Ədəbiyyat İnstitutunda
iki yubiley
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Xalq
şairi Məmməd
Arazın 80 illik yubileyi münasibətilə
tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı
ilə respublikamızın
hər yerində görkəmli şairin yubileyi münasibətilə
silsilə tədbirlərin
keçirildiyini diqqətə
çatdırıb. Akademik
bildirib ki, Naxçıvandan başlayan
tədbirlər Azərbaycanın
bütün bölgələrində
dərin xalq məhəbbəti və yüksək coşqu ilə keçirilir. Dövlət
səviyyəsində keçirilən
zirvə tədbirindən
sonra adətən tədbirlər bitir, lakin Məmməd Arazın yubileyi ilə bağlı tədbirlər hələ
də davam etdirilir.
Akademik qeyd edib ki, vaxtilə
ulu öndər Heydər Əliyev Xalq şairi Məmməd Arazın yaradıcılığına dərindən
bələd olub, şairlə daima ünsiyyət saxlayıb. Şairin
fəxri adlarının
əksəriyyəti ulu
öndərin imzası
ilə verilib: "XX əsrin sonlarında dövlət rəhbərliyi
tərəfindən respublikamızın
görkəmli ziyalılarının,
elm və mədəniyyət
xadimlərinin xarici ölkələrə müalicəyə
göndərilməsi ənənəsi
Məmməd Arazla başlayıb. Şairin Çadırdaş ətəyindəki
Nurçu bulağından
- ata ocağından başlayan yaradıcılığı bütün
azərbaycanlıların qəlbinə
yol taparaq ruhunu oxşayıb. Bütövlükdə Azərbaycan onun
ata ocağına çevrilib.
Səməd Vurğunun "Azərbaycan"
şeirindən sonra bu mövzuda yazmaq çətin olsa da Məmməd
Araz bunu bacarıb və doğma yurdumuza aid xeyli şeir və poema qələmə
alıb. Şairin dillər
əzbəri olmuş
şeirləri başdan-başa
Azərbaycannamədir. Məmməd
Arazın "Atamın
kitabı" əsəri
Cəlil Məmmədquluzadənin
"Anamın kitabı"ndan
sonra ən ciddi sənət əsəri kimi qiymətləndirilməlidir. Azərbaycan ədəbiyyatında lirik-romantik
şair kimi tanınan Məmməd Araz ömrü boyu Azərbaycan idealına xidmət etmiş, Azərbaycanda mərdanəlik poeziyası
yaratmışdır". Vətənpərvər şairin xalq
ruhunda yazılmış
əsərlərinin dastanlaşması,
aşıqların da
dillər əzbəri
olması akademik tərəfindən xüsusi
vurğulanıb.
Sonra filologiya elmləri doktoru Vaqif Yusifli məruzə ilə çıxış edib. O, Xalq şairi Məmməd Arazın yaradıcılıq üslubundan geniş bəhs edərək bildirib ki, görkəmli şair torpağa, Vətənin dağına-daşına, doğma yurda bağlı olub, şeirlərinə xalq ruhunu hopdurub. Filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli Azərbaycançılıq məfkurəsinin dərinləşməsində şairin xidmətlərindən danışıb, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu Xalq şairi Məmməd Arazın əsərlərinin folklorla bağlılığından bəhs edib, şairin əsərlərində xalq yaradıcılığından süzülüb gəlmiş məziyyətlərdən ətraflı söhbət açıb.
Xalq şairi Məmməd Arazın ailə üzvləri adından Milli Məclisin deputatı, yazıçı Aqil Abbas çıxış edərək xalq şairinə göstərilən dövlət qayğısından danışıb, Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
Yubiley tədbirində akademik İsa Həbibbəyli yekun sözü söyləyib, bildirib ki, görkəmli şairin xatirəsi Azərbaycan vətəndaşlarının qəlbində əbədi yaşayacaq.
Ədəbiyyat İnstitutunda füzulişünas-alim, filologiya üzrə fəlsəfə doktoru Vəcihə Feyzullayevanın da 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
İnstitutun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq ədəbiyyatşünas-alim Vəcihə Feyzullayevanın elmi yaradıcılığından danışıb. İsa Həbibbəyli V.Feyzullayevanın "Füzulinin qəsidələri" monoqrafiyasının məziyyətlərindən söz açıb, yubilyarın uzun illik elmi tədqiqatları sayəsində Azərbaycan füzulişünaslıq elminə mühüm töhfələr verdiyini, göstərilən elmi istiqamət üzrə əhəmiyyətli araşdırmalar apardığını diqqətə çatdırıb. İnstitut rəhbəri məhz adıçəkilən mərasimlə Ədəbiyyat İnstitutunun 80 illik yubileyi tədbirlərinə start verildiyini önə çəkərək elmi-tədqiqat müəssisəsinin qazandığı uğurlardan, Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixi inkişaf mərhələlərindən, institut həyatında mühüm xidmətləri olmuş görkəmli alimlərin fəaliyyətindən danışıb. Akademik İ.Həbibbəyli institutun yubileyi ilə əlaqədar hazırlanmış nəşrlər barədə də məlumat verib, bu əlamətdar tarixə AMEA rəhbərliyinin də diqqət göstərdiyini, yubileyin yüksək səviyyədə keçirilməsinin təmin ediləcəyini xüsusi vurğulayıb.
Akademik İ.Həbibbəyli tədqiqatçı alim Vəcihə Feyzullayevanı Ədəbiyyat İnstitutunun kollektivi adından təbrik edərək ona AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərmanını təqdim edib, yubilyara gül dəstəsi verib.
Sonra filologiya elmləri doktorları - institut həmkarlar təşkilatının sədri, professor Asif Rüstəmli, Fəridə Əzizova və Aida Feyzullayeva çıxış edərək yubilyarın yaradıcılığı, şəxsiyyəti barədə fikirlərini bölüşüblər.
Sonda Vəcihə Feyzullayeva çıxış edib, diqqət və qayğıya görə institut rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Ağahüseyn ŞÜKÜROV,
Amea Nizami
adına Ədəbiyyat İnstitutunun mətbuat
xidmətinin rəhbəri
525-ci qəzet.-
20 dekabr.- S.7.