Şair Taleh Həmidin oxucularla görüşü olub

 

 

Dekabrın 18-də Mirzə Ələkbər Sabir adına şəhər kitabxanasında Azərbaycan komsomolu mükafatının laureatı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" Ədəbi Mükafatının laureatı, tanınmış şair Taleh Həmidin oxucularla "Nə yaxşı dünyada şair yarandım" mövzulu görüşü keçirildi. Tədbirə çox sayda qonaqlar, poeziyasevərlər, tanınmış elm və mədəniyyət xadimləri toplaşmışdılar. Səmimi keçən bu görüşdə şairin ünvanına xoş sözlər söylənildi, onun ədəbi-bədii yaradıcılığının məziyyətləri barədə söhbət açıldı. Qeyd olundu ki, Taleh Həmidin poeziyası bugünkü və gələcək nəsillər üçün son dərəcə böyük əhəmiyyət daşıyır.

Görüşdə iştirak edənlər şair İlyas Tapdıq, Xalq artisti Yasin Qarayev, filologiya elmləri doktoru professor Mahmud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Məti Osmanoğlu, tarix üzrə fəlsəfə doktoru Anar Əliyev, tanınmış jurnalist Ələsgər Qurbanlı, şair-tərcüməçi Ruhiyyə Məmmədli və başqaları çıxış edərək, Taleh Həmid poeziyasının özəlliklərindən və onun bir insan kimi şəxsi keyfiyyətlərindən söz açdılar.

Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Gülər Məmmədova, Elşən Hacıbababəyov şairin şeirlərindən nümunələr səsləndirdilər. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Fəridə Məmmədovanın quruluşunda və ifasında səslənən "Şairin şeir çələngi" adlı kompozisiya oxucular tərəfindən alqışlarla qarşılandı.

Sonda şair Taleh Həmid özünün "Sənə məktublar yazıram" şeirlər kitabını oxuculara təqdim edib, şeirlərini oxuyub, təəssüratlarını bölüşdü. Görüşə toplaşanlar mədəniyyət tariximizdə öz yeri və əvəzsiz xidmətləri olan Mirzə Ələkbər Sabir adına şəhər kitabxanasının bu nəcib niyyətini və tarixi ənənələrə sadiqliyini dönə-dönə vurğuladılar.

 

MƏHƏBBƏT

 525-ci qəzet.- 2013.- 20 dekabr.- S.7.