“Çərpələng uçuran”dakı Əfqanıstan: torpağı günah bitirən ölkə

 

 

 

“Kədərli əhvalatlardan yaxşı kitablar çıxır” – bu cümlənin müəllifinin, əfqan kökənli amerikan yazıçısı Xalid Hüseyninin hələlik əlimdə olan yeganə kitabını bu yaxınlarda oxuyub bitirdim. Romanın son səhifəsini çevirib dərindən nəfəs aldım və sübuta ehtiyacı olmayan bir gerçəklik təzədən, artıq neçənci dəfə beynimin divarlarına çırpıldı. Xalid Hüseyni Əfqanıstanın çox kədərli əhvalatından çox yaxşı kitab ərsəyə gətirməyi bacarıb. Bu, şəksizdir. Amma həddindən artıq yaxşının bəzən əks-təsir göstərməsi də mümkündür. Əcəba, Xalid Hüseyni, özünün də yazdığı kimi, uşaqların çox olub uşaqlığın olmadığı Əfqanıstanı bu qədər çılpaq şəkildə ortaya qoymaqda nə məqsəd güdüb? Yarımörtülü mətləblər daha cazibəli və çəkici olurkən, niyə Əfqanıstan həqiqətini tam çılpaq şəkildə dünyaya göstərib? Axı artıq canlı klassikə çevrilmiş bir yazıçı ovcunun içi kimi bilir ki, tam çılpaqlıq adamı utandıra, iyrəndirə və qorxuda bilər?

Yazıçının bu romanı yazmaqda məqsədi dünyanın eşidib-bildiyi ən iyrənc əməllərin tüğyan etdiyi Əfqanıstanı olduğu kimi bəşəriyyətə təqdim etmək idisə, alınıb. Həm də o dərəcədə yaxşı alınıb ki, kitabı oxuyarkən acıma duyğusundan daha artıq kin, nifrət, ikrah hiss edirsən. Bəlkə yazıçı da əslində oxucuları Əfqanıstan həqiqətlərinə inandırmaqdan, oradakı insanlara mərhəmət oyatmaqdan daha çox, ata yurdunu hiddət, nifrət obyektinə çevirməyi qarşısına məqsəd qoyub? Yoxsa Xalid Hüseyni “Allahu-əkbər” qışqırıb Allahı unudan və bəlkə, əstəğfürullah,  Allahın da unutduğu bu rəzil qövmün, “bu bir dəstə lənətəgəlmiş əclafın” elə əslində birdəfəlik yer üzündən silinməsini arzulayıb qəlbinin dərinliyində?

Əsərin aydınca fabulası var və bu süjeti danışıb sizi kitabı oxumaq “zəhmətindən” xilas etmək fikrim yoxdu əslində. Sadəcə, daha bir mütaliə vəcdini paylaşmaq istəyirəm, vəssalam. Vaxtın darlığı və məişət qayğılarının bolluğu nə qədər “mərdiməzarlıq etməyə” çalışsa da, əsəri birnəfəsə oxuyub bitirməyimə mane ola bilmədi. Bunun üçün bir az da Bakının ürəküzən tıxaclarına minnətdaram. Və etiraf edim ki, “Çərpələng uçuran”ın üzündən bir neçə dəfə düşəcəyim dayanacaqdan ötüb keçmişəm.

“Çərpələng uçuran” – əsərin baş qəhrəmanının öz keçmiş günahlarından arınma istəyinin mükəmməl ifadəsidir. Məhz buna görə də əsər qısa və sadə desək, möhtəşəm alınıb. Zatən həyat dediyimiz də yaşanan keçmişin izlərini silmək cəhdlərindən ibarət deyilmi? Nə qədər mümkünsüz və nə qədər cəfəng bir iş...Dünən etdiyimiz günahları yumalıykən yeni-yeni günahlar çələngi hörürük. Türklərin xoşuma gələn bir ifadəsi var: keçmiş olsun! Guya baş verənlər keçmiş olmaqla hər şey düzəlir: “Keçmişin keçəriliyi, keçmişi gömmək barədə deyilənlər yalan imiş. Çünki keçmiş dişiylə, dırnağıyla yol tapıb üzə çıxır...”

Təsəllisiz dözülməzlik-keçmişi silmək olmur... İstəsən də, əlləşib vuruşsan da, keçmişin kölgəsi düşür bu gününə... Hey irəliyə getsək də, hamımızı etdiyimiz günahların qara kabusları izləmirmi? Ruhumuza təskinlik üçün bağışlanan və bağışlanmayan günahlar kimi təsnifləndirdik suçlarımızı. Amma qəlbimizin dərinliklərində bilirik ki, o günahlarımız məhşərə qədər yazıldı kainatın bir yerinə. O kainatın digər bir yazı yeri olan alnımızı da suçlu çıxartdıq hərdən. Amma “alnımıza yazılanı yaşayırıq” təskinliyi də dərindən fikirləşəndə dada çatmır ki... Bunun doğrudan da başqa təsəllisi yoxdur: keçmiş olsun!..

“Çərpələng uçuran”da Əfqanıstanın hər üzünə... toxunulub. İnsanların namusuna, şərəfinə, heysiyyətinə, keçmişinə, gələcəyinə, ümidlərinə və ən ümdəsi uşaqlıqlarına. Çox insafsızcasına, amansızlıqla ...

Bu əsərdə hamımızın tanıdığı “hamı”var;  ömrümüzün müxtəlif dönəmlərində “hamı” bu və ya başqa formada həyatımızda göründü, taleyimizdən keçdi, yaxud da bəxtimiz gətirdi ki, onların bəzilərini sadəcə kənardan izləməli olduq, bəzilərini isə sadəcə kənardan izləməli olduğumuza görə bəxtimiz gətirmədi...

Biz əsərdə “hamı” tanıyırıq:

Özüylə həmyaşıd süd qardaşının, dostunun (sonralar atabir qardaşı olduğunu biləcəkdi) zorlandığı qaranlıq dalanın başından hayqırıb “mən burdayam, ona toxunmayın”( bəs biz bunu bacarardıqmı?) deməyə qorxan Əmir. 26 il vicdan əzabı ilə yaşayan, bütün həyatı özünün də dediyi kimi “o qaranlıq dalana boylanmaqla məşğul olan”, dostunu qorumağa qətiyyəti çatmayan oğlancığaz... İllərlə sürən vicdan əzabından sonra uşaqlıq dostu Rəhim Xanın yazığı gəldi ona, “Gəl”,- dedi mövlanasayaq: “Yenə də yaxşı olmaq imkanı var...”

Nə gözəl təsəllidi, Allah... Tövbə qapıları bağlanmaz ki... Tanrı böyükdür, etdiyimiz günahlarla sonsuza qədər üzməz ki bizi... Həmişə bir işıq ucu var qaranlıq dalanların sonunda... O qapqara dalanlarda qapqara işlər görülsə də, dostunun çərpələngini verməmək xatirinə yeniyetmə heysiyyətini, şərəfini gözə alaraq qurbanlıq qoyun olmağı qəbul edən Həsənlərin işığı aydınladacaq o qaranlıqları...

Əsərdə Baba var... “Mollaların nə deməyindən asılı olmayaraq, yeganə günahın oğurluq olduğunu” desə də,  əsərin ən böyük “oğrusu” olan Baba...Qanuni sözünü də oğrunun əvvəlinə əlavə etsəkmi?! Əmirdən qardaşı olduğunu, işvəkar həzara qızı Sənubərdən doğulan Həsəndən öz doğma oğlu olduğunu bilmək haqqını oğurlayan və bu qədər babalı öz vicdanına götürən ziddiyyətli, amir, qətiyyətli, xarizmatik Baba...

Əsərdə Sənubər var...Yeni doğulmuş oğlunu belə qucağına almayan, poliomielitdən ayağı və üz əzələləri quruduğundan heç vaxt gülümsəyə bilməyən ərinə – Əliyə: “Al, indi sənin əvəzinə həmişə dişini ağardacaq ağıldankəm uşağın da var” – deyə rişxənd edib doğum yatağından qalxar-qalxmaz köçəri musiqiçilərə qoşulub gedən Sənubər... İllərin tavasında qovrulub, qovrulub, zaman əncir qurusu kimi büzüşdürdükdən sonra yenidən ana şəfqətinə həsrət oğlunun – Həsənin yanına qayıdan, heç olmasa, nəvəsini qucağında saxlamaq səadətini yaşayan Sənubər...

Əsərdə xaraktercə onun tam tərsi olan daha bir qadın- Sürəyya var... Övladının olması üçün ağla gələn və gəlməyən bütün müalicələri alan, Əmirin qadını Sürəyya... Bətni boş, ürəyi dolu Sürəyya... Tanrının da qəribə işləkləri olur axı. Analıq hissini birinə, övladı isə başqasına  verir bəzən... Sənubərlə Sürəyya misalı... Amma Yaradan həm də çox rəhimlidir.. . Nə Sürəyyanı, nə Sənubəri övladsız qoymur sonda. Hər halda Xalid Hüseyni belə yazır...

Bir də Asif var hələ... Təəssüf ki, hələ də var, hələ də... Anası alman, atası əfqan olan iyrənc məxluq, homoseksual-pedofil, qara çalmalı, əbalı Taliban qiyafəsində iblis törəməsi... Hitlerin pərəstişkarı, neofaşist..  kimi ifadələrlə təşbehlənən “təsbeh sahibi”... Əsəri oxuduqca fikirləşdim ki, görəsən Asifin genetik kodlarında Hitlerlə qohumluğu ola bilərmi? Asif – haqqında ən az danışmaq istədiyim və indiyədək hər hansı kitabda rast gəlmədiyim ən nifrət və ikrah etdiyim surətdir. İkinci beləsini xatırlamıram  hələ ki. Və bildiyim başqa bir həqiqət də var: Xalid Hüseyninin “yenə də yaxşı olmaq imkanı var” həqiqəti bu adama (adamamı?!) aid ola bilməz.

Söhrab var burada. Adı Şərqin məşhur dastanı “Şahnamə”dən isimləndirilən, amma nəsibinə uzun əsrlər öncə də, indi də Şərqin utanc yeri – baça (qadın kimi geyindirilib-bəzədilən rəqqas) olmaq yazılan, rəzil Asifin “mənim oğlanım” adlandırdığı biçarə, zavallı, kiçicik Söhrab...

“Çərpələng uçuran”da bir dini-etnik qarşıdurma da var: puştu-həzara qarşıdurması. Birləşib bütöv, rifahlı və sivil Əfqanıstanı yaratmalıykən kənar fitnələrlə bir- birinə silah çevirən “müsəlmanlar” – sünni puştular və şiə həzaraların “mübarizəsi”. Sonuncular isə sadəcə puştu doğulmadıqlarına, türk kökənli olduqlarına görə qətliama məruz qalıblar illərdir. Necə də tanış ssenari..  Bu qırğınlar dünyanın Şərq adlı hissəsinin harasında olmayıb, harasında yoxdur ki...

Əsərdə Taliban var... Hazırkı Əfqanıstanı Şərqin üz qarasına çevirən “mənəviyyat carçısı” şeytanlar... İnsanların çərpələng uçurmaq kimi ən təbii haqqını belə qadağan etməyə cürət edən əxlaqsızlar. Taliban adını “doğruldurlar”; eynən şeytan tələbələridirlər ki, “xüsusi missiya” ilə yetişdiriliblər: “Zinakarları daşlamaq? Uşaq zorlamaq? Uzundaban çəkmə geyən qadınları şallaqlamaq? Həzaraları qətliam etmək? Bunların hamısını da İslam adına?”

Siyasi sığınacaq alıb ABŞ-a getmək asan görünə bilər, amma orada oturub əfqan faciəsini yazmaq və həm də bunu ürəyindən keçirib yazmaq göründüyü qədər asan olmasın gərək. Düşünürəm ki, yazıçı yaşadıqlarının sarsıntısını oxucusundan əvvəl yaşaya bilirsə, onda yaxşı mənada oxucunu sarsıtmağı bacarar. Xalid Hüseyni kimi...

Əsər əvvəldən axıra qədər simvollardan, İlahi Ədalətin bərqərar olduğunu göstərən işarələrdən ibarətdir:

Əmirin övladı olmur. Yəqin ki Tanrının iradəsinə görə, ele belə də olmalıydı. Çünki illərlə qəlbində daşıdığı günah yükü onun həyatını, içini qaraltmışdı, vicdan ağrısının yaratdığı qapqara boşluq onunla Sürəyyanın arasında özünə yer tutmuşdu və körpə üçün yer saxlamamışdı. Onların diaqnozu “səbəbi bilinməyən sonsuzluq” idi. Amma oxucu bu səbəbi bilir: onun nəsilartırma qabiliyyətini qurudan ağrılı vicdanının sızıltısı idi. Bu boyda psixi ağrı ilə necə övlad sahibi olmaq olardı?

Vaxtilə Həsənin sapandla kor etməli olduğu Asif vaxtında layiqli cavabını almır. Amma illər sonra onun yarımçıq qalmış işini cinsi zorakılığa uğramış oğlu Söhrab görür. Gözlüklü Talibanı bir gözündən məhrum edir. Heyif ki, ölmür Asif... Bu da bir rəmzdir. Axı pislik tam ölmür, arxayın yaşamaq olmaz, ən gözləmədiyin andan o pisdən zərbə ala bilərsən, ehtiyatı əldən verməməlisən... Və bir də bu rəmz onu anladır ki, atalar vaxtında görməli olduqları işləri oğullarına buraxmamalıdırlar – YAXŞI gələcək naminə...

Həsən və Fərzanə öldürülür, sadəcə həzara olduqlarına görə... Amma bir təsəlli var, yaxşıların kökü kəsilmir. Onlardan mütləq bir iz qalır. Hətta nə qədər əzilməsinə baxmayaraq, son anda özündə qüvvə tapıb pisliyi gözündən vuracaq qədər cəsarətlənən Söhrab kimi...

Sənubər övladını atıb gedəndə dünya gözəli idi. Uzun illərdən sonra səadətinin məhz atıb getdiyi yerdə olduğunu dərk edib qayıtdı. Hər bir günahkar kimi o da yaxşı olmaq imkanından yararlanmaq istədi. Qayıdarkən təbiət illər əvvəl ona verdiklərinin hamısını geri almışdı. Dünya ilə mübarizədə dünya qalib gəlmişdi – Xalid Hüseyninin dediyi kimi.

Vaxtilə gözəl olan indi üzü bıçaqla kəsik-kəsik, günahkar qəlbi para-para olmuşdu. İkrahla lağ elədiyi oğlunun bircə təbəssümünü görmək üçün qayıtmışdı. Bu dəfə Həsən qaçdı. Amma çox qala bilmədi, cəmi bir gün. Belə böyük amansızlığı bağışlamaq üçün bircə gün yetdi “anadan yetim, həzara” Həsənə. Axı yaxşıları həmişə bağışlamasalar da, yaxşılar həmişə bağışlayırlar...

Ömrünün sonunda Babanı içindən yeyib qurudan xərçəng azarı deyildi əslində, özünün də dediyi kimi, elədiyi böyük “oğurluq” idi. Həsən idi o “oğurluğun” adı. Və Baba ömrünün sonunacan gizlicə yanaraq həmin “oğurluğun” cəzasını çəkməli oldu...

Əmir hələ uşaqlığından Asiflə üz-üzə gəlməyə qorxurdu.. Amma həyat çox inadkardır. Ən tərs uşaqdan da inadkar. Keçmişindən, qarşılaşmaq istəmədiyindən nə qədər qaçsan da, mütləq bir gün üz-üzə gəlməli olursan. Əmirlə Asifin görüşü illərlə yubandı, amma baş verdi yenə də... Deməli, taledən qaçmaq mümkün deyilmiş. Bunun üçün 26 il keçməliydimi? 26 il! Gözünə dik baxmaq lazımmış taleyin, onsuz da olan olacaqmış... Sən savaşmalısan...

Həzara bilinib həmişə təhqir edilən, zahirən, genetik olaraq anasından aldığı həzara əlamətlərini daşısa da, Həsənin damarlarında milliyyətini təyin edən əsl puştu qanı axırmış, sən demə... Deməli, millət ayrı-seçkiliyi, irq diskriminasiyası etmək nə qədər mənasız, absurd imiş... Milli mənsubluq da nisbidir deməli, önəmli olan İNSANdır...

Və sonda əmisi Əmirin Söhraba sahib çıxması da təsadüfi deyil. Həm mənəvi, həm də siyasi baxımdan. Birincisi, Söhrab Əmirin qardaşı oğludur, qanının, geninin daşıyıcısıdır, deməli, həm də onun nəslinin davamçısıdır. İnsan nə qədər güclü olsa da, ömürlük vicdan əzabı ilə yaşaya bilməz. Mütləq etdiyi günahı yuyacaq bir savab iş görməlidir. Söhrab həm də Əmirin qazandığı savabdı. Digər bir tərəfdən demokratik, azad bir ölkədə – ABŞ-da yaşasa da, ən azı çərpələng uçurmaq həvəsi ilə tam bir əfqan olan Əmirin çirkab bataqlığından dartıb sahib çıxdığı Söhrab, həm də köməksiz uşaq qədər məzlum və adamı diksindirəcək qədər mənfur olan zorlanmış Əfqanıstanın rəmzidir. Deməli, Əfqanıstanı onun vətəndaşı – yalnız əfqan qurtarmağı bacarar, demokratiyanı, humanizmi tutalğac edərək ölkəsini yaşadığı iyrənc cəhalətdən çıxara bilər.

Yenə də yaxşı olmaq imkanı varkən, nə qədər ki, gec deyil, hər bir əfqan vətəninə müraciətlə “Səndən ötrü min yol” deməyi bacarmalıdır... Əks halda, Əfqanıstanda mavi quyruqlu qırmızı çərpələng uçurmaq istəyənlərin günü gələcəkdə də qara olacaq...

 

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2013.- 21 dekabr.- S.20;26.