Adajio, Adajio, birdən
Alleqro
Payız
Biz hamımız küt rejissor, yarıkor operator,
zövqsüz dekorçu və əbləh prodüserlərik. Ancaq bununla belə,
biz hamımız mahir aktyorlarıq.
lll
Zəiflər həyatda buraxdıqları səhvlər
üçün daim əzab çəkirlər. Güclülər
isə səhvlərini unudurlar.
lll
Yaradıcı insan beyni ilə söhbət edəndə
nəsr yaradır, ürəyi ilə söhbət edəndə
nəzm.
lll
Qonaq otağımızdakı divar saatı həmişə
geri qalırdı. Atamın qol saatı isə saniyəbəsaniyə
dəqiqliklə işləyirdi.
Yəni, sahibiylə birgə gəzən, daim hərəkətdə
olan qol saatı zamanla ayaqlaşa bilirdi, ancaq sükunət
içində olan hərəkətsiz divar saatı isə
zamandan geri qalırdı.
lll
Məktəbli ikən Pionerlər sarayında musiqi dərnəyinə
gedirdim. Fəridə
müəllimimiz solfecio dərslərində əlindəki dəmir
xətkeşi masanın üstünə vura-vura bir ifadə
işlətməyi xoşlayırdı:
– Adajio,
Adajio, birdən Alleqro!
O deyirdi
ki, sonadək Adajio – ağır temp musiqini ürəksıxıcı
edir. Eləcə də sonadək sürətli
Alleqro tempində qalmaq da başağrıdıcıdır.
Odur ki, uğurun formulu belədir: Adajio, Adajio, birdən Alleqro!
Eynən həyatda da mütləq əksəriyyətimiz
Adajio sürətiylə barışmışıq,
ağır-ağır yaşamaqdayıq, heç nəyi
çatdıra bilmirik. Bir ovucumuzsa Alleqroda həyat ritmimizi
itirmişik, hey tələsərək, nəfəsimiz təntiyə-təntiyə
gücümüzü sərf edib qurtarmaq üzrəyik.
İndi
bizlərə bir həyat müəllimi lazımdır ki, dəmir
xətkeşiylə əllərimizin üstünə döyəcləyərək:
– Adajio, adajio, birdən Alleqro!, – söyləsin.
lll
Müasir
dünya nəsrinin ən böyük nümayəndələrindən
biri, əsl virtuoz və əsl yaradıcı, zəmanəmizin
ən sonuncu panteisti, bəşəriyyətin xaosla dolu
bugününə və müəmmalı gələcəyinə hamıdan çox narahat olan ən
böyük skeptik və pessimist, öz qəhrəmanları
ilə birgə özü də qurduğu xəyali dünyada
yaşayan Joze Saramoqa. Postmodernizmin sonuncu bastionu.
Onun “Korluq” adlı hələ ki, ən axırıncı
romanını təəccüb və heyrətlə oxudum. Uzun müddət
qapı-pəncərəni açmadım ki, birdən
özüm də müdhiş korluq epidemiyasına yoluxaram.
lll
Vəzifəli
və hədsiz imkanı olan bir tanışım elə beləcə
də söylədi: İmkansıza əl tutmaq Allaha
qarşı üsyan etmək, ona qarşı çıxmaq
deməkdir. Çünki Allah məsləhət
bilsəydi, onu imkansız etməzdi.
lll
Kimlərinsə köksündə ürək yerləşir,
kimlərinsə – ət parçası.
lll
Dünyaya gəlməyimiz – həyat adlı idarədə
işə düzəlməyimizdir. İşimizin adı
isə yaşamaqdır. Bir gün
müqavilə müddətimiz bitəcək və işdən
azad ediləcəyik.
Bu –
ölümdür.
Ola da bilsin, işin ağırlığına tab gətirməyib
özümüz öz xahişimizlə işdən getdik.
Bu isə intihardır.
lll
Necə ki, klassik ədəbi aşiq etalonu kimi ilk
öncə yadıma Füzulinin Məcnunu düşür, eləcə
də müasir ədəbi aşiq kimi dərhal Anarın
Zaurunu və Elçinin Baladadaşını
xatırlayıram.
lll
Ürək
o qədər dərdlə yüklənəcək ki, bir
gün ağırlığa tab gətirə bilməyib bədənin
dərinliyində qərq olacaq...
lll
Tarın
simlərini qırıb onu adi taxta parçasına
çevirmək – dəyərli olanı dəyərsizləşdirmək...
lll
Həmişə
özümü uçuşu təxirə salınan təyyarənin pilotu
kimi hiss etmişəm. Bu gözlənti bir
anlıq, bir müddətlik olur. Ünvana,
məqsədə çatmaq sevinci təxirəsalınma
vaxtı qurtarıncaya qədər yubansa da, içində bir
əminlik olur ki, bu üzücü müddət tezliklə
bitəcək. Və sən mavi səmalara
– öz xoşbəxtliyinə qovuşacaqsan. Amma indi uçuşu ləğv edilən təyyarənin
pilotu kimiyəm.
(“Son məktub”
romanından)
Yaz
Görəsən plastik cərrahiyyə əməliyyatına
gedib alın yazımızı dəyişə bilərikmi?
lll
Yaxşıları təltif etmək – heç də
pisləri cəzalandırmaq demək deyil.
lll
Bir eyvan qonşumuz var idi, Cəlil dayı. O vaxt “Neftçi” SSRİ
çempionatında çıxış edirdi, güclülər
dəstəsinin 16 komandasından biri idi. Məktəbli
olsam da qatı futbol azarkeşi idim.
Bakıdakı bütün oyunlar bitəndə təqvimi
əzbər bilən Cəlil dayı eyvanı
taqqıldadıb məni çağırtdırar və
“Neftçi neynədi?” soruşardı. Hesabı
öyrənər, əgər qollar vurulmuşdusa kimin
vurduğunu, ümumən oyunun necə keçdiyini
soruşardı.
Evlərində televizorları var idi, televizorları
işlək vəziyyətdəydi, evlərində televizora
baxmaq uğrunda rəqabət-filan da yox idi. Amma nədənsə Cəlil
dayı heç vaxt matça baxmazdı...
Sən bu cür dəqiqliklə çempionatın təqvimini
biləsən, bu cür incəliklərinə kimi hər bir
oyun barədə soruşasan, ancaq özün oyunlara baxmayasan?
Əfsus ki, bu sualı təxirə sala-sala
çox-çox sonra, artıq tələbəykən verməyi
qərarlaşdıranda Cəlil dayının vəfatı xəbərini
eşitdim, sualım cavabsız qaldı.
İndi hər “Neftçi” oynayanda Cəlil dayı
yadıma düşür, yenə həmin sualın
cavabını axtarıram. Bəzən xırda
sirləri vaxtında öyrənməyi lüzumsuz sayıb
Sirlər xəzinəsi yaradırıq.
lll
Heç vaxt “Bundan pisi daha mümkün deyil” dərəcəsində
pis olmur. Odur ki, pisi çox da pisləmək lazım deyil.
lll
Sözləri
yanaşı düzüb heca və qafiyə qayda-qanuna riayət
etməklə şairlər diyarında minlərlə insan
şeir yazmaqda, on minlərlə insan da bu söz yığınına
şeir söyləməkdə, onları da
şair adlandırmaqdadır.
Belədə,
bəs hərfin, səsin, sözün, ifadənin, cümlənin
məna çalarlılığından, sehrindən, sirrindən,
gözəllik və dərinliklərindən çələng
toxuyaraq fikir imperiyası yaradan Ramiz Rövşən, Vaqif Səmədoğlu
kimdir?
Qəfil
gün doğsa bir gecə,
Min-min
gizli günah görsək,
Üstünü
örtə bilməsə,
Bu
dünyanı çılpaq görsək,
Başımıza
hava gələr,
Ağlımız çaşar bəlkə də.
Hamı
birdən baş götürüb
Dünyadan qaçar bəlkə də.
Ramiz
Rövşəndəndir.
Nə
varım var, nə barxanam,
Ömür yükü bağlamağa.
Allah, məni
yarı öldür,
Yarı saxla ağlamağa.
Bu da Vaqif Səmədoğlunundur.
lll
Baharda təbiət oyanacaq. Görəsən
ümidlər də oyanacaqmı?
lll
Moskva
üçün Kreml, Paris üçün Yelisey
çölləri, İstanbul üçün Taksim, Kiyev
üçün Xreşşatik, Bakı üçün
Torqovı nədirsə, Sumqayıt üçün də
“Karvan” Ticarət Mərkəzi o idi. Bura ətraf
küçəsiylə birgə alış-veriş
anlamından çıxmış, kütləvi gəzinti,
ünsiyyət məkanına çevrilmişdi.
Üstəlik də minlərlə insan buradan evinə
çörək aparırdı. (Şəhər əhalisinin yarısı Bakıdan,
yarısı da ticarətdən dolanır).
“Karvan”da baş vermiş dəhşətli yanğın
şəhər üçün böyük itki oldu. Bankdan kredit
götürüb mal almış yüzlərlə insan
yanmış mallarına baxıb göz yaşı
axıdır, nəsə bir salamat şey tapmaq
üçün külün içində eşələnirdi.
Mənə ən çox təsir edən isə ticarət
mərkəzinin bazarında üç kisə kartofu
yanmış məcburi köçkün oldu.
O, qapqara
közə dönmüş kartofların salamat yerini
axtarır, tapan kimi qoparıb yeyirdi...
lll
Eyni sözü qətiyyətlə də, adi qaydada da,
qorxa-qorxa da söyləmək olar. Hər birində bu
söz bir başqa təəssürat oyadacaq.
İntonasiya – sözün libasıdır.
lll
Dünyaya yüzlərcə məşhur mütəfəkkirlər,
rəssamlar, bəstəkarlar, yazıçılar, alimlər,
dövlət xadimləri, komandanlar gəlib gediblər. Ancaq
onların heç birinə şəkli 100-lük ABŞ
dollarına həkk olunmuş və bütün dünyada
balacadan böyüyədək hamı tərəfindən
tanınan Bencamin Franklinin xoşbəxtliyi nəsib olmayıb.
lll
SSRİ-nin
rəhbərlərindən biri olmuş Nikita Xruşşovdan
sitat: “Xoşbəxtlik var-dövlətdə deyildir. Dahi Vladimir Lenin demişdir ki, ən qiymətli
şey qızıl deyil, insandır. Lenin
deyirdi ki, insanlar kommunizm qurduqda ictimai ayaqyollarına
qızıldan naxış vuracaqlar”.
Yaşlı insanların əksəriyyətində bir
SSRİ nostalgiyası duyulur. Əlbəttə,
ictimai ayaqyollarına qızıldan naxış vurmağı
qaçırmaq çox üzücüdür.
lll
Sən
demə, dünyada müvəqqəti qədər daimi olan
heç nə yox imiş...
lll
Ən başda insanların şax gəzənləri, ortada
büdrəyənləri, ən aşağıda isə
yıxılmışları dayanır. Biz – səninlə büdrəyənlərik,
ortadayıq. Güc tapsaq, qayıdıb əvvəlkitək
şax gəzəcəyik, tapmasaq, yıxılacağıq.
(“Son məktub”dan)
Yay
İnsanlar iki yerə bölünür – səninlə
birgə gülənlər və sənə gülənlər.
lll
Memuar yazanlar heç vaxt səmimi olmurlar. Axı
keçirdiyin bütün hissləri kağıza
köçürmək mümkünsüzdür. Hansı yazıçı öz qibtə və
paxıllığını, qəzəb və nifrətini,
şəhvəti hisslərini olduğu kimi kağıza
köçürər?
Başqalarının
taleyini yazarkən tam səmimi ola bilsələr də , öz talelərini yazanda
yazıçılar büsbütün qeyri-səmimi olurlar.
Mən memuarlara inanmıram.
lll
Ha boylan,
ha barmaqlarının
üstündə dur, ha hoppan, yenə də dənizin
əks sahilini görə bilməyəcəksən.
lll
Məşhur ispan filosofu Baltazar Qrasian söyləyib: “Elə et ki, ətrafının həmişə sənə ehtiyacı olsun. Sıxılıb şirəsi çıxarıldıqdan sonra meyvə ən yaxşı halda zibil qabının qonağı ola bilər. Yanğısını söndürdükdən sonra insan bulağa arxa çevirib gedər”.
Biz azərbaycanlılarda da buna uyğun məsəl var: “Bağda ərik var idi, salam-məlik var idi...”
Demək, bu dönəmdə bizimçün ən əsas məsələ bağımızdakı əriyimizin qurtarmasına imkan verməməkdir. Hər halda qurtaranda isə, budaqdan süni ərik – butafora asmaq lazımdır.
lll
“Peterburqda ilk dəfə fil XVIII əsrin 30-cu illərində peyda olub. Onu imperatriça Anna İvanovnaya İran şahı Nadir şah hədiyyə edib. Hazırkı mühəndis qəsrinin yerində əzəmətli Fil sarayı tikilib, orada fillərlə yanaşı Nadir şahın göndərdiyi fil təlimatçısı da yaşayıb. Təlimçi fil üçün illik 365 pud buğda unu, 28 pud şəkər və 100 vedrə araq-çaxır tələb edirmiş...”
“Qolos Ryazani” ¹12, 1991.
P.S. Kim istəyər,
ona fil bağışlansın?
lll
Uşaq dünyası çox maraqlıdır. 2 yaş yarımlıq qızıma ötən gün gözoxşayan bir gəlincik alıb vermişdim. Yatanda da bu gəlinciklə yatırdı. Bütün günü əlindən yerə qoymurdu.
Dünən bir qohum bizə gələndə qızıma ucuz, keyfiyyətsiz gəlincik gətirdi. Qızım bahalı gəlinciyini tullayıb dərhal bu təzədən yapışdı.
Uşaq üçün yaxşı-pis, bahalı-ucuz fərqlənməsi yoxdur, yalnız təzə-köhnə fərqlənməsi var.
lll
Düşüncə qərar verəndə səhv etmək ehtimalın cüzi olur. Ancaq qəlb qərar verəndə əksər halda yanlışlığa yol verirsən.
lll
Yayda Kuşadasında dincələndə oradakı azərbaycanlı ailələrinin öz aralarında rusca danışmasına diqqət etdim.
Bir türk öyrətmən dedi ki, bizlər də ingiliscə rahat danışırıq. Amma öz aramızda nədən yabançı dildə danışmalıyıq? Sizsə bununla fəxr edirsiniz ki, dilinizə həqarət göstərirsiniz.
lll
Biz it hürən tərəfə deyil, işıq gələn tərəfə getdik. Nə yazıq ki, işıq gələn tərəfdə bizə it hürdü.
Varis
525-ci qəzet.-
2013.- 21 dekabr.- S.27.