Sokratın vətənində
Ötən
ayın son həftəsi Milli Məclisin Sosial siyasət komitəsinin
sədri, Yunanıstanla parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli,
deputatlar Azər Badamov, Nazim Fərəcov
və Hacı İqbal Məmmədovla
birlikdə Afinaya səfərimiz yaddaşıma dərin izlər
buraxdı. Yunanıstan gənc yaşlarımdan diqqətimi çəkən və
görmək istədiyim ölkələrdən biri olub. Amma səfər təəssüratlarımı
yazmağa məni vadar edən təkcə bu maraq hissi deyildi.
Daş
döşənmiş küçələrinə
Sokratın hikməti hopmuş, hər guşəsi,
bağı-bağçası çoxəsrlik və
zəngin tarixə malik
Afinaya qısamüddətli səfərimiz rəsmi
qaydada Yunanıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri
Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilirdi.
Səfər
zamanı nümayəndə heyətimizin proqramında bu
ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti,
deputatların iş şəraiti ilə yaxından tanış olmaq, yunanlı həmkarlarımızla
bir sıra maraqlı görüşlər keçirmək,
parlamentlərarası əlaqələrin inkişafı və
digər maraq doğuran məsələlər ətrafında
müzakirələr aparmaq nəzərdə tutulmuşdu.
Səfərimiz Yunanıstan Respublikasının parlamenti
və hökuməti ilə bir sıra əhəmiyyətli və
maraqlı görüşlərlə yadda qaldı. Yunanıstan-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Dimitrios
Kiriziadis bizi səfər
boyu müşayiət edərək yunanlı
həmkarlarımıza və
hökumət nümayəndələrinə təqdim etdi Məhz onun təşəbbüsüylə
nümayəndə heyətimiz Yunanıstan parlamentinin sədr
müavini Xristos Markoqiannakosla, Parlamentin Sosial siyasət, Milli Təhlükəsizlik
və Xarici Əlaqələr, İnsan hüquqları komitələrinin
sədrləri və üzvlərilə hər iki ölkə
üçün yaxın gələcəkdə uğurlu səmərə verəcək görüşlər keçirdik.
Afinada yüksək səviyyəli icra hakimiyyətinin rəhbərləri
ilə keçirilən görüşlər daha maraqlı oldu.
Ölkənin
səhiyyə naziri Adonis Qeorqiadis, İctimai Təhlükəsizlik
Nazirliyinin baş katibi Patroklos Qeorqiadis, turizm naziri Olqa
Kefalogianni, ətraf mühit və energetika naziri Yannis Maniatis,
xarici işlər nazirinin müavini Dimitris Kurkulasla bir sıra
çox vacib və konstruktiv
danışıqlar apardıq.
Yüksək
səviyyəli görüşlərdə parlamentlərarası
dostluq qrupunun gələcək fəaliyyətindən, gələn
il Yunanıstanın Avropa İttifaqına sədrlik perspektivlərindən,
TAP (Trans-Adriatik Pipeline) enerji proyektinin iqtisadi səmərəliliyindən
(bu barədə ətrafli qeydlərimi aşağıda
oxucularla geniş təqdim edəcəyəm), turizm sahəsində
əməkdaşlığın daha da artıralacağı
ilə bağlı
mövzular önə
çəkildi. Eyni zamanda, nümayəndə heyətimiz
ölkə ilə daha yaxından tanışlıq məqsədilə
maraqlı mədəni kütləvi tədbirlərdə
iştirak etdi.
Qərb
sivilizasiyasının və qəlb fəlsəfəsinin
beşiyi hesab olunan qədim
Ellada torpağında səfərimizin
yüksək səviyyədə hazırlanmasında və həyata
keçirilməsində, Yunanıstan Parlamentinin, Azərbaycanın
Yunanıstandakı səfiri Rəhman Mustafayev və diplomatik missiyanın digər əməkdaşları
böyük mütəşəkkillik nümayiş etdirdiyini
də xüsusi qeyd etmək istəyirəm.
Yunanıstanın
paytaxtı Afinaya səfərimiz mənim
üçün hər şeydən öncə bu ölkəylə
yeni tanışlıq idi. Digər tərəfdən doğma
Azərbaycanımızın dostluq münasibətlərinin
arenasının son on ildə
daha da genişlənməsi səfər
yoldaşlarım kimi məni də sevindirirdi. Lakin yuxarıda qeyd etdiyim kimi, gənc
yaşlarımdan görmək istədiyim Sokrat, Aristotel,
Demokrit, Platon və başqa
filosofların vətəni barədə düşünəndə səfər zamanı özümə belə
sual verirdim: bəs indiki yunanlar görəsən
müasir dünyaya keçmişdə fəth etdikləri həmin
müdriklik zirvəsindən boylana bilirlərmi?
Bu
sualın yaranmasının yalnız bircə səbəbi
vardi.
Açığını deyim ki, bir müddət öncə Qondarma DQR –in prezidenti
Bako Sahakyanın bu ölkədə işgüzar səfərdə
olması və parlamentdə qarşılanması
xəbərini mətbuat səhifələrində
oxuyanda mənim ovqatım, sözün həqiqi mənasında, çox korlanmışdı. Təbii ki, bu səfərdə həmin məsələnin
önə çəkilməsi,
etirazımızı nə şəkildə deyəcəyimiz
məni çox düşündürürdü. Ola bilməzdi
ki, müdriklik ilahəsi Afinanın adını
daşıyan, bütün dünyada azadlıq, demokratiya və
incəsənətin simvolu hesab olunan
bu qədim yunan
paytaxtının son 20 il ərzində Dağlıq
Qarabağın ermənilər tərəfindən
işğalından xəbəri
olmasın?!.
İndi bu
barədə
düşüncələrimi
Bakıda rahatca iş
kabinetimdə oturub qələmə
aldığım məqamda Azərbaycanın Yunanıstanda
fövqəladə və səlahiyyətli səfiri Rəhman
Mustafayevin mübariz diplomat obrazı canlanır
gözümün önündə.
Bəli,
Afinada rəsmi dairələr görüşlər
zamanı o, məni çoxdan bəri narahat edən həmin sualı özünəməxsus şəkildə
qınaq obyekti kimi önə
çəkdi.
Qəribə
olsa da yunanlı həmkarlarımız hörmətli səfirimizin bu
sualı qarşısında acizliklərini biruzə verməmək
üçün
baxışlarını qeyri- məchul nöqtəyə
zilləyərək yalnız bunu dedilər:
– Biz
onu (yəni B. Sahakyanı – H. M.) burda sadəcə bir qonaq kimi
və qeyri-rəsmi şəxs olaraq qarşıladıq. Bu jestin etika xatirinə olduğunu, diplomatik
cavabda nə ciddi təkzib, nə
də təsdiq vurğulandığını şərh etməyə ehtiyac yoxdur.
Çünki
Bako Sahakyan Yunanıstanda səfər çərçivəsində
Atenkin Surb Astvadazin (Ana Məryəm)
adlanan erməni kilsəsində
bazar günü ibadətində iştirak etdiyi,
sonra Ermənistanın bu ölkədəki səfirliyində, erməni Xalq hərəkatı, erməni-yunan ticarət – sənaye
palatasının bir qrup üzvləriylə və mətbuat
nümayəndələriylə görüşləri
haqqında təkzibedilməz məlumatımız vardı.
Onu da qeyd edim ki, ermənilərlə yunanları bir ortaq
nöqtəyə gətirən əsas səbəblərdən birincisi şübhəsiz ki, qardaş
Türkiyə ilə yaxşı olmayan münasibətlərdən qaynaqlanır.
“Yunan barmağı”
Lakin
açıq etiraf edək ki, Azərbaycan diplomatiyası da
beynəlxalq müstəvidə erməni-yunan işbirliyindən
az zərər görməmişdir. 2006-cı ildə qıbrıs
türkləri ilə Azərbaycan arasında
qarşılıqlı təmaslardan sonra yunanlar bir müddət
BMT-də Bakıya diplomatik savaş açdılar: Azərbaycanın
təqdimatı ilə gündəliyə salınmış
“Dağlıq Qarabağda qanunsuz məskunlaşmaya dair” qətnamə
ikinci dəfə müzakirədən
çıxarıldı və arxivə göndərildi. Azərbaycanla Avropa Birliyi arasında yenicə təməli
atılan “qonşuluq” münasibətlərinə qismən də
olsa, kölgə düşdü. Bir
müddət öncə isə Avropa Parlamenti yunan-erməni
icmasının təsiri altında Azərbaycanın əleyhinə
qərarlar çıxarmağa başladı. Qurumun Naxçıvanda guya erməni abidələrinin
dağıdılması ilə bağlı qəbul etdiyi qətnamə
də yunanların işi idi. Son olaraq, Azərbaycanla
AB arasında imzalanmış qonşuluq planında ölkəmizin
ərazi bütövlüyü ilə bağlı yaşanan
anlaşılmazlıqlarda “yunan barmağının” olduğu
aşkarlandı. Belə bir dönəmdə Kipr
yunanlarının Dağlıq Qarabağla təmaslar
qurması, separatçılarının nümayəndələrinin
istər Nikosiyada, istər
Afinada rəsmi şəxs kimi qəbul olunması normal hal aldı. İrəvanda
türklərə qarşı erməni-yunan
ensiklopediyasının hazırlanması təklifi də ortaya
atıldı. Bu ölkələr tarixdə
“türk xalqları tərəfindən üzləşdikləri
haqsızlıqlara” dair saxta ittihamlar hazırlaması da
artıq heç kimə sirr deyil.
Əlbəttə, bu gün
ağır iqtisadi durumda olan Yunanıstan üçün
hansı ölkəylə dostluğa üstünlük verməsi
bu dövlətin öz
daxili işidir.
Amma qədim yunan filosofu Sokratın
belə bir kəlamı var: “Biz dostun köməyindən
çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq”.
Bu gün
TAP layihəsinin Yunanıstan üçün prioritet məsələ
olduğunu və
layihənin reallaşmasının qlobal böhranın fəsadlarından
əziyyət çəkən
bu ölkənin iqtisadi inkişafına təkan verəcəyini
əmin olduğunu dilə gətirən
yunan siyasətçiləri məncə,
Azərbaycanla dostluğa daha
çox önəm verirlər.
Dostluqdan söz düşmüşkən qeyd edim ki,
axı Azərbaycanla Yunanıstan arasında istər tarixi, istərsə
də, mədəni sahədə əlaqələrin
kökü qədim dövrlərə gedib çıxır. Bunu ölkəmizdə
aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim
yunan qabları, sikkələri, qədim yunan yazıları da
sübut edir. Bu tarixi izlərin bir qisminin eramızdan əvvəl
IV əsrdə makedoniyalı İsgəndərin Cənubi
Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına
yürüşü zamanından qaldığı hamıya məlumdur.
Bu əlaqələr
tarixin sonrakı mərhələlərində də davam etdirilmişdir . Hazırda Azərbaycanda
(əsasən Bakıda) yunan əsilli 500-dək insan
yaşayır. Onların əksəriyyətinin
ata-babaları XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda neft sənayesinin
yüksəlişi ilə bağlı gəliblər, burada
çalışıblar, biznes qurublar. (“Mədəniyyət”
qəzeti, 23 iyul
2010)
Müstəqillik
əldə edəndən sonra Azərbaycanın
dünyanın bir çox ölkələri ilə
yanaşı, Yunanıstanla əlaqələr də yeni mərhələyə
qədəm qoydu.
Ölkələrimiz Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatında 1992-ci ildən təmsil olunur. Bu qurumda regional əməkdaşlıq
baxımından faydalı layihələr həyata
keçirilir. İqtisadi İnkişaf və Əməkdaşlıq
Təşkilatının üzvü olan Yunanıstan Qara dəniz,
Şərqi Avropa və Şərqi Aralıq dənizi
bazarlarına çıxış üçün əlverişli
məkan olmaqla yanaşı, bu ölkələrlə əlaqələrin
qurulmasında körpü rolunu oynayır.
İki
ölkə arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən
mədəniyyət və turizm sahəsində inkişaf edir.
Səfərimiz zamanı qədim Ellada
torpağının güclü turizm potensialı olduğu,
Azərbaycanla Yunanıstan arasında genişmiqyaslı
iqtisadi mədəni əlaqələr çərçivəsində
turizmə də geniş yer ayrılması zərurəti diqqətə
çatdırıldı. Yunanıstan turistlərin
daha çox ziyarət etdiyi ölkələrdən biridir.
Ölkəyə ildə 11 milyon turist gəlir.
Bu isə Yunanıstanın büdcəsinə 4 milyard dollar əlavə gəlir
gətirir.
Gözəl
mənzərələr diyarı
Yunanıstan özünün mülayim iqlimi, Aralıq dənizinin
bir-birindən gözəl sahili əraziləri, klassik arxeoloji
və tarixi yerləri ilə bütün dünyada məşhurdur. Irili-xırdalı
gözəl və sakit adalar, əsl yunan qonaqpərvərliyi
ölkəyə turist axınını artıran amillərdəndir.
Aralıq dənizi
nəinki Yunanıstanın Avropa sivilizasiyasının qapısı olub. Fransız tarixçisi Fernand Braudel “Aralıq dənizi” kitabında bu barədə belə yazır:
“Nədir bu Aralıq dənizi? Min bir şeyin hamısı birdən. Bir mənzərə
deyil, saysız mənzərələr. Bir
dəniz deyil, bir-birini izləyən bir çox dəniz.
Bir sivilizasiya deyil, bir-biri üzərinə
yığılmış bir çox sivilizasiya”.
Onu da qeyd edim ki, Yunanıstanla Azərbaycan arasında
2005-ci ildə turizm sahəsində əməkdaşlığa
dair müqavilə imzalanıb. Həmin sazişə əsasən
ölkələrimiz arasında turizm əlaqələrinin
genişləndirilməsi məqsədilə Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin Yunanıstanın ölkəmizdəki səfirliyi
ilə birgə əməkdaşlığı sayəsində
2008-ci il noyabrın 23-dən dekabrın 1-dək
Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətləri
və KİV nümayəndələrindən ibarət heyətin
Yunanıstana infoturu təşkil edilmişdir.
6 mart
2007-ci ildə
Azərbaycan Respublikasının
Prezidenti möhtərəm
İlham Əliyev cənabları “Azərbaycan
Respublikası ilə
Yunanıstan Respublikası arasında iqtisadi, sənaye və
texnoloji sahələrdə əməkdaşlıq üzrə
birgə komissiyasının Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncam
imzalamışdır.
2007-ci
ilin iyulunda isə
belə bir Afinada Yunanıstan tərəfindən
imzalanmışdır. Azərbaycanla Yunanıstan arasında mədəni əlaqələr
genişlənməsinə dair də çoxlu faktlar göstərmək
olar.
Bakı
Slavyan Universitetində müasir
yunan dili və mədəniyyəti mərkəzinin
yaradılması və burada Yunanıstanın tarixinə, mədəniyyətinə,
ədəbiyyatına, müasir dövrdə Yunanıstan-Azərbaycan
əlaqələrinə dair 1000-ə yaxın qəzet, jurnal,
kitab, dərslik, CD, DVD və audio materialların toplanması,
bu ilin yayında Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən dəvətilə
Bakıda qonaq olan olunub. Afina Akropol muzeyinin
prezidenti professor Dimitros Pandermalislə Milli İncəsənət
Muzeyində görüş keçirilməsi iki ölkə
arasında mütəmadi əlaqələrin təzahürüdür.
Yeri gəlmişkən, nümayəndə heyətimiz
üçün nəzərdə tutulmuş proqram çərçivəsində
Afinanın Akropol muzeyində də olduq. Akropol (yunancadan tərcümədə
“yuxarı şəhər” mənası verir) və onun
başlıca tikintisi olan Parfenon məbədi 6000 min illik tarixə
malik Afinanın mərkəzində
yerləşir. Parfenon məbədi dünya
mədəniyyətinin şah əsərlərindən
biridir.
Akropol
hündürlüyü 156 metrə çatan qayalıq
meydançada 2500 il tarixi olan memarlıq abidələri
ilə zəngin açıq muzeydir. Qədimdə həm
dövlət, həm də dini mərkəzi sayılan Afinanın simvolu hesab olunan bu
müqəddəs qaya qədim sivilizasiya ilə müasirliyi
bir araya gətirir. Bura yunan mifologiyasında hərb və zəfər
ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət
və sənətkarlıq ilahəsi Afinanın ziyarət etdiyi
çoxsaylı məbədlər yerləşir. Akropol öz möhtəşəm
görünüşü ilə onu görməyə gələn
hər bir turistin qəlbində unudulmaz izlər buraxır.
Afinalılar Akropoldakı müqəddəs məbədlərin
və qeyri tikililərin bərpa olunmasına və qorunub
saxlanmasına ciddi fikir verirdilər.
Milli arxeoloji muzey Afinanın ən əhəmiyyətli və
məşhur muzeylərindən biridir. Muzeydə
Neolit dövründən başlayaraq Roma imperiyası
dövrünə qədər bütün qədim yunan
sivilizasiyalarına aid ən gözəl rəsm əsərləri
nümayiş olunur.
Akropolun aşağı hissəsində bir zamanlar
Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim
Aqora yerləşir. Keçmişdə Sokrat və Platon kimi
görkəmli filosoflar gəzinti və xoş söhbət
üçün məhz bu məkanı seçmişdilər.
Aqora ərazisində yerləşən
memarlıq abidələri müxtəlif tarixi dövrlərə
aiddir. Burada hətta e.ə XI ərsə
aid abidələrə də rast gəlmək
mümkündür.
Ümumiyyətlə,
Afina şəhəri
özü Attika adlı böyük yarımadada
geniş düzənliyin mərkəzində yerləşən
sıldırımlı təpədə
salınmışdır. Şəhər 3 tərəfdən
dağlar və Saronikas körfəzi ilə əhatə
olunur.
E.ə. V əsrdə Yunanıstan paytaxtında hakimiyyətin
iki forması uğrunda mübarizə gedirdi. Yuxarı təbəqə
oliqarxiya (azların hakimiyyəti) tərəfdarı idi.
Azad əhalinin aşağı təbəqəsi
demokratik hakimiyyəti (xalq hakimiyyətini) müdafiə edirdi.
Tarixə
“quldarlıq demokratiyası” adlanan ali hakimiyyət Afinada ayda 3-4 dəfə
çağrılan xalq yığıncağına məxsus
idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni
ixtiyarında saxlayır, müharibə və sülh məsələsini
həll edir, strateq və başqa vəzifəli şəxsləri
seçirdi. Qərarlar səs
çoxluğu ilə qəbul olunurdu. 500
nəfərdən ibarət şura xalq
yığıncağına kömək edirdi. Xalq yığıncağı demosun mənafeyini
müdafiə edənləri vəzifəyə seçirdi.
E.ə. 443-cü ildə strateq vəzifəsinə
görkəmli dövlət xadimi Perikl seçildi.
“Perikl” adı “şöhrətlə əhatələnmiş”
mənasını daşıyır O, ömrünün sonuna
kimi 15 il dalbadal strateq oldu. Perikl
varlı ailədən olmasına baxmayaraq demokratiyanı
müdafiə edirdi. Perikl
dövrünün ən görkəmli elm və mədəniyyət
xadimlərini müdafiə edirdi. Parfenon məbədi
və digər möhtəşəm abidələr onun
dövründə tikilmişdi. O, yoxsulların pullu vəzifələrə
seçilməsinə nail oldu. Afinada dövlətin bu cür
idarə olunması demokratiya adlanırdı, bu da “demosun
hakimiyyəti” demək
idi. Perikl
dövründə demokratiya özünün ən yüksək
mərhələsinə çatdı. Dövlət xadimi olmaqla bərabər
o, Afina demokratiyasının banilərindən biri, məşhur
natiq və sərkərdə idi .Perikl Afinanın dəniz
qüdrətini möhkəmlətdi, şəhəri, paytaxt iqtisadi və mədəni
inkişafının zirvəsinə qalxdı. Tarixə Perikl əsri kimi daxil olan həmin dövrdə Afina ellin
dünyasının iqtisadi, siyasi və mədəni mərkəzi
oldu.
Afinada ata-anası afinalı olanlar vətəndaş
sayılırdı. Qullar, Afinaya gəlmələr və onların
övladları Afina vətəndaşı ola
bilməzdilər, demokratiyanın bəhrəsindən istifadə
etmək hüquqları yox idi.
Afinalılar “dəniz sahibləri” sayılırdılar. İran-Yunan
müharibəsindən sonra da Afina dəniz ittifaqı fəaliyyət
göstərdi. Afina bu ittifaqın donanma və
qoşunundan, xəzinəsindən istədiyi kimi istifadə
edirdi. Afinalılar öz şəhərlərinin
ətrafına müdafiə divarları çəkdilər.
Hətta paytaxtın 6 kilometrliyində olan
körfəzdə salınan Pirey limanına qədər
hündür divarlar çəkilmişdi. Dünyanın müxtəlif ölkələrindən
Afinaya məhsullar gətirilirdi, buradan isə Afinada istehsal
olunan məhsullar aparılırdı. Tacirlər Afinaya gətirdikləri
mal üçün ticarət vergisi (gömrük rüsumu ) verirdilər. E.ə. V əsrdə
Afina Yunanıstanın ən varlı şəhər dövləti idi.
Afinanın sərvəti qala divarlarının
tikilməsinə, möhtəşəm məbədlərin,
ictimai binaların, heykəllərin yaradılmasına sərf
olunurdu. Bu isə bənnaların, sənətkarların
və başqalarının işlə təmin olunmasına
şərait yaradır, hərbi donanma gəmiqayıranların,
dənizçilərin, avar çəkənlərin
yaşamasına imkan verirdi.
Hal-hazırda
Afinada təxminən 5 milyona yaxın əhali
yaşayır. Paytaxtın mərkəzi hissəsi şəhərətrafı ərazilərin kəndə bənzəyən görünüşü ilə təzad
təşkil edir.
Prezident
sarayı, ənənəvi formada geyinmiş Milli
Qvardiyanın qarovulu, 1896-cı ildə ilk olimpiya
oyunlarının keçirildiyi Panatenian meydanı, ağ mərmərlı Olimpiya
stadionu, Olimpiyalı Zevsin məbədi, Afina Universtitetinin,
Akademiyasının və Milli Kitabxanasının binaları paytaxtın
hüsnünə gözəllik verir.
Sintaqma meydanı müasir Afinanın mərkəzində
yerləşir. Meydan 1840-cı ildə Kral Sarayı kimi
tikilən, hal-hazırda isə “Parlament binası” adlanır.
Statistikaya görə, Yunanıstanda yarım
milyona yaxın müsəlman yaşayır. Onların təxminən 150-200 mini Afinada məskunlaşıb.
Xatırladaq ki, Afina Avropada məscid olmayan yeganə
paytaxtdır. Müsəlmanlar üçün Yunanıstanda yeganə məscid
ölkənin şimal-şərqində – Türkiyə ilə
sərhəddə, Frakiya ərazisində yerləşir. Paytaxta məscid olmadığından müsəlmanlar
cümə günləri mədəniyyət mərkəzləri,
stadionlarda və ya mənzillərdə, bəzən də meydanlarda
namaz qılmalı olurlar. Yunan Müsəlmanlar Dərnəyinin
çoxsaylı müraciətinə əsasən Afina
meriyası şəhərdə məscid tikintisinə çoxdan icazə verib.
2006-cı
ildə paytaxtda məscidin tikintisinə verilən həmin qərara hələ iki il öncə yunan parlametində 300 deputatdan 198-i
səs vermişdi. Bu qərar paytaxtda yaşayan müsəlmanlar
tərəfindən sevinclə qarşılansa da məscidin tikintisi bəzi səbəblərə
görə təxirə salındı. Afina səfərimizdə
bizə məlum oldu ki, bu ilin martında baş nazir Antonis
Samaras Afinada məscid inşası üçün müsabiqə
elan etmək barədə sərəncam verib. Afina meri Yorqos Kaminisin sözlərinə görə,
məscidlərin inşa edilməsi ölkədə müsəlmanlar
üçün əsas problemlərdən birini həll edəcək.
Paytaxtda ilk məscidin Votaniko rayonunda inşa
edilməsi planlaşdırılır. Müsabiqə
Yunanıstanın Nəqliyyat Nazirliyi tərəfindən
keçiriləcək. Afinada inşa ediləcək
məscid müasir ornamentləri özündə əks etdirəcək
və Osmanlı dövrünün məscidlərini
xatırlatmayacaq. Məsciddə eyni vaxtda
350-dən çox inanclı ibadət edə biləcək.
Onun tikilməsi üçün 846 min avro
ayrılıb. İbadət ocağının tikintisi
üçün lazımi vəsait yunan dövləti tərəfindən
ödəniləcək. Xarici ölkə
və ya özəl qurumların yardımları isə qəbul
edilməyəcək.
Xatırladım ki, Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan
bəyanatlarının birində Afinada məscidin tikilişinə
icazə verilməsi halında
özlərinin inşa edəcəyini bildirmişdi.
Ümid
edirik ki Afinada inşasına başlanan bu ibadət ocağı burada
fəaliyyət göstərən
Müsəlmanlar Dərnəyinin mərkəzi, eyni
zamanda Yunanıstanın da ən böyük məscidi
olacaq...
Ölkələrimiz
arasında iqtisadi əməkdaşlığa gəldikdə
Afinada görüşlərimizin əsas mövzularından
biri olan TAP lahiyəsinin Avropada gələcək perspektivlərindən
danışmaq
kifayətdir.
Avropa dünyanın ən sıx əhali yaşayan qitəsidir. Son illərdə ekspertlər
qitənin enerji
təchizatında Xəzər
regionu amilinə üstünlük verirlər.
Xatırlatmaq yerinə düşər ki, hələ 2007-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyev Bakıda Xorvatiya prezidenti Stipe
Mesiçlə birgə keçirdiyi mətbuat konfransında
Adriatik dənizi ölkələrini energetika sahəsində əməkdaşlığa
çağırmışdı.
2013-cü
il fevralın 15-də Afinada Azərbaycan
qazının Avropaya nəqlini nəzərdə tutan
Trans-Adriatik (TAP) qaz kəmərinin tikintisinə dair
İtaliya, Albaniya və Yunanıstan hökumətləri
arasında saziş imzalandı. Qeyd edək ki, TAP layihəsi Cənubi
Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və
Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2”
yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə,
Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi
Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə
ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə
20 milyard kubmetrə yaxın qazın nəql edilməsi
gözlənilir. Azərbaycan
qazının bu kəmər vasitəsilə 2019-cu ildə
Avropaya çatdırılması planlaşdırılır. Xəzər
qazını Avropaya Adriatik dənizinin dibi ilə
çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə
İsveçin “Axpo” şirkəti irəli sürüb.
Artıq 10 il ərzində aparılan araşdırmalar və
danışıqlar nəticəsində bu ideya reallığa
çevrilmək üzrədir.
“Şahdəniz” Konsorsiumunun TAP layihəsini seçməsi
beynəlxalq ictimaiyyətin böyük marağı və dəstəyi
ilə qarşılanıb. Belə ki, Avropa
İttifaqının (Aİ) Komissiyası Azərbaycan
qazının Avropaya ötürülməsi üçün
boru kəmərinin yekun seçiminə dair qərarı
alqışlayıb.
Aİ
Komissiyasının prezidenti Xose Manuel Barrozu bu qərarı
Avropanın birgə uğuru və İttifaqın enerji təhlükəsizliyinin
gücləndirilməsində bir dönüş nöqtəsi
kimi qiymətləndirib: “Əminəm ki, 2011-ci ilin yanvar
ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə
imzaladığım və strateji xarakter daşıyan Birgə
Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən
Aİ-yə birbaşa xüsusi keçid olacaq və getdikcə
genişlənəcək “Cənub” qaz dəhlizinin tam və
çevik şəkildə reallaşmasına daha çox təkan
verəcəkdir”.
Bu layihənin
reallaşması
Avropanın yeni enerji resursları əldə etməkdə daha uğurlu
şansıdır. TAP layihəsinin beynəlxalq ictimaiyyət
tərəfindən dəstəklənməsi və
dünyanın iri şirkətlərinin marağını cəlb
etməsi heç də təsadüfi deyil. Bu
layihə həm onda iştirak edən dövlətlər, həm
də onun həyata keçirilməsi ilə birbaşa məşğul
olan şirkətlər üçün olduqca sərfəli
hesab edilir.
Hazırda
TAP-ın səhmdarları İsveçrənin “Axpo” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və
Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir. Lakin səhmdarların sayı arta bilər. Belə
ki, ARDNŞ-nin
Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsinin səhmdarları
sırasına daxil ola biləcəyi ehtimalı
böyükdür. TAP-ın səhmdarları sırasına,
həmçinin TANAP-da (Trans-Anadolu Qaz Kəməri) pay almaqla
bağlı razılıqlarını verən BP və “Total”
şirkətlərinin də daxil olması ehtimalı var. Həmçinin,
Trans-Adriatik Qaz Kəməri layihəsinin tərəfdaşları
Türkiyənin “BOTAŞ” şirkətinə
qapılarının açıq olduğunu bildiriblər.
Ekspertlərin fikrincə, Azərbaycan qazının Avropaya
çatdırılmasında İtaliya heç də son hədəf
olmayacaq və “Şahdəniz” qazının bu ölkədən
Avstriyaya, İsveçrəyə, Almaniyaya və digər
ölkələrə çatdırılması nəzərdə
tutulub. Bundan əlavə, bu yaxınlarda
Brüsseldə Albaniya, Bosniya və Herseqovina, Xorvatiya,
Yunanıstan, İtaliya, Monteneqro, Serbiya və Sloveniya
Adriatika-İonika Şurasının XV toplantısının
yekunu olaraq bəyannamə qəbul edərək, regional enerji
layihələri arasında ilk növbədə TAP-a xüsusi
dəstək verəcəklərini vəd ediblər. Bu
baxımdan, enerji ehtiyatlarının daşınması, nəqliyyat
infrastrukturunun yaradılması və gücünün
artırılması, Avropanın nəqliyyat sisteminə və
şəbəkəsinə inteqrasiyasını nəzərdə
tutan layihələr, xüsusilə, TANAP və
TAP layihələri, eləcə də, Avropa İttifaqı tərəfindən
dəstəklənən Yunanıstan-Bolqarıstan,
Bolqarıstan-Rumıniya və Rumıniya-Macarıstan qaz şəbəkələrini
birləşdirən layihələr də böyük əhəmiyyət
daşıyır.
ARDNŞ-nin
prezidenti Rövnəq Abdullayevin fikrinə istinad etsək, Azərbaycanın
qaz ehtiyatlarının getdikcə artması perspektivdə “mavi
yanacağ”ın nəqli üçün yeni boru kəmərlərinə
ehtiyac yaradacaq.
Azərbaycanın digər qaz yataqları da nəzərə
alınsa, onu demək olar ki, gələcəkdə bizə
yeni qaz ixrac kəmərləri lazım olacaq. TAP-ın potensial genişlənməsi,
eləcə də Bolqarıstan, Rumıniya və Macarıstan
ərazisindən Avstriyaya doğru ikinci marşrutun
açılması ilə Avropaya qaz ixrac həcmlərinin
artması da danılmazdır. Hər iki kəmər
marşrutunun inkişaf planları gələcəkdə qaz həcmlərinin
artmasının əsasını təşkil edir. Beləliklə,
Azərbaycan yeni
təchizat mənbələrinin “Cənub qaz dəhlizi” ilə
Avropa bazarlarına çıxışının TAP-la məhdudlaşmayacağı,
onun hüdudlarından kənarda da davam edəcəyi gözlənilir.
Azərbaycan “Şahdəniz”in ardınca Avropanı əlavə qazla təmin edəcək digər layihələri də inkişaf etdirmək əzmindədir. Bu baxımdan, Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsi də Türkiyə ərazisindən keçəcək TANAP ilə “Cənub qaz dəhlizi”ni təchiz etmək potensialına malikdir. Son zamanlar “Abşeron” yatağında aparılan uğurlu kəşfiyyat işləri və ARDNŞ tərəfindən “Ümid” qaz yatağının kəşfi Xəzər dənizində aşkarlanmış yeni yataqların potensialını aydın göstərir. Bu kəşflər 2020-ci illərin əvvəllərində əlavə qaz həcmləri ixrac etmək imkanı yaradır. Buna görə də, Azərbaycana gələcəkdə daha çox ixrac marşrutu lazım olacaq və TAP layihəsi ilə bağlı qərar həqiqətən də qarşılıqlı mənfəətə əsaslanan yanaşmanın zaman keçdikcə xəyaldan reallığa çevrilməsi deməkdir.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf Pilts “Şahdəniz” Konsorsiumunun keçirdiyi tədbirdə “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil olunacaq qazın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə deyib ki, TAP çox önəmli layihədir və bu kəmər genişlənmə imkanlarına malikdir. Avropa Komissiyası “Cənub qaz dəhlizi” çərçivəsində seçilmiş və icra olunacaq bütün boru kəmərləri layihələrini dəstəkləyir.
Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adrian Li də “Şahdəniz” Konsorsiumunun seçimini alqışladıqlarını bildirib, bu seçimi qaz təminatı və marşrut müxtəlifliyi baxımından Avropanın enerji təhlükəsizliyinin təminatında vacib mərhələ adlandırıb.
Layihəyə digər nüfuzlu siyasi dairələrdən də müsbət münasibət göstərilir. Aİ-nin enerji məsələləri üzrə komissarı Günter H.Oettinger fikrincə, “mavi yanacağın” yeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılması sahəsində Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: “Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız vardır və gələcəkdə daha çox qaz qəbul edəcəyimizə əminəm”.
Öz növbəsində Rusiya tərəfi də bu layihənin seçilməsinə görə razılıq edib.
ABŞ Dövlət Departamenti isə bildirib ki, TAP qaz kəmərinin yaradılması Avropaya qaz nəqlini diversifikasiya etməyə kömək edəcək və ümumilikdə, qlobal qaz təhlükəsizliyini möhkəmləndirəcək. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Şahdəniz” Konsorsiumunu seçimi münasibətilə təbrik edərək, TAP-ın həm Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını, həm də qlobal müstəvidə qaz təchizatının həcmlərinin artmasına töhfə verəcəyini bildirib.
Artıq sirr deyil ki, Azərbaycan regional və qlobal miqyasda öz çəkisi və mövqeyi olan bir dövlətdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu artır, müsbət imici möhkəmlənir. Bu tendensiya demək olar ki, bütün sahələrdə – siyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, mədəniyyət, idman sferalarında özünü göstərir. Heç şübhəsiz, Azərbaycan hazırkı uğurlara birdən-birə nail olmayıb. Müstəqil olduğu 20 il müddətində ölkəmiz bir çox ağır sınaqlarla üzləşib. Lakin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasət kursu ölkənin davamlı və stabil inkişafını təmin etdi. 2003-cü ilədək artıq Azərbaycan bir çox nüfuzlu regional və qlobal təşkilatların üzvünə çevrilmişdi. Ölkəmiz beynəlxalq qurumlarla əlaqələri genişləndirmiş, bir çox dövlətlərlə beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli qaydada əməkdaşlıq münasibətləri qurmuşdu.
Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq siyasi nüfuzunun sürətlə artmasında ölkənin daxili və xarici iqtisadi uğurlarının mühüm çəkisi vardır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli faktora çevrilib. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibidir. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır.
Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının
artım tempinə görə 2006-cı ilən başlayaraq
dünyada ilk yerlərdə dayanır. Son on ildə Azərbaycanın
dövlət büdcəsi 1,5 milyard
dollardan 25 milyard dollaradək artıb. Bu müddətdə
20 dəfəyə yaxın artan büdcə xərcləmələri
iqtisadiyyatın şaxələndirilməsinə,
işsizliyin və yoxsulluğun aradan qaldırılmasına,
qaçqın və məcburi köçkünlərin
sosial vəziyyətinin
yaxşılaşdırılmasına, sahibkarlığın,
özəl sektorun inkişafına, ölkənin iqtisadi
müstəqilliyinin möhkəmləndirilməsinə
yönəlib. Eyni zamanda, həyata
keçirilən abadlıq və quruculuq işləri sayəsində
Azərbaycanın sürətli inkişafını ölkənin
hər bir yerində əyani şəkildə müşahidə
etmək mümkündür.
Azərbaycanın beynəlxalq münasibətlər
sistemində yerinin möhkəmlənməsində enerji
amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir
ki, bu gün Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli
faktora çevrilməsində ölkənin müstəqil enerji
siyasətinin rolu böyükdür. Bildiyimiz
kimi, Azərbaycanın iştirakı və
razılığı olmadan regionda qlobal əhəmiyyətli
heç bir layihə gerçəkləşə bilməz.
Milli maraqlar əsasında qurulan enerji
strategiyamızın bərabərhüquqlu və
qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri
üzərində həyata keçirilməsi ölkənin
iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib.
Həmçinin, dünyada gündən-günə
artan tələbat fonunda xammal ehtiyatlarının
azaldığı, enerji təhlükəsizliyinin
qorunmasının hər bir dövlət üçün
prioritet məsələyə çevrildiyi bir dövrdə
Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq
münasibətlərdəki mövqeyini möhkəmləndirir.
Bəli, düşünülmüş
enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu
artırır. Adriatik
dənizi ölkələri ilə energetika sahəsində əməkdaşlıq
həm də Azərbaycan həqiqətlərini bu ölkələrin
rəsmi dairələrinə təqdim etmək
şansıdır. Afina səfəri məndə xoş
təəssüratlarla yanaşı həm bu mənada, həm
də yaxın gələcəkdə
Yunanıstan – Azərbaycan münasibətlərinin
inkişafına böyük inam hissi yaratdı.
Hüseynbala MİRƏLƏMOV
Milli Məclisin deputatı,
yazıçı-dramaturq
525-ci qəzet.-
2013.- 21 dekabr.- S.16-17;30.