Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında

 (davamı)

 

 

 

Xalq deputatlarının ilk qurultayındaca Q.İgityan Sumqayıt hadisələrinə görə kobud ifadələrlə Azərbaycan xalqının ünvanına təhqir yağdırdı. Biz etirazımızı bildirdik və İgityan üzr istəməli oldu. Bu qurultayda mən də çıxış etdim:

"Biz Sumqayıt cinayətlərini sərt  qətiyyətlə dəfələrlə mühakimə etdiyimiz kimi  onu da tələb etdik ki, Ermənistanda azərbaycanlılara  qarşı Sovet və dünya ictimaiyyətinə az məlum olan cinayət faktları da mühakimə olunsun. SSRİ Baş İstintaq idarəsi rəisinin 5 yanvar 1989-cu il tarixdə "İzvestiya" qəzetində dərc olunmuş məlumatında deyilir: "Məhz hüquq-mühafizə orqanlarının xidməti borclarına səhlənkarlığı ucbatından Ermənistanın Qukarq rayonunda asayiş nəzarətdən çıxıb və nəticədə də 8 azərbaycanlı öldürülüb. Ümumiyyətlə isə milli zəmində Ermənistan və Azərbaycandakı toqquşmalar zamanı 83 adam həlak olub ki, onların da 48-i azərbaycanlı, 32-i erməni, üçü isə digər xalqların nümayəndələridir ("Krasnaya zvezda" qəzeti, 24 fevral, 1989-cu il). Nə üçün başqalarını vicdanlı olmağa səsləyən İgityan öz vicdanından soruşmur ki, əgər Sumqayıt qatillərinin arasında erməni də varsa, Azərbaycan xalqı nə dərəcədə müqəssir ola bilər?".

Əlbəttə, Sumqayıt -bizim ağrımız və faciəmizdir. Heç bir siyasi hesablamalar bu amansızlıqlara haqq qazandıra bilməz və bu bizim bütün həlak olanlara rəhmət diləməyimizə mane olmur. Amma diqqətlə, qərəzsiz hazırlanmış və sonradan yayımlanmış  sənədlərə nəzər salanda gözlərimiz önündə bu hadisələrin başqa mənzərəsi canlanır.

Ermənistan arxitektorlar ittifaqının  sədri deputat A.Q.Qriqoryan SSRİ Xalq Deputatları Sovetinin həmin birinci qurultayında çıxış edərkən dedi:

"Biz onlardan (yəni bizdən-A.) bir kəlmə də olsun, səmimi, mərhəmətli söz eşitmədik. Bununla yanaşı Bakıdakı çoxsaylı mitinqlərdə tələb edirlər: "Sumqayıt qəhrəmanlarına azadlıq", Azərbaycan SSR Yazıçılar İttifaqının katibi Anar isə "Fiqaro" qəzetinə verdiyi müsahibədə bəyan edib: "Əgər Sumqayıt olmasaydı, onsuz da ermənilər onu  uyduracaqdılar". Və sonra da öz fikrini əsaslandırmaq üçün erməni millətini mazoxist adlandırıb. Bu günki Azərbaycan ziyalılarının kifayət qədər parlaq nümayəndəsi, SSRİ Yazıçılar İttifaqının katibi, SSRİ Xalq deputatı Anarın mövqeyi budur. Bu mövqe faktiki olaraq 1895-1896-cı illərdə 300 min, 1915-ci ilin soyqırımı zamanı yarım milyon erməninin qətlinə haqq qazandırır. Bu qətliamlar və eləcə də 1920-ci ildə Bakıda və Şuşada 60 min erməninin öldürülməsi və yandırılması hələ SSRİ-də mühakimə olunmayıb və soyqırım kimi tanınmayıb. Bu minvalla Sumqayıtda, Azərbaycanın paytaxtı ilə yarım saatlıq məsafədə yerləşən bir şəhərdə üç sutka ərzində davam edən faciəyə də haqq qazandırmaq olar".

Nəticədə isə məlum oldu ki, 1988-ci ilin talanları keçmiş SSRİ-nin müəyyən "KQB" qurumları tərəfindən təşkil olunub, azərbaycanlı narkomanlardan və cinayətkar ünsürlərdən istifadə edilib. Amma bu cinayətkarları "KQB" ilə əlaqədə koordinatlaşdıran, onları müəyyən ünvanlara tuşlayan təhrikçi Eduard Qriqoryan olub. Bu aksiya KQB strukturlarına ona görə lazım idi ki, Qafqazda və eləcə də bütün ölkədə milli zəmindəki situasiyaları guya nizamlasınlar. Ermənilərə isə bu ona görə sərfəli idi ki, bütün dünyaya bəyan etsinlər: bundan sonra biz azərbaycanlılarla bir respublikada necə yaşaya bilərik?

Memar-deputat A.Qriqoryanın "soyqırım" haqqında möhtəkir mühakiməsinin mənim fransız qəzetinə verdiyim müsahibəyə heç bir aidiyyatı yoxdur. O ki, qaldı Sumqayıt barədəki sözlərə, həqiqətən də ermənilər bu faciədən öz xain məqsədlərini həyata keçirmək üçün istifadə etdilər.

Talanlarda erməni Eduard Qriqoryanın həlledici təşkilatçılığı, Sumqayıt hadisələrinin vacib mərhələsidir. Azərbaycanlı talançılara haqq qazandırmağa əsla cəhd etmədən, istər-istəməz özünə sual verirsən: bu etnik erməninin öz soydaşlarına bu dərəcədə dərin nifrətinə səbəb nədir və bu kin hardandır? Bəyəm öz bandasının üzvlərinə ermənilərin ünvanını o verməyibmi? Ən qəddar üsullarla amansızlıqlara o başçılıq etməyibmi? O ki, qaldı Edik Qriqoryanın, necə deyərlər, "peşəkar cani" olması, xuliqanlığa və quldurluğa görə mühakimə edilməsi, türmədə  yatması orda  qəddarlaşıb rəhimsizləşməsinə səbəb olsa da, onun öz doğma xalqının nümayəndələrinə xüsusi nifrətini, bununla izah etmək əsla mümkün deyil.

Məhkumların ifadələrinə görə Edik o dəhşətli gündə onlara narkotik həblər paylayıb, dəstəsini erməni məhlələrinə aparıb, cibindən ermənilərin ünvanlarının siyahısını çıxardıb, banda iştirakçılarını zavallı insanlara qarşı amansız hərəkətlərə qızışdırıb.

Z.Balayan bu məsələdə də saxtakarlığa yol verir. Sumqayıt hadisələrinin iştirakçılarının və təşkilatçılarının məhkəməsinin Moskvada keçirildiyini qeyd etsə də yazır: Ancaq hələ də aydın deyil ki, məhkəmənin dayandırılmasına kim sərəncam verib. İnanılmaz həyasızlıq ondadır ki, tezliklə qatilləri azadlığa buraxıblar və onları Azərbaycanda milli qəhrəman mövqeyinə qaldırıblar".

Ağlagəlməz həyasızlıq, məhz Balayanın bu yalanıdır. Banda iştirakçılarının sıravi üzvlərindən biri  olan azərbaycanlı Əhməd Əhmədovu ölümə məhkum ediblər və dərhal da güllələyiblər, bandanın başçısı Qriqoryana isə yalnız 12 il cəza verməklə kifayətləniblər, amma qısa bir müddətdən sonra onu Rusiyaya, ordan da Ermənistana göndəriblər. Onun sonrakı taleyi məlum deyil. Erməni təbliğatının mahir təşkilatçılığı sayəsində (bu məsələdə onlara haqq qazandırmaq lazımdır) Sumqayıt talanları, 613 nəfər dinc sakinin, o cümlədən, qocaların, uşaqların, qadınların qətlə yetirildiyi Xocalı soyqırımı ilə müqayisədə, dünyada daha böyük rezonans doğurdu. Xocalı qətliamının günahkarları olan Ermənistan rəhbərləri isə həyasızcasına dünyaya bəyan etdilər: azərbaycanlılar elə bilirdilər ki, biz yalnız zarafat edirik, amma onlara göstərmək lazım idi ki, biz dinc sakinləri qırmaqdan da çəkinməyəcəyik.

Erməni talançıları tərəfindən Azərbaycan xalqının soyqırımının əsl tarixi XX əsrin əvvəlində başlanır və 1918-ci ilin mart hadisələrində öz zirvəsinə çatır. Bakıda və başqa şəhərlərdə dinc Azərbaycan əhalisinin kütləvi surətdə qırılması S.Şaumyanın rəhbərlik etdiyi Bakı kommunasının qanlı fəaliyyəti ilə bağlıdır.

Hələ 1917-ci ildə Bakıda yerli hakimiyyət, Fətəli xan Xoyskinin sədrliyi ilə Bakı duması fəaliyyət göstərəndə S.Şaumyanın başçılığı ilə Bakı Soveti də mövcuddu və o Bakı dumasını tanımaqdan imtina edərək şəhərdə öz qurumunu yeganə hakimiyyət elan etmişdi. Şaumyanın "kabinetini" əsasən milliyyətcə erməni olan insanlar təşkil edirdi, həmin  zaman Bakıda 1 yanvar 1916-ci il tarixə aid sənədlərə görə 75 min erməni, 185 min azərbaycanlı, Bakı quberniyasının uezdində 42 min erməni, 691 min azərbaycanlı yaşayırdı. Eyni zamanda bolşevik S.Şaumyan digər partiyaların nümayəndələri ilə, əsasən, daşnaklarla yaxınlaşmağa başlayırdı.

Şaumyanın başçılıq etdiyi hakimiyyət mahiyyətcə antiAzərbaycan rejimi idi. Şaumyan istəyirdi ki, bütün Azərbaycanı özünə tabe etsin. Onun məqsədi bu idi ki, şəhərin demoqratik tərkibini - təbii ermənilərin xeyrinə - dəyişsin. Proletar və internasional şüarları altında fəaliyyət göstərən Şaumyan, açıq-aşkar daşnak siyasəti yeridirdi və rişxəndlə deyirdi: müsavatçılar o dərəcədə həyasızlaşıblar ki, Bakını Azərbaycan xanlığının paytaxtına çevirmək niyyətinə düşüblər. Bakı Kommunasının və şəxsən Şaumyanın Azərbaycana qarşı daha sərt hərəkəti 1918-ci ilin martında meydana çıxdı. 30-u martda, səhər saat 6-dan Bakı əsl döyüş meydanına çevrildi. O saatdan başlayaraq bolşeviklər daşnaklarla birlikdə on minlərlə azərbaycanlını qətlə yetirdilər.

Solmaz Tohidinin (Rüstəmova) "Bakı şəhəri, 1918-ci ilin martı" kitabında məxsusi  təşkil olunmuş talanlar haqqında əsaslı faktlar mövcuddur. Eyni zamanda bu kitabda S.Şaumyana məxsus  olan və onun əsl simasını -iç üzünü açan bir sıra maraqlı sitatlar verilib. Onların bir neçəsini nəzərinizə çatdırıram:

"Azərbaycana muxtariyyət qazanmaq ümidində olan müsavatçılar, son nəticədə xarabalığa sahib ola biləcəklər"-deyə  Şaumyan hədələyir. O "Daşnakstyun"un azərbaycanlılara qarşı mart talanlarında iştirakını həyasızcasına açıqlayır". "Süvari dəstəmizə qarşı ilk hücum cəhdindən bəhanə kimi istifadə edərək biz bütün cəbhə boyu hücuma başladıq. Artıq bizim altı min nəfərlik silahlı dəstəmiz var idi. "Daşnakstyun"un 3-4 min nəfərlik milli dəstələri də bizim sərəncamımızda idi. Onların iştirakı nəticəsində vətəndaş müharibəsi milli zəmində qırğın xarakteri aldı. Amma daha bundan qaçmaq mümkün deyildi. Və biz şüurlu surətdə buna  doğru getdik... Onlar üstünlüyü ələ alsaydılar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər". Və daha sonra S.Şaumyan belə yazır: "Əgər onların siyasi məqsədini -Qafqazı Rusiyadan ayırıb türk protektoratına vermək istəyini yada salsaq, onların Bakıda qələbəsi o demək olardı ki, Rusiya Qafqazı itirdi".

Z.Balayanın Rusiya prezidentinə analoji danosu türk protektoratı barədə təhrikçi və əsassız bəyanatı ilə necə də səsləşir.

"Vladimir Vladimiroviç ola bilərmi ki- o Putinə öyüd verir-Siz Minsk qrupundakı həmkarlarınızla birlikdə Qarabağı heç olmasa bir anlığa Türkiyəyə verəsiniz?" -Azərbaycan torpağı Qarabağın Türkiyəyə verilməsi yalnız Balayanın qızdırmalı  ağlına gələ bilər.

19 aprel  1918-ci ildə "kommunist-internasionalist" Şaumyan Sovetin iclasında çıxışı zamanı öz əqidəsini belə ifadə etmişdi:

"Nəhayət ki, Bakıda nəyəsə bənzər intizam bərpa olunanda, küçələr minlərlə cəsəddən təmizlənəndə, yanğınlar söndürüləndə Sovet nəhəng bir qüvvə kimi şəhərdə baş qaldırdı. Müsəlmanlar məğlub oldular və tamamilə tərkisilah olundular, bu zaman ermənilər də sakitləşdilər".

Kommunist - daşnakların antiAzərbaycan hərəkatı yalnız Bakı ilə məhdudlaşmırdı. Şaumyanın ifadəsilə söyləsək, kommunanın dəstələri daşnaklarla birlikdə "bütün cəbhə boyu hücuma keçmişdilər". Bakıda, Şamaxıda, Qubada 20 minə yaxın dinc insan öldürülmüşdü. Daşnak komandirlərindən Amazasp qubalılara müraciət edərək demişdi:

"Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm. Mən buraya cəzalandıran dəstə kimi (Şaumyan tərəfindən -A.) göndərilmişəm və mənə əmr olunub ki, dəniz (Xəzər-A.) sahilindən Şahdağa qədər bütün müsəlmanları qırım və Sizin yaşayış yerlərinizi yerlə bir eləyim".

26 Bakı komissarlarından Tatevos Əmirovun və Stepan Lalayanın başçılıq etdiyi dəstələr Şamaxının bütün müsəlman əhalisini qılıncdan keçirtdilər və qırxa qədər kəndi yerlə-yeksan etdilər. Şamaxıda dinc insanları, o cümlədən qadınları, uşaqları Cümə məscidinə toplayaraq diri-diri yandırdılar. Sovet təbliğatı tərəfindən mifləşdirilmiş 26 Bakı komissarları kimi mifləşdirilmiş Tatevos da silahlı dəstəsilə "İsmailliyə" binasına (orda Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir) daxil olaraq binaya od vurmuşdular.

Azərbaycanlılara qarşı qanlı terror Azərbaycanın sərhədlərini aşmışdı.

Qars vilayətində erməni quldurlarının dəhşətli vəhşilik faktları Qafqaz Seyminin iclasında gündəmə gətirildi: "Erməni hərbi birləşmələri və silahlı qaçqınları keçdikləri yollarda müsəlman kəndlərini yerlə yeksan edirdilər, evlərə od vurub yandırırdılar, insanları işgəncələrlə öldürürdülər. Qadınları lüt soyundurub nizələrinə südəmər   körpələr taxılmış "qalib erməni ordusunun" keçəcəyi böyük yolların qırağında düzülməyə məcbur edirdilər. Bu və buna bənzər vəhşiliklərə təxmini hesablamalara görə 82 kənd məruz qalıb".

"1918-ci ildə İrəvandan və digər yaşayış məskənlərindən azərbaycanlıları qovmağa başladılar. Türklərdən qaçan Andronik Naxçıvanda və Zəngəzurda 40 Azərbaycan kəndini yerlə bir elədi. Yalnız Zəngəzur qəzasında 10 mindən çox (hər üçündən biri uşaqlar olmaqla) azərbaycanlı öldürüldü. Bundan sonra Andronik Bakı Sovetinin sədri Stepan Şaumyana teleqram vuraraq özünü Sovet hakimiyyətinin tərəfdarı elan etdi"-tarixçi Qriqorii Valınski 30 aprel-6 may, 1998-ci ildə Moskvanın "Obşaya qazeta" qəzetində yayımlanmış "Azərbaycanlılar da soyqırıma məruz qalıblar" məqaləsində belə yazır.

1918-ci ildə "Azərbaycan" qəzeti özünün birinci sayında qeyd edir: "İrəvan quberniyasında müsəlmanların vəziyyətini yazı ilə ifadə etmək çətindir. Ötən ilin axırında yerlə-yeksan edilmiş Azərbaycan kəndlərinin sayı 199-a çatdı. Bu kəndlərdə 135 min dinc sakin ermənilər tərəfindən öldürülüb, sağ qalanlar da sonradan aclıqdan həlak olublar, əhalinin bir hissəsi isə türk ordusunun nəzarəti altında olan yerlərdə sığınacaq tapıblar".

Bu qırğınlardan 80 il sonra bu hadisələrə münasibət bildirən Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı.

Fərmanda deyilir: "XIX-XX əsrdə Azərbaycanın bütün faciələri torpaq zəbti ilə nəticələnərək müxtəlif mərhələlərdə ermənilərin azərbaycanlılara qarşı düşünülmüş və planlaşdırılmış soyqırım siyasəti ilə əlaqədardır".

Azərbaycan Prezidenti tərəfindən vaxtında verilmiş bu fərmanı Balayan ədəbsizcəsinə... karikatura adlandırır. Görünür, Azərbaycan qadınlarının və uşaqlarının öldürülməsi Balayanda şən gülüş doğurur.

Balayanın məktubunda sonluqlar uzlaşmır. Əgər, onun iddia etdiyi kimi, ümumiyyətlə təbiətdə Azərbaycan türkləri mövcud deyilsə, bəs onda Balayanın sələfləri kimi öldürüb, kimi yandırıb, kimi doğrayıb, kimi zorlayıb?

Maniakal Azərbaycan xoflu Balayanın dönə-dönə təkrar etdikləri tamamilə məntiqdən uzaqdır və hər hansı bir tarixi gerçəkliyi tam inkar edir.

Gah deyir ki, Oktyabr inqilabına qədər heç bir Azərbaycan mövcud olmayıb, gah bəyan eləyir ki, Azərbaycanı Türkiyə (?-A.) Moskvada və Qarsda yaradıb, gah yazır: Azərbaycan mahiyyətcə türk respublikasıdır, inqilab dalğası altında Stalin və Atatürk tərəfindən yaradılıb, gah da bir zaman uydurduqlarını unudub yadına salır ki, yox, Qafqazda üç respublikanın üçü də milli partiyalar - Gürcüstanda gürcü menşevikləri, Ermənistanda "Daşnakstyun" və türk (?-A.) partiyası "Müsavat" tərəfindən yaradılıb.

Mustafa Kamal (Atatürk) hakimiyyətə 1923-cü ildə gəlib. Azərbaycan respublikası isə müsəlman dünyasında ilk respublika olaraq bu hadisədən beş il qabaq elan edilmişdi. Və əlbəttə, nə Stalinin, nə Atatürkün bu tarixi hadisə ilə heç bir əlaqələri olmayıb və ola da bilməzdi. Bakı isə Azərbaycanın paytaxtına çevrilib. Yəqin ki, 1918-ci ildə digər komissarlarla birgə güllələndiyi yazılan, amma indi bu da şübhə doğuran Şaumyan bundan xəbər tutsaydı, tabutunu çevirərdi.

Bəyəm, tarixi sənədləri öz şəxsi məqsədləri naminə əl-qolunu oynada-oynada təhrif edən Balayana məlum deyilmi ki, 28 may 1918-ci ildə müsəlman Milli sovetinin iclasında Şərqi və Cənubi Qafqazın hüdudlarında Azərbaycan Demokratik Respublikasının yaradılması elan olunub və müstəqillik haqqında akt oxunub.

Həmin gün Ermənistan da öz müstəqilliyini bəyan edib. Azərbaycan hökuməti nəcabət göstərərək, əhalisinin əksəriyyəti azərbaycanlılar olan İrəvan xanlığının baş  şəhəri İrəvanın Ermənistanın paytaxtı olması ilə razılaşıb.

Tezliklə ermənilərin iştahı artıb və onlar digər Azərbaycan ərazilərinə -Naxçıvana, Qarabağa, Zəngəzura tamah salıblar.

Üç Qafqaz respublikası müstəqilliyinin qısa zaman kəsiyində Ermənistan respublikası yalnız Azərbaycanla yox, Gürcüstanla da müharibəyə başlayıb.

Gürcüstanın erməni əhalisi üstünlük təşkil edən rayonlarında erməniləri qiyam qaldırmağa təhrik edən Ermənistan F.Kazımzadənin ifadəsilə söyləsək, Gürcüstana namərdcəsinə hücuma başladı". Gürcüstanın baş naziri Noy Jordaniya Parlamentdə çıxış edərək dedi: "Ermənistan əsrlərdən bəri mövcud olan qonşuluq əlaqələrini pozub. O eyni zamanda həm erməni, həm də gürcü xalqlarının tarixi ənənələrini dağıdıb".

Bizim günlərdə də Ermənistan yalnız Qarabağ və Naxçıvana yox, Gürcüstanın Cavaxetiya rayonuna da iddia edir. Görünür ermənilər Qafqazda Rusiyanın hərbi forpostu kimi vəzifələrini hər şeydən öncə təxribatçı rolunu oynamaqla müəyyənləşdirirlər.

Gənc Azərbaycan dövləti hər tərəfdən hədələrə və amansız siyasi təzyiqə məruz qalmışdı. Cənub-Qərbdə ağlasığmaz erməni iddiaları, demək olar ki, Azərbaycanın bütün ərazisini əhatə edirdi. Heç bir dənizə, ümumiyyətlə, çıxışı olmayan Ermənistanda ultra millətçilər iki dəniz arasında  superdövlət yaratmaq xülyasına düşmüşdülər. "Dənizdən dənizə Böyük Ermənistan" sayıqlamasına görə bu mifik superölkənin sınırları yalnız Türkiyənin Qara dənizə yox, həm də Aralıq dənizinə çıxan ərazilərini əhatə edirdi.

Hətta türklərə çətin ki, rəğbəti olan A.Mikoyan belə 1919-cu ildə yazırdı:

"Erməni şovinistləri imperializmin və çar generalı Denikinin dəstəyinə bel bağlayaraq hələ də Ermənistanın tarixi (?-A.) hüdudlarında -Qara dənizdən Aralıq dənizinə qədər olan yeddi vilayətdə "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayırlar. Bu ərazilərdə ermənilərin yoxluğu və müsəlman əhalinin çoxluğu onları narahat etmir. "Böyük Ermənistan" əhalinin böyük əksəriyyətinin iradəsini  əks etdirməyəcək, o zorla imperialist alətinə çevriləcək və nəticədə də "Ermənistanı" müsəlmanlardan təmizləmə adı ilə günahsız insanların qanı töküləcək, xarabalıqlar meydana gələcək. Belə bir vəhşətin proqramı müttəfiq imperialistlər tərəfindən uğurla dəstəklənir və onlar ermənilərin simasında sadiq casuslar tapmağa ümid bəsləyirlər ki, Türkiyəni talan etsinlər, müstəmləkəyə çevirsinlər, müttəfiqlərinin kapitalı üçün maliyyə məkanına döndərsinlər".

Ay səni Mikoyan, əhsən sənə!

Nəriman Nərimanov "Qafqazın zəbt olunmasına bir nəzər" (1919-un fevralı) məqaləsində yazır:

"Erməni silahlı bandaları tərəfindən müsəlman əhalinin vəhşicəsinə qətlə yetirilməsini kim vətəndaş müharibəsi adlandıra bilər? Tutalım ki, Bakıda mart hadisələri vətəndaş müharibəsi idi. Onda bəs daşnak Əmirov və daşnak Stepan Lalayevin bu hadisələrdən sonra  Şamaxıda törətdikləri qırğınlara nə ad vermək olar?"

O Şaumyanı bu sözlərinə görə günahlandırırdı: "...Hətta, əgər vətəndaş müharibəsi bir sıra yerlərdə milli çalar alarsa belə əsl sosialist bu təbii vəziyyətdən məyus olmamalı və ruhdan düşməməlidi".

Təbii ki, "əsl sosialist" Şaumyan Nərimanovun yazdığı kimi məyus olmamışdı və ruhdan düşməmişdi, Qafqazda və Qafqaz ötəsində baş vermiş müharibədə məhv olanların 99 faizi müəyyən millətin nümayəndələri, daha doğrusu müsəlmanlar idi...

İndi, kifayət qədər tarix duyğusu olmayan insanlar, Nərimanovu bir çox məsələlərdə günahlandıranda, onun böyük xidmətlərini, o cümlədən  Azərbaycanın dövlət strukturu kimi Sovet imperiyasının tərkibində qoruyub saxlamasını və Qarabağ məsələsində tutduğu qətiyyətli mövqeyi unudurlar. Qarabağın Azərbaycanın tərkibində saxlanılmasında ən mühüm rolu məhz Nərimanov oynayıb.

Nərimanovun, Mdivaninin və Anostas Mikoyanın birlikdə imzaladıqları mətndən sitat gətirirəm:

"Biz, Qızıl Ordunun himayəsində qalmış, əraziləri ermənilərə və gürcülərə paylanmış Azərbaycanı  rəzil vəziyyətə saldırmamaq naminə Qarabağ və Zəngəzur məsələsində tərəddütdə bulunan Mərkəzi xəbərdar edirik..."

4 iyul 1921-ci ildə RK (b) P MK Qafqaz bürosunun Qarabağ məsələsilə bağlı iclası keçirildi.

Protokoldan: a) Azərbaycanın hüdudlarında Qarabağı saxlamaq. Lehinə səs verirlər: Nərimanov, Maxaradze, Nazaretyan. Əleyhinə: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.

b) Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil etmək. Lehinə səs verirlər: Orconikidze, Myasnikov, Kirov, Fiqatner.

v) Yoldaş Nərimanovun bəyanatı: Qarabağ məsələsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, hesab edirəm ki, RK (b) P MK-nın həlledici qərarı vacibdir.

Qətnamə: Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin. Qarabağ məsələsi ciddi fikir ayrılığına səbəb olduğuna görə RK (b) P MK Qafqaz bürosu bu məsələdə RK (b) P MK-nın həlledici qərarını vacib sayır".

Nərimanov sərt şəkildə Stalinə və Orconikidzeyə müraciət edir: "Mən Qarabağın bircə gün də erməni tapdağı altında qalmasına yol vermərəm. Bu gecə mən ya Qarabağı qaytaracağam, ya da məsələni başqa yolla həll edəcəyəm".

Belə görünür ki, "o gecə" Nərimanov Leninlə əlaqə yaratmağa müyəssər olub və onun razılığını alıb, çünki ertəsi gün Qafqaz bürosu başqa qərar çıxardır.

Protokoldan: Dinlədilər: Yol. Orconikidze və Nazaretyan ötən plenumda Qarabağ barədə çıxarılmış qərarın nəzərdən keçirilməsi haqqında məsələ qaldırdılar Qərar çıxartdılar: Müsəlmanlar və ermənilər arasında milli barışığın vacibliyini, Yuxarı və Aşağı Qarabağın  iqtisadi bağlılığını, onun Azərbaycanla daimi təmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla ona geniş vilayət muxtariyyəti verilsin.

Səs verdilər: Lehinə 4, bitərəf qaldılar 3".

XX əsrin axırlarında, 80-ci illərdə Qarabağ problemi ortaya çıxanda bu protokola əsaslanıb, iddia edirdilər ki, Qarabağı Azərbaycana Stalin verib. Fırıldaqçı üsuluyla deyilmiş "saxlamaq" felini "vermək" feli ilə dəyişən Zori Balayan da daima bu qərarı Stalinin adıyla bağlayır. Qərarda isə deyilir ki, Qarabağ Azərbaycanın tərkibində saxlanılsın, yəni o vaxta qədər olduğu kimi. Orda əsla deyilmir ki, Qarabağ Azərbaycana verilsin.

Amma erməni millətçilərinin bununla sakitləşəcəyini güman etmək sadəlövhlük olardı.

Üstündən 24 il keçəndən sonra, 28 noyabr 1945-ci ildə UK (b) P MK Katibi Q.Malenkov M.C.Bağırova məktubla müraciət edir:

"Ermənistan KP (b) MK katibi yol. Arutyunov hal-hazırda Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinin  nəzərdən keçirilməsini irəli sürüb".

Sonra Malenkov Arutyunovun arqumentlərini sadalayır ki, bu iddialar da üstündən qırx ildən də artıq keçəndən sonra "Miatsum" un ideoloqu Zori Balayanın təklif etdiyi arqumentlərlə iki damla su kimi bir-birinə bənzəyir.

10 dekabr 1945-ci ildə Bağırov ətraflı məktubla Malenkova cavab verir.

"Mərkəzi 1747-ci ildə qarabağlı Pənah xan tərəfindən inşa edilən Pənahabad şəhəri olan Dağlıq-Qarabağ muxtar vilayəti qədim zamanlardan bəri Qarabağ xanlığının tərkibində olub".

DQMV-nin Azərbaycanın tərkibində qazandığı iqtisadi, mədəni, inzibati üstünlüklərini sadalayan Bağırov gözlənilməz təklif irəli sürür: "Biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, amma əhalisi indi də əsasən azərbaycanlılardan ibarət Şuşa rayonunun verilməsinə razı deyilik".

Sonra Bağırov daha əlamətdar bəyanat ve

rir və onun nədən Arutyunovun təklifi ilə guya ki, razılaşması aydınlışır:

"MK(b) P MK-nın nəzərinə çatdırmağı vacib sayırıq ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə qatılması müzakirə ediləndə əhalisi əsasən azərbaycanlılar olan və Azərbaycan respublikasına yapışıq Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının da Azərbaycan SSR tərkibinə qatılması məsələsinə baxılsın.

Yuxarıda göstərilən təkliflərlə yanaşı UK (b) K MK-dan xahiş edirik ki, aşağıdakı məsələləri də nəzərdən keçirsin: gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən,  Zaqatala, Qax rayonlarının Gürcüstan SSR-ə qatılması məsələsini gündəmə gətiriblər. Baxmayaraq ki, adları sadalanan rayonlarının 79 min əhalisinin cəmi 9 mini inqiloy gürcülərdi, biz bu məsələnin də nəzərdən keçirilməsinə etiraz etmirik, amma bununla yanaşı istəyirik ki, eyni zamanda,  əhalisini azərbaycanlılar təşkil edən və Azərbaycan SSR-ə bitişik Borçalı rayonun da Azərbaycan SSR-ə qatılması məsələsinə də baxılsın. Və nəhayət biz xahiş edirik ki, yaxın keçmişə qədər Bakı quberniyasının tərkibinə daxil olmuş Dağıstan SSMR Azərbaycana bitişik Dərbənd və Qasımkənd rayonlarının da Azərbaycan SSR-ə qatılması məsələsi nəzərdən keçirilsin. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir və eyni zamanda ilin çox hissəsini Azərbaycan ərazisində keçirirlər".

Necə deyərlər, şərhə ehtiyac yoxdur. Bu məktubla Bağırov Qorbaçov "yenidənqurması" başlayana qədər ermənilərin Qarabağ iddiaları ilə bağlı mövzunu qapatmış oldu.

Bütün ölkə miqyasında Heydər Əliyevin gündən-günə yüksələn populyarlığı, Siyasi büroya namizəd və sonra üzv seçilməsi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı ulduzu ilə təltif olunması qəddar qonşularımızı hiddətləndirirdi.

Ermənilər xain niyyətləri yolunda Heydər Əliyevi başlıca maneə sayırdılar.

Qarabağ separatizminin əsas ideoloqlarından biri keçmiş Ermənistan Prezidenti Levon Ter-Petrosyan bu barədə öz fikrini tam aşkarlığı ilə ifadə edirdi.

"Türklər XX əsrdə tarixə iki böyük insan veriblər -Kamal Atatürkü və Heydər Əliyevi, nə qədər ki, Heydər Əliyev hakimiyyətdədir, Qarabağ barədə heç düşünməyin".

Qarabağın Ermənistana ilhaqı prosesinin gizli dövrünü aşkar mərhələyə çıxarmaqdan ötrü bu yoldakı başlıca maneəni -Heydər Əliyevi yüksək postdan götürmək vacib idi. Qorbaçovun bütün erməni ətrafı bu məsələ üzərində yorulmadan işləyirdilər. Axı Qorbaçov özü də Heydər Əliyevə bir qədər ehtiyatla   hətta həsədlə yanaşırdı.

1987-ci ilin payızında Heydər Əliyev SSRİ-nin ali eşalonundakı vəzifəsindən kənarlaşdırıldı. Heydər Əliyevin vəzifəsindən azad olunmasından və siyasi Bürodan uzaqlaşdırılmasından düz iyirmi gün sonra, akademik A.Aqanbekyan Parisdə erməni diasporu qarşısında çıxış edərkən faktiki olaraq Qarabağ kampaniyasının açıq mərhələsinə start verdi, fitnəkarcasına bəyan etdi ki, onun fikrincə Qarabağ Ermənistanın tərkibinə daxil edilməlidir və bu təklif ölkə rəhbərliyi ilə razılaşdırılıb.

Mən əminəm ki, əgər H.Əliyev hətta Moskvada yox, Bakıda belə hakimiyyətdə qalsaydı, Qarabağ məsələsi bu şəkildə ortaya qoyulmazdı.

Bəs ermənilərin H.Əliyevə qarşı başlıca narazılığı nə ilə bağlı idi? Zori Balayanın açıq şəkildə mətbuatda "gillətdiklərindən" belə çıxır ki, Naxçıvanı ermənilərdən H.Əliyev boşaldıb və indi də istəyir ki, Qarabağı təmizləsin. Bu, əlbəttə, tamamilə uydurmadır. Ermənilər Naxçıvandan yalnız Ermənistana yox, başqa diyarlara da köç ediblər və bu heç bir təzyiq olmadan H.Əliyevin idarəçiliyi dövründən qabaq da dinc yolla baş verib və təbii səbəblərlə bağlıdır. Dəfələrlə artıq sayda azərbaycanlıların Ermənistandan köçürülməsi isə hüquq pozuntuları ilə ən qəddar şəkildə baş verib. Məsələn, 40-cı illərin axırlarında və 50-ci illərin əvvəllərində azərilər əsrlər boyu kütləvi surətdə yaşadıqları dağ rayonlarından, Azərbaycanın aran ərazilərinə köçürülüblər və onların çoxusu təbii şəraitə uyğunlaşa bilmədiklərindən həlak olublar. Qarabağ ssenarisi meydana çıxanda isə 200 minə qədər azəri zorla, dəhşətli hüquq pozuntuları ilə Ermənistandan qovuldular. Özü də Spitak zəlzələsindən sonra yox, zəlzələdən qabaq və zəlzələ ərəfəsində.

Jurnalist N.Kolkun "Bakinski raboçi" qəzetində yayımlanmış "Fəlakətimizin qatarları" məqaləsində yazır:

"Avtobus dayanacaqlarında, azərbaycanlılar yaşayan binaların girişində və çıxışında vərəqələr və plakatlar asılıb. Qaçqınlar tərəfindən fotoya alınmış həmin plakatlardan biri  də budur:

"Erməni xalqı! 1915-ci ilin qanlı günlərini heç vaxt unutma, Tələt paşanın, Ənvər paşanın, Camal paşanın törətdikləri dəhşətləri unutma! Yaşa və yada sal! Türkü öz torpağından qov! Erməni qadınının əli ilə bişirilmiş çörəyi ona vermə! Türklər, rədd olun bizim şəhərdən!".

"Türklər, rədd olun" - və yüzlərlə, minlərlə insanı amansız fiziki təzyiqlərlə Bakı istiqamətinə gedən qatarlara doldururdular. Vahiməyə düşmüş günahsız insanlar, südəmər körpəsinə bir isti yorğança da götürməyə macal tapmayan analar- kimisi nazik donda, kimisi otaq çəkələyində, kimisi ayaqyalın, kimisi ev xalatında, alçaldılmış və qorxudulmuş halda, qarlı, şaxtalı qış günündə öz evlərindən qovulub taleyin ümidinə qaldılar. Fəlakət qatarları- onları  iki respublikanın sərhəddinə doğru aparırdı".

Qaçqınlardan bir çoxu Yazıçılar İttifaqına kömək xahişi ilə gəlirdilər, istəyirdilər ki, onları müdafiə edək, sığınacaq tapmaqda yardımçı olaq, biz də əlimizdən gələni edirdik, Mərdəkandakı yaradıcılıq evini bütünlüklə onların ixtiyarına verdik, amma bir saatın, bir günün içində bütün varından-yoxundan olmuş insanları necə razı salmaq olardı?

Yenə münaqişənin əvvəlinə qayıdıram. Dekabrın ortalarında Aqanbekyanın Parisin "Humanitar" qəzetində yayımlanmış çıxışından xəbər tutan kimi Yazıçılar İttifaqında toplaşdıq: qərara aldıq ki, Qorbaçova müraciət edək.

 

(Ardı var)

ANAR

525-ci qəzet.- 2013.- 20 dekabr.- S.4.