Bir şeirin dedikləri
(Ramiz Rövşənin ad
gününə)
Elə şeirlər var, su kimi axıb gedir, sənlə
bərabər, bəzən səni də ötüb
keçir. Amma həmişə onunla qoşa
addımladığını hesab edirsən. Hansı məqamdasa
anlayırsan ki, əslində səninlə qoşa
addımlayan ürəyində illər boyu əzizlədiyin
bir isti nəfəs, hənir, yaxud uydurduğun bir
pıçıltının havasıymış.
Elə
şeirlər var,
sən addımladıqca onun nəfəsini kürəyində
hiss edirsən. İşdi şayət, qəza-qədərdən
ürəyin tutub yerə yıxılsan, ya bir ağaca
söykənsən, gözlərini qapadacaq, üstünə ağ tül kimi səriləcək.
Hər bir şairin yaradıcılığında taleni
bəlirləyən, eyni zamanda – həm irəlidə, həm
də kürək qızdıran məsafədə
addımlayan bir-iki şeir olur. Bunlar tale
dayanacaqlarıdır, heç nəyi izah etməyən, daha
doğrusu izah etməkdən yorulan nümunələrdir. C.Yusifzadənin “Ay qonşu, bu evin
yiyəsi hanı?”, Musa Yaqubun “Mən gərək
yanımda bir ağac əkim”, Əli Kərimin “Nə xoşbəxt
imişəm...”, Səlimin şəxsən öz dilindən,
ikilikdə dinlədiyim bir neçə şeiri, Fəridin bəzən
bütün axtarışlarının bir nöqtəyə
düyümlənən hissiyyatlı şeirləri içərisində
biri.... məhz bu qəbildəndir.
Ay
qonşu, bu evin yiyəsi hanı...
...Alışıb
gəlmişəm, yanıb gəlmişəm,
Kül
olub gəlmişəm, ay ev yiyəsi....
Yaxud
Əhməd Oğuzun Vaqif Bayatlıya həsr etdiyi şeir,
adı da bizim üçün xarakterikdir – bir anın
şeiri:
...Azan səsi
vardı, şəhər yoxuydu,
Solğun üzün solğunluqdan toxuydu.
Gümüşüdü plaşın, ya
ağıydı? –
Dan yeri tək oturmuşdu əynində.
Yellənirdi
ətəyin – sol gedirdi,
Bir
cüt ayaq, bir cüt də qol gedirdi
Sən
getmirdin – yol özü yol gedirdi
Allah bilir
nə tutmuşdun beynində...
Bu şeirlər haçansa yazılan yox, əksinə
ona qədər yazılanların nəticəsi, bütün
poetik vasitələrin bir anlığa nəfəs dərib
dayanması, yaddan çıxması, bir ömür boyunca
gözlənilən anın – məqamın tutulmasıdır.
Bizim
poeziyada, xüsusən indilərdə yazılan nümunələrdə
bir müşahidə gözə alınmalıdır: poetik mətndə
müqayisə, obraz, metafora... sırası
sıxlaşdıqca şeir sanki kliniki ölüm
keçirir, gedib-gələn nəfəs birdən dayanır
və sonda məlum olur ki, bu cür ağır zəhmətin
mənası əvvəlcədən tutulan havanın boğulması,
sıxılıb aradan qaldırılması
üçünmüş. (Bir ayrıntı: – Platon deyəndə
ki, şairləri şəhərdən qovmaq lazımdır,
bunu nəzərdə tuturdu ki, onlar artıq “sənətkar”
deyillər, yəni nəzərdə tutulan dərəcədə
filosof deyillər, həm də kifayət qədər atlet
deyillər.) Məsələ heç də bu obraz, müqayisə
və metafora sırasının varlığında deyildir,
problem şeirin düzgün qurulmamasında, necə deyərlər,
memarlıq yönündə skeleti məlum olan bir tikilini
müdhiş bir səhv ucundan uçurub-dağıtmaqla
bağlıdır. Və... bu hələ
harasıdır, qafiyələri bir-birinin içinə girən,
nəfəsi, havanı qıdıqlayan ... şeirlər daha
çox sevilir, daha çox əzbərlənir və
böyük bir ərazidə at oynadır. Ancaq bu dünyada əzbərdən
o yana olan mətləblər, daha
doğrusu poetik niyyət də mövcuddur. Ən gözəl,
qənirsiz şeir, poeziya ünvanına maksimum, ideal şəkildə
yaxınlaşan poetik nümunədə bütün
müqayisələr, ərazidə, havada-suda süzən
qafiyələr olsa da olmamış kimi görünür, sən
ancaq qəribə, yaxud belə deyək, sirri-xuda bir auranın
havasını hiss edirsən, bütün gücünü bir
nöqtəyə toplayıb o havanı anlamaq, hansı əsrdən,
keçmişin hansı dərinliyindən süzülüb
gəldiyini kəsdirmək istəyirsən, ancaq məsələnin
bütün qəlizliyi bundadır ki, bu cəhdlər
şeirin o mistik havasının içində əriyib yoxa
çıxır.
Bəlkə
elə bu səbəbdən fransızların məşhur
alimi “Yazının sıfır həddi” məqaləsində
deyirdi: “...artıq meydandan çıxmış formalarla hələ
məlum olmayan formalar arasında ortaq bir mövqe tutmaqla dil,
yazıçının dili zəmindən, əsasdan,
söykənəcəkdən çox son həddi əks
etdirir; bu elə bir həndəsi sərhəddir ki, bundan kənarda
onlar heç nə deyə bilməzlər. Beləliklə,
dil ədəbiyyatın məhz bu göstərilən tərəfində
qərar tutur, üslub isə onun tam əks istiqamətində
məskunlaşır: xüsusi obrazlılıq, ifadə
manerası, yazıçının sözlüyü –
bütün bunlar onun ustalığının avtomatik
üsullarına çevrilərək onun indisi və
keçmişi ilə şərtlənir” (Rolan Bart). Məsələn,
yuxarıda dediyim kimi, Səlimin şeirlərini dinlədikdə
dildən əks tərəfdə yerləşən “üslub
oyunu” səni dərhal öz çevrəsinə salır,
aldığın nəfəsi böyüdür; yaxud Abbas
Tufarqanlını və ya Xəstə Qasımı oxuyanda indiyə qədər
görmədiyin bir dünya ilə üzləşməli
olursan.
Ramiz Rövşənin 2008-ci ildə
yazdığı, bu günlərdə, ad günü
münasibəti ilə çap edilən “Ay bu yükün yiyəsi”
şeirində olduğu kimi.
XX əsrin
dahi filosof-ədəbiyyatşünası Mixail Baxtin
yazırdı: “... Poetik obrazda sözün dar mənasında
bütün hərəkət – söz-obrazın dinamikası
sözlə predmet arasında baş verir. Söz tükənməz
zənginliyin və əşyanın ziddiyyətli müxtəlifliyinin
içinə, onun “bakirə” hələ “deyilməmiş təbiətinin”
içinə qərq olur; buna görə də o, öz
kontekstindən kənarda nəyinsə olmasını nəzərdə
tutmur (şübhəsiz ki, dil xəzinəsindən
başqa). Söz əşyanın ziddiyyətli
şüurunu və bu şüurun ən müxtəlif və
çeşidli indisini yaddan çıxarır”. Hər şeyi
unutduran, əşyanı büsbütün özünə
bürüyən sözün yaddaşında həmin əşya
“arxiv faylı” kimi qalır, bir gün dirilmək ümidilə.
Və budur, “Ay bu yükün yiyəsi”
şeirində həmin nəsnənin “ziddiyyətli
keçmişi”, insanın bütün
ağrı-acısını, taleyinin bütün dolanbaclarının
mənasını heç zaman olmamış kimi görsədir.
Gör
bir nə tez xərclədim günləri manat kimi,
Əvəzində
nə aldım –
heç
xəbərim olmadı.
Çox
yerdə başa keçdim hörmətli qonaq kimi,
Amma ayaq
qoymağa
heç
öz yerim olmadı.
Yuxarıda
nişan verdiyimiz mətləb – sözlə
əşyadan kənarda bütün gerçəklik işarələrinin
söndürülməsi, yaxud gerçəklikdən əşyanın
bətninə köçürülməsi və burada yeni
gerçəklik yaratması ağla və təsəvvürə
gəlməyən təbəddülatlar doğurur. Söz əşyanın
adi gözlə və fəhmlə bilinməyən daxili sirlərini
açır, dünya adiləşir, o boyda möcüzələrin
müqabilində dünya bir az da “mənasızlaşır”,
hər şey – bütün baxışlar əşyaya –
sözün qərq olduğu, qəzaya uğradığı
əşyaya doğru zillənir.
Dünyada
hərə bir cür qocalmağa başlayır;
Başdanmı qocalan çox, ayaqdanmı?
Kim bilir.
Hansı
pisdi –
yerişi,
yoxsa ağlı itirmək?
Axsaqdanmı soruşaq, axmaqdanmı?
Kim
bilir....
Vaxtilə Filosof Qaston Başlyar yazırdı ki,
şairlər ümumən axıb geçən zamanı yox,
o zamandan qopub düşən anı tutmaqda mahirdirlər.
Sözünə davam edərək yazırdı ki,
Bodler sanki çinlilər kimi saatı pişiyin gözlərinə
baxıb görürlər, ancaq bu saatın üzərində
saniyə, dəqiqə, saat izləri, heç sferblat belə
yoxdur, ona görə də vaxt böyük bir ərazini,
ucsuz-bucaqsız məkanı (zaman aradan qalxdığı
üçün məkanın dərinliyini-!)
xatırladır. Üstəlik, anı bu qədər
incəliklə tuta bilən şairlərdə şeir
açılmır, yaxud nəyisə, hansı
dolaşığı, yaxud düyünüsə
açmır, əksinə, burada hər şey düyün
düşür. Hər şey
müşgülə çevrilir. Gecəylə
gündüzün tən ortasında dayanan şair, artıq
zamanın alıb-verdiyi nəfəsdən də bezərək
mənasız həyatdan qopub ayrılır; artıq o,
varlıqla heçliyin mücərrəd ambivalentliyini
(ikibaşlığını) bütün canıyla hiss edir.
Qaranlıqda öz işığını daha
sərrast görür. Bu şeir də şairin ən sərrast
gördüyü bir məqamdır. Sevinmək
yox, ağlamaq yox, dərd çəkmək yox, ölmək-itmək
yox, ancaq nəfəsini dərib saxlamaq, bu nəfəslə
düşünmək, onu ömrünün mənasına
çevirmək məqamı gəlir.
Mən nəsə
ayağımdan qocalmağa başladım,
Ağıllı başım çətin köməyimə
yetişə.
Ayağımın
ucundan başlayan şiş yeriyib
Yavaş-yavaş haçansa ürəyimə yetişər.
Hər şey bir anın içində əks olunur – indiyə qədər rəsmini çəkdiyin, durub yolunu gözlədiyin, tutub bağrına basdığın bütün hisslər, ağrı-acılar, fani dünyanın səni qocaldıb muma döndərən sirləri – hər şey bir anın içindən ötüb keçir, tutmaq üçün yox, sadəcə bir anlıq tamaşa üçün. Bu an bitdikdən sonra bütün mümkünsüz şeylər, bütün əlin çatan nəsnələr yenə öz adəti yerini alır. Və sən dərindən-dərinə qüssəyə batırsan. Elə bu məqamda demək yerinə düşər ki, poeziya digər metafizik təcrübələrin fövqündə dayanır. Bax, bu şeiri oxuduqda sözə çəkilən mətləblə bağlı heç bir giriş, dəlil-sübut yada düşmür. Şübhəyə belə yer qalmır. Bu kimi mətləblərin yalnız sükuta, sükutun içində qərq olmağa ehtiyacı var. Başlyarın fikrincə, bu anlamda poeziyada söz tərk-silah edilir. Dünya boşalır. Buludların üstüylə süzən quşun qanadlarının çırpılmasını belə eşitmək mümkün olur. Tam səssizlik yaranır və bu qulaqbatıran mühitin içində poetik an doğulur.
Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq,
Ayaqlarım zay olub lap sıradan çıxsa da.
Çox
dostlarla günbəgün aram soyuyur, –
ancaq
Mən
aradan çıxmaram, kim aradan
çıxsa da.
Bir vaxt
iri köpəklər hürərdilər üstümə,
İndi xırda küçüklər
hürüşür addımbaşı.
Hürməkdə
o köpəklər
yaman
ustaydı, usta,
Bu
küçüklər hələ ki,
bir az
naşıdı, naşı.
İt
hürər, karvan keçər...
Yox, mən
karvan deyiləm,
Mən –
karvanı talanmış
tənha,
yorğun bir dəvə.
Dörd tərəfi
bürüyən toz-dumanın içində
Baş
götürüb gedirəm
ağlım kəsən tərəfə.
Yük
altında göynəyir kürəyimin qabarı,
Yük altında təngiyir hər addımda nəfəsim.
Nə
atmağa qıyıram,
nə
gücüm var – aparım,
Hayandasan,
di gəl çıx, ay bu yükün yiyəsi!..
Başqa sözlə – şair ayrıca bir iqlimdir.
Cavanşir Yusifli
525-ci qəzet.-
2013.- 21 dekabr.- S.19.