir müəllimin və Seyfulla müəllimin işdən
azad olması barədə təqdimat yazmağı sizdən tələb
edib. Bu məsələyə bir qədər
aydınlıq gətirin...
- Mən
indiyədək bu barədə mətbuatda
çıxış etməmişəm. 2009-cu
ilin dekabrında mənim 70 yaşım olanda "Azərbaycan"
qəzetində Mahmud müəllimin yazısı gedib. Həmin yazıda bu hadisəyə ətraflı yer
verilib. Yenidən o günləri
xatırlamağa ehtiyac görmürəm.
- Amma hər
halda özünüzdən eşitmək yaxşı
olardı...
-
Danış deyirsən danışım. Keçən
əsrin 90-cı ilin əvvəlləri idi. Fakültəyə yeni dekan seçilmişdim.
Ölkədə vəziyyət çox gərgin
idi. Demək olar ki, hər gün olmasa da,
həftədə 3-4 dəfə rektorluğun iclası
keçirilirdi. İclasın birində o
vaxtkı rektor məni ayağa qaldırıb ağsaqqal
müəllimlərimiz - Nəsir İmanquliyevlə, Seyfulla
Əliyevin işdən azad olunması barədə təqdimat
yazmağı tapşırdı. Və dedi növbəti
iclasa təqdimatla gəlim. Rektor onların hər
ikisinin yaşlı olmasını əsas gətirirdi. Düzü, onun gözlənilməz təklifi məni
çıxılmaz vəziyyətdə qoydu. Bircə,
çəkinə-çəkinə onu dedim ki, universitetdə
onlardan da yaşlıları var. İclas qurtardı,
kor-peşiman fakültəyə deyil, evə getdim. Səhərə kimi yata bilmədim. Növbəti iclas başlayan kimi rektorun işarəsi
ilə ayağa qalxdım. Təqdimatı
soruşdu. Dedim Nəsir müəllim də, Seyfulla
müəllim də mənim müəllimlərimdir. Belə bir təqdimat yazmaq mənimcün
ağırdır. Əsəbi halda "Get yaz, gətir"
deyib əli ilə qapını göstərdi. Öz
otağıma gəldim. Bir Allah bilir nələr
çəkirdim. Rektorun adına ərizə
yazdım, yazdım ki, xahiş edirəm məni tutduğum
dekan vəzifəsindən azad edəsiz. Əlimdə
ərizə yenidən geri qayıtdım. İçəri
daxil olub onu rektora təqdim etdim və dedim ki, dekan vəzifəsindən
getməyim barədə ərizədir. Ərizəni
almadı, dedi iclasdan sonra gələrsən yanıma. Getmədim. Axşam həm Nəsir
müəllim, həm də Seyfulla müəllim mənə zəng
vurdu. Görünür kimlərsə
onlara məlumat vermişdi. Bircə onu dedim ki, narahat
olmayın.
Səhəri gün rektor məni
çağırdı. Kabinetində əvvəl çox mehriban
söhbətimiz oldu. Sonra mənim
inadkarlığımı görüb soruşdu: "Niyə
yazmırsan, nədən çəkinirsən, belə məsləhətdir".
Dilim dinc durmadı, soruşdum ki, məsləhəti kim verib. Sanki
rektoru od götürdü. Elə bil əvvəlki
adam deyildi: "Bircə o qalıb ki, rektor
dekana hesabat versin, get, sənə bir həftə vaxt verirəm,
yaxşı-yaxşı fikirləş" - deyib ayağa
qalxdı, qapıya tərəf gəldi. Bu o demək
idi ki, otağı tərk elə. Beləcə
bir neçə dəfə məni çağırdı və
istədiyi təqdimatı ala bilmədi. Aramızda sərinlik
yarandı, çalışırdım gözünə az görünəm.
Hadisənin
gedişindən xəbərdar olan Nəsir müəllim, indi
olmasın, məni qucaqlayıb dedi ki, özün yaxşı
bilirsən, bütün bunlar mənim başımdadır,
çalış Seyfulla müəllim qalsın, mən getsəm
də olar, onsuz da iki qəzetin redaktoruyam, sən yeni
seçilmisən, qal işlə.
Təvazökarlıqdan bir qədər uzaq da olsa, deyim ki, mən sadəcə, öz vicdanlıq borcumu yerinə yetirdim. Hər ikisinin getməsinə imkan vermədim. Mənə elə gəlir ki, müəllimə hörmət qoyan hər bir kəs belə edərdi. O günləri xatırlayanda deyirəm nə yaxşı bəzi insanların sözünə qulaq asmadım. Yoxsa indi müəllim həmkarlarımın, məni tanıyanların üzünə necə baxardım?
İndi Nəsir müəllim də, Seyfulla müəllim də haqq dünyasındadır. Allah hər ikisinə rəhmət eləsin.
- Akif müəllim, jurnalist tələbələrin peşəyə olan marağını bilmək istərdik. Fakültənin müəllimi kimi qəzetlərimizin bugünü ilə bağlı nə düşünürsününz?
- İndiki tələbələrin az bir qismi peşəyə maraq göstərir. Onun kökünü qəbul imtahanlarında axtarmaq lazımdır. Çünki qəbul olunanların əksəriyyəti digər ixtisasları seçib testin sayəsində bizim fakültəyə düşüblər. Əvvəllər 1976-1991-ci illərdə fakültəyə qəbulda qabiliyyət imtahanı keçirilirdi. O da müsbət nəticəsini verirdi. Onun bərpası üçün dəfələrlə müraciət etməyimizə baxmayaraq xeyri olmayıb. Bəziləri elə bilir ki, fakültə qəbul imtahanlarına müdaxilə etmək fikrindədir. Fakültə kollektivinin iştirakı olmadan qabiliyyət imtahanlarını kim istəyir keçirsin. İstər kütləvi informasiya vasitələrinin əməkdaşları, istərsə də Mətbuat Şurasının üzvləri. Bizim üçün fərqi yoxdur, təki peşəyə marağı olanlar gəlsin.
Bu ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimində çıxış edən jurnalist, millət vəkili Aqil Abbas bu məsələni qaldırdı. Ölkə başçısı onun fikrini müsbət qarşıladı və bildirdi ki, gələcək jurnalistlərin peşəkarlığı, bacarığı təkcə testlə ölçülə bilməz.
Sualın ikinci hissəsinə gəldikdə, arzu edərdim ki, qəzetlər yeni ildə maliyyə çətinliklərindən xilas olsun, reklam bazarı, satış məsələsi qaydaya düşsün. Yeri gəlmişkən, vaxtilə dediyim bir arzunu da xatırlatmaq istərdim. Yaxşı olardı ki, Jurnalistika fakültəsində Nəsir müəllimin adına təqaüd təsis edilsin, auditoriyalardan birinə onun adı verilsin.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2013.- 19 dekabr.- S.5.