Məmməd Arazın Səməd Vurğun sevgisi

 

 

 

Böyük şairimiz Məmməd Arazın çox sevdiyi, həmişə ustad kimi xatırladığı şairlərdən biri və mən deyərdim, birincisi Azərbaycan poeziyasının korifeylərindən biri - Səməd Vurğun olub. Məmməd Araz da ədəbiyyata gələndə bir çox yaşıdları kimi Vurğun bulağından su içmişdi. "Səməd Vurğunun "Dilcan dərəsi" şeirindən heyrətlənib ilk yazını yazanda IX sinifdə oxuyurdum"-bu, Məmməd Arazın sənət tərcümeyi-halının ilk sətirləri hesab edilməlidir. M.Araz bütün ömrü boyu S.Vurğunu özünün poeziya müəllimi və ustadı hesab etmişdir. Bu fikri ayrı-ayrı faktlarla sübut edək.

Məmməd Araz bir müsahibəsində "Şeirimizin fəxri Səməd Vurğunu necə xatırlayırsınız?" sualına belə cavab vermişdi: "Səməd Vurğunu çox yaxşı xatırlayıram. Lap elə bil, dünən görmüşəm. 1950-ci ildən 55-in axırlarına, yatağa düşənə qədər dəfələrlə şeir gecələrində, xüsusilə, o zaman “Natəvan” klubunda, çox qaynar keçən yığıncaqlarda, Yazıçılar İttifaqının plenum və qurultaylarında onu yaxından görmüşəm, çıxış və məruzələrini dinləmişəm. O qədər qeyri-adi, nüfuzedici "qara işıqla dolu" mənalı gözləri vardı ki... Güclü məntiq sahibi idi. Saatlarla danışsa belə, yəqin bir cümləsi dolaşmaz, bir sözü topuq vurmazdı. Mübaliğəsiz deyərdim: onun kimi öz şeirlərini gözəl oxuyan ikinci şair tanımıram. Əllinci illərin gənc şairləri haqqında (eləcə də qələm yoldaşları barədə) necə böyük səxavətlə danışdığı da yadımdadır!"

Bəli, Məmməd Araz Səməd Vurğun böyüklüyünü, poeziyasının ölməzliyini hələ əllinci illərdə dərk etmişdi. Onun S.Vurğuna həsr elədiyi şeirlər də bunu sübut edir. Bunlar silsilə şeirlər idi və bu silsilədə S.Vurğun Füzuli, Nəsimi, Vaqif kimi klassiklərin ölməz ənənələrinin davamçısı, xalqın sevimli sənətkarı kimi vəsf olunur. "Sən tələsmədin" şeiri Səməd Vurğunun "Mən tələsmirəm" şeirinin təsirilə qələmə alınıb. Şeir S.Vurğunun anadan olmasının əlli illiyi münasibətilə qələmə alınmışdı və cavan şair şeirin son misralarını Səməd Vurğunu yüz yaşında görəcəyi arzusu ilə bitirirdi.

Bu gün əlli yaşa qoyursan qədəm,

Mənalı keçərsə yaş, keçsin nə qəm.

Bir vaxt da gələcək, deyəcək qələm;

Ömrünün yüzündə tələsmədin sən.

Vurğunun qəfil vəfatından kədərlənən cavan şair bu ölümdən sarsılsa da, son anda gələcəyə ümidini itirmir:

Günahkar görürəm torpağı, yeri,

Ömrümüz özü də sirli aləmdir.

Nədənsə insanın əzəldən bəri

Gəlişi sevincdir, gedişi qəmdir.

Əbədi susubdur bir şair səsi,

Birgünlük, beşgünlük o yatmamışdır.

Göz yaşı, qəlb ahı hələ heç kəsi

Ölüm yuxusundan oyatmamışdır.

Yox-yox, xəzan görməz onun söz bağı,

Ölümə əl çalıb gülmək gərəkdir.

Vurğun şeiriyyəti, Vurğun torpağı

Bəlkə də yüz Vurğun yetirəcəkdir.

 

Məmməd Araz 1954-cü ildə, APİ-də Səməd Vurğunla keçirilən bir görüşü belə xatırlayır: "Axırda Səməd Vurğundan əvvəl Mehdi Hüseynə söz verildi. Onun bir sözü indiyə qədər fikrimdə həkk olunub qalır. Mehdi Hüseyn demişdi: "Hər bir xalqın ədəbiyyatında elə yazıçılar var ki, birdən onların bir neçəsini ədəbiyyatdan götürsən, qətiyyən yeri görünməz. Lakin elə tək-tək sənətkarlar var ki, onların birinin yoxluğu ilə bir xalqın ədəbiyyatında uçurum əmələ gələ bilər. Bizim müasir Azərbaycan ədəbiyyatı üçün Səməd Vurğun belə sənətkar, belə şəxsiyyətdir. Onsuz bizim ədəbiyyatdan danışmaq mümkün olmazdı".

Öncə dedik ki, Məmməd Araz poeziyada ilk addımlarını Səməd Vurğunun təsirilə, onun şeirlərindən qüvvət alaraq atmışdır. İlk şeirlərindəki ayrı-ayrı ifadələr, sözlər, ümumi poetik ab-hava S.Vurğun poeziyası üstündə köklənmişdi. M.Arazın yaşıdları olan N.Həsənzadə də, C.Novruz da, T.Bayram da elə ilk şeirlərində Vurğundan bəhrələnirdilər. Ancaq çox çəkmir ki, bu təsir sovuşub keçir. Məmməd Arazın öz şair fərdiyyəti formalaşmağa başlayır.

Məmməd Araz Səməd Vurğundan nəyi öyrənir, nəyi görüb-götürür? Bu barədə yazır: "Səməd Vurğundan nəyi öyrənməyi məsləhət görərdim? Bu, bir az çətin məsləhətdir. Böyük sənətin coğrafiyası da böyük olur. Elmə nəyi, necə sevdirmək məsələsində heç bir vahid dərs kitabı ola bilməz. Burada fərdi yanaşma, fərdi öyrənmə əsasdır. Lakin bu fərdi sevgidə Vətən sevgisi ilə üzləşmirikmi? Bunlar hamısı bir relyef, bir iqlimdə birləşmirmi? Və Səməd Vurğunun yaradıcılığı, bu sevginin rəngləri göz-könül oxşamırmı?

Səməd Vurğun Məmməd Araz üçün illər keçdikcə ideal ölçüyə çevrilir. Yaradıcılıq yollarında inamlı addımlar, kamillik dövrü başlanır və artıq bu mərhələdə klassiklərə və ustadlara münasibət də dəqiqləşir. Şagird-tələbə müəlliminin yaradıcılıq dərslərini mənimsəyəndən sonra ona yeni meyarlarla, bu dəfə daha geniş rakursda yanaşır. Ola bilsin, müəllim, sənət yollarında kamilləşmiş tələbəsini əvvəlki kimi cəlb eləməsin. Ancaq Səməd Vurğun şəxsiyyəti illər keçdikcə Məmməd Arazı daha artıq dərəcədə öz cazibəsinə çəkir. Məmməd Araz yazırdı: "Səməd Vurğun haqqında yazılanlar təbiidir ki, ayrı-ayrılıqda onun böyüklüyünü göstərməyə qadir deyil. Vurğunşünaslıq indi yaranır. Bu səbirli zaman üçün 50 il nədir ki? Hələ neçə qələm sahibi bütün bu yazılanlara təzədən baxacaq, bəzilərini kənara qoyacaq, bəzilərinə yeni nüfuz verəcək. Bu, tarixin görəcəyi işdir. Ancaq mən istərdim bizim gözümüzün qabağında, nə qədər ki Səməd Vurğunla sənət yolu keçmiş yazıçılarımız sağdır, nə qədər ki Səməd Vurğunun səsini eşitmiş nəslin yadındadır, onun insani keyfiyyətlərindən, torpağa, xalqa bağlılığından, vətəndaş qayəsindən daha çox yazılsın. "Vaqif"i yüz ildən sonra da təhlil edəcəklər. Ancaq yüz ildən sonra Səmədin Muğanda kimə qonaq olması, Talıstana neçə dəfə getməsi və s. səfərləri, yazılmamış çıxışları elmi riyaziyyat kimi bir şey olacaq. İndilikdə Səməd Vurğunun ayaq basdığı hər hansı bir guşə öyrənilməsə, bu barədə yazılmasa, sonrası məlumdur".

Məmməd Arazın Səməd Vurğun sevgisi onun altmışıncı illərdə yazdığı "Səməd Vurğunla söhbət" şeirində daha bariz şəkildə nəzərə çarpırdı. Həmin şeirdə Məmməd Araz Səməd Vurğunun vəfatından sonra  şeirimizdə baş verən keyfiyyət dəyişikliklərinə, yeni meyl və tendensiyalara öz münasibətini bildirirdi.

Budur, Səməd Vurğunun 60 illik yubiley təntənəsidir: alqışlar qopur və bu alqışlardan az qalır ki, tavan sına. Amma yubilyarın özü yoxdur. Bu axşama onun ancaq səsi gəlib, çoxları elə bilir ki, gələn Səməddir, qorxuya düşürlər, ön sırada titrəyirlər. Bundan sonra şair, Səməd Vurğunun ölümü ilə bağlı ədəbi mühitdə, poeziyada baş verən proseslərə öz münasibətini bildirir:

Səndən sonra

Şeirimizin xəritəsi təzələşib.

Ona yeni şeir adlı

çox şəhərlər, kəndlər düşüb,

Yeni-yeni çaylar, göllər, bəndlər düşüb

Hələ tədqiq olunmamış dərdlər düşüb.

Doğrudan da, əllinci illərin sonlarından başlayaraq istər şeirimizdə, istərsə də nəsrimizdə mühüm keyfiyyət dəyişikliklərinin baş verməsi kimə məlum deyil?! Xüsusilə, poeziyada zamanın, dövrün tələbilə yeni proseslər baş verirdi və bunlar təbii idi.

 

əndən sonra

Yeni dağlar, dağ zirvəsi yoxdur hələ.

Yeni tənqid zəlzələsi yoxdur hələ.

Səndən sonra tənqid bir az yuxalıbdır,

Yaxşı-pisin çəki daşı yoxalıbdır.

Səndən sonra

Şeirimizə təzə-təzə yollar gəlib,

Bəzən isə

Şeirimizə qol olmayan qollar gəlib.

Ola bilsin, burada Səməd Vurğuna pərəstişdən irəli gələn subyektiv məqamlar nəzərə çarpsın, ancaq bu da təbii idi, doğrudan da, Səməd Vurğunun yoxluğu hiss olunurdu.  Bu "sənsizləşməni"-Səməd Vurğun yoxluğunu təbii ki, M.Araz kimi şairlər hiss edirdilər.

M.Arazın bu şeiri və ümumiyyətlə, onun 1967-ci ildə nəşr olunan "Ömür karvanı" kitabındakı bir neçə şeir həmin illərdə bir tənqidçi tərəfindən tənqid atəşinə tutuldu və həmin məqalədə haqsız müddəalar yox deyildi.

Səməd Vurğun sevgisi Məmməd Arazın "Qayalara yazılan səs" poemasında da davam edir. Bu, Məmməd Arazın say etibarilə sonuncu-yeddinci poeması idi.

Poema Səməd Vurğunun xatirəsinə həsr olunub. Səməd Vurğun burada YADDAŞ OBRAZ kimi iştirak edir. O, qoca bir çobanın xatirəsindən, yaddaşından bir nur kimi, işıq kimi gəlir. Çoban şairlə söhbətini olduğu kimi xatırlayır və bu xatirədə Səməd Vurğun heykəlləşir, qayalaşır. Əgər Məmməd Arazın 50-60-cı illərdə böyük şairə həsr etdiyi şeirlərində S.Vurğunun yoxluğundan doğan dərin bir nigarançılıq hissi, bu hissin yaratdığı emosional gərginlik diqqəti cəlb edirdisə, "Qayalara yazılan səs"də şairin ölməzliyi ideyası qabarıqlaşdırılır. Çünki Səməd Vurğunun xatirəsi təkcə yaddaşlarda, ürəklərdə deyil, həm də təbiətin özündə, bulaqda, dağda, qayada, küləkdə yaşayır

Onun səsi eşidildi qaya dibindən,

Binələri çadır-çadır,

Çox gəzmişəm özüm, dağlar.

Qayalarda səda verib qayıdırdı səs.

Sanki yatmış daşları da oyadırdı səs.

Bulaq deyil, səs axırdı üzüaşağı.

Vurğun səsi, Vurğun sözü, Vurğun bulağı..

Biz hansımız o nəğmədən su içməmişik?

Kəlamından cığır alıb, yol seçməmişik?

Yüz bulaqdan su içmişdi özü bəlkə də,

Söz bulağı bircə yurdda, bircə ölkədə

Bir ürəkdən başlanırdı-xalq ürəyindən,

Dünənindən, bu günündən, gələcəyindən...

 

Professor, görkəmli dilçi Tofiq Hacıyev Məmməd Arazın bu poemasını yüksək qiymətləndirərək yazırdı: "Poemaların heç birində bu dil yoxdur; o biriləri yaxşı bədii yazıdır, səlis əsər dilidir, bu isə Azərbaycan dilinin özüdür, xalqın şirin, duzlu danışığıdır, nağılın, bayatının dilidir, qartalın, bulağın, qayanın, çəmənin-çiçəyin dilidir... oxucu iki addımlıqdan Səməd Vurğunun davranışına tamaşa edir, onun səsinə məhz iki addımlıqdan qulaq asır".

Qətiyyətdə demək olar ki, Səməd Vurğundan sonra xalqın ən çox sevdiyi sənətkarlardan biri oldu Məmməd Araz. Vurğun bulağından su içən Məmməd Araz özü də poeziyada bir zirvə ucaltdı.

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2013.- 20 dekabr.- S.7.