“Sehrbazlar dərəsi”
yapon dilində
Takayuki
Murakami: “Sizin ədəbiyyatınızla tanış olduqca ölkənizə
daha çox vuruluram”
Cəmiyyətimizin tarixi təkamülünün
son dərəcə maraqlı,
özünəməxsus şərhini
vermiş “Yarımçıq
əlyazma” – “Sehrbazlar
dərəsi” – “Unutmağa
kimsə yox” trilogiyası ölkəmizin
hüdudlarından kənarda
da sevilərək oxunan əsərlərə
çevrilib.
Trilogiyanın müəllifi, görkəmli
yazıçı Kamal
Abdullanın mətnləri
bu gün xarici dillərə ən çox tərcümə olunan əsərlərdəndir. Məlum
olduğu kimi bu trilogiyadan ayrı-ayrı əsərlər
dünyanın bir çox dillərinə tərcümə olunub və bu proses davam
etməkdədir.
Bu günlərdə
müəllifin məşhur
“Yarımçıq əlyazma”
romanının ardınca
“Sehrbazlar dərəsi”
də Yaponiyada nəşr edilib. Kitab yapon dilinə tərcümə edilərək
Tokionun nüfuzlu “Miçitani” nəşriyyatında
çap olunub və oxucuların ixtiyarına verilib.
Artıq
Rusiya, Türkiyə, Qazaxıstan və s. kimi ölkələrdə
nəşr olunmuş
“Sehrbazlar dərəsi”
romanını yapon dilinə Osaka Dövlət
Universitetinin professoru,
bir çox tərcümə əsərlərinin
müəllifi Takayuki Murakami çevirib.
Professor T.Murakaminin BSU-da keçirilən “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: Mif, ədəbiyyat və tarix arasında” adlı beynəlxalq konfransın iştirakçısı olduğunu öyrənincə, ondan eksklüziv müsahibə aldıq.
– Cənab Murakami, Azərbaycana xoş gəlmisiniz!
– Çox sağ olun! Sizin ədəbiyyatınızla, mədəniyyətinizlə yaxından tanış olduqca ölkənizə daha çox vuruluram.
– “Sehrbazlar dərəsi” Azərbaycan dilindən tərcümə etdiyiniz ilk kitabdırmı?
– Bəli, ilk kitabdır və mən məhz bu əsəri yapon dilinə tərcümə etdiyim üçün çox məmnunam. Bildiyimə görə, Kamal Abdulla əsəri yapon dilinə tərcümə olunan ilk Azərbaycan müəllifidir. Bundan öncə onun “Yarımçıq əlyazma” romanını yapon dilində oxumuşdum və onun təsirindən çıxmamış “Sehrbazlar dərəsi”nin tərcüməsinə başladım. Məncə tərcümə pis alınmadı, bunu digər yapon filoloqları da təsdiqləyər. Kamal Abdullanın müasir dünya nəsri ənənələri ilə uyuşan bədii dünyası və yazı manerası oxucuları təsirləndirməyə bilmir. Azərbaycan ədəbiyyatının Yaponiyada ilk olaraq onun əsərləri ilə təmsil olunması təqdir olunmalıdır. “Sehrbazlar dərəsi”nin ilk tirajı 1000 nüsxədir, ancaq əminəm ki, oxucu marağı əsərin tirajının kifayət qədər artmasına səbəb olacaq.
Günay ƏLİYEVA
525-ci qəzet.- 2013.- 21 dekabr.- S.31.