Dramaturgiyamızda qəhrəman
axtarışı
XX əsrin
sonu və çağdaş əsrimizin əvvəlində
yaranmış sosial
mədəni vəziyyət teatr və dramaturgiya
sisteminə güclü təsir göstərməklə
yanaşı onların ifadə vasitələrini və bədii
dilini müəyyənləşdirdi. Bu keçid
dövründə həm köhnəni, həm də yenini birləşdirən
estetik plüralizm təsdiqləndi ki, bu da özünü mədəni
hadisələrin çoxmənalılığında
göstərdi. Azərbaycan ədəbiyyatının
estetik paradiqmalarının yenilənməsi, onun ənənələrinin,
dilinin, üslubunun, janr modellərinin dəyişməsi
dramaturgiyanın ənənəvi poetikasına da təsirsiz
ötüşmədi. Dəyərlərin yenidən qiymətləndirilməsi
keçmiş ideallara və normalara yenidən
baxmaq ehtiyacı yaratdı. Nəticədə
dramaturqlar öz qəhrəmanlarının həyat modellərinin
yeni versiyalarını təklif etdilər. Hətta hadisə və dəyərlərə
münasibətdə meydana yeni bir ovqat, yeni bir intonasiya
çıxdı. Bu intonasiya dəyişikliyi ilk
növbədə Elçin, Kamal Abdulla, Afaq Məsud, Firuz Mustafa, Elçin Hüseynbəyli
və bu sətirlərin müəllifinin
teatr yaradıcılığında özünü göstərdi,
hətta dramın ənənəvi
poetikası az və ya çox dərəcədə dəyişikliyə
uğradı. Başqa sözlə,
adlarını çəkdiyimiz yazıçıların
dramaturji yaradıcılığı bir küll halında son
dövrlər Azərbaycan dramaturgiyasının
yönünü və istiqamətini, inkişaf meyillərini
müəyyənləşdirdi. Bir və
ya iki əsərlə çıxış edib kifayət qədər
uğur qazanan müəlliflər də var ki, onların əsərləri
daha çox əyalət teatrlarında oynanır. Bununla
belə ölkədə müəyyən teatr mühitinin
yaranmasında onların da şəksiz rolları var, amma mən burda
fəal və ardıcıl şəkildə dramaturgiya ilə
məşğul olan və əsərləri daha çox
ölkənin baş teatrında – Akademik Milli Dram Tetarında
oynanılan dramaturqların yaradıcılığına diqqəti
yönəldirəm.
Təbii
ki, zaman keyfiyyətcə
dəyişdikcə ona uyğun olaraq, qeyd etdiyimiz kimi
dramaturgiyanın özü və onun ən vacib komponenti olan qəhrəmanlar
da dəyişir, yeni xüsusiyyətlər qazanırlar. Bu
günkü azərbaycanlı Sovet dövrü azərbaycanlısı
olmadığı kimi, müasir dramaturgiyamızda görünən, əksini
tapan insanlar da fərqlidir. Yeni iqtisadi münasibətlər yeni də insan tipləri
yetişdirir. Deməli dramaturgiyaya “formasiyalar, yaxın
keçmiş tarix, həmin tarixin
formalaşdırdığı ənənələr,
iqtisadiyyat, siyasət, çağın mənəvi-əxlaqi
doktrinləri, insanları, xarakterləri, temperamentləri,
idealları və problemləri” (A.Talıbzadə) tərəfindən
diqtə edilən tam yeni keyfiyyətli qəhrəman
tipləri tələb olunurdu, hətta bu məcburi idi. Çünki hər bir peşəkar dramaturqa məlumdur
ki, pyesi pyes eləyən məhz qəhrəmandır, həm
də müəllifin özünün və təbiidir ki,
tamaşaçının sevdiyi qəhrəman. Bəs sevilən qəhrəman necə
olmalıdır?
Məlumdur ki, Çexovun mənəvi idealı hərtərəfli
və ya harmonik inkişaf etmiş insandır. Buna baxmayaraq
onun hətta ən sevimli qəhrəmanları sırasında
belə elə bir qəhrəman yoxdur ki, onun haqqında hər
şeyi – siması, qəlbi, geyimi, fikir və niyyəti də
gözəldir deyə bilək. Çexovun
əksər qəhrəmanları, bəlkə də
hamısı real həyatın tələbləri ilə
ayaqlaşa bilməyən zəif, qətiyyətsiz, yumşaq,
dramaturqun öz dili ilə desək “nedotepa” təsiri
bağışlayırlar. Elə dramaturqun son və ən
hissiyyatlı əsəri olan “Albalı bağı”nı yada salmaq kifayətdir. Bəs
onda bu zəif, hətta zavallı qəhrəmanlar niyə
sevilirlər? Yenə də həmin sual: sevilən qəhrəman
necə olmalıdır? Otuza yaxın pyesin və yüzdən çox ən
müxtəlif səviyyəli teatr premyeralarının müəllifi
kimi öz təcrübəmdən çıxış edib əminliklə
deyə bilərəm ki, qəhrəman hər şeydən əvvəl
təbii, canlı, maraqlı və bir qədər də
qeyri-adi olanda sevilir. O öz danışığı, ədaları,
vərdişləri ilə dərhal seçilməlidir, bəzən
parodoksal əməllərdən və replikalardan belə
istifadə etməlidir. Adətən təzəcə tanış olduğun adamın diqqətini
çəkmək üçün nə etməlisən? Əlbəttə, onu maraqlandırmalısan. Məsələn,
“Siz nə iş görürsünüz?” sualına iki cür
cavab:
– Mən
reklam şirkətində mühasib işləyirəm.
– Mən
ayda iki dəfə əlli adamı xoşbaxt, birini bədbaxt
edirəm.
Şübhəsizdir ki, bu dialoqdan sonra bizim ikinci adama
marağımız artacaq.
Əslində o özü də mühasibdir, amma bunu biz
bilməyənə qədər sirr olaraq qalacaqdır. Elə bu sirrin özü
heç nəylə maraqlı olmayan ,
darıxdırıcı bir mühasibi maraqlı bir adama
çevirir. Deməli, qəhrəmanın hər
şeydən əvvəl bir sirri də olmalıdır. Necə ki Maqbet bilir ki, onu yalnız qadının
doğmadığı bir kəs öldürə bilər.
Bunu ona əcinnələr demişdi, amma ana bətnindən
doğulmayan o kəsin kimliyini nə Maqbet, nə də
tamaşaçı bilir. Bu sirr əsərin lap sonunda
açılır: təkbətək döyüşdə
Maqbet Makdufa elan edir ki, sən məni öldürə bilməzsən, məni
yalnız ana bətnindən doğulmayan birisi öldürə
bilər. Cavabında
Makduf da deyir ki, o kəs elə mən özüməm,
məni anam doğmayıb, məni qeysəriyyə əməliyyatı
ilə anamın bətnindən çıxarıblar. Elə bu da Maqbetin ölməzlik inamını
sındırır və o Makdufun əlində qətlə
yetirilir.
Bəs onda bugünki Azərbaycan dramaturgiyasında qəhrəmanların
vəziyyəti necədir?
Bəzən
olur ki, xalqın taleyində, ölkənin müqəddəratında möhtəşəm rolu olan,
tarixi yazan yox, tarixi yaradan,
hamının böyük insan, uzaqgörən siyasətçi,
rəhbər kimi tanıdığı şəxsiyyətin bədii
obrazını yaratmaq istəyi yaranır dramaturqda. Əlbəttə istəmək
çətin deyil, amma bu istəyi reallaşdırmaq qələminə
inam, cəsarət və ilk növbədə həmin şəxsiyyətə böyük məhəbbət nəticəsində
mümkündür. Geniş diapazonlu istedada malik Aqşin
Babayev dramaturgiyada yeni deyil, onun əsərləri Bakı və
Sumqayıt teatrlarında, habelə
ölkənin əksər rayon teatrlarında tamaşaya
qoyulub, Azərbaycan televiziyasında bir neçə əsəri
əsasında televiziya filmləri çəkilib və
geniş tamaşaçı auditoriyası qazanıb. Aqşin
Babayevin Heydər Əliyev mövzusuna müraciət etməsi
isə bir az əvvəl dediyim kimi ulu
öndərə, hər şeydən əvvəl,
böyük məhəbbət və sayğının nəticəsidir.
Söhbət dramaturqun “Xilaskar” əsərindən
gedir. Bildiyimə görə Heydər
Əliyevin bədii obrazını səhnəyə gətirən
ilk dramaturq da elə Aqşin Babayevdir.
“Xilaskar” janrına görə bədii-publisistik
dramdır.
Heydər Əliyev, yəni əsərin qəhrəmanı səhnədə
az görünsə də, bütün
baş verənlər onun şəxsiyyəti və adı ətrafında
cərəyan edir. Pyesdəki hadisələr böyük siyasətçinin
ikinci dəfə ölkə rəhbərliyinə
qayıdışı ərəfəsinə, Azərbaycanın
yaxın tarixinin çox mürəkkəb, ziddiyyətli bir
zaman kəsiyinə təsadüf edir. Əsərin
uğuru ilk növbədə Aqşin Babayevin çox mürəkkəb
olan həmin dövrdə qaynar hadisələrin içində
olması və bu hadisələrin
iştirakçılarını yaxından izləyə bilməsi
ilə bağlıdır. Heydər Əliyevin adı
qarşısında onu istəyənlərlə istəməyən
azlıq arasındakı ziddiyyətləri,
dramatik tarixi məqamları, yumşaq desək bir neçə
sifəti olan insanları ən
müxtəlif şəkildə göstərən müəllif
dramatik, komik məqamlardan, qələminə
məxsus incə yumordan, habelə yeri gələndə satira,
şarj və qroteskdən belə
çəkinmir. Və bütün baş verənlər,
çəkişmələr, dartışmalar, deyişmələr
Heydər Əliyevin səhnədə, tribunada görünməsi
ilə donur, qurbağa gölünə daş atılır.
Tarixi həyat həqiqəti bədii həqiqətə
çevrilir. Bütün mübarizələr, çək-çevirlər
qəhrəmanın
qələbəsi ilə başa çatır,
amma dramaturq tamaşaçıya hiss etdirir ki, əsl qələbə
üçün hələ nə qədər mübarizələr
aparmaq lazım gələcək, bir şəxsiyyətin
qüdrəti ilə ölkə dəhşətli kataklizmlərdən
yan keçəcək, möhtəşəm
tarixi işlər görüləcək.
Pyesdə dramaturq Heydər Əliyev şəxsiyyətinə
layiq monumental bədii obraz yarada bilib. Təsadüfi deyil ki,
“Xilaskar” bir neçə teatrda, o cümlədən
Sumqayıt və İrəvan teatrlarında uğurla
tamaşaya qoyulub. İrəvan
teatrının tamaşası isə ölkənin
bütün rayonlarında, habelə Türkiyə və
Gürcüstanda da nümayiş etdirilib. Hazırda əsər
üzərində Lənkaran teatrında iş gedir.
Müasir Azərbaycan dramaturgiyasında şübhəsizdir
ki, xüsusi yeri olan Xalq yazıçısı Elçinin səhnə
əsərlərində qəhrəman problemi uğurla həllini
tapır.
Müasir dövrümüzün səhnə və dramaturgiyası
üçün maraqlı olan əlamətləri
yuxarıda qeyd etmişdik. Hesab edirəm ki, Elçin
çoxsaylı pyeslərində ən müxtəlif
mövzularda ən müxtəlif xarakterli qəhrəmanlar
yaradır və həmin qəhrəmanların timsalında
tamaşaçıya son iyirmi ildə xeyli dəyişikliklərə
uğramış yeni Azərbaycan adamının bədii obrazını
nümayiş etdirir. Bir dramaturq kimi Elçinin məşhur
“Qatil” pyesini çox sevir,
yüksək qiymətləndirirəm. Bu pyes
öz bədii keyfiyyətlərinə və yüksək
teatrallığına görə haqlı olaraq məhəlli
sərhədləri çoxdan aşıb.
Əsərdə
bir neçə obrazın olmasına baxmayaraq mənim
üçün bu pyes iki nəfərin – kişi və
qadının, konkretləşdirsək, tənha kimya müəlliməsi
ilə onun keçmiş şagirdi arasında baş verən
qəmli, tragik sevgi dramıdır, amma bu adi sevgi dramı
deyil, bu hərəsi bir cür bədbəxt olan iki insanın
faciəsi, acı taleyidir.
Dramaturji qanunlara görə sevilən qəhrəman nə qədər güclü olsa da, onun mütləq bir zəif yeri, nöqsanı olmalıdır və bunu tamaşaçı görməli, bilməlidir, o zəifliyə görə narahatlıq keçirməlidir, əks halda tamaşaçı qəhrəmanın səhnə həyatına arxayınlıqla yanaşacaq, ona görə heç bir narahatlıq keçirməyəcək, onun qələbəsini labüd biləcək. Bu da aydındır ki, tamaşaçı qəhrəmana görə qorxu keçirməyəcəksə deməli, həyəcan da olmayacaq. Otellonun zəifliyi qısqanclığında və ən çox da dərisinin qara olmasındadırsa, Samsonun zəifliyi onun uzun saçları ilə bağlıdır. Samsonun gücünün saçında olmasını bilən tamaşaçı daim narahatlıq keçirir. Kefli İskəndərin zəifliyi isə reallıqla hesablaşa bilməməsində və araq şüşəsinə aludə olmasındadır, ona görə də sözünün urvatı yoxdur. “Qatil”də isə qəhrəmanın – kimya müəlliməsinin zəifliyi onun tənhalığındaydı, bu tənhalıqdan qurtulmaq üçün onun qəlbi, bəlkə də hər cür sevgiyə açıqdı, bu açıq qapıdan içəri kim girsəydi mütləq seviləcəkdi, deməli, onun zəif yeri elə sevgiyə möhtac olmasındaydı. Maraqlıdır ki, tamam fiaskoya uğrayan qadına tamaşaçı nə qədər acısa da, onun faciəsinə səbəb olan rəzil Oğlana nifrət hissi də birmənalı deyil, çünki onun da öz həqiqəti və bütün əməllərinə bəraət qazandıran arqumentləri yox deyil. Fikrimcə Elçinin hər iki qəhrəmanının uğuru elə bundadır, yəni qəhrəmanların ruhi-mənəvi aləmləri birqatlı deyil. Hər iki qəhrəman yüksək dərəcədə bədii və dramaturjidir. Müasir zamanımızın adamları, qəhrəmanlarıdır.
“Qatil”dəki münasibətlər zəncirinin də birmənalı olmaması onun müasirlik və aktuallıq keyfiyyətlərini saxlamasına şərait yaradır. Bu səbəbdəndir ki, “Qatil” yazıldığı tarixdən bu günə kimi teatr səhnələrindən düşmür. Ölkənin əksər teatrlarında və bir sıra xarici ölkələrdə tamaşaya qoyulur. Elə onu demək kifayətdir ki, əsər Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin quruluşunda iki dəfə səhnələşdirilib və hər iki tamaşa çox fərqli olmaqla böyük uğura imza atıb. Fikrimcə “Qatil”in bu dərəcədə uğurlu alınmasında dramaturqun qəhrəman problemini düzgün həll etməsi ilə birbaşa bağlıdır. Sevilən qəhrəmanın taleyi tamaşaçını biganə qoya bilməz.
Azərbaycan teatr həyatında istedadlı nasir Afaq Məsudun dramaturgiyaya gəlməsi əlamətdar hadisədir, həm də ona görə ki, Afaq xanımın səhnə əsərlərində tamaşaçı yeni məzmunlu, yeni sözlü və məramlı qəhrəmanlarla tanış olur. Dramaturqun “Yuğ” Teatrındakı debütündən sonra Akademik Milli Dram Teatrında tamaşaya qoyulan “Qatarın altına atılan qadın” dramı diqqəti məhz öz qəhrəmanı ilə çəkir. Əsərdə müəllif üçün hadisələr o qədər də önəm daşımır, əsas olan əsərin ekstravaqant qəhrəmanı Gültəkin Sarabskayanın özüdür. Elə qəhrəmanın bu teatral adı çox şey deyir: teatr onun xoşbaxtlıq məkanı, bütün həyatının, sevgilərinin, qələbə və məğlubiyyətlərinin hamıya aşkar meydanıdır.
Gültəkin Sarabskayanı müəllif tamaşaçıya reallıqla irreallıq arasında çaşıb qalmış, öz kimliyini, şəxsiyyətini oynadığı rolların arasında itirmiş və təbiidir ki, kənarda, yəni teatrdan uzaqda yaşamaq halında olmayan birisi kimi təqdim edir. İki saatlıq vaxt ərzində böyük və zəngin bir həyat yaşamış, şöhrətin şirinliyini, unudulmağın acısını o ki var dadmış bir qadının – sənətkarın acı taleyini görürük. Sarabskaya o sənətkarlardandır ki, həyatını ölüm yatağında başa vurmaq istəyindən çox-çox uzaqdır, o məhz aktrisa kimi səhnədə ölmək istəyir. Afaq xanımın qəhrəmanına həqiqi səhnədə ölmək qismət olmasa da, o, Şeksprin dediyi həyat səhnəsində məhv olur. Bu tamaşanın müəllifi və rejissoru da bu dəfə unudulmuş aktrisanın özüdür. Teatrsız mehvərini itirib real həyat yollarında azmış aktrisa Anna Karenina yolu ilə gedərək xilasını qatarın altına atılmaqda görür. Bir fərqlə, əgər Anna özünü, primitiv götürsək Vronskiyə görə öldürürsə, Gültəkin Sarabskaya özünü səhnəyə qurban verir, çünki əsil aktrisa üçün səhnəsiz, teatrsız ömür bitmiş kimidir, axı o mühasib deyil ki, yaşı çatanda təqaüdə çıxıb qalan ömrünü sakit yaşasın. Zatən teatrdan kənar düşən aktrisanı xoşbaxt görmədik.
Azərbaycan dramaturgiyasında yeni qəhrəman axtarışı Kamal Abdullanın “Hamı səni sevənlər burda” əsərində özünü daha qabarıq göstərir. Bu əsər tarixi mövzuya özünəməxsus, hətta subyektiv yanaşması ilə diqqəti çəkir. Çoxdan mifə çevrilmiş, daşlaşmış abidə timsalında olan Şah İsmayıl Xətaini əsərinə qəhrəman gətirən müəllif şah və şair, başqa sözlə hökmdar və sənətkar problemini bir obrazın – Şah Xətainin simasında səhnəyə çəkir. Əsərin ən maraqlı və vacib xətti belədir: Şah İsmayıl öz bənzərini axtarır və həmin bənzər də Xətai təxəllüsü ilə şeirlər yazan sadə bir insandır. Döyüşdə həlak olan əsil şahın yerində onun bənzəri şair Xətai, təbii ki, Şah İsmayıl Xətai kimi əyləşir. Bu sirri bilən bir kəs vardısa o da döyüşlərdə itkin düşmüş Lələdir, bu məqam bəlkə də o qədər əsas deyil, süjeti bağlamaq üçündür. Əsas olan odur ki, şair taleyin oyunu ilə hökmdara çevrilir. Və təbiidir ki, idarə üsulunda şair əsil şah kimi davrana bilməz. Bu pyesin necə deyərlər əsas “anekdotudur” və kifayət qədər də maraqlıdır. Amma Kamal Abdulla üçün də Afaq Məsudda olduğu kimi əsas olan hadisə deyil, qəhrəman, onun psixoloji durumu, gərginliyi, tərəddüdləri, zaman və məkan dəyişmələrində dramaturqun fəlsəfi yozumlarıdır. Elə tamaşaçı üçün də məhz pyesin bu məqamları maraqlıdır: yeni keyfiyyətlərlə zəngin qəhrəman; birmənalı olmayan qəhrəman; məqsədi və taleyi olan qəhrəman. Ümumiyyətlə Kamal Abdullanın dramatik qəhrəmanları yazıçının nəsrində olduğu kimi daima fikirlər, sözlər, tərəddüdlər və düşüncələr burulğanında çabadadırlar. Dramaturgiyaya və bugünki Azərbaycan tamaşaçısına bu tipli qəhrəmanlar nə dərəcədə doğmadır, bu başqa söhbətin mövzusudur.
Müstəqillik dövrü Azərbaycan dramaturgiyasında qəhrəman axtarışı kimi böyük bir mövzunun bizə məlum konturlarını cızdıq. Bədii məzmununa, aktuallığına, bədii həqiqətinə və sənətkarlıq keyfiyyətlərinə görə çox fərqli olan 4 əsər üzərində problemin şərhini, qısa təhlilini verməyə çalışdıq və dediklərimizdən bu qənaətə gəldik ki, müasir Azərbaycan dramaturgiyasında yeni qəhrəman axtarışı təzə başlasa da, bu sahə əsasən düz yoldadır. Hər halda haqqında danışdığımız əsərlərin qəhrəmanları bunu inamla deməyə imkan verir.
Əli Əmirli
525-ci qəzet.-
2013.- 21 dekabr.- S.18-19.