Ustad aşıq və tarixi ənənə
İkinci yazı
Gözəl səs, coşqun
təb, iti yaddaş, saza-sözə sonsuz həvəs ? Allahın verdiyi bu nemətlərlə
atası yanında şagirdliyə başlayan
Şəmşirin ustaddan
öyrəndiklərini bircə
sözlə ifadə etsək, bu məqamda “ənənə”
sözünü işlətməliyik.
Doğrudan da, şagird illər uzunu ustaddan dərs alıb Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Valeh... kimi sənətkarların
adı ilə bağlı saz və söz ənənəsini mənimsəmiş
olur. Sonralar bir ustad kimi
Aşıq Şəmşirin
də otuzdan artıq şagirdə aşıladığı həmin
ənənədə bir
çox tələblərlə
yanaşı, bir səciyyəvi cəhət
də var: şeirlərin dinləyiciyə
yurd yeri ilə birlikdə çatdırılması. Bu məsələyə
xüsusi olaraq toxunan S.Paşayev yazır: “Aşıq şeirinin yurdu olur. Şirvan-Salyan aşıqları bu yurda “döşəmə”
deyirlər. Ustad
aşıqların həyat
və yaradıcılığının
özlərindən sonra
dastanlaşmasında bu
yurdlar – döşəmələr
(şeirlərə bağlı
əhvalatlar) müstəsna
rol oynamışdır”
( Pirsultanlı S.P. Ozan-aşıq sənətinin
nəzəri məsələləri.
Bakı,
Ozan, 2002, s.75-76). Bu yurd yeri məsələsi
və Aşıq Talıbın birinci yazıda xatırlatdığımız
fikri (Aşıq Ələsgərin hər
səfərinin bir gecəlik dastan olması ilə bağlı qənaət)
arasında bir səsləşmə yoxdurmu?
Bizcə,
var. Əslində, S.Paşayevin,
yurd yeri (döşəmə) barədə
dedikləri Aşıq
Talıbın, səfər
sərgüzəştləri barədə təsdiq edilməsidir. Təbii
ki, S.Paşayev məlum fikri təsdiq etməklə kifayətlənmir, fikrin imkan daxilində açılması, faktlarla
əsaslandırılması qayğısına qalır:
“Xanəndə oxuduğu
qəzəl və qoşmaya yurd düzəldib danışmır.
Aşıq dilində isə
şeirin, sözün
yurdu özü qədər şirin olub.
Aşıqlar bir də ona görə klassiklərin qoşmalarına
az girişirlər
ki, onlar bu şeirlərin yurdlarından xəbərsizdirlər.
Aşıq qoşmaları
isə müəyyən
bir səfərlə,
yerlə, əhvalatla bağlı
olduğu üçün
yurd düzəltməyə
geniş imkan verir” ( Pirsultanlı S.P. Ozan-aşıq sənətinin
nəzəri məsələləri.
Bakı, Ozan, 2002,
s.85). Göründüyü kimi, S.Paşayev
yurd yeri məsələsi ətrafında
danışarkən aşıq
şeirini yazılı
şeirdən fərqləndirən
mühüm cəhətlərə
diqqət yetirir.
O, yazılı ədəbiyyata
aid qoşma-gəraylının sazdan, saz havacatından
kənarda yaranmasını
bir mühüm fərq sayırsa, yurd yerindən uzaqlığını da
başqa bir
mühüm fərq sayır. Əlbəttə,
yazılı ədəbiyyata
aid qoşma-gəraylının da müəyyən əhvalatla bağlı yaranmasını heç kim inkar
etmir. Burada əsas məsələ
yazılı ədəbiyyata
aid şeirlə onun bağlı olduğu əhvalatın qoşa xatırlanıb-xatırlanmamasındadır.
Tutaq ki, M.P.Vaqifin hər hansı bir şeirinə müraciət
edilirsə, o şeirin
nə vaxt, nə münasibətlə
yazılmasının xanəndə
üçün elə
bir əhəmiyyəti
yoxdur, amma aşıq üçün
çox böyük əhəmiyyəti var. Aşıq
yazılı ədəbiyyatdan
o şeirlərə daha
çox müraciət
edir ki, həm saz havasına
uyğun gəlsin, həm də müəyyən bir sərgüzəştlə bağlanmış
olsun. Aşıq auditoriyası üçün
yurd yerinə qulaq asmaq şeirin
özünə qulaq asmaq qədər maraqlıdırsa, deməli,
bu barədə düşünüb-daşınmaq, məsələnin məğzinə
varıb, mahiyyətini
aydınlaşdırmaq vacibdir.
Məsələnin mahiyyətini aydınlaşdırmağın
ən başlıca yolu, heç şübhəsiz, konkret nümunələri gözdən
keçirməkdədir.
Aşıq Şəmşir şeirləri
ilə bağlı yurd yeri nümunələrinə
ustad aşığın
öz xatirələrində
və onun ünsiyyətdə olduğu
adamların danışdığı
əhvalatlarda rast gəlirik. Aşıq Şəmşir atası Aşıq Qurbanın, eləcə də Aşıq Ələsgərin,
Aşıq Talıbın...
bir çox şeirlərinin yurd yerini danışdığı
kimi, öz şeirlərindən də
bir neçəsinin yaranma tarixçəsindən
həvəslə danışır.
Həm Aşıq Şəmşirin,
həm də onunla ünsiyyətdə olmuş adamların xatirələrində S.Vurğun
– Aşıq Şəmşir
görüşünün xüsusi yeri var. Bu görüşə müxtəlif
adamlar yazı həsr ediblər. Həmin yazılardan qırmızı xətt kimi keçən bir motiv Aşıq
Şəmşirin sözə
sözlə cavab verə bilmək məharətidir: “Şəmşir,
Səmədin qoşmasını
(“Aşıq Şəmşir,
Dəlidağdan keçəndə”
misrası ilə başlayan qoşmasını
– M.K.) avazla əzbərdən
oxudu. Aşıq həmin şeiri
bircə oxunuşla yadda saxlamışdı.
O, cavab olaraq, bu beşbəndli qoşmanı sinədən
dedi:
Qoşqarla yanaşı duran
başın var,
Bizim el tanıyır
uca dağ səni.
Yanır
yolumuzda sənət çırağın,
Bilirik şeirdə
bir mayaq səni.
...Şəmşirlə görüşün
qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa
diyarbadiyar
Gəzərəm əlimdə şam-çıraq
səni.
Səməd Vurğun sevinib
əlini gur saçlarına çəkdi:
– Ayə, – dedi və güldü,
– bu lap mənim şeirimdən qüvvətli
çıxdı ki...” (Verdiyev
S. Buzlaq dağının
ətəyində / Dədə
Şəmşir yaddaşlarda.
Xatirələr. Toplayıb tərtib edəni
Q.Şəmşiroğlu. Bakı, Gənclik, 2000,
s.63).
Aşıq Şəmşir şeirlərindən
bir çoxunun tarixçəsini Hacı
Ziyadxan Əliyev imzalı müəllifin ustad sənətkarla söhbətləri əsasında
daha ardıcıl izləmək olur. H.Z.Əliyevin
qələmə aldığı
Aşıq Şəmşir
söhbətlərindən biri belədir: “Bir neçə ay bundan qabaq yenə
Kəlbəcərdə idim.
Qocalıq bir tərəfdən,
üstəlik xəstəlik
də məni əldən salmışdı.
Yazın
yaxınlaşdığı aylar idi. Gördüm
ki, cavanlar yığışıb qartopu
oynayırlar. Bunları görəndə
mənim də yadıma cavanlıq düşdü. Dedim,
mən də istəyirəm bir az sizinlə
oynayam. Sözümü zarafata salıb
güldülər. Kimsə
kənardan dedi ki, ustad, sənə
bir qartopu dəysə, axırın
necə olar? Bu söz məni
ayıltdı, fikirləşdim
ki, doğrudan da, düz deyirlər.
Axı mənim qocalıq niyə yadımdan çıxır? Ürəyimdə
qövr eləyənləri
bu məqamda şeirə çevirməyi
özümə qənimət
bildim:
Cavanlar oynaşır yalda-yamacda,
Mən də pəncərədən baxıram
evdə.
Qıçım tutmur, qocalığın
əlindən
Yandırıb qəlbimi, yaxıram evdə.
...Tərlan könül şikar almış sar kimi,
Soluxuram
şaxta vurmuş bar kimi.
Xəstə üçün gətirilmiş
qar kimi,
Əriyib ocağa axıram evdə.
...Şəmşirəm, ağarıb saçım-saqqalım,
Hər şeydən bir qədər pozulub halım.
Yorulmuş ovçuyam, qaçmış maralım,
Tüfəngi yalandan çaxıram evdə”
(Əliyev H.Z. Gəlimli-gedimli dünya / Dədə Şəmşir yaddaşlarda. Xatirələr. Toplayıb tərtib edəni Q.Şəmşiroğlu. Bakı, Gənclik, 2004, s.295-296).
H.Z.Əliyevin qələmə aldığı söhbət-əhvalatlardan bir çoxunun yığcam süjet xətti var. Qaçaqlarla görüşən Aşıq Şəmşir və Aşıq Talıbın həbs olunmasına; Aşıq Şəmşirlə Aşıq Bəstinin qarşılaşmasına; Aşıq Şəmşirlə Aşıq Talıbın Gəncəyə səfər etməsinə həsr olunan söhbət-əhvalatlar dediyimizə misal ola bilər. Yığcam süjet xətti olan bu əhvalatlarda dastan elementləri özünü göstərir. Dastan elementləri ilk növbədə ondan ibarətdir ki, danışılan əhvalatlarla şeir parçaları paralellik yaradır. Yəni bu əhvalatlarda hansısa şeirin yazılma səbəbi və tarixçəsi yox, süjet xəttinin özü diqqət mərkəzindədir. Aşıq Şəmşirin şeirləri isə həmin süjet xəttini açmaq, ətə-qana doldurmaq funksiyası daşıyır. Aşıq Şəmşir şeirlərinin belə bir funksiya daşıması səciyyəvi bir haldır və bu səciyyəviliyi dastan amili ilə izah etmək olar. Əvvəla, Aşıq Şəmşirin dastan yaratmaq təcrübəsi var və “Soltan-Qəndab”, “Bəhmən-Humay”, “Tanrıverdi”, “Kamal” kimi müasir dastanlar sırasında onun “Şəmşir-Sənubər” dastanı da çap olunub. Digər tərəfdən isə şeirlər kimi, şeirlərin bağlı olduğu əhvalatlar da yaranacaq dastanların qida mənbəyidir. Aşıq sənətinə Aşıq Ələsgərli, Aşıq Şəmşirli vaxtların gözü ilə baxsaq, görərik ki, bu sənətdə hər şey: musiqi də, şeir də, şeirlə qoşa səsləndirilən əhvalat da dastan üçündür və yaxud dastana hesablanıb.
Musiqinin, şeirin, yurd yerinin və bunların hesabına yaranan dastanın ən çox məhəbbət mövzusuna həsr edilməsində isə təəccüblü bir şey yoxdur. Folklorşünaslıqdakı məlum qənaətə əsaslanıb deyə bilərik ki, qəhrəmanlıqla müqayisədə məhəbbət mövzusunun daha geniş yer tutması oğuznamələrdən sonrakı tarixi mərhələdə dastanların qazandığı məzmun özünəməxsusluğu ilə bağlıdır. Bu cür məzmun özünəməxsusluğu aşıq yaradıcılığında haqq aşığı – haqq aşiqi xəttini meydana çıxarır. Ustad aşıqların, eləcə də Aşıq Şəmşirin çox sayda şeirləri, həmin şeirlərin birbaşa və ya dolayı şəkildə bağlı olduğu dastanlar haqq aşığı – haqq aşiqi xəttinin ifadəsinə xidmət edir.
Muxtar Kazımoğlu (İmanov)
Filologiya üzrə elmlər
doktoru,
AMEA Folklor İnstitutunun
direktoru
525-ci qəzet.-
2013.- 21 dekabr.- S.26.