Təbiət də gələcək qalibləri himayə edir (davamı)

 

(Tarixi hadisələrə belə rakursdan baxış)

 

 

Aleksandr əvvəlcə dəniz sahili ilə əlaqə saxlamağa cəhd etdi. Bir həftə ərzində o, sahil boyu ilə irəlilədi. Bir dəfə çar ölkənin içərilərində taxıl ehtiyatı olduğunu üzə çıxardı və onu sahildəki anbarlara daşımağı əmr etdi. Lakin aclıq çəkən döyüşçülər anbarın qapısındakı möhürü qoparıb, bu ərzağın istehlakına girişdilər. Aleksandr əsgərlərinin bu xətasına əhəmiyyət də vermədi.

Aclıq və çətinliklər donanmaya (qoşunların bir hissəsi Nearxın başçılığı altında Babilə dəniz yolu ilə qayıdırdılar) ərzaqla kömək göstərmək kimi vacib bir məsələni də yaddan çıxartdırmışdı. Dünyanı fəth edən ordu artıq heç bir fayda vermirdi.

Aleksandr bu son yürüşün bütün çətinliklərini döyüşdə olduğu kimi, əsgərləri ilə bölüşürdü, gücü çatan hədlərdə onların ruhunu yüksəltməyə çalışırdı. Rəvayətə görə, bir dəfə ona verilən suyun hamıya çatmayacağını bildiyinə görə, onu qumun üstünə tökmüşdü.

Döyüşçülər iki ay ərzində bu əzablı cəhənnəmdən keçdilər və nəhayət, onların əziyyətləri başa çatdı. Sağ qalan əsgərlər Gedrosiyanın varlı, münbit torpağında yerləşən paytaxtına gəlib çatdıqda, burada istirahət etdilər. Döyüş bacarığını saxlayan qoşunların çox hissəsi, deyilənlərə görə, dörddə üçü məhv olmuşdu. Aleksandr heç bir döyüşdə belə ağır itki verməmişdi. Təbiət bu dahi sərkərdəni sınağa çəkəndə, o da öz gücsüzlüyünün şahidi oldu. Qızmar günəş və qumlu səhra Aleksandra o vaxtkı dünyanın ən böyük imperiyası olan Persiyanın qoşunlarından da daha güclü olduğunu nümayiş etdirmişdi.

Bizim eradan əvvəl 325-ci ilin noyabrında qoşunlar heç bir müqavimətlə üzləşmədən Qərbə doğru hərəkətini davam etdirirdi. Ordu artıq özünün işğal etdii Persiya torpaqlarına qədəm qoymuşdu. Dənizlə geri dönənlər üçün də aclıq və susuzluq ən dəhşətli problem olaraq qalmışdı. Donanmanın və dostlarının salamat qaldıqlarını eşidən Aleksandr bunu özü üçün taleyin hədiyyəsi kimi qiymətləndirmişdi və bu xəbər onu bütün Asiyaya hökmran olmaqdan daha çox sevindirmişdi. Ağır sınaqdan xilas olunma hətta böyük sərkərdəyə də öz qələbələrindən daha qiymətli görünmüşdü.

Hindistan yürüşündə Aleksandr üçün iki böyük uğursuzluqlardan biri, könülsüz geri dönmə ilə yanaşı Gedrosiya səhrasındakı fəlakət idi. Perslərlə müharibə aparanda Aleksandr arası kəsilməyən qələbələr çalırdı, belə ki, hətta mümkün omlayanı da həyata keçirməyə cəhd edəndə də, nə qədər olmasa da, bu vaxt öz arzularının real çərçivələrində qalırdı. Lakin Hindistanda döyüşçüləri tropik leysan yağışı altında hərəkət etməyə məcbur etmək və Gedrosiya səhrasından keçməklə geri qayıtmaq coğrafi və iqlim imkanlarına zidd idi və hətta Aleksandr kimi bir adamın özü üçün də bu, olduqca çətin bir işə çevrildi. Əgər çar öz qoşunlarına tropik leysanı vaxtı istirahət etmək imkanı versəydi, payızda ordu çətinlik çəkmədən şərqə tərəf hərəkət edə bilərdi və Aleksandr öz böyük məqsədinə çatmaq şansından vaz keçməzdi. Geri dönmə ərəfəsində isə Gedrosiyaya kəşfiyyatçılar göndərsəydi, ordunu başqa, nisbətən asan və əlverişli yolla apara bilərdi.

Hindistan yürüşü vaxtı Aleksandr artıq ağıllı hərəkət etmək sərhədini keçmişdi. Əvvəlki dövrlərdə uğurlar çarın şəxsiyyətinin parlaqlığından irəli gəlmişdisə, bu vaxt onun davranışı daha çox ağılsız qumar oyununu xatırladırdı. Onun iradəsi dəyişilməz qalsa da, inadkarlığı onu həmin qumar oyununu davam etdirməyə məcbur edirdi. Əgər digər bir diqqətli, qayğıkeş Aleksandr mövcud olsaydı belə, onun özü də qalibiyyətli sərkərdənin inadcıl iradəsi qarşısında gücsüz olardı.

Aleksandr öz sərkərdəlik məharəti ilə çox sayda düşmənlərə qalib gəlmişdi. Lakin təbiətlə döyüşdə o, özünün xeyli gücsüz olduğu qənaətinə gəlməli idi. O, dəhşətli ambitsiyaları hesabına təbiətin etdiyi xəbərdarlıqlardan lazımi nəticə çıxarmırdı və Gedrosiyadan da daha heybətli və qorxulu olan Ərəbistana yürüş etmək planlarını cızırdı. Vaxtsız ölüm, bu vaxt onun 32 yaşı var idi, həmin ehtiyatlı olmayan və təhlükəli yürüşün baş tutmasına imkan vermədi. Təəssüf ki, Aleksandr təbiətin daha nəhəng və sarsılmaz gücə malik olduğunu lazımınca etiraf etmədən həyatdan getdi. Bütün bəşəri qüvvələrin onun sərkərdəlik dühası qarşısında baş əydiyi Aleksandr ancaq özünə çox baha başa gələn Hindistan yürüşündə və xüsusən Gedrosiya səhrası ilə geri çəkiləndə təbiətin hansı qüdrətə malik olduğunu bütünlüklə dərk etməsə də, hiss etməmiş deyildi.

 

Hannibal 

 

Tarixin digər böyük sərkərdəsi Hannibalın də əhvalatları ibrətamizdir. Onun taleyinə da təbiətin ciddi müdaxiləsi öz zərbəsini vurmuşdu. Onda sərkərdəyə xas olan hər şey – zəfərləri dövründə gəncliyi, yürüş həyatı şəraitində əsgər təmənnasızlığı, soyuqqanlılıq və fiziki möhkəmlik, döyüşçü sənətinin sirlərinə yiyələnməsi, inadkarlıq, hədsiz qaydada məqsədə çatmaq istəyi, eyni zamanda ümumi əxlaq normalarına məhəl qoymaması, qəddarlıq və məkrlilik var idi. Makedoniyalı Aleksandr kimi Hannibal da müasirlərinin təxəyyülündə döyüşçü igidliyinin rəmzi idi. Ona görə də onu öz dövrünün böyük sərkərdəsi kimi qiymətləndirirdilər, Böyük Aleksandrla bir sırada qoyurdular.

Hannibal özünü təhlükəyə atanda daha böyük cəsarət göstərməklə yanaşı, təhlükənin özündə də eyni qaydada müdriklik nümayiş etdirirdi. Heç bir çətinlik onun bədənini yora və ya ruhuna qalib gələ bilmirdi. O, istiyə və soyuğa eyni qaydada dözürdü, yeməkdə və içməkdə isə ölçünü həzzlə deyil, təbii tələbat ilə müəyyən edirdi. Gecə və ya gündüz olmasından asılı olmayaraq özü üçün gümrahlıq və yuxu vaxtını seçirdi, yalnız işindən sərbəst qalanda istirahətə vaxt ayırırdı, onu da heç də yumşaq yorğan-döşəkdə və sakitlikdə aramırdı.  Çox vaxt onun  hərbi plaşına bürünüb, döyüşçüləri arasında  quru yerdə yatdığını, postda və qaravulda dayandığını görmüşdülər. Paltarı ilə o, öz həmyaşıdlarından seçilmirdi, onu ancaq silahına və atına görə tanımaq olardı. O, döyüşə birinci girib, vuruşu axırıncı olaraq tərk edirdi. Tarixçi Tit Livi onun ciddi qüsurlarını göstərməklə yanaşı, sərkərdəni belə qeyri-adi xüsusiyyətlərlə xarakterizə edir.

Hannibal çox sayda tayfalardan olan və çox dilli əsgərlərdən ibarət qoşunlara rəhbərlik edirdi. Qalibiyyətli sərkərdə olmaqla yanaşı o, həm də ədəbiyyatçı kimi tanınırdı, yunan dilində bir neçə kitab yazmışdı. Hannibalın şəxsi ləyaqətlərinə həmçinin məişət şirnikləndirilmələri mühitindəki möhkəmliyi əlavə olunurdu. Çox sayda əsir qadınların arasındakı davranışına görə onun afrikalı mənşəyinə tam qaydada şübhə etmək olardı.

Müxtəlif tayfalardan olan əsgərlərdən ibarət orduya komandanlıq edən Hannibal heç vaxt qoşununu döyüş səhnəsindən çıxarmamışdı, daim öz hakimiyyəti altında saxlamışdı, nə özünə qarşı qiyam qaldırılmasına (axı hətta Böyük Aleksandr da ordusunun qiyamı ilə üzləşmişdi), nə də əsgərlərinin arasında ixtilaf, toqquşma baş verməsinə yol verməmişdi. Onun döyüşçüləri isə nəinki bir tayfaya, heç vahid xalqa da məxsus deyildilər. Onun ordusunda çox sayda xalqların nümayəndələri var idi, onlarda isə təbiətdən gəlmə heç bir ümumi cəhət yox idi, onların nə ümumi qanunları, nə ümumi adətləri, nə ümumi dilləri, nə də başqa bir ümumi cəhətləri var idi. Lakin sərkərdənin müdrikliyi belə çox saydakı və rəngarəng xalqlardan olanları bir əmrə qulaq asmağa və bir iradəyə tabe olmağa məcbur edirdi, baxmayaraq ki, şəraitlər dəyişilirdi, tale isə bəzən ona gah xoş üzünü, gah da sərt sifətini göstərirdi. O, gələcəkdə “əbədi şəhər” sayılacaq Romanın qapısı ağzında dayanmışdı. O, Kann döyüşündə yüksək sərkərdə dühası nümayiş etdirmişdi. Onun hələ doqquz yaşı olanda atası Hamilkar Barkanın göstərişi ilə məbəddə Romaya daim nifrət etmək andını içmişdi.

Roma donanması Aralıq dənizində ağalıq etdiyinə görə Hannibal Romanı məğlub etmək və İtaliya ərazisinə düşmək üçün daha çətin yolu seçdi. O, ordusu ilə Pireney yarımadasından Qalliyanın cənubuna yollandı, oradan isə Alp dağlarını aşmaqla İtaliya ərazisinə girdi. O, öz Karfagen ordusunun qələbəsinə çox ümid bəsləyirdi. İtaliya yürüşündə Hannibal 90 min piyadadan və 12 min süvaridən ibarət orduya malik idi. Alp dağlarından qoşunlarla birlikdə 37 döyüş fili də keçirilmişdi.

Hannibal yürüşə çox ciddi hazırlaşmışdı. O, döyüşçülərinə şiş qayaların yüksəkliyindən İtaliyanı, dağ silsiləsinə sığınan Pad vadisindəki münbit tarlaları göstərdi. O, özü deyirdi ki, onun döyüşçüləri indi təkcə İtaliyanın deyi, həm də Romanın divarlarını keçməyə qadir olacaqdır. Romalılar isə karfagenlilərin irəliləməsinin qarşısını ala bilmirdilər. Etrurayadakı bataqlıqdan keçən Hannibal yeganə sağ qalan filinin belində gedirdi, bataqlıqdakı virusun hesabına bir gözünü itirmişdi. Bizim eradan əvvəl 216-cı ildə Kannda Roma ordusu ilə həlledici döyüşə girdi. Kampaniyanın başlanğıcında karfagenlilər Kanndakı qalanı tutmuşdular. Qızğın döyüşdə Hannibal Roma ordusu üzərində nəhəng qələbə çaldı. Tarixçi Polibiyə görə döyüşdə 70 min romalı həlak olmuşdu, yalnız 3 min adam qaçıb canını qurtara bilmişdi. 3300 süvari, həmçinin əyanların 350 nümayəndəsi – senatorlar və digər yüksək vəzifəli şəxslər öldürülmüşdü.          Romaya doğru hərəkət etsəydi, bəlkə də ali məqsədinə nail ola bilərdi. Çünki Roma o dərəcədə mühafizəsiz idi ki, öz legionlarını könüllü qoşulan qullardan təşkil edirdi, əvəzində isə onlara xidmətlərinə görə azadlıq veriləcəyi vəd edilirdi.   Hannibalın süvari dəstəsinin rəisi Maharbal ona dedi ki, “Beşinci günü sən qalib kimi Kapitolidə ziyafət keçirəcəksən”. Lakin Hannibala bu iş olduqca iri miqyasda görünürdü, ona görə də tələsik qaydada qərar qəbul edə bilmədi. Maharbal məzəmmət qaydasında ona dedi ki, “Hannibal, sən qalib gəlməyi bacarırsan, qələbədən istifadə etməyi isə bacarmırsan”. Onun sözləri həqiqəti ifadə edirdi və sonrakı hadisələr bu öncəgörməni bütünlüklə təsdiq etdi.

Qoşunların Kapuyada qışı keçirməsi Hannibalın ən ciddi strateji səhvlərindən biri hesab olunur. Heç bir məhrumiyyətin qalib gələ bilmədiyi adamları bol-bol rahatlıqlar, ölçüyə sığmayan xoş əyləncələr məhv etdi. Döyüşçülər adət etmədikləri bu rahatlıqdan acgözlüklə yapışırdılar. Yuxu, şərab, ziyafətlər, bekarçılıq və digər bədən həzzləri hər ötən gün daha cazibədar olmaqla, döyüşçülərin bədənini və ruhunu zəiflədirdi. Kapuyanın yumşaq iqlimi də döyüşçülərin əyləncəyə qurşanmasına şərait yaratmaqla, onların peşəkarlıqlarını əllərindən almaqla, ordunu elə bil ki, gələcək fəaliyyətsizliyə və məğlubiyyətə hazırlayırdı. Nəhayət, b.e.ə. 211-ci ildə Hannibal şimala, Romaya doğru hərəkət etməyə başladı. O, bu şəhərə qəflətən, gözlənilmədən hücum etməyə can atırdı, çünki uğur bu qətiyyətlilikdən çox asılı olacaqdı. Lakin Hannibalın planı heç də axıradək sirr olaraq qalmadı. Roma şəhərdə olan qoşunlarla müdafiə olunmağı qərara aldı. Karfagen ordusunun yaxınlaşması həm də şəhərdə nəhəng həyəcan yaratmışdı. Silah gəzdirməyi bacaranların hər biri şəhərin qapılarını mühafizə edirdi. “Hannibal qapıdadır!” sözləri hamını təşvişə salmışdı. Elə bil ki, bütün İtaliya nəfəsini udub, gözləmə vəziyətində idi. Romada gah orda, gah burda həyəcanlı anlar yaranır, panika başlayır, adamlar şəhərin küçələrində döyüşlərin başlayacağını gözləyirdilər. Belə şəraitdə hakimiyyət ən axırıncı tədbirə əl atdı, düşmən şəhərdən uzaqlaşana qədər bütün keçmiş vəzifə sahiblərinə qanun-qaydanı qorumaq üçün yüksək səlahiyyətlər verildi.

Hannibal vuruşmaq üçün öz döyüşçülərini düşərgədən çıxardı. Romalılar da vuruşdan qaçmamağı qərara aldılar. Qəflətən dolu ilə birlikdə leysan yağış yağmağa başladı, stixiya romalıları və karfajenliləri elə yazıq vəziyyətə saldı ki, onlar öz düşərgələrinə güclə gəlib çata bildilər. Sabahısı günü tufan şəklindəki vəziyyət təkrar olundu. Puniyalıların düşərgəsində şayiə yayılmağa başladı ki, allahlar Hannibala vuruşmaqda mane olur. Belə söhbət gəzirdi ki, guya Hannibalın özü ucadan demişdi: Romaya yiyələnmək üçün onun ya ağılı, ya da xoşbəxtliyi çatışmır. Hannibalın öz Rubikonunu keçməyə cəsarəti çatmadı və bu zəifliyi onun gələcək acı məğlubiyyətinə yol açdı.

 

(Ardı var)

Telman Orucov

 525-ci qəzet.- 2013.- 21 dekabr.- S.11.