Köhnə tanışlar: Aydın Məmmədov
İllər
öncəsi trafik qəzasında faciəli vaxtsız
dünyasını dəyişən görkəmli
türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi
binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş
başlayır demək.Bura Tərcümə Mərkəzidir
və həm də burada XƏZƏR jurnalı da
hazırlanır.İş öz ahəngi ilə davam edir və
bəzən nahar yeməyində söhbət zamanı ötənlər yada
düşür və yavaş-yavaş xatirələr
qımıldanır. Və hərə öz
bildiyindən danışır. Bu danışıqlar zamanı rəhmətlik
Aydın müəllim hər dəfə xatırlanır və
onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev. Onun da
yavaş-yavaş qırışığı
açılır və Aydın müəllimlə işlədiyi
günləri
açıb çözələyir. Mən hər
dəfə ona deyirəm ki :
kişi,bunları cızmaqara elə, ardını mən
düzüb qoşaram.Bax,neçə illərdi bu beləcə
davam edir.Amma ay danışır ha Aydından.
Danışmağa nə var ki... Danışmağa hamı pərgardır.Di
gəl yaz e... Keç
kompüterin arxasına yaz ey...
Bir dəfə
də İlham müəllim Aydın bəyin bir yazısı
haqqında danışdı və dedi ki, bu yazı ya
çap olunmayıb, ya da çox az məlumdur oxuculara.
Aydın Məmmədovun 70 illik yubileyi günlərində ( doğum tarixi 16 yanvar 1944-cü il) həmin yazını oxuculara təqdim
edirik. Amma daha öncə Aydın müəllimin
başqa dostu və Aydın müəllimə çox dəyərli
bir poema həsr eləyən gözəl şair Vaqif Aslanla bu
unudulmaz insan və ziyalı haqqında söyləşimizi
oxucular təqdim edirik.
Növbət
sayılarımızda unudulmaz alim və bu ölkənin ilk
Xalq deputatlarından biri olan Aydın Məmmədovun həmin essesini oxucular təqdim
edəcəyik.
Not: Bu
ön söz təşkilatın senzurasından keçirilikdən
sonra çap olunur.Yazıların sonunda senzuraya təqdim
olunmuş ÖN SÖZÜN olrijnalı çap üzü
görəcək.
abdin41@mail.ru
tofigabdin.com
Vaqif müəllim bir naqolay sualla başlayaq: Aydın müəllimlə
necə tanış idiniz və nə vaxtdan onunla təmasınız
olub?
Sizin sualınız sanki
məni mürgüləri
gözlərimə yığılan illərimdən ayırdı. Diksinib ayılan kimi oldum. Gözlərimi
açdım və qarşımda “Şəki fəhləsi”
(indiki adı “Şəki”dir) qəzetinin 5 iyun 1979-cu il
sayının 4-cü səhifəsindəki
məlumatı bir də oxudum: “ Şəkidə
Sabir poeziyası günü. Dövlət Dram Teatrında
keçirilən görüşü...Azərbaycan KP Şəki
şəhər komitəsinin ikinci katibi Ə. Nəzərli açmış,.. şairlərdən Fikrət
Qoca, Tofiq Abdin, həmyerlimiz, “Səbuhi” ədəbi məclisinin
üzvü Vaqif Aslan öz şeirlərini oxumuş, tənqidçilərdən
Aydın Məmmədov və Kamil Vəliyev müasir
poeziyanın qarşısında duran vəzifələrdən
danışmışlar”.... Elə bu arada
“Daş əlifba” şeirimi əlyazması şəklində
sizə təqdim etməyim də, onun “Qobustan”
jurnalının növbəti sayında çap edilməsi də
gözlərimin önündən gəlib keçdi.
Mənim Aydın müəllimlə şəxsi
tanışlığım ali məktəb illərimdən
başlanmışdır. Şəxsi
tanışlığımıza qədər mən kəndimizdə
hamının dilinin əzbəri olan “Alim Aydın” haqqında
çox şey eşitmişdim. Bizi həm də
tale, qədər və qismət oxşarlıqları birləşdirirdi.
Biz bir kənddə doğulmuşduq-həmkəndli
idik. Sadəcə olaraq Aydın müəllim kəndimizin
aşağı ucqarındakı Tahirlər məhəlləsində
, mən isə kəndimizin günbatan tərəfindən
yuxarı ucqarındakı tatar uşağı məhəlləsində,
lakin müxtəlif illərdə –Aydın müəllim
1944-cü ilin başlanğıcında (yanvarın 16-da), mən
isə altı il sonra-1950-ci ilin ortalarında (iyulun 5-də)
doğulmuşduq. İbtidai təhsilimizi məhəllələrimiz
kimi bir-birindən xeyli aralı yerləşən ibtidai məktəblərdə
alsaq da, səkkizillik və orta təhsilimizi müxtəlif illərdə,
lakin eyni məktəblərdə almışdıq – hər
ikimiz Kiş kənd səkkizillik məktəbini bitirən
kimi qonşu Oxud kəndinə orta təhsil almaq
üçün piyada gedib gəlmişdik. Fərq onda idi ki,
Aydın orta məktəbi həqiqi mənada qızıl
medalla başa vurmuşdu. Bunu ona görə deyirəm
ki, sovet dönəmində “qızıl medala layiq bilinənlərin”
çoxu yerindən tərpənə bilmədiyi halda
“idmandan”, səsi olmadığı halda “nəğmədən”,
ağla qaranın fərqinə varmadığı halda “rəsmdən”
və sairədən “5” alanlar idilər. Fərq həm də
onda idi ki, biz Aydın kimi oxumaq istəsək də, tədris
edilən fənləri Aydın kimi hərtərəfli mənimsəyə bilməmişdik
və bunlar da nəzərə
alınmışdı.
Mən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna
daxil olduqdan bir müddət sonra Aydın müəllimi şəxsən
tanımışam. Artıq 1969-cu il idi. Aydın ADU-nu çoxdan fərqlənmə
diplomu ilə bitirmişdi və Moskva Dövlət
Universitetinin aspiranturasının son kursunda oxuyurdu, lakin tez-tez
Bakıya gəlib gedirdi. Mən institutumuzun Dərnəgüldəki
yataqxanasında qalırdım. Orada məndən
yuxarı kursda təhsil alan həmkəndlimiz Qüdrət
Muradov və digər
şəkili tələbələr də var idilər.
Onlar Aydınla dostluq edirdilər. Aydın hər dəfə Moskvadan Bakıya gələndə
dostları ilə görüşmək üçün həm
də bizim yaşadığımız tələbə
yataqxanasına baş çəkərdi. Günlərin
bir günü məni Aydına təqdim etdilər: “Kəndimizdəndr,
özü də yaxşı oxuyur.” Çox sağ
olsunlar! Mən
Aydına heyranlıqla qulaq asırdım. Tələbə
yataqxanasında tavada qızardılmış kartof süfrəsi
arxasında (bəzən heç bu da olmurdu)keçən
söhbətlərimiz elmi simpoziumları xatırladırdı.Dilçilikdən,
ədəbiyyatdan, xüsusilə türkologiyadan gedən
mübahisələrdə Aydın bizi necə də zənginləşdirirdi!
O həyatiliklə elmiliyi təbii şəkildə özündə
birləşdirən bir şəxsiyyət idi! Bizim
tanışlığımız beləcə başladı və
davam etdi... Mən
institutu bitirib doğma kəndimizdə müəllimlik etməyə
başladım. Bir müddətdən sonra
Aydının Həştərxan həbsxanasında
yatdığını eşitdim. Türkoloji
düşüncələrinə görə ideoloji təhlükə
hesab edilən Aydının Sistem tərəfindən müxtəlif
bəhanələrlə həbs olunmasına mənim heç
bir şübhəm yox idi. 1975-ci il
avqust ayının sonlarında onu həbsdən azad
etmişdilər. Aydın nəzarət
altında olduğu üçün hələ bir müddət
mərkəzdə deyil, kənddə yaşamalı idi. Bəziləri , hətta, vaxtilə ondan əl
çəkməyənlər də Aydınla ehtiyatlı
davranmağa səy edirdilər. Lakin aradan bir az keçəcəkdi,
Aydın özünü dikəltdikcə o adamlar yenidən
onun doğmalarına çevriləcəkdilər.
Qısası, 1975-ci
il avqustun sonlarından bizim tanışlığımız
dostluğa çevrildi. Nə yaxşı ki, dostluğumuz heç vaxt
qırılmadı. “Şəki
fəhləsi”nin 9 oktyabr 1976-cı il sayında haqqımda
yazdığı “Qələm dostumuz Vaqif Aslan” adlı yazısı ilə mənim
yaradıcılığıma münasibətini bildirdi. Son dərəcə professional səviyyədə
yazılan bu yazı ədəbi tənqidimizə gələn
yeni nəfəsdən xəbər verirdi. O, bir azdan
Bakıya qayıtdı, lakin Ədəbiyyat və Dilçilik
İnstitutunda vakant yer olmadığı
üçün BDU-nun “Tətbiqi riyaziyyat” fakültəsinə
yenicə verilən EHM-lər üzrə ilk proqramçı
oldu. Nə qədər paradoksal görünsə
də, Aydının riyazi təfəkkürü öz
parlaqlığı ilə çoxlarını heyran qoydu.
Növbəti il Aydın Ədəbiyyat və Dilçilik İnstitutunda fəaliyyət
göstərməyə başladı.
Poema janrının tənəzzül etdiyi bir məqamda
Siz Aydın müəllimdən poema yazdınız və poema
yaxşı da qarşılandı.Adətən belə
yazılar proza formasında olur.Siz nədən poema
janrını seçdiniz?
Aydın mənim yaddaşıma səmimiyyət, ərk, istiqanlılıq, müdriklik, insansevərlik, fədakarlıq, dönməzlik rəmzi kimi həkk edilmişdi. Aydın həm də qayalara və daşlara yazılan yaddaş kimi idi. Sadəcə olaraq, onun haqqında mən nasiranə deyil, şairanə düşünürdüm. Aydının yol qəzasında həlak olmasının elini, dilini və yolunu sevənlər üçün nə dərəcədə dözülməz olduğunu gördüm. Sanki bütün Azərbaycan Kiş kəndinə yığışmışdı və Aydını axirət evinə yola salırdı. Mən bu qəfil zərbədən ağrıyan başımı və sızıldayan ürəyimi ovutmaq üçün bayatı çağırmaq istədim. Bir yandan da Aydınla “ölümdaş” (ifadə rəhmətlik İsa İsmayılzadəyə məxsusdur) olan Dilarə xanım Əliyevanın sinəmizə dağ üstündən çəkdiyi dağın yanğısını bayatılarsız soyuda bilmədim. Sadəcə olaraq, bu yanğı heç özüm də bilmədən məni poema janrını seçməyə məcbur etdi. Mərhum ədəbiyyatşünas Yaşar Qarayev dolayı yolla olsa da, “Aydın” poemasına işarə ilə “Q.Yaşar” imzalı yazısını (“Ədəbiyyat qəzeti”, 23 aprel 1993-cü il.) “Epitafiya, yaxud baş daşına oxunan mahnı” adlandırmışdı.
Poemada çox incə yanaşmalar və bəzən də çox sıxıcı anlar olduğu bəlli.Bu poemanı işlərkən nə kimi çətinlikləriniz oldu və sarsıntılar keçirdizmi?
Sizin son dərəcə həssaslıqla verdiyiniz bu suala cavab vermək o qədər də asan deyildir. Mən bu poemanı yazmaq üçün xüsusi vaxt ayırmadım. Mən onu hissə-hissə yaddaşımda yazdım. Sonra vərəqlərə köçürdüm. Bəzən mən onu avazla oxuya-oxuya, bəzən kiminləsə söhbət edə-edə, bəzən də sakitcə xəyala dalaraq, gözlərimi xatirələrimdə və düşüncələrimdə görünən nöqtələrə zilləyərək yazdım. Onun bəzi hissələrini evdə və məktəbdə, bəzi hissələrini isə kənddə və şəhərdə yazdım. 1991-ci ilin yay tətili ərəfəsində mənimlə birlikdə Rusiyanın Ryazan vilayətinin Mixaylov şəhərində kəsbkarlıq edən müəllim yoldaşım Tahir İslamov “Aydın” poemasını gündüzlər yaddaşıma, axşamlar dəftərimə yazdığımın canlı şahididir. “Aydın” poemasını yazarkən qaynar qazan kimi paqqldayan hadisələrin içində əriyib getməmək üçün tez-tez tarixə, faktlara və arqumentlərə üz tuturdum. 1988-ci ildən üzü bəri baş verən hadisələri öyrənir, müqayisə edir, mühakimə süzgəcindən keçirir, sonra da öz təbirimcə ümumiləşdirirdim. Eyni zamanda bu əsəri yazdıqca “İnsanlar baş verən hadisələr barədə necə düşünür?” sualına cavab vermək istəyirdim. Mənim kənd mühitində yaşamağım, kəndimizin şəhər tabeçiliyində olması, bir çox dillərdə nəşr edilən mətbu materiallarla və teleradio verilişləri ilə müntəzəm maraqlanmağım da mənə bu işdə çox kömək etdi. Əsəri yazarkən əsas çətinliyim özümlə bağlı oldu. Mən hadisələrə və hadisələrin axarında zamana namuslu baxışın tərəfdarı olduğum üçün dediyim sözdə və yürütdüyüm fikirdə obyektiv olmağa çalışdım. Bəzən son dərəcə çətinliyə düşdüyüm məqamlar da olurdu ki, fikrimin ifadəsi üçün çıxış yolu tapmayanda sarsılırdım.Qorxurdum ki, haradasa tutduğum yanlış bir mövqe gələcək qarşısında məni gözükölgəli edər. Tarixi-siyasi, ədəbi-sosial, lirik-emosional, epik – analitik yanaşma tələb edən bir mövzuya girişmək, əlbəttə ki, çox məsuliyyətli və çətindir. Elmdə və siyasətdə xalqını ləyaqətlə təmsil edən Aydın fenomeninə olan heyranlığım mənə bu çətinlikləri unutdurdu. Bir də o zaman ayıldım ki, gördüm, əsəri yazıb qurtarmışam.
Sizin yaddaşınızda ilişib qalan poemaya daxil olmayan və “gərək bunu da yazaydım”- deyə bir vəziyyəti sonradan yaşadınızmı?
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2013.- 21 dekabr.- S.23.