“Qurdu qəmgin, quşu qərib”
TAHİR
TALIBLI: “Canımda yurdum ağrıyır”
Bu günlərdə Tahir Talıblı Azərbaycan
Radiosunun “Gəl səhərim” proqramında “Kitab rəfi”
adlı rubrikamızın qonağı oldu. Tahir müəllimi
rubrikamıza dəvət eləməyimiz yenicə çapdan
çıxmış “Qurdu qəmgin, quşu qərib”
adlı kitabıyla bağlı idi. Elə
müsahibədən dərhal sonra redaksiyamızın
ünvanına xüsusən “Gəl səhərim”
proqramına zənglər daxil oldu. Söhbətimiz
dinləyicilərimizi razı salmışdı. Elə bu səbəbdən həmin söhbəti
“525-ci qəzet”in oxucularına da təqdim etməyi lazım
bildik. Bizim bu xahişimizi müsbət
qarşıladığına görə “525-ci qəzet”ə
öz təşəkkürümüzü bildiririk.
– Tahir müəllim öncəliklə
xoş gəlmisiniz studiyamıza. Səhərin
bu çağında sizi görməyimizə çox
şadıq.
– Təşəkkür edirəm,
çox sağ olun.
– Sizin
yenicə çapdan çıxan kitabınız “Qurdu qəmgin,
quşu qərib” adlanır. Kitabın ön sözündə
belə bir fikir bildirmisiniz: “Bu kitabda yurda dediklərim də
var, yuxuda gördüklərim də”. Elə
özünüzdən eşidək, bu kitabda oxucular nə ilə
qarşılaşacaq?
– Bir daha təşəkkür
edirəm-mənə və bu kitaba diqqət
ayırdığınız üçün, Əfsanə
xanım. Qurdu qəmgin, quşu qərib qalan o
yurdların ağrısı canımızdan
çıxmır. Belə demək caizsə
canımda yurdum ağrıyır. Əvvəlki
kitablarımdan biri elə belə də adlanırdı. “Bizi yurd saxlar”. Bu ad özü hər
şeyi deyir, ifadə eləyir. Biz yurda
bağlı xalqıq. Biz yurdsuz heç
kimik. Bizi adam eləyən də
yurddu.Yurdsuz cudamıq. Bir alagül
qarğışımız da var, deyir: səni görüm
yurdda qalma. Ağır qarğışdı.
Bu o adama qarğanır ki, ona yurdu etibar eləmək
olmaz. “Yurdda qalma” bu ulu-ustad, ağbirçək
qarğışıdı, böyüyün dinazıdı.
Əfəl adam üstündəki töhmətdi.
Çox yazıqlar ki, bu töhmətləri
götürdük. Təki sonu
yaxşı olsun.Dinaz altdan çıxanlardan olaq.
Odur ki, siz deyəni bu kitabda yurda dediklərim də var,
yuxuda gördüklərim də. Elə yuxuda gördüklərim də
yurddu. Evimin səmti, həyəti, qapı- pəncərəsidi.
Yuxu da bir dünyadı, bəlkə də.
İnsan ömrünün bir hissəsini yuxuda
yaşamırmı? Olacaqların, görəcəklərin
çoxu yuxuya gəlir. Hələ onu demirəm ki, qədimdə
rammalar ram atardılar, şamanlar yuxu görmək, gələcəyi
söyləmək üçün xüsusi yataqlarda
yatardılar.
Tez- tez yuxularımda yurdu görürəm. Qərib
yuxusunda yurdun görər.Əbəs yerə deməyiblər
ki, yuxularda Vətən var.
– Tahir müəllim,şeirlərin
birində deyirsiniz ki, yuxuda gördüm ki, şəhərə
köçürəm, vahimələndim, evimin hər
küncü qınadı məni, hər daşı kərpici
qınadı məni. Bu nə öncəgörməymiş
belə?
– İndi özümə də sirdi. Bu öncəgörmədi,
yoxsa tale diktəsidi, olacaqları qabaqlamaqdı. Nə isə.
Atamcan,
atamcan, atamcan, atam,
Dünya o dağların ətəyindədi.
Dayanıb
beləcə mat qalır adam
Fırlana-
fırlana təkərlər üstə
Ömürlər, talelər yedəyindədi.
Şeir 1986-cı ildə
yazılıb. İki il sonra isə...
– Tahir
müəllim, tarixi xatırlatdınız, kitabınızda
şeirlər illərlə düzülüb. Başqa
bir bölgü yoxdu. Yazırsınız ki, ilk şeirimin
iyirmi, yaşlılar isə qırx dörd-qırx beş yaş böyükdü. Bu
kitab sizin seçilmiş şeirlər
kitabınızdımı?
– Yox, təbii
ki, heç bu şeirlərdən seçilmiş ab-havası
da görünmür (gülür).Sadəcə olaraq xronoloji
düzülüb. Heç bunlara şeir də
deməzdim, bu kitab bir xatirə dəftəri kimidi.
Yaşadığım günlər, aylar, illər...
– Tahir
müəllim, sizə görə poeziya nədir?
–
Yaradıcılıq ağır prosesdi. Sözün əsl mənasında
yaradıcılıq insandan ikinci bir ömür istəyir. Kitabın ön səhifəsində
deyildiyi kimi bu yazılar bir az vaxtdan, bir az ev- eşik
qayğılarımnan, hardasa bir az balalarımnan
oğurladığım, yazındıra bildiyim vaxtdı. Əslində söz həm də vaxtdı. Amma bu şeirlər vaxtın sözüdümü?
Təbii ki yox. Vaxtın
sözünü anası namaz üstə doğulanlar deyə
bilər.
Qaldı sualın birinci hissəsi poeziya nədi, şeir
nədi, adamnan nə istəyir? Mənə elə gəlir
ki, şeir içindəki sirlərdi. Bu həm
də Tanrı ilə öz arandakı sirlərdi. Bu sirləri sözə büküb şeir şəklində
deyirsən, yəni sirlərini açıb-tökürsən.
Təbii ki, elə sirlər var ki, onu deməyə,
heç açıb-tökməyə dəyməz. Hansı sirləri açmağı özünə
rəva bilirsənsə, onu da söyləyirsən. Məncə poeziya daha çox mühitdi, yəni
balığın suda yaşaya biləcəyi qədərindəki
mühit. O yerdə ki, orda nəfəs alıb yaşamaq
olur, bir sözlə o yerdə ki, həyat var...
– Xronoloji
ardıcıllıqdan da görünür, ön sözdə
də deyirsiniz ki, az yazırsınız. Bunun səbəbi nədi?
–
Çox yazıb da yaxşı yazmaq olar, az
yazıb da yaxşı yazmaq olar. Çox və ya az əsas məsələ deyil. Əsası
odur ki, yaxşı yazasan, yazdıqların bir şeyə
oxşaya. Bəli mən çox az
yazıram. Düzü ildə 5-6 gəraylı,
ya şeir ola-olmaya. Elə illər də
var ki, taleyinə heç bir şeir də düşməyib.
Düzü mən yazıda peşəkar deyiləm.
Çətin yazıram, üç bəndlik
şeiri elə olur ki, iki-üç günə, bəzən
də daha artıq vaxta başa gətirirəm. Yazı mənim üçün iynəynən gor
qazmaq kimi bir işdi; Odur ki, yazılarımda özümə
də, elə oxucuya da köntöy görünən sözlər
olur. Axtarırsan görürsən ki elə
bu şeirdə bu söz elə belə də olmalıdı.
Qaldı ki,alınan şeirlərimdə də
özümü şair hesab eləmirəm. Mən
daha çox sözə gəlməyən şeirlərimdə
şairəm. Daha çox
düşüncələrimdə şairəm. Yazmayanda daha çox şair oluram.
Şair gərək hər şeirini ölüm
ayağının şeri kimi yazsın, son şeiri kimi
yazsın. Həm də hər şeirini birinci dəfə
yazırmış kimi yazsın. Düzü
peşəkarlığı vərdiş hesab eləyirəm.
Vərdişə isə ümid olub qəlp mal
da buraxmaq olur. Amma mən o fikirdə də
deyiləm ki, mənim şeirlərim ölüm
ayağında yazılanlardı-yox.
– Bir
sözümüz, yəni misalımız da belədi
“sağlam bədəndə sağlam ruh olar”. Tahir
müəllim, həmişəmi sağlam bədəndə
sağlam ruh olur?
– Bu da
açımı olan sözdü. O demək deyil ki, fiziki
qüsuru olan bədəndə ruh da qüsurludu, sağlam
deyil. Ola bilsin ki, insan fil kimidi( söz
“sağlamlığı” ifadə edir) amma ruhu xəstəhaldı.
Və yaxud əksinə, sufilərin təbirincə
desək, insan nəfsinə hakim deyilsə, yəni yediyinə,
içdiyinə, tutduqlarına nəzarəti itirirsə, bədən
də sağlamlığını itirir. Bir
sözlə haram, bədən sağlamlığının qənimidi.
Əbəs deyil ki, ruhani təsəvvürdə
haram, ərəbcə desək, məkrufdu. Belədə ruhun sağlamlığından
danışmaq əbəsdi. Əslində, millət nə
yeyirsə, necə yeyirsə elə özü də odu, ruhu
da...
– Şeirlərinizin birində belə bir misra
var-“Söznən oynayıram mən binəva da”. Söznən
oynamaq nədi?
– Söznən
oynamaq əzrayılla çiling-ağac oynamaqdı. Ən kəsəsi belədi. Bir
də ki, çox gözlər bozardıb söz-söz olunca.
Bilirsinizmi, çoxumuz sözə ağzı
isti yerə gələn kimi gəlmişik, yəni
aldanışa gəlmişik. Bir də o
var ki, söz haqdı. Söz Tanrı ətəklərinə
çatandı. Söz Tanrı didarın
görüb. Ulu, böyük kitablarda
deyildiyi kimi. Söz haqq yoludu. Doğuluşdan ölənə kimi gedilən yoldu.
O yoldu ki, gedə- gedə səni Haqqa çatdırar. Bu yol həm də ağır mərhumiyyətlərlə
müşayiət olunur.
– Belə
misralarınız
da var “Elə ki qorxun qurtarır, ölüm də
xoşuna gəlir”
–
Ölüm sufilərin dərkidi həm də,
özünü ətrafını, eləcə də
Allahını dərk eləməkdi. Ola bilsin
ki, ölüm də Allahın adlarından biridi. “Ölüm haqdı çıxmaq olmaz əmirdən”.
Ölümü haqq bilən xalqlar,
ölümü haqq bilən fərdlər bilər
ölümün və ölümsüzlüyün nə
olduğunu.
– Gənclərimiz
haqda düşüncələriniz necədi?
– Elə,
Azərbaycan Radiosuna son vaxtlar nə qədər istedadlı gənclər
gəlib. Siz özünüz çox yaxşı nümunə
ola bilərsiniz. Şeirdə
çox istedadlı gənclər görünür. Əlimə düşən kitablarını
oxuyuram.Tanıdıqlarımdan ad da çəkə bilərəm.
Bir- iki il öncə Aysel Əlizadənin
yazılarını oxudum. Çox fəlsəfi,
həyati düşüncə sahibidi. Son
vaxtlar Fərid Hüseynin esselərini və şeirlərini
oxudum. Tamam başqa bir qapıdan sözə daxil
olduğumu hiss elədim. Hər təzə
söz milli ucalığımızdı. Düzü
o gəncləri oxuyandan sonra bu kitabı çap etdirmək
fikrimdən vaz keçmək istədim. Açığı
yazılarımın acısı qarışıq bir qədər
utanc hissi məni bürüdü. Kitabın
çox işi görülsə də işi saxlamaq istədim.
Ancaq oğlum Savalanın təkidiylə kitab
işıq üzü gördü. Düzü,
onun da xətrinə dəymək istəmədim. Amma xətrə dəyməyi də bacaran adamam
(gülür).
– Tahir müəllim, bəs
sözü yalana bükmək mümkündürmü?
– Söz
yalana büküləndə ayağın altda yerin
qaçır, başın üstdən göyün... Unutmaq olmaz ki, Allahın adlarından biri də
sözdü.
– Su kimi
torpağa hopduq
Atadan,
anadan qopduq
Bu
dünyada nədən qorxduq
Sözdən,
Allahdan savayı
Hər gün günü-günə
çəkdik
Çəkəmmədik yenə çəkdik
Dərdin önündə nə çəkdik?
Nə çəkdik ahdan savayı
Beləcə ömrü bitirdik
Əmri yerinə yetirdik
Gəldik, gördük nə gördük
Quru günahdan savayı.
Vücudnamə adlandırdığınız bu kiçik gəraylı da mətləblər üstədi. Söz çox böyük mətləblərin açarıdı, həm də. Tahir müəllim, əgər insan səhvlərini təkrarlamasa xoşbəxt ola bilərmi? Bu sualı da şeirinizdən çıxarış kimi deyirəm.
– Təbii ki, olar. Amma mən səhvlərimnən xoşbəxtlik düzəltməyi sevmirəm, mən səhvlərimnən ibarətəm. Necə ki, Nazim Hikmət deyirdi: “Ümid və həsrətdən ibarət ben”. Xoşbəxtlik özü də nisbi və şərti anlamdı.
Hə, hörmətli oxucular, Tahir müəllimlə ediləsi söhbətimin çoxusu qalır. “Qurdu qəmgin, quşu qərib” adlı kitabı vərəqlədikcə çox mətləblərdən agah olursan. Sirr sandığında isə açıb-töküləsilər çoxdu.
Gedəmmirəm, gələmmirəm, ay Allah,
Nə
uğurunda öləmmirəm ay Allah,
Gennənsə
də görəmmirəm ay Allah,
Mən nə
qədər yuxularda
yurd
görüm?!
Şair
bir də özü demiş, canında ağrıyan bu yurd
ağrısını belə təsnifləyir: “O
yurdların, o insanların ağrısından, qəribliyindən daha çox, o
qurdların, o quşların qəribliyi qəmginliyi məni
daha çox yandırır”.
Elə ən ağırı da budu.
–
Tahir müəllim, bu söhbət üçün
sağ olun.
– Siz də
sağ olun, bir daha sualları şeirlərdən alaraq
verdiyiniz üçün.
– Sağ olun.
Əfsanə
NƏCƏFOVA
525-ci qəzet.- 2013.- 21 dekabr.- S.22.